05 Dekabr 2021 00:47
1242
Mədəniyyət
A- A+

Yarımçıq ömrün həqiqətləri

 

“Bəşir bəy Aşurbəyov və zəmanəsi” kitabında bu parlaq şəxsiyyət dövrünün mürəkkəb ictimai-siyasi mühiti ilə birgə təqdim edilir

 

Müasir Azərbaycan ədəbiyyatında tarixi oçerk janrında əsərlər o qədər də çox deyildir. Bu da ilk növbədə, tarixi oçerkin real həyat süjetinə malik olması, böyük sayda sənədlərin və tarixi ədəbiyyatın təhlili əsasında yazılmasıdır.

Müəllifin ədəbi təxəyyülü dəyişdirilməsi mümkün olmayan tarixi sənədlərlə məhdudlaşdırıldığı üçün, bu cür əsərləri yazmaq qələm əhlindən həm xüsusi ədəbi bacarıq, həm də tarixçi təfəkkürü tələb edir. Tarixi oçerkin diqqətəlayiq daha bir tərəfi isə burada dövrün hadisələrinin axıcı dildə, oxucunu yormadan təsvir edilməsidir.    

Respublikanın əməkdar jurnalisti İradə Əliyevanın oxucuların diqqətinə təqdim etdiyi “Bəşir bəy Aşurbəyov və zəmanəsi” adlı kitabı da arxiv araşdırmalarının nəticəsi olub, XX əsrin əvvəllərində Azərbaycanın məşhur neft sahibkarlarından və xeyriyyəçilərindən biri, ictimai-siyasi xadim Bəşir bəy Aşurbəyovun (1875-1930) həyatına həsr edilmişdir. Arxiv sənədləri ilə yanaşı, tarixi ədəbiyyatın dərin tədqiqi və həmçinin şahidlərin xatirələri əsasında yazılmış kitab təkcə Bəşir bəy Aşurbəyovun həyatının deyil, həm də yaşadığı dövrün tarixi oçerkidir.

Aşurbəyovlar Azərbaycanın məşhur ailələrindən olmuşdur, bu ailənin soykökü isə Aşur xan Əfşara dayanır. Hələ VII-VIII əsrlərdə mənbələrdə, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanlarında haqqında bəhs olunan Əfşarlar məşhur Oğuz boylarından olub, təkcə Azərbaycanın deyil, həm də bütün Ön Asiyanın siyasi həyatında böyük rol oynamışlar. Bu boyun görkəmli nümayəndələrindən biri də Əfşar dövlətinin qurucusu Nadir şah Əfşardır. Məhz Nadir şahın hakimiyyəti dövründə əfşarların bir qismi Bakı və ətraf kəndlərdə məskunlaşmış, Azərbaycanın şimalının ruslar tərəfindən işğalından sonra bu boyun nümayəndələri Aşurbəyov olaraq tanınmağa başlamışlar.

Bir müddət sonra Bakıdakı sənaye müəssisələri və neft sahələri sayəsində Şimali Azərbaycanın ən məşhur və zəngin ailələrindən birinə çevrilən Aşurbəyovlar həm ictimai-siyasi fəaliyyətləri, həm də xeyriyyəçilikləri ilə məşhur olmuşlar. Nabat xanım Aşurbəyova, Hacı Əjdər bəy Aşurbəyov, Teymur bəy Aşurbəyov, Əli bəy Aşurbəyov, Balabəy Aşurbəyov, Sara xanım Aşurbəyova bu ailənin nümayəndələrindəndir. Haqqında bəhs etdiyimiz tarixi oçerkin qəhrəmanı da məhz həmin nəsil şəcərəsinin görkəmli nümayəndələrindən biri olan Bəşir bəy Aşurbəyovdur.

Bəşir bəy Aşurbəyov 1875-ci ildə Bakının Sabunçu kəndində, tacir və mülkədar Hacı Məhəmmədhəsən bəyin ailəsində doğulmuş və ailənin yeganə oğlu olmuşdur. Atasından qalmış geniş torpaq sahələri və böyük neft mədənləri sayəsində Bəşir bəy Aşurbəyov artıq gənc yaşlarından zəngin sərvət sahibi olmuş, amma onun xeylı qismini, Aşurbəyovların digər nümayəndələri kimi, xalqının yolunda xeyriyyəçiliyə sərf etmişdir. Bəşir bəy ələlxüsus maarif və təhsilə böyük vəsait ayırmışdır. Təsadüfi deyil ki, onun himayədarı olduğu azərbaycanlılar arasında Cəfər Cabbarlı və Məmməd Səid Ordubadi də var idi.

Bəşir bəy Aşurbəyov çar Rusiyasının müstəmləkə zülmü altında olan ölkəsinin gələcək inkişafı, ictimai-siyasi vəziyyəti ilə də yaxından maraqlanmış, “Qafqaz İttihad Firqəsi”nin yaradıcılarından olmuşdur. Məhz bu firqənin fəaliyyətinin sonralar sovet dövlət qurumları tərəfindən təhqiqi onun repressiyaya uğramasına gətirib çıxarmışdır. Bəşir bəy Aşurbəyovun ictimai-siyasi fəaliyyətinin önəmli tərəflərindən birini də erməni daşnakları ilə mübarizə təşkil etmişdir. Erməni daşnaklarının Azərbaycanda türk müsəlman əhaliyə qarşı törətdikləri qətliamların qarşısını almaq, Azərbaycan türklərinin qətllərinə yol verməmək üçün canından keçməyə hazır olan yüzlərlə mütəfəkkir və xeyriyyəçi kimi Bəşir bəy Aşurbəyov da bu illərdə böyük şücaət göstərmiş, minlərlə müsəlmanın ölümünün qarşısını ala bilmişdir. 

Sovet hakimiyyəti dövründə sərvəti və mülkləri müsadirə edilən Aşurbəyovlar ailəsinin bir çox nümayəndəsi, yüz minlərlə Vətən sevdalısı kimi sovet repressiyasının qurbanı olmuş, kimisi sürgünə göndərilmiş, kimisi də güllələnmişdir. Bəşir bəy Aşurbəyov isə “Qafqaz İttihad Firqəsi”nin fəal üzvlərindən biri olaraq beşillik həbs cəzası çəkmiş, 1930-cu ildə “antisovet təbliğatı” maddəsi ilə güllələnmişdir. Ona 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra bəraət verilmişdir. Sovet ideologiyası və cəza maşını Bəşir bəy Aşurbəyovu azərbaycanlılara unutdura bilməmiş, bütün qadağalara və qorxulara baxmayaraq, xalqının xatirəsində yaşamışdır.

Kitabda Bəşir bəy Aşurbəyovun qayınatası - görkəmli zadəgan Allahyar bəy Zülqədərova da geniş yer verilmişdir. Bu görkəmli şəxsiyyət Peterburqda Meşəçilik Akademiyasını bitirmiş, Gəncə şəhər Dumasının üzvü, Gəncə Quberniyasının Şəmkir qəzasının rəisi olmuşdu.

Bəşir bəy Aşurbəyov kimi şəxsiyyətlərin həyatı və fəaliyyəti vətənpərvərlik və millət sevgisinin örnəyidir və gənc nəslin tərbiyəsində misilsiz rol oynayır. Millət sevdalı insanların keçdiyi iztirablı, amma bir o qədər də qürurlu həyat yolu Vətən övladlarının gələcəyinin bələdçisi kimi çıxış edir. “Bəşir bəy Aşurbəyov və zəmanəsi” adlı kitab da bu nəcib vəzifədən irəli gələrək yazılmışdır. Tarixi oçerk janrının bütün gücündən istifadə edib bizə bu parlaq şəxsiyyətin faciəli həyatını təqdim edən müəllifin əməyi, həqiqətən, təqdirəlayiqdir.

İ.Əliyevanın oxucuların diqqətinə təqdim etdiyi kitab Bəşir bəy Aşurbəyov haqqında tarixi oçerk olmaqla yanaşı, həm də vətənpərvərlik salnaməsidir: 1920-1930-cu illərdə görkəmli azərbaycanlı ziyalıların verdikləri milli mücadilə, işğal dövrünün və sovet terrorunun ağır nəticələri, pərən-pərən olan ailələr və dağılan talelərlə bağlıdır... Bu kitabda sadəcə bir azərbaycanlının həyatı deyil, bütov  bir ölkənin və millətin tarixi, çəkdiyi əzab-əziyyəti, XX əsrin qanlı-qadalı illəri qələmə alınmışdır. Ən əsası, müəllif oxucusunu özü ilə bərabər zaman səyahətinə götürməyi bacarmışdır. Müxtəlif mənbələrdən əldə edilmiş faktlarla zəngin olan yeni nəşr xalqımızın keçmişi, ayrı-ayrı tarixi şəxsiyyətlərimizin həyatı və mühiti ilə maraqlanan hər kəs üçün faydalı mənbədir. 

Əminik ki, “Bəşir bəy Aşurbəyov və zəmanəsi” adlı tarixi oçerk böyük oxucu sevgisi ilə qarşılanacaq.

 

Sani HACIYEV,

tarix üzrə elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video