09 Sentyabr 2022 00:21
937
Mədəniyyət
A- A+

Yeni mövsüm başlayır

 

Teatrlarımız yeni mövsümün açılışına hazırlaşır. Ötən mövsümü həm repertuarlarında olan müxtəlif tamaşalar, həm də premyeralarla başa vuran yaradıcı kollektivlər artıq istirahətdən qayıdıb, işə başlayıblar. 
Bu mövsüm həm də Azərbaycan teatrı üçün olduqca əlamətdar bir hadisə ilə bağlı olacaq. Belə ki, 2023-cü ildə Azərbaycan teatrının yaradılmasının 150 illik yubileyi təntənə ilə qeyd ediləcək. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da bu tarixi hadisəyə öz töhfəsini verəcək. Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Mətbuat xirmətindən məlumat verilib. Bildirilib ki, hazırda bununla bağlı hazırlıq işləri aparılır. 
Növbəti teatr mövsümünə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabrın 23-də "Zəfər yolu" tamaşası ilə başlayacaq. Tamaşa ardıcıl olaraq üç gün - sentyabrın 23-24-25-də nümayiş etdiriləcək. Qeyd edək ki, xalqımız üçün böyük bir hadisəyə - 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Zəfər yolu" tamaşasının premyerası ötən teatr mövsümündə keçirilib. Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru isə Emil Əskərovdur.
Yeni yaradıcılıq işində teatrın bir çox tanınmış aktyorları rol alıblar. Belə ki, bu tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış edirlər.
Sentyabrın 28-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində "Medeya" mono-tamaşası nümayiş olunacaq. Həmin tamaşanın quruluşçu rejissoru Emil Əskərovdur. Əməkdar artist Münəvvər Əliyevanın çıxış edəcəyi mono-tamaşa teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində təqdim olunacaq.
Sentyabrın 30-da Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan "Ah, bu uzun sevda yolu" tamaşası yenidən nümayiş ediləcək. Səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dramdır. "Ah, bu uzun sevda yolu" əsərində 1937-ci ilin repressiya siyasətinin güdazına getmiş istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş sevgisindən bəhs olunur.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Səhnə əsərinin rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir.
Tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edirlər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operası ilə açacaq.
Teatrdan verilən məlumata görə, səhnə əsərində Məcnun rolunda Xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə gənc solist, Əməkdar artist Arzu Əliyeva səhnəyə çıxacaq, digər rolları isə Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və başqaları ifa edəcəklər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Səhnə əsərini dirijor Sevil Hacıyeva idarə edəcək.
Xatırladaq ki, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli 1908-ci ildə yazdığı, müsəlman Şərqində ilk opera sayılan "Leyli və Məcnun" həmin il yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Əsər 114 ildir Opera və Balet Teatrının repertuarındadır.
Sentyabrın 22-də Akademik Opera və Balet Teatrının səhnəsində bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq.
Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, dahi Nizami Gəncəvinin poemasının motivləri əsasında yazılmış bu səhnə əsəri Azərbaycan balet sənətinin incilərindən sayılır və hər nümayişində geniş tamaşaçı auditoriyası toplayır. Bəstəkar Qara Qarayev "Yeddi gözəl" baletini Azərbaycanın böyük şairi Nizami Gəncəvinin 800 illik yubileyinə həsr edib. İlk tamaşası 1952-ci il noyabrın 6-da Akademik Opera və Balet Teatrında keçirilib. 1978-ci ildə Qara Qarayevin 60 illiyi münasibətilə "Yeddi gözəl" baletmeysterlər R.Axundova və M.Məmmədov tərəfindən yeni versiyada səhnəyə qoyulub. Azərbaycanın balet ustaları bu tamaşa ilə bir sıra xarici ölkələrdə qastrol səfərlərində uğurla çıxış ediblər. Əsər Türkiyə, Rusiya və başqa ölkələrdə uğurla səhnəyə qoyulub.
"Yeddi gözəl" baleti 2008-ci ildə dahi bəstəkarın 90 illiyi münasibətilə tamamilə yeni quruluşda səhnələşdirilib. Tamaşanın quruluşunu beynəlmiləl yaradıcı heyət həyata keçirib. Libretto müəllifi Yana Temiz, quruluşçu baletmeysteri Vasili Medvedev, quruluşçu rəssamı Dmitri Çerbadjidir. Əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, eləcə də Anar Mikayılov, Timur Oduşev, Edvard Arazov, Samirə Səmədova, Elmira Süleymanova, Failya Bolqarova, Leyla Nərimanidze, Cəmilə Kərimova, Ayan Eyvazova və digərləri ifa edirlər. Tamaşaya Xalq artisti professor Cavanşir Cəfərov dirijorluq edir.
Növbəti teatr mövsümündə, sentyabrın 17-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balaca teatrsevərləri daha bir tamaşa ilə sevindirəcək. Teatrın səhnəsində yazıçı Hans Xristian Andersenin "Düyməcik" nağılı təqdim olunacaq.
Musiqili nağıl-tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Samirə Nəcəfova, Nərmin Əhmədova, Yasin Abbasov və Ramiz Qəmbərov canlandıracaqlar.
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında  sentyabrın 17-də "Ələddin, şahzadə Jasmin və sehirli çıraq cininin sərgüzəştləri" adlı tamaşa nümayiş olunacaq.
Tamaşanın bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.
Teatrın Mətbuat xidmətindən bildirilib ki, əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video