18 May 2022 02:12
1243
SİYASƏT
A- A+

Yazılı sözə ali qayğı

 

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin 13 may tarixli müvafiq qərarı ilə ölkəmizdə kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilmişdir.

Prezidentin mətbuata yüksək diqqət və qayğısının daha bir təzahürü kimi böyük ictimai rəğbətlə qarşılanan bu yenilikdən sonra ölkədə  kitab, qəzet, jurnal, həmçinin onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. Bu qərarla çap sənayesi sahəsində çalışan minlərlə insanın arzusu yerinə yetirilmiş oldu. Yada salaq ki, hələ ötən ilin dekabrında Vergilər Məcəlləsində əlavə və dəyişikliklərin icrası ilə bağlı fərmanında Prezident İlham Əliyev məsələ ilə əlaqədar Nazirlər Kabinetinə  müvafiq tapşırıq vermişdi. Nazirlər Kabinetinin sözügedən qərarı həmin tapşırığın icrasıdır.

 

Oxu ənənəsi qorunmalıdır

 

Hər bir ölkənin mənəvi tərəqqisində mətbuat, kitab müstəsna rol oynayır. İnformasiya texnologiyalarının inkişafı bu sahələrdə hər nə qədər yeni meyillər yaratsa da, texnologiyalar ənənəvi mətbuatın, kitabın yerini verə bilmir. Reallıqlar göstərir ki, əsrlərlə yaşı olan bu ənənələr bundan sonra da müəyyən səviyyələrdə yaşamaqda davam edəcək.  

Məhz çap məhsullarının - qəzetin, jurnalın, kitabın və digər bu kimi vəsaitlərin həm tarixilik, həm mənbə kimi mötəbərlik, həm də müəyyən oxucu kütləsinin əsrlərdir dəyişməyən zövqü baxımından elə funksiyaları var ki, onlayn format onu əvəz edə bilmir. Sadə bir misal göstərək: istənilən informasiya portalının proqram təminatında bir neçə dəqiqəlik  əməliyyat aparmaqla onun onillərlə formalaşmış arxivini yoxa çıxarmaq mümkündür. Yaxud onlayn mətni istədiyin kimi dəyişə, redaktələr, düzəlişlər apara, eləcə də məzmununu tamam başqalaşdıra bilərsən. Hər hansı texnogen amillərin təsiri ilə də onlayn məlumatların itməsi adi haldır. Kağızda nəşr edilmiş mətbuat orqanlarında, kitablarda isə bu, mümkünsüzdür. Burada məzmun necə varsa, elə qalır və keçmişdən gələcək nəsillərə soraq aparır. Dövrün ruhu, ab-havası məhz onların saralmış səhifələrində duyulur. Bir dəfə dərc edilmiş mətndə kağız üzərində hər hansı dəyişiklik aparmaq mümkün olmadığından yaradıcı kollektiv daha məsuliyyətli davranmağa, hər hansı səhvlərə yol verməməyə çalışır. Bu səbəbdən hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində insanlar ən mötəbər məlumatları yenə də məhz ənənəvi qəzetlərdən, jurnallardan, kitablardan əldə etməyə üstünlük verirlər.

Çap materiallarına maraq azalmır ki, artır. Hər halda dünyada kitab sənayesinin inkişafdan qalmaması, real kitab mütaliəsinin əksəriyyət üçün xoş bir zövq kimi öz statusunu qoruması bunu təsdiqləyə bilər. Orasını da qeyd edək ki, onlayn resurslar üçün ciddi, əsaslı, mötəbər kontentlərin hazırlanmasında da çap mediası, kitablar mötəbər mənbə kimi böyük rol oynayır. Əgər onlayn resurslardakı materialların təhlilini aparsaq, onların böyük qisminin məhz kitablardan, qəzet və jurnallardan əldə olunduğunu görərik. Deməli, kitab, qəzet, jurnal bu gün də biliyin əsas mənbəyi rolunda  çıxış edir. 

 

Çap sənayesinə dəstək həm də məsuliyyət yaradır

 

Amma bütün bunlarla yanaşı, qeyd edilən fəaliyyət sahələrinin də biznesin bir istiqaməti olması və bazar iqtisadiyyatının prinsiplərinə məruz qalması reallıqdır. Onlayn alternativlərin yaratdığı rəqabət ənənəvi mətbuatın, kitabın mövqeyini əvvəlki onilliklərlə müqayisədə xeyli dərəcə zəiflədib. Hələlik bu sahələr yaşlı və orta nəslin ənənələrə sadiqliyi, vərdişləri hesabına mövcudluğunu saxlayır. Rəqəmsallaşmanı gündəlik həyat tərzinə çevirmiş gənc nəsil özündən əvvəlki nəsli əvəz etdikcə bu, təbii ki, ənənəvi mətbuata, kitabçılıq işinə də təsirini göstərəcək.

Ona görə də qeyd edilən sahələrin qorunması və inkişafı üçün müxtəlif tədbirlərə, müəyyən dövlət dəstəyinə ehtiyac var. Bu dəstək gənc nəsildə də həmin ənənəvi vərdişlərin formalaşdırılması baxımından çox önəmlidir. Əks halda onlar heç bir əlavə araşdırma aparmadan, mənbələrin nə dərəcədə mötəbərliyinə fərq qoymadan sosial mediadakı saxta məlumatların həqiqət kimi qəbul olunmasını özləri üçün bir həyat tərzinə çevirə bilərlər.

Kitab oxumayan, keyfiyyətli məzmunla özünü yetişdirməyən gəncliyin çap sənayesi ənənələrindən uzaq düşməsi gələcəyimiz üçün ciddi təhdiddir. Bu baxımdan hökumətin bu addımı mətbuata, kitaba qayğıkeşliklə yanaşı, eyni zamanda gələcək qarşısında məsuliyyət məsələsini aktuallaşdırır. Amma paralel olaraq mətbuatımızın, kitab sənayemizin də üzərinə böyük vəzifələr qoyur. Bu sahələrdə yaranmış imkanın düzgün dəyərləndirilməsini, auditoriyaya faydalı materialların təqdim olunmasını zəruri edir.    

Onlayn alternativlərindən fərqli olaraq mətbuat orqanlarının, kitab nəşrinin yaşaması böyük maliyyə, texniki, material, eləcə də insan resursları tələb edən işdir. Bunun üçün kağız və digər materiallar olmalı, mətbəələr fəaliyyət göstərməli, orada peşəkar insanlar çalışmalı, son mərhələdə isə qəzet və jurnalın, kitabın satışı işi təşkil edilməlidir. Müasir biznes reallığında bu istiqamətlərin hər birində yüksək gəlirliliyə nail olmaq o qədər də asan başa gəlmir. Dövlətin dəstəyinə, bu sahədə müəyyən güzəştlərin tətbiqinə ehtiyac yaradır. Bu baxımdan Azərbaycan Prezidenti bu istiqamətdə nümunə ortaya qoymuş və cəmiyyətimizin ictimai inkişafına xidmət edən belə sahələrin dövlətimiz üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini növbəti dəfə göstərmişdir.

 

Xərclərin azalması çap məhsullarını ucuzlaşdıracaq

 

 Nazirlər Kabinetinin məlum qərarı çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı şəkildə azaldacaq, bu sahənin inkişafına təkan verəcək. Məsələn, araşdırmalar göstərir ki, kitab kağızının idxalına görə ƏDV-nin götürüldüyü ölkələrdə kitabların satışında 20 faizə qədər artım baş verir. Bunun da əsaslı səbəbləri var. Çünki kağız vergidən azad edildikdə kitabın maya dəyəri aşağı düşür. Xərclərin azalması isə istehsalçılara onu oxuculara daha ucuz qiymətə satmaq imkanı yaradır. Qiymət ucuzlaşdıqda oxucu da daha çox kitab alıb oxuya bilir. Beləliklə, bazar özü-özünü inkişaf etdirir. Məsələ ilə bağlı ölkənin çap mediası subyektləri rəhbərləri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlərdə səsləndirilən fikirlər də bu yanaşmanı dəstəkləyir.

Bir daha təkrar edirik: Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və mayın 13-də imzalanmış qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü olmaqla, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Bu qərar milli mətbuatımıza da dövlət qayğısının daha bir təzahürü olmaqla Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ənənələrinin davamıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Ulu Öndər ölkəmizdə zəngin tarixi ənənələr üzərində müstəqil mətbuatın formalaşması və inkişafı istiqamətində də mühüm addımlar atdı.

Ölkəmizdə müstəqil mətbuatın, azad sözün inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Bu, 1995-ci ildə qəbul edilən Azərbaycan  Konstitusiyasında da öz əksini tapdı. 1998-ci il avqustun 6-da mətbuat üzərində senzura götürüldü. Senzuranın ləğvi və bu qəbildən olan digər tədbirlər müstəqil mətbuatın yeni mərhələdə inkişafını təmin etdi. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Üstəlik qəzet və jurnalların mətbəələrə olan borcları ləğv edildi.

2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələr üzrə inkişafı milli mətbuatımız üçün də yeni bir inkişaf mərhələsi yaratdı. Dövlət başçısının 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi", 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardan sayılır.

Mətbuat Şurasının yeni binasının açılış mərasimində Prezident İlham Əliyevin jurnalistlər qarşısındakı çıxışı bir daha təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir. Ölkə rəhbərinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 2010-cu il 22 iyul tarixli sərəncamı isə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasətini bir daha ortaya qoydu.

Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140 və 145  illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə mətbuat işçilərinin təltif olunması, onlara fəxri adların verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi dövlət başçısının bütövlükdə milli mətbuatımıza diqqət və dəstəyinin göstəricisidir.

Ölkəmizdə kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən  (ƏDV) azad edilməsi də bu inkişaf tarixinin davamı kimi böyük ictimai fayda verəcək, ümumən cəmiyyətimizin mənəvi tərəqqsinə xidmət göstərəcək.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video