16 Noyabr 2021 00:18
2641
SİYASƏT
A- A+

Xoşməramlı missiyanın qlobal təcəssümü

 

Mehriban xanım Əliyevanın timsalında Azərbaycan 75 yaşlı UNESCO-nun fəaliyyətinə mühüm töhfələr verir

 

Noyabrın 16-da dünya UNESCO-nun yaranma gününü qeyd edir. Bu il təşkilatın yaranmasının 75 illiyi tamam olur. Məhz 1945-ci ilin bu günündə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) yaradılıb. Londonda keçirilən konfrans dünyanın 37 dövlətinin imzaladığı nizamnaməni qəbul edib. Onların planına görə, yeni təşkilat “bəşəriyyətin intellektual və mənəvi həmrəyliyini” təmin etməyə kömək etmək və bununla da yeni Dünya müharibəsinin başlanmasının qarşısını almaq üçün çalışmalıdır.

Azərbaycan BMT-nin bu bölməsinə 1992-ci il iyunun 3-də qoşulub. 29 ildən artıqdır ki, UNESCO ilə Azərbaycan arasında mövcud əlaqələr getdikcə genişlənir və müxtəlif fəaliyyət sahələrini əhatə edir. Azərbaycan təhsil, mədəniyyət, təbiəti mühafizə və idman sahələrində UNESCO-nun bir çox konvensiyasına qoşulub.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunub saxlanması ilə yanaşı, həm də dünya irsinin beynəlxalq səviyyədə müdafiə və mühafizə edilməsinə dəstək verilməsidir. Bu məqsədlə ölkəmiz müstəqillik əldə etdikdən sonra UNESCO ilə sıx əməkdaşlıq əlaqələri qurmuş, qurumun fəaliyyətinə öz töhfəsini vermişdir. 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına  evsahibliyi etmiş Azərbaycan eyni uğurla, UNESCO-nun rəsmi tərəfdaşlığı ilə iki ildənbir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu keçirir. Bütün bunlar isə Azərbaycanın dünya irsi obyektlərinin beynəlxalq miqyasda qorunub saxlanması məsələsində xidmətlərinin tanınması və qiymətləndirilməsinin sübutudur.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya UNESCO-nun xoşməramlı səfiri adının verilməsi ilə Azərbaycanla bu təşkilat arasında əməkdaşlıq daha da intensivləşib. Mehriban xanım Əliyevanın rəhbərliyi və yaxından diqqəti ilə Azərbaycanda və onun hüdudlarından kənarda maddi və qeyri-maddi mədəni irsin qorunması, o cümlədən ölkəmizin mədəniyyətinin dünyada tanıdılması istiqamətində ən mühüm işlər görülür.

Bir neçə onilliklərdir ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) hər il mədəni, ekoloji və ya tarixi dəyərinə görə populyarlaşdırılmalı və qorunub saxlanılmalı olan təbii və ya süni obyektlərin müəyyən edildiyi toplantılar təşkil edir. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Komitəsinin 2009-cu ilin 28 sentyabr - 2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 4-cü sessiyasında Heydər Əliyev Fondunun prezidentinin səyləri sayəsində strukturun yekun qərarına əsasən, Azərbaycan Aşıq Sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bundan əlavə, həmin sessiyada Novruz bayramı da UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq, təşkilatın tövsiyəsi ilə bu bayram beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi UNESCO-ya təqdim olunub. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 30 iyun - 10 iyul 2019-cu il tarixlərində Bakıda keçirilən 43-cü sessiyası zamanı Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi Ümumdünya İrs Siyahısına daxil edilib.

Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində fəaliyyətinin digər mühüm istiqamətlərindən biri də Azərbaycan mədəniyyətinin, elminin və incəsənətinin görkəmli şəxsiyyətlərinin beynəlxalq miqyasda tanıdılmasıdır. Belə ki, 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda və Parisdə dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin 120 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Eyni zamanda Parisdə UNESCO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi qeyd edilib, eləcə də dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç və onun həyat yoldaşı, opera ifaçısı Qalina Vişnevskayanın birgə yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr olunmuş albom və disklər buraxılıb.  2005-ci ildə Parisdə, UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ xanəndələri” musiqi albomunun təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Fondu həm də təkcə Azərbaycanda deyil, xaricdə də mədəniyyət abidələrinin qorunmasına yönəlmiş çox mühüm humanitar və mədəni layihələr həyata keçirir. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən Parisin Versal Sarayının parkında nümayiş etdirilən Ümumdünya İrs Siyahısına daxil edilmiş iki abidənin bərpası buna sübutdur. Parisdəki Luvr Muzeyində İslam sivilizasiyasının memarlıq, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrinin nümayiş olunduğu yeni zalların yaradılmasında da Heydər Əliyev Fondunun mühüm rolu olmuşdur. Heydər Əliyev Fondu Fransanın Orne departamentindəki Sen-İler, Ferne-o-Sovaj, Sen-İler-La-Jerar, Tanville, Courjust, Reveyon, Mal yaşayış məntəqələrindəki X-XII əsrlərə aid yeddi kilsənin, 14-cü əsrə aid Strasburq Kafedral kilsəsinin vitraj hissələrinin bərpasına kömək edib.

Fond İtaliya və Vatikanda tarixi-mədəni yerlərin qorunması üçün də bir sıra layihələr həyata keçirib. 2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən Kapitoli Muzeyində müqəddəslər Marselino və Pietronun katakombaları, eləcə də Filosoflar Zalı bərpa edilib. Daha sonra o, Vatikanda Müqəddəs Sebastyan katakombalarının bərpasına başlayıb. İki il sonra Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bütün xristian dünyası üçün əvəzsiz mədəni-tarixi əhəmiyyətə malik katakombaların açılış mərasimində iştirak edib. Heydər Əliyev Fondu İkinci Dünya müharibəsi zamanı dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə qoşulub, 2011-ci il sentyabrın 29-da isə Mehriban xanım Əliyeva Berlin qəsrinin bərpası üçün ianə toplama kampaniyası çərçivəsində, Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avro məbləğində pul çekini Berlin qəsrinin rəhbərliyinə təqdim edib.

Bolqarıstanın mədəni-mənəvi paytaxtı olan Veliko Tarnovo şəhərində yerləşən “Trapezitsa” memarlıq-muzey qoruğunun bərpasını da qeyd etmək istərdim. Bu memarlıq incisinin və İkinci Bolqar Krallığının mənəvi mərkəzinin bərpasına Heydər Əliyev Fondu mühüm töhfə verib. Heydər Əliyev Fondu tarixi abidənin 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, Mədəni İrs Mərkəzinin yaradılmasını, bu ərazidə yerləşən Orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib. Bolqarıstan və Şərqi Avropanın tarixi turizm mərkəzlərindən biri  olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda konservasiya və bərpa işləri 10 ay davam edib. Bu layihə əslində fondun bütün Balkan regionunda ən böyük mədəniyyət layihəsidir. 22 sentyabr 2016-cı il tarixində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva Trapezitsa Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak ediblər. Bundan əlavə, fond təhsilə dəstək üçün çoxlu sayda sosial layihələr həyata keçirib, xüsusən Pakistan və Vyetnamda məktəblərin, Bosniya və Herseqovinada sosial mərkəzlərin tikintisi layihələrinə dəstək verib.

Uzun illərdir ki, ölkəmiz istər Azərbaycanda, istərsə də qlobal miqyasda dünya mədəni irsinin bərpasına öz töhfələrini verir və ölkəmizlə UNESCO arasında tərəfdaşlıq əlaqələri daim yüksək səviyyədə inkişaf edir.

Azərbaycanın 44 günlük qalibiyyətli müharibədə qələbəsi regionda yeni reallıqların yaranmasına gətirib çıxardı ki, bu da bəzi siyasi dairələrdə narahatlıq yaradır və bu dairələr yeni vəziyyətlə barışa bilmirlər. Bu kontekstdə UNESCO öz mandatı çərçivəsində obyektiv və qərəzsiz fəaliyyət göstərməli olan hökumətlərarası təşkilat kimi layiq olmadığı prosesə qarışıb və siyasi təzyiq vasitəsinə çevrilib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə dağıdılmış və talan edilmiş mədəni irsin vəziyyəti və taleyi ilə bağlı Azərbaycan dəfələrlə məsələ qaldırmış, onun mühafizəsi üçün tədbirlərin görülməsi və bu ərazilərə missiya göndərilməsi xahişi ilə dəfələrlə UNESCO-ya rəsmi müraciət etmişdir. Təəssüf ki, bu müraciətlərin heç birinə adekvat cavab verilməyib.

1996-cı ildən etibarən rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində mədəni irsin talan edilməsi barədə UNESCO-ya məlumat vermiş, bu mədəni irsin Azərbaycana qaytarılmasını təmin etmək üçün tədbirlər görülməsini xahiş etmişdir.

2005-ci ildə UNESCO-nun 1995-2004-cü illər üçün “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının həyata keçirilməsi istiqamətində fəaliyyətə dair hesabatında Azərbaycanın vəziyyətlə bağlı UNESCO Katibliyinə məlumat verdiyi açıq-aydın göstərilib. Hesabatda Ermənistan tərəfindən bu ərazilərdə 927 kitabxananın, 60-dan çox məscidin, 44 məbədin, 473 tarixi abidənin, saray və muzeyin dağıdılması, habelə qeyri-qanuni ixrac və 40 min muzey eksponatı, nadir sənət inciləri, əlyazmalar, miniatürlər, qiymətli Qarabağ xalçaları, xatirə əşyaları, tarixi bəzək əşyaları, arxeoloji nümunələrin xaricə satışı barədə məlumatlar öz əksini tapıb. Bu hərəkətlər mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və ötürülməsinin qadağan edilməsi və qarşısının alınması haqqında 1970-ci il tarixli UNESCO Konvensiyasına açıq şəkildə ziddir və onu pozur. Təşkilat 2020-ci ildən etibarən 14 noyabr tarixini Mədəni Əmlakın Qeyri-qanuni Ticarətinə Qarşı Beynəlxalq Mübarizə Günü elan edib, lakin buna baxmayaraq, biz bu qurumun işinin nəticəsini görmürük.

2007-ci ildə “Azərbaycana qarşı müharibə - mədəni irsə hücum” kitabı hazırlanaraq UNESCO-ya təqdim edilib. Burada ölkəmizin işğal olunmuş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəniyyət və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, alban kilsələrinin erməni kimi təqdim edilməsi barədə ətraflı məlumatlar yer alıb. UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura Bakıya səfəri zamanı Azərbaycan tərəfinə belə bir missiyanın təşkilini təklif edib. Baş direktor daha sonra məsələnin izlənildiyini və missiyanın dəqiq vaxtını deyə bilməyəcəyini qeyd edib. 2016-cı ildə “Multikulturalizm ili” çərçivəsində UNESCO-nun mənzil-qərargahında konfrans iştirakçılarının geniş auditoriyası qarşısında “Multikulturalizmin əhəmiyyəti və uğurlu Azərbaycan modeli” adlı konfransda çıxış edərək ölkəmizin işğal olunmuş ərazilərində maddi, mədəni və dini irsin məhv edilməsi faktları barədə ətraflı məlumat verib.

Həmin konfransda Ermənistan tərəfindən Ağdam Cümə məscidindən hərbi məqsədlər üçün istifadə edilməsi barədə məlumatın daxil olduğunu, bununla da beynəlxalq hüququn, o cümlədən Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının kobud şəkildə pozulduğunu qeyd edib.

2018-ci ilin yanvarında o, təşkilatın işğal olunmuş ərazilərə missiyasının UNESCO-ya və konkret olaraq xanım Odri Azulaya göndərilməsi məsələsini qaldırıb. Xanım Azula cavab verib ki, UNESCO humanitar təşkilatdır və ona görə də siyasi məsələlərə qarışmır. Göründüyü kimi, bütün bu müddət ərzində beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri barədə mütəmadi olaraq məlumatlandırılıb və UNESCO-nu mədəni irsin qorunması məsələlərinin siyasiləşdirilməsinə yol verməyərək öz missiyasını müstəqil və obyektiv yerinə yetirməyə çağırıb. Təəssüflər olsun ki, bu beynəlxalq təşkilatın funksionerləri kəskin məsələlərə münasibət bildirməməyi üstün tutublar.

2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Nəticədə bütün dünya Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklərin bir daha şahidi oldu. 44 günlük müharibənin başa çatması ilə işğaldan azad edilmiş ərazilərə onlarca xarici və yerli KİV nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif ölkələrdən gəlmiş alimlər baş çəkiblər - hamısı kütləvi dağıntıların şahidi olublar. Həmin ərazilərdə öz gözləri ilə gördüklərini internetdə, mətbuatda yayıblar. Nüfuzlu beynəlxalq sərgilərdə Qarabağ müharibəsinin nəticələrini, Azərbaycanın şəhər və kəndlərinin erməni işğalçıları tərəfindən işğalı zamanı dağıdıcılığı əks etdirən fotoşəkillər nümayiş etdirilir. Dünya baş verən hadisələrin həqiqətini anlamağa başlayır.

Biz UNESCO-dan məsələni siyasiləşdirmədən ədalətli və qərəzsiz mövqe gözləyirik, yalnız bir məqsədlə onun mandatını, sağlam düşüncəsini, dialoq ruhunu, xoşməramlılığını və gələcək nəsillər qarşısında məsuliyyət hissini rəhbər tutaraq, Qarabağdakı tarixi, mədəni və dini abidələrimizə hüquqi qiymət verməsini gözləyirik. Arzu edirik ki, belə bir şey dünyanın heç bir yerində olmasın və bir daha təkrarlanmasın!

 

Aytən QƏHRƏMAN,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video