28 Iyun 2022 14:53
602
SİYASƏT
A- A+

Xarici İşlər Nazirliyi: Azərbaycan müharibə istəsəydi, baza prinsiplərini təqdim etməzdi  

 

Ermənistan baş naziri Nikol Paşinyanın 27 iyun 2022-ci il tarixində onlayn mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı söylədiyi bir sıra fikirlər bu ölkənin bölgədə dayanıqlı sülh yaratmaq istəyini şübhə altına alır.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat veriblər. Bildirilib ki, 30 ilə yaxın Azərbaycan ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu əraziləri darmadağın edən bir ölkənin rəhbərinin, Azərbaycanı bu illər ərzində blokada siyasətini yürütməkdə ittiham etməsi heç bir hüquqi və əxlaqi çərçivəyə sığmır.

"Baş nazir Paşinyana xatırladırıq:

Azərbaycan, Ermənistanın işğalçı siyasətinə rəğmən və ərazilərində onilliklər ərzində Ermənistan tərəfindən tətbiq edilmiş “hər şeyi məhv etmək” yanaşmasına baxmayaraq, ərazilərini azad etdikdən sonra iki dövlət arasında münasibətlərin normallaşması tərəfdarı və təşəbbüskarı olub. Məhz Azərbaycanın dövlət başçısı post-münaqişə mərhələsində beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Hətta, Azərbaycan tərəfi Sazişin əsaslanmalı olduğu baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Paşinyanın iddia etdiyi kimi Azərbaycan müharibə istəsəydi, yəqin ki, bu addımlara ehtiyac qalmazdı. Əgər Azərbaycan müharibə istəsəydi, Ermənistanın 30 il ərzində yerlə yeksan etdiyi ərazilərin yenidən qurulması və bərpası üçün böyük səylər sərf edib, nəhəng işlər görməzdi.

Azərbaycan tərəfi, iki ölkə arasında sərhədlərin delimitasiyası, bölgədə bütün kommunikasiyaların açılması və tərəflər arasında gələcək sülh sazişinin imzalanması istiqamətlərində yalnız sözdə açıqlamalar vermir, öz əməlləri və konkret addımları ilə söylədiklərini həyata keçirir. Uzun illər ərzində məhz Azərbaycan tərəfi, bölgədə normal münasibətlərin qurulmasının və bütün kommunikasiyaların açılmasının Ermənistana faydalı olacağını söyləyib. Ermənistan tərəfinin bunu nəhayət anlaması və baş nazirin “kommunikasiyaların açılması Ermənistana sərf edir” söyləməsi, Ermənistan rəhbərliyinin yeni yanaşması kimi diqqəti cəlb edir. Görünür, həqiqətlərin Ermənistan tərəfindən qəbul edilməsi bir qədər vaxt tələb edir. Ümid edirik ki, artıq reallığa çevrilən Zəngəzur dəhlizinin fəaliyyətinin səmərəliliyinin Ermənistan tərəfindən dərk edilməsi üçün böyük zamana ehtiyac qalmayacaq.

Üçtərəfli bəyanatlara gəldikdə, bu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər və onların icrası göz qabağındadır. Sənədin iddialarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərinə diversant qüvvələr göndərən, Azərbaycan ərazilərindən qanunsuz silahlı birləşmələrini çıxarmayan, kommunikasiyaların açılmasını uzun müddət ərzində ləngidən Ermənistan bu bəyanatların icrasını kobud şəkildə pozur.

Ermənistan baş naziri, konkret hansı hala istinad etdiyinə aydınlıq gətirmədən “Azərbaycan tərəfinin ən azı bir halda görüşün keçirilməsini boykot etdiyni” söyləyir. Əgər, post münaqişə mərhələsində indiyədək beynəlxalq vasitəçilərin iştirakı ilə də təklif edilən və Ermənistan tərəfindən müxtəlif bəhanələrlə pozulan, habelə keçirilməsinə 1-2 saat qalmış təxribatlarla təxirə salınan görüşləri sadalamağa başlasaq, siyahı çox uzun olar.

Ermənistan həqiqətən sülh istəyirsə, səmərəlilik əmsalı hər zaman aşağı olan və hazırda üzvləri tərəfindən açıq şəkildə fəaliyyətinin qeyri-mümkünlüyü etiraf edilən bir formatı dirçəltməyə zaman sərf etməkdənsə öz siyasi iradəsini ortaya qoyub sülh istiqamətində konkret addımlar atmalıdır", - deyə məlumatda qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video