18 Yanvar 2022 22:37
809
İQTİSADİYYAT
A- A+

Vüsal Qasımlı: Ötən il qeyri-neft sənayesinin artım tempi Azərbaycanın müstəqillik tarixində rekorddur

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Prezident İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibədə sosial-iqtisadi məsələlər barədə fikirləri ətrafında müzakirələr aparılıb.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, 2021-ci ildə dünya iqtisadiyyatı 5,5 faiz, Azərbaycan iqtisadiyyatı isə 5,6 faiz artmaqla son səkkiz ildə ən yüksək artım tempi göstərib: “Təqdirəlayiq haldır ki, iqtisadi artımın drayveri qeyri-neft-qaz sektorunda olub. Bu sahədə əlavə dəyər 2021-ci ildə 7,2 faiz və neft-qaz sektorunda isə 1,8 faiz artıb. ÜDM istehsalının 42,5 faizi sənayenin payına düşür ki, bu da 24,8 faiz orta dünya göstəricisini əhəmiyyətli şəkildə üstələyir. Ötən il Azərbaycanda qeyri-neft-qaz sənayesinin artım tempi 20 faiz olubdur ki, bu da Azərbaycanın müstəqillik tarixində rekorddur. Ən əsası odur ki, Azərbaycanda iqtisadi artım manatın sabitliyi, aşağı xarici borc və kifayət qədər yüksək strateji valyuta ehtiyatlarının mövcudluğu şəraitində baş verir. Dünya iqtisadiyyatının üzləşdiyi inflyasiya problemi ilə mübarizədə Azərbaycan hökuməti mümkün olan tədbirləri həyata keçirir”, - deyə icraçı direktor əlavə edib.

V.Qasımlı bildirib ki, ötən il dünya ticarətində artım proqnozu 10,8 faiz olduğu halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb. Bir ildə qeyri-neft ixracının bu qədər artması müstəqillik tarixində bir ilkdir. 2021-ci ildə qeyri-neft sektoru üzrə ixracın adambaşına 270 ABŞ dollarına çatması onu deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunmaq mümkündür.

Vergi orqanlarının keçən il proqnozdan əlavə yığdığı təqribən 1,4 milyard manat vəsaitin əhalinin sosial rifahına yönəldiləcəyini vurğulayan Vüsal Qasımlı deyib: “Vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi, məcburetmədən könüllü riayətetməyə keçid, kölgə iqtisadiyyatı ilə mübarizə, leqallaşma, şəffaflıq və hesabatlılıq sahəsində görülən işlər nəticəsini verir. Göründüyü kimi, Azərbaycanda aparılan iqtisadi islahatlar sosial rifahın yaxşılaşmasına yönəldilir. Hansı ki, dünya təcrübəsində iqtisadi islahatlar bəzən ağrılı keçir və sosial rifaha mənfi təsir göstərir. 2019-cu ildə sosial islahat paketinə əlavə 3 milyard manat, 2020-ci ildə 600 milyon manat vəsait ayrılıb. 2022-ci ildə 2,1 milyon vətəndaşımızın əməkhaqqı və sosial ödənişlərinə dövlət büdcəsindən əlavə 1,5 milyard manat vəsait ayrılacaq”, - deyə əlavə edib.

V.Qasımlının sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda post-münaqişə quruculuğu sürətlə gedir: “2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə 2,2 milyard manat vəsait ayrılmışdı, həmçinin yeni yaradılmış sənaye zonaları, kənd təsərrüfatı, xidmət və sənaye sahələrinə özəl sahibkarlar cəlb edilib. Bu ərazilərdə iş qurmaq istəyən sahibkarlardan 900-dən artıq biznes-plan daxil olub”.

Tədbirdə Milli Məclisin Komitə sədri Tahir Mirkişili, millət vəkili Vahid Əhmədov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “Lütfi Zadə irs və süni intellekt” Assosiasiyasının prezidenti Rafiq Əliyev və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video