29 Noyabr 2022 02:05
297
SİYASƏT
A- A+

Vaxta qənaət edən dəhliz

 

Çindən Avropaya və əksinə ən səmərəli tranzit yollar Azərbaycandan keçir

 

Tarixi İpək yolunun dirçəldilməsi üçün strateji əhəmiyyət kəsb edən Orta dəhlizin rolu yükdaşımalarında gündən-günə artır. Bu dəhliz beynəlxalq ticarətdə "vaxta qənaət edən dəhliz" kimi daha çox məşhurlaşıb. Operativliklə yanaşı, beynəlxalq yükdaşımalarında təhlükəsizliyin təminatı da onun  üstünlüklərindəndir. 

 

Azərbaycanın mövqeyi möhkəmlənir

 

Rusiyanın "Şimal" dəhlizi ilə  İrandan keçən "Cənub" dəhlizinə alternativ olan Orta dəhliz Asiya ilə Avropanın inteqrasiyası üçün mühüm əhəmiyyətə malikdir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq bölgədəki tranzit dəhlizlərinin zəifləməsi daha çox Orta dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacibliyini artırır. Bu dəhliz Çindən Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımalarının artırılmasına xidmət edir. 
Araşdırmalar göstərir ki, yaxın gələcəkdə Orta dəhliz dünyanın ən təhlükəsiz və operativ dəhlizlərindən birinə çevriləcək.  Növbəti 5 ildə bu dəhliz Avrasiyada Çini Avropa ilə birləşdirən əsas quru marşrut xətti hesab oluna bilər. Bu isə öz növbəsində dəhliz iştirakçılarının, o cümlədən Azərbaycanın rolunun və geoiqtisadi mövqeyinin daha da güclənməsinə zəmin yaradacaq.  Coğrafi mövqeyi və xarici siyasəti sayəsində Orta dəhliz üçün vacib rola malik olan ölkəmizdə Zəngəzur yolunun açılması isə onun potensialını artıra, daha çox tranzit yükünün daşınması üçün yeni imkanlar yarada bilər. 

 

Türk dövlətlərinin əlaqələri Trans-Xəzər əməkdaşlığını dərinləşdirir

 

Orta dəhliz marşrutundan istifadə təkcə ayrı-ayrı ölkələrin deyil, ümumilikdə Avrasiyanın iqtisadi inkişafına töhfə verəcək. Ona görə də bu dəhliz dünyanın bir sıra aparıcı ölkələri üçün strateji əhəmiyyətə malikdir. Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında nəqliyyat-logistika mərkəzlərinin yaradılması isə Trans-Xəzər əməkdaşlığının dərinləşməsinə yol açır. 
Prezident İlham Əliyev də noyabrın 25-də Bakıda keçirilmiş "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusundakı beynəlxalq konfransda bildirib ki, türk dövlətləri arasında əməkdaşlıq Orta dəhliz layihəsinə əsas töhfə olacaq: "Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır. Bu gün müzakirə etdiyimiz kimi, biz tranzit yüklərin həcminin artdığını görürük. Cari ildə artım 70 faizdir, növbəti ildə bundan da çox olacaq".

 

Zəngəzur dəhlizinin açılması yeni reallıqlar yaradacaq

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, Orta dəhlizin formalaşması, yükdaşınmalarının həcminin artırılması ölkəmiz üçün aktual mövzulardan biridir: "Zəngəzur dəhlizinin açılması Orta dəhlizdən daha səmərəli istifadəyə zəmin yaradacaq. Bu, yüklərin daha qısa vaxtda Avropadan Asiyaya, Şərqdən Qərbə daşınmasına imkan verəcək. Nəzərə almaq lazımdır ki, bu ilin 10 ayında Azərbaycan üzərindən daşınan yüklərin həcmində müşahidə edilən 34,4 faizlik artım ölkəmizin beynəlxalq yükdaşımaları baxımından cəlbedici olduğunu sübut edir. Ölkəmizin infrastrukturu, dəhlizin potensialının artırılması üçün atılan addımlar Azərbaycanın beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə səbəb ola bilər. Bu, ölkəmizin valyuta gəlirlərinin çoxalması baxımından da vacibdir. Orta dəhliz vasitəsilə daşınan yüklər ölkə iqtisadiyyatına kifayət qədər valyutanın daxil olmasına imkan yaradır". 
Deputat deyib ki, bu həm də ölkəmizin strateji mövqeyinin möhkəmlənməsinə xidmət edən amildir. Onun sözlərinə görə, regionda formalaşan reallıqlar kontekstində Azərbaycanın strateji mövqeyinin güclənməsi ölkəmiz üçün həm siyasi, həm də iqtisadi üstünlükdür.
"Prezident İlham Əliyev son açıqlamasında ölkəmizin bölgədə stabilliyin formalaşmasında, davamlı sülhün əldə edilməsində maraqlı olduğunu bir daha bəyan etdi. Nəzərə almaq lazımdır ki, dövlətimiz sülhün bərqərar olmasında kommunikasiyaların bərpa edilməsini, eləcə də Zəngəzur dəhlizinin qısa zamanda açılmasını vacib hesab edir. Ölkədə bu istiqamətdə tədbirlər intensiv şəkildə həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun formalaşdırılması üçün praktiki işlər görülür", - deyə deputat bildirib.

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video