29 Sentyabr 2022 00:50
456
İQTİSADİYYAT
A- A+

Yeni ildən bütün növ pensiyalarda artımlar olacaq

 

Bu sahədə islahatın yeni mərhələsi başlayır

 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli sərəncamı ilə qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsinə əsasən, 2023-cü il yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.
Nazirlikdən bildirilib ki, bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.
Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10 faizlik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.
Vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70 faiz  artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98 faiz artıb.
Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir. Xüsusi şərtlərlə pensiyaların da bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığının yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq.
Beləliklə, layihə qəbul ediləndən sonra:
* qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək;
* pensiyaların məbləği hər il vahid qaydada - indeksləşdirilərək artırılacaq (qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı);
* dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq;
* pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaq;
* bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.
Bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video