09 Dekabr 2021 00:27
717
Səhiyyə
A- A+

“Virtual Diabet Məktəbi” layihəsi təqdim edilib

 

Dekabrın 8-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və  “Novo Nordisk” şirkətinin dəstəyi ilə “Virtual Diabet Məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə əhali arasında diabetin profilaktikası və müalicəsi istiqamətində maarifləndirməni artırmaq məqsədilə yaradılmış onlayn platforma nümayiş olunub. 

AZƏRTAC xəbər verir ki, mərasimdə agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, “Novo Nordisk” şirkətinin Yaxın Şərq, Afrika və MDB ölkələri üzrə korporativ vitse-prezidenti Emil Larsen, Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Denni Annan, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, digər dövlət qurumlarının, səfirliklərin, beynəlxalq və qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Zaur Əliyev ölkədə 290 minə yaxın şəxsin şəkərli diabetdən əziyyət çəkdiyini və dövlət tərəfindən şəkərli diabetlə mübarizə istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib: “Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetlə bağlı müvafiq tibbi xidmətlər qarşılanır. Yenidoğulmuşların şəkərli diabeti, insulindən asılı şəkərli diabet, şəkərli diabetlə bağlı ağırlaşmaların dəqiqləşdirilmiş və dəqiqləşdirilməmiş bir çox halları və digər tibbi xidmətlər stasionar şəraitdə təminata alınır”.

Emil Larsen isə layihənin prioritet istiqamətlərindən danışıb: “Bu gün təqdim olunan platforma pasiyent və onlara qayğı göstərənlərə diabetə asan şəkildə nəzarətetmə, müalicə və sağlam həyat tərzinə riayət etməni asanlaşdırmaq məqsədilə yaradılıb. Pasiyentlərin istifadədə rahatlığı və asanlığı ilə seçilən müasir elektron vəsaitlə təmin edilməsi şəkərli diabetlə bağlı maarifləndirilmənin gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, həkimlərin vaxtlarının qənaət olunmasına şərait yaradacaq”. 

Denni Annan çıxışında beynəlxalq, dövlət və özəl qurumlarının birgə əməkdaşlığının vacibliyini vurğulayıb: “Diabetli insanların həyat keyfiyyətinin artırılması üçün müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsi çox önəmlidir. Hazırda təqdimatına toplaşdığımız layihə bu cür əməkdaşlığın bariz nümunəsidir”. 

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərə həsr olunmuş videonun nümayişindən sonra çıxış edən Əhliman Əmiraslanov Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edən qanunvericilikdən söhbət açıb: “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə zəmin yaradır”.

Soltan Məmmədov isə Heydər Əliyev Fondu tərəfindən 2004-cü ildən etibarən həyata keçirilən  “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi haqqında məlumat verib: “Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların insulin preparatları və şpris qələmlərlə təmin olunması istiqamətində mütəmadi olaraq yardım göstərilir. Həmçinin fondun dəstəyi ilə sosial qayğıya ehtiyacı olan şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün psixososial reabilitasiya təşkil olunur”.

Tədbirdə “Virtual Diabet Məktəbi” platformasının təqdimat videosu nümayiş etdirilib, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq  əlaqələr departamentinin koordinatoru Əsmər Kərimli “Virtual Diabet Məktəbi” layihəsi haqqında ətraflı məlumat verib.

Diabetin xəstəlik deyil, həyat tərzi olduğunu qeyd edən Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, professor Valeh Mirzəzadə pasiyentlərin maarifləndirilməsinin vacibliyindən bəhs edib.

Təqdimat mərasimi platforma ilə bağlı ilkin təəssüratların müzakirəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bu il yanvarın 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Novo Nordisk şirkəti arasında “Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Layihənin əsas məqsədi ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və əhalini bu istiqamətdə maarifləndirərək sağlam həyat tərzi keçirməyə sövq etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video