27 Sentyabr 2022 01:37
336
CƏMİYYƏT
A- A+

Vətən gülsün deyə doğmalarını gözüyaşlı qoyan şəhid

 

2020-ci ilin 27 sentyabr sabahı bütün ölkə həyəcan içində idi. Həmin gün saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdular. Azərbaycanın mülki əhalisi və hərbi qulluqçuları arasında şəhidlər və yaralılar vardı. 
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün xalqa müraciətində əmin etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq: "Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür".
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qismən səfərbərlik elan etdi. Azərbaycanın minlərlə cəsur, vətənpərvər oğlu könüllü döyüşlərə getmək üçün hərbi komissarlıqlara müraciət etdilər. Onlardan biri də qüsursuz hərbi xidmət edib təqaüdə çıxan, ehtiyatda olan mayor Elnur Yaqub oğlu Haciyev idi.

 

Hərbçi olmaq arzusu

 

Peşəkar, təcrübəli hərbçi ailəsi ilə vidalaşdı. Həyat yoldaşı Elnarə xanıma: "Mən gedirəm, anam və qızımız sənə əmanət", - dedi.
Mayor Elnur Hacıyev cəbhəyə inamla, böyük ümidlə yollandı. Həyat yoldaşını da əmin etdi: "Mən qələbə ilə qayıdacam". O, otuz ilə yaxın işğalda qalmış Vətən torpaqları azadlığa çıxsın, üzü gülsün deyə doğmalarını gözüyaşlı qoyub döyüşə yollandı. Gedərkən geri boylanıb həsrətlə evinə, qüssə ilə onu yola salan yaşlı anasına, xəstə bacısına, on bir yaşlı qızına, həyat yoldaşına baxdı.
Ailələrində üç uşağın ortancılı idi Elnur. 1979-cu il iyunun 12-də Ucar rayonunda dünyaya göz açmışdı. Bacısı Elnarə xanım Elnurla birlikdə keçirdikləri uşaqlıq illərini xatırlayır: "O, kiçik yaşlarından böyük-kiçik yeri bilən, qayğıkeş, canıyanan idi. Hazırcavabdı, deyib-gülməyi sevirdi. Elnir olan yerdə darıxmaq mümkün deyildi. O, yalnız yaxşı qardaş deyildi, həm də gözəl dost idi. Bacım xəstələnmişdi. Onun dərdinə çarə olacağını bilsəydi, Elnur ona öz ömründən pay verərdi..." 
1986-1996-cı illərdə Ucar rayon 5 saylı orta məktəbdə təhsil alan Elnur hərbçi olmağı uşaqlıq illərindən arzulayıb. 1997-ci ildə Ali Hərbi Dənizçilik Akademiyasına daxil olub. Akademiyanı 2002-ci ildə əla qiymətlərlə bitirdikdən sonra Qobustanda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. 2006-cı ildə gənc zabitin yazılı raportunda da ifadə etdiyi arzusunu nəzərə alan komandanlıq onu hərbi qulluğunu davam etdirmək üçün Tovuzda yerləşən "N" saylı hərbi hissəyə göndərib. Elnur Hacıyev 2011-ci ilədək Tovuzda, sonra Ağdamda yerləşən hərbi hissədə qulluq edib. 2015-ci ildə komandanlığın əmrinə əsasən Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət göstərib. 2019-cu ildə Ağstafa rayonunda Kimya xidməti rəisi kimi fəaliyyətini davam etdirib. Qüsursuz hərbi xidmət edən mayor Elnur Hacıyev 2020-ci ilin fevralında təqaüdə çıxıb.

 

"Mən zabitəm, əsgərimi döyüş meydanında qoyub geri çəkilmərəm"

 

Övlad dərdi çox ağırdır. Ancaq şəhid analarının bitib-tükənməyən qüssələrində bir qürur, iftixar da var. Şəhid mayor Elnur Hacıyevin anası Hicran xanım da kədərini, dərdini qürurla çəkir. Ana qəhrəman oğlunun əsl hərbçi, döyüşçü hünərini yada saldı: "Oğlum hələ müharibədən qabaq, hərbi qulluq etdiyi vaxtlar əsgərləri barədə danışmağı sevərdi. Elnur əsgərlərini öz övladı kimi istəyirdi. Onların qayğıları, problemləri ilə maraqlanar, əlindən gələn köməyi əsirgəməzdi. Elə əsgərləri də Elnuru özlərinə əziz dost, qardaş hesab edərdilər".
Həyat yoldaşı Elnarə xanım isə onunla bağlı başqa bir xatirə danışdı: "2011-ci ildə onun bir əsgərinin şəhid olduğunu bilirdim. Elnur şəhid olandan sonra həmin şəhid əsgərin valideynləri də başsağlığı vermək üçün bizə gəldilər. Onda bildik ki, bu illər ərzində Elnur mütəmadi olaraq o ailəyə baş çəkib, qayğısını əsirgəməyib. Bu barədə evdə bir dəfə də olsun danışmamışdı". 
Həyat yoldaşı Elnurla keçən xoş günlərini xiffətlə yada saldı: "2008-ci il martın 23-də toyumuz olub. Bu illər ərzində Elnurun mənə söylədiyi bircə xoşagəlməz, acı sözü də xatirimdə qalmayıb. Biz çox xoşbəxt ailə idik... Yadımda qalanlar ancaq işıqlı, şirin xatirələrdir. Fəxr edirəm ki, Elnur indi tək ailəsinin deyil, bütöv bir millətin qəhrəmanıdır".
Bacısı Elnarə xanım dedi ki, Elnur doğmalarını heç vaxt darda qoymaq istəməzdi: "Cəbhəyə getdiyi ilk gündən imkan tapan kimi bizimlə əlaqə saxlayırdı. Ancaq döyüşlər barədə danışmırdı. Sonralar döyüş yoldaşlarından eşitdik ki, qardaşım Füzulidə, Cəbrayılda, Suqovuşanda, Hadrut istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub".
O gün - 2020-ci ilin 17 oktyabrında Elnurun anası Hicran xanım özünə yer tapa bilmirdi. Oğlu ön cəbhədə olan bütün analar kimi gözü telefonda, qulağı səsdəydi. Gözlədiyi zəng günorta saatlarında gəldi. Hicran xanım oğluna çox narahat olduğumu söylədi: "Demə, həmin gün Hadrut uğrunda gedən döyüşlərdə Elnur ayağından və qarnından yaralanıbmış. Döyüş yoldaşları, əsgərləri çox xahiş etsələr də, dilə tutsalar da, geri çəkilib müalicə almağa razı olmayıb. Deyib ki, mən zabitəm, əsgərimi döyüş meydanında qoyub geri çəkilmərəm. Yarasını özü sarıyıb. Döyüşçü yoldaşları danışırlar ki, Suqovuşan uğrunda gedən döyüşlərdə Elnurun komandirlik etdiyi qrup mühasirəyə düşüb. Düşmənlə qeyri-bərabər döyüşdə Elnurgilin döyüş sursatı tükənmək üzrəymiş. Elnur əsgərlərinə bildirib ki, nə mövqedən geri çəkiləcək, nə də təslim olacağıq. Son gülləmizədək döyüşəcək, son məqamda başqa yolumuz qalmasa, canımıza qıyacaq, şəhid olacağıq. Son anda Xüsusi Təyinatlılar yetişib, Suqovuşanı azad ediblər. Elnurun dəstəsi də mühasirədən çıxıb".
Həmin gün Elnur bir də zəng etdi. Demə, bu onun son zəngi imiş… Anası ona tapşırıb: "Elnur,  özünü qoru. Səni gözləyirik. Qızını ovuda bilmirik". Elnur anasını sakitləşdirməyə çalışıb: "Narahat olma, ana, torpaqlarımız azad olunmayınca, düşmənə can vermərəm", - deyib. Hicran ana xatırlayır: "Səsi çox ötkəm gəlirdi, kefi kök danışırdı. Yaralandığını da bizdən gizlətdi. Elə həmin gün 17 oktyabrda gündüz saat 4-də Hadrut uğrunda gedən döyüşlərdə oğlum qəhrəmancasına şəhid olub. Deyirlər ki, igid balam təkbaşına 65 erməni terrorçusunu məhv edib".
Döyüş komandiri Elnur Hacıyev şəhidlik zirvəsinə yüksəldikdən sonra "Vətənə xidmətlərə görə 3-cü dərəcəli" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunması" və "Füzulinin azad olunması" medalları ilə təltif edilib.
Elnur kimi qəhrəmanlar yurdu yaşatmaq üçün döyüş meydanlarına atıldılar, ölümün üzərinə yeridilər. Onlar canlarından keçdilər ki, yağı düşmən bir də bu Vətən torpaqlarını əsir, vətən övladlarını yurdsuz qoya bilməsinlər.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video