03 Avqust 2022 01:42
1422
SİYASƏT
A- A+

Xalqın dili onun ruhudur

 

XIX əsrin ortalarında Azərbaycanda anadilli məktəblərin yaradılması ideyası uğrunda mübarizə geniş vüsət alanda yeni milli maarifçilik hərəkatının görkəmli nümayəndələri A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi, M.Ş.Vazeh, Mirzə Kazım bəy, İ.Qutqaşınlı və başqaları belə təhsil ocaqlarının şəbəkəsinin genişləndirilməsi, orada oxuyan azərbaycanlı uşaqlarının sayının artırılması üçün böyük səy göstərmişdilər.

Zaqafqaziyada dövlət məktəblərinin açılması və Azərbaycan dilinin tədrisi digər xalqlar arasında pedaqoji əlaqələrin inkişafına və möhkəmləndirilməsinə əlverişli zəmin yaratmışdı. Bir sözlə,  klassiklərimizdən tutmuş, böyük alim, yazıçı, şair, ziyalılarımız üçün ana dili məsələsi, onun işlənməsi, qorunması, inkişafı, yaxın regionlardakı dillərlə rəqabəti prinsipial əhəmiyyət kəsb etmişdir. Vaxtilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli kimi ziyalılar bütün qüvvələrini anadilli məktəblərlə yanaşı, anadilli mətbuatın yaranmasına yönəltmişdilər. Hərçənd ki, ötən əsrin əvvəllərində ana dilinin necə, hansı istiqamətdə və əsasda inkişafı problemi ən qızğın mübahisələrə səbəb olmuşdur.

 

Tarix və dil əmanəti

 

Azərbaycanda bir neçə əsr ərzində hökmranlıq edən yadellilər yerli əhalinin ana dilində təliminə əhəmiyyət vermirlər. Onlar islam ideologiyasını yaymaq və möhkəmləndirmək məqsədilə Azərbaycan dilini assimilyasiya edir, ərəb və fars dilləri məktəb və mədrəsələrdə əsas tədris dili hesab olunur, elmi, ədəbi və bədii əsərlər həmin dillərdə yazılırdı. Lakin belə ağır təzyiq və təsirlərə baxmayaraq, Azərbaycan xalqı öz ana dilini  qoruyub saxlaya bildi və üstəlik, XIX əsrin əvvəllərindən təlimin ana dilində aparılması ideyası uğrunda mütərəqqi ziyalıların "maarifçilik hərəkatı" adı altında mübarizəsi daha da gücləndi. Azərbaycan dili təkcə Zaqafqaziyada deyil, bütün Yaxın Şərqdə böyük rol oynamağa başladı. O vaxta qədər əhali arasında yalnız danışıq dili olan Azərbaycan dili artıq bu dövrdə müstəqil bir fənn kimi Azərbaycan şəhərlərində deyil, Qafqazın Tiflis, İrəvan, Dərbənd, Stavropol, Qori, Kutaisi və digər iri şəhərlərində yenicə açılmış dövlət məktəblərinin tədris planlarına daxil edildi.

O zamanlar Azərbaycan dilinin tədrisi nə qədər zəruri və həyati əhəmiyyət kəsb edirdisə, bir o qədər də çətin idi. Bu çətinliklərin başlıca səbəblərindən biri müəllim kadrlarının çatışmazlığı, digəri isə yeni üsullu dərsliklərin olmaması ilə bağlı idi. M.F.Axundzadə Azərbaycan dilinin tədrisi sahəsində qarşıda duran hər iki mühüm problemin həllində böyük fəallıq göstərmişdir. Mirzə Fətəli Tiflis qəza məktəbində 1834-1840-cı illər arasında Azərbaycan dilindən dərs demişdir. Məhz bu dövrdə o, təlim-tərbiyənin, xüsusilə ana dili təliminin bir sıra vacib məsələləri ilə yaxından tanış olmuşdur. 

Məktəb tarixinin tədqiqatçısı akademik Hüseyn Əhmədovun araşdırmalarından məlumdur ki, M.F.Axundzadənin pedaqoji fəaliyyətində diqqəti cəlb edən ən mühüm məsələlərdən biri ana dili dərsliyinin yazılması ilə bağlıdır. O zamanlar Azərbaycan dilinin tədrisi üçün nə müvafiq dərslik, nə də çap olunmuş oxu kitabları var idi. Şagirdlər təmiz Azərbaycan dilində olan ədəbiyyatdan məhrum idilər. M.F.Axundzadənin yazdığı kimi, əgər bu dildə bəzi əsərlər vardısa, onlar da ya başqa dillərdən tərcümə edilmiş, ya da fars, türk və ya ərəb sözləri ilə dolu anlaşılmaz bir dildə yazılmışdı. Bu tərcümələr əsasında Azərbaycan dilinin ruhunu duymaq və bu dili xalqın istədiyi tərzdə tədris etmək mümkün deyildi. Maarifçi demokrat öz həmvətənləri üçün yeni üsullu bir dərslik üzərində işləməyə başladı. Lakin o, tezliklə müəllim vəzifəsindən azad olunduqdan sonra həmin dərsliyi yazıb axıra çatdıra bilmədi. Onun başladığı bu xeyirxah işi davam etdirmək Mirzə Fətəlinin yerinə müəllim təyin edilmiş M.Ş.Vazehə nəsib oldu.

 

Dilimiz misilsiz xəzinədir

 

Ötən əsrin 30-cu illərində - mədəni inqilab dövründə savadsızlığın ləğvi Azərbaycan dilinin inkişafı üçün sonsuz imkanlar yaratdı: ana dilində dərsliklər yazıldı, Azərbaycan folklorunun toplanması və nəşri sahəsində ciddi işlər görülməyə başlandı. Bu prosesdə Salman Mümtaz, Həmid Araslı, Məmmədhüseyn Təhmasib kimi folklorşünas alimlərin xüsusi əməyi olmuşdur. Məhəbbət və qəhrəmanlıq dastanlarının, xalq nağıllarının, bayatı və atalar sözlərinin çapı ana dilimizin yeni-yeni zəngin qatlarını üzə çıxardı, ədəbi dilin saflaşmasına təkan verdi. Digər tərəfdən, elmi üslubun təşəkkülü dilimizin bir elm kimi tərəqqisi yolunda da mühüm rol oynadı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində Dilçilik İnstitutu yaradıldı. Qısa vaxtda dil tarixi, dialektologiya, müasir dilçilik, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparıldı. Görkəmli dilçi alimlərin M.Şirəliyev, Ə.Orucov, Ə.Dəmirçizadə, M.Hüseynzadə və başqalarının elmi axtarışları nəticəsində Azərbaycan dilçiliyi türkologiyada öz nüfuzlu yerini tutdu. Dörd cildlik "Azərbaycan dilinin izahlı lüğəti", "Rusca-azərbaycanca", "Azərbaycanca-rusca" lüğətlərinin təkmilləşdirilmiş çapları ana dilimizin həqiqi zənginliyini, onun lüğət tərkibinin genişliyini üzə çıxardı.

Dil problemləri böyük ideoloji və sosial məsələlərlə bağlı olsa da, XX əsrin əvvəllərinə qədər dillərin dövlət qanunları sistemində təsbit olunması ənənəsi yox idi. Azərbaycan Respublikasının tarixinə gəlincə, milli dilimizin statusunun konstitusiyada və digər qanunlarda əksini tapması özü maraqlı faktlarla bağlıdır.

Azərbaycan dilinin dövlət dili kimi hüquqi aktlarda təsbit olunması məsələsi hələ XX əsrin əvvəllərində - Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə böyük aktuallıq kəsb etmişdi. O zaman parlamentin istifadə etdiyi dil Azərbaycan türkcəsi idi. Qeyri-millətlərdən olan yerli əhalinin nümayəndələri çıxışların rus dilində olmasını təklif edəndə parlamentin iclaslarından birində bu məsələ geniş müzakirə olunmuş və xüsusi qərar qəbul edilmişdi. Qərara əsasən, parlamentin rəsmi dili Azərbaycan dili elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində etmələri hələlik məqbul sayılmışdı. Bununla belə rəsmi sənədlərin hamısı ana dilində tərtib edilirdi. Azərbaycan türkcəsində olmayan sənədlərə baxılmırdı. Bu barədə Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli xüsusi fərmanı da mövcuddur.

Respublikamızda sovet hakimiyyətinin qurulduğu ilk illərdə bu sahədə yenilik baş verməmişdi. 1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in yeni Konstitusiyasında da Azərbaycan dilinin hüquqi statusu barədə heç nə qeyd edilmirdi. Şübhəsiz ki, bu keçmiş sovet rəhbərliyinin apardığı totalitar siyasətin diktə etdiyi reallıq idi. Stalin repressiyalarının geniş vüsət aldığı bir vaxtda Konstitusiyaya ana dili ilə bağlı hər hansı düzəliş və ya  əlavə etmək həm kifayət qədər riskli, həm də perspektivsiz addım idi.

Stalinin ölümündən sonra repressiyaya son qoyulması və totalitarizmin ən ağır formalarının aradan qaldırılması istiqamətində atılmış addımlar xalqlara qarşı ayrı-seçkilik siyasətini müəyyən qədər məhdudlaşdırdı və nəhayət, belə bir vəziyyətdə - 1956-cı ildə Azərbaycan Respublikası Ali Soveti 1937-ci il Konstitusiyasına xüsusi əlavə qəbul etdi. Həmin əlavədə Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması əksini tapdı. Lakin bu qərar bir tərəfdən respublikanın özündəki mənfur qüvvələrin, digər tərəfdən mərkəzdəki mühafizəkarların müqavimətilə rastlaşdı. Azərbaycan dilinə keçilməsi barədə tələblər Moskvada narazılıq doğurdu. Yazıçı və şairlərimiz, dilçi-filoloqlarımız sosializm dövründə "hər bir millətin öz müqəddəratını təyin etmək hüququ"nu dil sahəsində də tətbiq etməyə çalışırdılar. Bu meyil Mirzə İbrahimovun fəaliyyətində özünü qabarıq şəkildə göstərirdi. O zaman keçmiş sovet imperiyası milli hərəkatın, milli dirçəlişə səbəb olacaq hər hansı bir tədbirin qarşısını almaq üçün hər cür təxribata hazır idi. Ümummilli Lider Heydər Əliyev həmin dövrü xarakterizə edərkən deyirdi ki, "ən emosional məsələləri də ancaq ağlın gücü ilə həll etmək lazım idi. Azərbaycan cəmiyyətinin o dovrdəki vəziyyəti elə idi ki, dərhal qərar verib bütünlüklə Azərbaycan dilinə keçmək çox riskli, mərkəzə meydan oxumaqdı". Mirzə İbrahimovun "təcrübəsi" həmin yolun uğursuzluğunu artıq göstərmişdi. Azərbaycan dili dövlət-idarəçilik sisteminə tədricən, təkmilləşə-təkmilləşə daxil olmalı, milli məmurlar, dəftərxana işçiləri yetişməli idi…

 

Əlifba islahatı

 

Belə bir münasibət Azərbaycan əlifbasına qarşı da olmuşdu. Aydındı ki, xalqın həyatında, elmin, mədəniyyətin inkişafında əlifbanın son dərəcə mühüm əhəmiyyəti var. Tarixə müraciət etsək görərik ki, islamın yayıldığı dövrlərdən xalqımız ərəb əlifbasından istifadə etmiş, min ildən artıq bir zaman ərzində zəngin mədəni irs yaratmışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdir. Mirzə Fətəli millətin ümumi mədəniyyətinə, ana dilinin inkişafına, əhalinin savadlanmasına çalışırdı. O, ərəb əlifbasının böyük əngəllər törətdiyini görmüş və düz 20 il bu əlifbanın dəyişdirilməsi uğrunda mübarizə aparmışdı. M.F.Axundzadənin yeni əlifba uğrunda apardığı mübarizə onun ana dili təlimi, anadilli məktəb ideyası ilə üzvi surətdə əlaqədar idi. Ötən yüzilliklər sübut etdi ki, maarifçi mütəfəkkirin ana dili uğrundakı mübarizəsi nəticəsiz qalmadı.

 

Ana dilimizin təəssübkeşi: cəsarətli mövqe

 

Ötən əsrin 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərində Azərbaycana rəhbər təyin edilən Ümummilli Lider Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Böyük rəhbərin ilk gündən yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq. Lakin həmin dövrdə rus dilinin mövqeyi respublikada hələ çox güclü idi - nəinki dövlət idarəçiliyi, cari təsərrüfat, xüsusilə sənaye sahələrində də rus dilindən geniş istifadə olunur, kənddən şəhərə, respublikanın paytaxtına gələn gənclər bu baxımdan müəyyən çətinliklərlə rastlaşırdılar. Azərbaycan KP-nın qurultayları, MK-nın plenumları bir qayda olaraq rus dilində aparılırdı. Heydər Əliyev bütün mürəkkəbliyi ilə dərk edirdi ki, Moskva ruslaşdırma siyasətini yürüdür, lakin bu qeyri-humanist, bayağı siyasət müxtəlif yollarla pərdələnir, Azərbaycan dili dövlətçilikdən, inzibati idarə sistemindən, elmdən, mədəniyyətdən, təhsildən sıxışdırılır, yalnız məişət dili səviyyəsinə endirilirdi. Belə bir siyasət xalqını sevən rəhbərdə daxili etiraz doğurmaya bilməzdi. Ona görə də 1970-ci illərdən etibarən respublikanın müxtəlif ali məktəblərində ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulunun sayı artırıldı, qəbulda ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə məcburi hesab edildi. Tədris Azərbaycan dilində aparılan məktəblərin sayı çoxaldıldı. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbəri ana dilində çıxış etdi. Bunda məqsəd ana dilimizin yüksək səviyyədə təbliği idi.

1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın müəllifi Heydər Əliyev olmuşdur. Həmin dövrdə respublika rəhbəri cəmiyyətdəki mövqeyini, siyasi taleyini riskə qoyaraq Əsas Qanunumuzda Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın varlığını təmin etmək üçün təşkilati işlər aparmış, elmi və ziyalı qruplarını da bu işə cəlb etmişdir. Sovet imperiyası şəraitində belə bir davranış əsl vətənpərvərlik, vətəndaşlıq nümunəsi idi. Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində bu müddəa yeni Konstitusiyanın 73-cü maddəsində öz təsdiqini tapmışdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dil məsələsinə baxışda müxtəlif ziddiyyətlər və fikir ayrılıqları meydana çıxmağa başladı. Bu, xüsusilə AXC-Müsavat hakimiyyəti dövründə özünü daha qabarıq şəkildə büruzə verirdi. Bəzi qüvvələr heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və onun "türk dili" adlandırılmasını təklif edirdilər. Uzun müzakirələrdən sonra  1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili haqqında qanun müzakirə olunmuş və Azərbaycanda dövlət dilinin "türk dili" olması barədə qərar qəbul edilmişdi. Hətta təcili "Türk dili" adlı dərsliklərin çapı da həyata keçirilmişdi. Qeyd edək ki, bu qanunun, əslində, heç bir hüquqi qüvvəsi yox idi.

1995-ci ildə Azərbaycan  Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olunurdu və onların böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması ideyası dəstəklənirdi. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

 

Azərbaycan dövlətinin dil siyasəti

 

Ülu Öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına tarixin bütün dövrlərində xüsusi diqqət yetirmişdir. 2001-ci ilin 18 iyununda Ümummilli Liderimiz "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman -"Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" digər mühüm bir sənədə imza atmışdı. Bu sənəd ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədələşmələr heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmağa başladı.

2002-ci ilin sentyabrında Heydər Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərildi.

Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına daimi dövlət qayğısının təmin olunması xətti uğurla davam etdirilir. Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirən ölkə rəhbəri milli dil əmanətinə də sadiqdir. 12 yanvar 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi", 14 yanvar 2004-cü il tarixli "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 30 dekabr 2007-ci il tarixli "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlar, ayrı-ayrı toplantılarda ana dilimizin inkişafı ilə bağlı irəli sürülən tezislər müasir dövrdə dilimizin inkişafına təkan verən möhtəşəm tədbirlərdir.

Biz hazırda elə bir dünyada yaşayırıq ki, qloballaşma prosesi həyatımızın az qala hər anında özünü göstərir. Onun təməlində beynəlxalq ünsiyyət dayandığından bu prosesin müsbət və mənfi təsirləri ən çox dil mühitində özünü büruzə verir. Həmin amillər nəzərə alınaraq 2013-cü ilin aprelində "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalandı. Bu, ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından tarixi bir hadisə idi.

Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirlər sırasında isə Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamı dilimizin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Heç zaman unutmamalıyıq ki, dilin qorunması, inkişafı dövlət tərəfindən irəli sürülən norma və tələblərlə yanaşı, eyni zamanda vətəndaşlıq məsuliyyəti tələb edən məsələdir. Ana dilimizdə milyonlarla insan danışır və yazır. Onların bu dildən hansı şəkildə faydalandıqlarını, ona necə münasibət göstərdiklərini tam nəzarətdə saxlamaq mümkün deyil. Amma hər bir vətəndaş çevrəsindəki insanların dilimizi korlayan hallarla rastlaşdığı vaxt ictimai qınağın gücü ilə onların aradan qaldırılmasına nail ola bilər.

Azərbaycan dili tarixi ənənəsi olan kamil dillərdən biridir.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video