14 Avqust 2022 01:14
919
CƏMİYYƏT
A- A+

Vətənə fəda edilən ömürlər

 

Hər şey qanla keçir, gendən gəlir, ailədən, düzgün tərbiyədən başlayır, halallıqdan əmələ gəlir - sevmək də, əqidə də, cəsarət də... Özünü fəda etmək bacarığı da... Ədalətli olmaq hissi də...

 

Bütün müqəddəs yolun yolçularının ilk məktəbləri, görüb-götürdükləri yer ataları, anaları, ailələri olub. Müqəddəs dərgaha gedən yolun başlanğıcı, şəhidliyə gedən yolun ünvanı kimi...
İkinci Qarabağ savaşında, Vətən müharibəsində 2904 igidimiz öz cavan ömürlərini canlarından çox sevdikləri bu Vətənə qurban verdilər. Minlərlə igidimiz müxtəlif dərəcədə xəsarət alaraq, yaralanaraq ölümə hazır olduqlarını əməlləri ilə sübut etdilər. Minlərlə gəncimiz təki Vətən yaşasın, Vətən sağ olsun deyib, qəhrəmancasına döyüşə qatıldı. "Ölərik, düşmənə arxa çevirmərik", - dedilər. Vətəni uca olan oğulların başı aşağı olmaz, söylədilər qəhrəmanlarımız. 
İgidlərimiz ölümün üstünə kişi kimi getdilər. Qəhrəman olmaq üçün deyil, vətən üçün getdilər…Onları yaddaşlarda yaşatmaq, tanıtmaq, unudulmağa qoymamaq da bizlərin borcudur.
44 günlük Vətən müharibəsi qəhrəmanlarından qazi Elvin Faiq oğlu Bəxtiyarlı ilə Suraxanı rayonunun yeni yaşayış kompleksində tanış olmuşuq. O, bizə öz həyat hekayəsini danışır:
- Əslən Laçın rayonunun Qurdhacı kəndindənəm. 1993-cü ilin mayında Bakıda doğulmuşam. Nizami rayonunda şəhid Etibar Cəlilov adına 272 saylı orta məktəbi bitirmişəm. Ağlım kəsəndən ermənilərin törətdikləri vəhşiliklər haqqında çox eşitmişəm, söhbətlər dinləmişəm. Ürəyimdə həmişə bir arzum olub: böyüyüb qisasımızı almaq! Qorxurdum ki, arzularıma çata bilməyəm. İncəsənət Universitetinin Aktyorluq fakültəsində təhsil alırdım. Düşünürdüm ki, yaxşı aktyor olaram, həyatda edə bilmədiklərimi kinolarda, tamaşalarda gerçəkləşdirərəm. Heç olmasa ermənini yaratdığım qəhrəmanlıq obrazlarında yenərəm. Xoşbəxtəm ki, arzularım ürəyimdə qalmadı, ermənilərdən qisasımızı aldıq...
Kikboksinq üzrə üçqat Azərbaycan çempionu Elvin Bəxtiyarlı həm 2016-cı ildə Aprel döyüşləri zamanı, həm də 2020-ci ilin yayında könüllü olaraq Qarabağda döyüşmək üçün Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək cəbhəyə getmək niyyətində olduğunu bildirib. 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə cəlb olunub. Vətən müharibəsinin ilk günündən - 27 sentyabrda Füzuli rayonunun Alxanlı kəndində ermənilərlə döyüşə başlayıb. Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyevin komandanlığı altında Elvin Bəxtiyarlı Şuşaya kimi şərəfli bir döyüş yolu keçib. Daşaltı kəndi uğrunda gedən döyüşlər zamanı ağır yaralanıb.
"İllər idi ki, ermənilərə layiq olduqları cavabın veriləcəyi günü gözləyirdim. Demək ki, qismətimdə onlarla üz-üzə, göz-gözə döyüşmək varmış. 2020-ci il sentyabrın 27-də Füzuli rayonunun Alxanlı kəndində mövqe tutmuşduq. Gecə düşmən artilleriyası aramsız atəş açmağa başladı. Ermənilər illər idi ki, o yerlərdə "məskunlaşıb" keçilməz sədlər, dağılmaz istehkamlar yaratmışdılar. Amma bizdə də qətiyyət, Ali Baş Komandana inam və sevgi var idi. Onun hər kəlməsi bizi ruhlandırır, qələbəyə əminlik yaradırdı. Füzuli uğrunda gedən döyüşlərdə yaralansam da, dayanmadım. Qətiyyətlə döyüşmək niyyətimi bildirdim. Hər qarış torpaq alınanda, hər dəfə irəlilədikcə sevincimizin hədd-hüdudu olmurdu. Ölümün gözünə belə dik baxırdıq. Nəyin uğrunda döyüşdüyümüzü gözəl bilirdik. 17 dəfə müxtəlif dərəcədə qəlpə yarası almışam. Amma bu yaralar döyüşmək istəyimə mane ola bilmədi. Mənə elə gəlirdi ki, döyüşü dayandırıb canımın hayına qalsam, cəbhə yoldaşlarıma xəyanət etmiş olaram... 
Sonuncu dəfə Daşaltı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralandım. Yanıma Qrad mərmisi düşdü. Qəlpə 19 dişimi tökdü... Çox təəssüf ki, Şuşaya qədər gedə bilmədim. 

 

Qayadan "uçan" qəhrəman

 

Mən qəhrəman deyiləm. Olsa-olsa bir vətənpərvər insan ola bilərəm. Qəhrəmanlar şəhidlərimizdir. İşğalda olan torpaqlarımız uğrunda gözlərini qırpmadan canını qurban verənlərdir. Sizə bir əhvalat danışım. Şuşaya doğru keçilməz dağ yolları, qayalıqlarla irəliləyirdik. Erməni kəşfiyyatının izimizə düşə biləcəyindən ehtiyat edirdik. Ona görə də maksimum dərəcədə tədbirli olmağa çalışırdıq. Qayalıqlara kəndirlə dırmananda döyüş yoldaşlarımızdan biri sıldırım qayadan sürüşüb düşdü. Amma düşmən yerimizi bilməsin deyə səsini çıxartmadı. Beləcə, şəhadətə qovuşdu. Biz ora elə bir yüksək hisslərlə getmişdik ki, qarşımızı kəsmək mümkün deyildi. Şəhid olanda da qürurla "Vətən sağ olsun" deyirdi, döyüş yoldaşlarımız.

 

"Əfsanəvi taborun" əfsanəvi qəhrəmanı

 

XTQ-nin "Əfsanəvi tabor"unun əfsanəvi qəhrəmanlarından biri "Azərbaycan Bayrağı" ordenli Əliyev Kərim Məhəmmədəli oğlu 31 avqust 1988-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olub. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Kərim Azərbaycan Ordusu sıralarında Müddətdən Artıq Hərbi Xidmət Qulluqçusu kimi xidmətə qəbul olunaraq ön cəbhəyə gedir. O, 2019-cu ildə XTQ-nin kursunu müvəffəqiyyətlə başa vuraraq kəşfiyyatçı gizir kimi xidmətini davam etdirir. Kərimin atası Məhəmədəli Əliyev də Birinci Qarabağ müharibəsi qazisidir. Qəhrəmanımızın atası deyir ki, iki övladı var: Kərim və Rüstəm. Müharibə başlayanda hər ikisi müddətdən artıq hərbi qulluqda idi. Sentyabrın 27-si günü müharibənin başlanma xəbərini eşidib əvvəl Kərimə zəng vurdum. Döyüşdə idi… Mənə dedi ki, "Qarabağ qəhrəmanı, qazi atam, özün müharibə görmüş kişisən. Müharibədir, hər nə ola bilər, haqqını halal eylə. Ya torpaqları azad edən qəhrəmanlardan olacağam, ya da torpaq, vətən uğrunda namusla döyüşüb şəhid olub, üçrəngli bayrağa bükülüb gələcəyəm…"
Rüstəm Məsimov döyüşçü yoldaşı Kərim Əliyevin keçdiyi qəhrəmanlıq yolundan danışır:
- Kərimlə birlikdə sonuncu döyüşümüz Xocavənd-Qubadlı istiqamətində oldu. Xocavənddə "720" deyilən yüksəklik var idi. Bizə o yüksəkliyi götürmək əmri verilmişdi. Ermənilər yüksək dağ zirvəsində mövqe tutmuşdular. Biz 17 oktyabrda həmin əraziyə yaxınlaşıb müşühidəyə başladıq. Düşmən sayca çox idi. Biz XTQ-nin xüsusi kəşfiyyat bölüyünün mobil qrupu kimi döyüşürdük. Dağətəyi zonada mövqe tutmuşduq. Buradan bütün istiqamətə yollar gedirdi. Dağın ətəyində, çılpaq bir ərazidə müşahidə aparırdıq. Həmin gün ermənilər döyüş yoldaşımızdan ikisini snayperlə vuraraq ağır yaraladılar. Arabir minaatanlardan da atəş açırdılar… Oktyabrın 19-da, axşam saat 6-da düşmən sayımızı, qüvvəmizi dəqiqləşdirib sayca xeyli az olduğumuzu biləndən sonra böyük bir qüvvə ilə hücuma keçdi. Göydən od ələnirdi. Beləcə, döyüşçülərimiz ermənilərin böyük bir canlı qüvvəsini məhv etdilər. Kərim qolundan və qıçından ciddi yara almışdı. Onun qıçını rezinlə bağlayıb səngərdə qalması, təxliyəni gözləməsi, əsas hücum qrupundan çıxarılması əmr olundu. Kərim səngərdə qalmaq istəmirdi, kəskin surətdə etiraz edirdi. Hətta deyirdi ki, əgər ona döyüşməyə imkan verməsələr, özünü öz silahıyla qətlə yetirəcək.
Niyə belə etdiyini soruşduqda "Sizi az qüvvə ilə buraxıb öz canımın hayına qala bilmərəm" - dedi. Kərimin inadına baxmayaraq, komandirimiz ona döyüşü dayandırmağı əmr etdi. Döyüş əməliyyatını davam etdirmək üçün əlavə qüvvə istəmişdik. Ermənilər də bunu hiss edib bizi tamamilə məhv etməyə çalışırdılar.
Fikirləri aldadıcı manevrlərlə bizi irəli buraxıb, daha böyük qüvvə ilə mühasirəyə salmaq idi. Düşmənin bu hiyləsini anlayıb geriyə hərəkət etməyə çalışırdıq. Məqsəd isə erməniləri ardımızca düzənliyə, şumluq olan əraziyə çıxarmaq idi. Kərim yaralı vəziyyətdə düşməni öz üzərinə çəkib, bizi mühasirədən çıxarmaq üçün başqa bir istiqamətdən düşmən mövqeyinə yaxınlaşıb təkbaşına "ikinci cəbhə" açmışdı. Bizim geri dönüb Kərimi xilas etmək imkanımız yox idi. Bu arada Kərimin yaxın dostu, silah qardaşı Elyar Vəliyev Kərimin yaralı, təkbaşına düşmənlə döyüşdüyünü hiss edib geri döndü. Kərimi çıxarmaq istədi. Amma düşmən qumbaraatanının mərmisi onun yanına düşdü, Elyar Kərimə çata bilmədən şəhid oldu. Kərimin döyüş sursatı da tükənirdi. Ona görə də güllədən qənaətlə istifadə edib, aram-aram atəş açırdı. Kərimin güllələrinin qurtardığını hiss edən 10-dan artıq erməni silahlısı onu əsir götürmək niyyəti ilə yaxınlaşmışdı. Bu an Kərim son olaraq əlindəki qumbaranı partladaraq erməniləri öldürdü, özü də şəhid oldu… Bu döyüşdə Vətənin mərd oğulları - Elyar Vəliyev, Sübhan Cəbrayılov, Şəhriyar Quliyev, Tarzan Həşimov, Elton Qənbərli, Simair Qaflanov, Beyrək Fərzəliyev qəhrəmancasına şəhid oldular. 

Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video