28 May 2022 02:12
477
Mədəniyyət

Uzun yolun yolçusu

 

Böyük fikir sahibləri ideyalarını tam olaraq həyata keçirə bilməyəcəklərini bəzən anlasalar da, onları yaşadan ali dəyərlərin inkişaf edib həyata vəsiqə alacağına, səpdikləri toxumun bir gün bar verəcəyinə inamları olur. İstiqlal məfkurəmizin banilərindən biri Əlimərdan bəy Topçubaşov da belə vətənpərvərlərdən idi. O,  Azərbaycanın müstəqil dövlət olacağına inanırdı. Ona görə də bütün ömrünü bu yolda mücadiləyə həsr etmişdi.

...1863-cü il mayın 4-də Tiflisdə zadəgan ailəsində  anadan olmuşdur. Əslən Gəncədən olsa da, ulu babalarından biri Tiflisə, digəri isə İrəvana köçüb orada yaşamışlar. Ə.Topçubaşovun ulu babası sonuncu gürcü kralının yanında çalışıb, Tiflis Qalabəyisi mövqeyinə qədər yüksəlib. Babası Mirzə Cəfər Topçubaşov isə 1790-cı ildə Gəncədə anadan olub. Türk, ərəb, fars, rus, gürcü, erməni dillərini mükəmməl bilib. 1819-cu ildə Peterburq İmperator Universitetinə dəvət alıb, 1849-cu ilədək orada çalışıb. Səmərəli fəaliyyəti yüksək dəyərləndirilərək 1-ci və 2-ci dərəcəli "Müqqəddəs Anna", 3-cü dərəcəli "Vladimir", 1-ci dərəcəli "Müqəddəs Stanislav" və İranin məşhur "Şiri-Xurşud" ordenləri ilə təltif edilib. Mirzə Cəfər London Kral Asiya Cəmiyyətinin həqiqi üzvü, 1835-ci ildən Peterburq Akademiyasının kafedra müdiri olub. 1843-cü ildə professor dərəcəsi alıb.

Əlimərdan bəyin atası Ələkbər bəy 1843-cü ildə Zaqafqaziya müsəlman suvari polkunda hərbi xidmətə başlayıb. 1845-ci ildə həmin polkun müsəlmanlardan ibarət taqımının komandiri olub. 1853-1856-cı illərdə Krım müharibəsində, o cümlədən Varşavada rus ordusu sıralarında xidmət edib. Poruçik rütbəsinə qədər yüksəlib.

Kiçik yaşlarından atasını, sonra isə anasını itirən Əlimərdan bəy nənəsinin himayəsində böyüyüb. İlk təhsilini müsəlman mədrəsəsində alıb, sonra Tiflis Birinci klassik gimnaziyasında oxuyub. 

Sonra Peterburq Universitetinin Tarix-filologiya fakültəsinə qəbul olub. Birinci semestrdən  sonra təhsilini Hüquq fakültəsində davam etdirib. Siyasi fəaliyyətə də orada oxuduğu ilk illərdən başlayıb. Əlimərdan bəy universiteti qurtaran ili uğurla dissertasiya müdafiə edir, hüquq elmləri namizədi adını alır. Lakin 1885-ci ildən mövcud olan "Xristian olmayanların universitetdə elmi vəzifə tutmağı yasaq edilməsi" nizamnaməsi onun ali məktəbdə dərs deməyinə imkan vermir. Ona ali məktəbdə qalmaq üçün dinini dəyişmək təklif edilir.  Ə.Topçubaşov dinini dəşmək təklifindən imtina edir və Tiflisə qayıdıb, Dairə məhkəməsinin katibi, müstəntiq, hakim vəzifələrində çalışır.

 

Əlimərdan bəy Topçubaşov Bakıda

 

1893-cü ildə böyük mütəfəkkir H.Zərdabinin qızı Pəri xanımla ailə quran  Ə.Topçubaşov 1896-cı ildə Bakıya köçüb fəaliyyətini burada davam etdirir. Şəhər Dairə Məhkəməsinin vəkili kimi işə başlayan Əlimərdan bəy qısa zamanda şəhər əhalisi, ziyalılar arasında böyük nüfuz qazanır. 1897-ci ildə Həbib bəy Mahmudbəyov və Fərrux bəy Vəzirovla birgə Şəhər Dumasına seçilən ilk müsəlman ziyalılarından olurlar. 1898-ci ildə Topçubaşov H.Tağıyevin satın aldığı "Kaspi" qəzetinə baş redaktorluq edir. Bu vəzifədə 1907-ci ilə qədər çalışır. 1900-cü illərdə Topçubaşov artıq mətbuatdakı fəaliyyəti ilə yanaşı, ictimai-siyasi sahələrdə də fəallıq göstərirdi. 1901-ci il oktyabrın 29-u və noyabr ayının 18-də yeni qaydalar əsasında dörd il müddətinə Bakı Şəhər Dumasına keçirilən seçkilərdə buna görə böyük üstünlüklə qələbə qazanır.

 

Diplomatik fəaliyyəti

 

Bu dövrdə Ə.Topçubaşov diplomatik işlə də məşğul olurdu. O, rus hökuməti Nazirlər Kabinetinin nümayəndələri ilə görüşüb danışıqlar aparır, bəzi vacib problemlərin həlli üçün ciddi çalışırdı. 17 bənddən ibarət "Müsəlmanların ehtiyacı haqqında ərzihal" ilk proqram xarakterli sənədi hazırlayaraq rus hökumətinin maliyyə nazirinə təqdim etmişdir. Əlimərdan bəy rus hökuməti qarşısında bir ana dilli qəzetinin çıxarılması haqqında vəsatət qaldırmışdır. Bu vəsatətdən aydın olur ki, nəzərdə tutulan qəzet "Azərbaycan" adlandırılmalı, orada Əlimərdan bəylə yanaşı, yaxın dostları, məsləkdaşları - Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə də naşir olmalıdırlar. Uzun danışıqlardan sonra çar hökuməti "Azərbaycan" deyil, Topçubaşovun naşirlik hüququ ilə "Həyat" qəzetinin nəşrinə icazə verir. Beləliklə, 1905-ci il iyunun 7-də "Həyat" qəzetinin ilk nömrəsi çapdan çıxır. Bütün bunlar göstərir ki, Ə.Topçubaşov əsl məfkurə sahibi, xalq, vətən naminə canını fəda edənlərdən idi.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan hökuməti elan edilərkən Ə.Topçubaşov qiyabi olaraq bu hökumətə daxil olur. Yenicə müstəqilliyini elan etmiş ADR üçün ilk növbədə beynəlxalq münasibətlərin qurulması və tənzimlənməsi önəmli məsələ idi. Osmanlı hökuməti ilə diplomatik əlaqələrin qurulması üçün avqustun 18-də Əlimərdan bəy  fövqəladə səlahiyyətli nazir statusunda İstanbula yola düşür. 1918-ci il oktyabrın 2-də Berlin səfərindən geri dönən Osmanlı baş naziri Tələt Paşa Azərbaycan diplomatını qəbul edir. Baş nazirin beynəlxalq mənzərəyə dair anlatdığı arayışdan məlum olur ki, hələ nə Avstriya, Macarıstan, nə də Almaniya Azərbaycanın müstəqilliyini tanımaq fikrində deyil. Rusiyanın münasibəti isə təbii ki, bəlli idi. Bir gün sonra Əlimərdan bəy Topçubaşov hərbi nazir Ənvər Paşa ilə görüşdə Azərbaycan Ordusu üçün kadr hazırlığı, silah-sursat təchizatı kimi mühüm məsələləri müzakirə edir. Oktyabrın 6-da isə Azərbaycan hökuməti İstanbula fövqəladə səlahiyyətli nazir kimi ezam olunmuş Əlimərdan bəy Topçubaşovu xarici işlər naziri təyin edir.

1918-ci il dekabrın 7-də ilk Azərbaycan Parlamentinin birinci iclasını Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə açdı. Gərgin keçən müzakirələrdən sonra İstanbulda diplomatik missiyanı yerinə yetirən Əlimərdan bəy Topçubaşov milli parlamentin ilk sədri seçildi. Fəqət, Əlimərdan bəydən ötrü bir vəzifə vardı. O, Milli İstiqlal fədaisi idi. Onun Versal Sülh Konfransında Aərbaycan həqiqətini bəyan etməkdən ayrı amacı yox idi.

Konfransa az vaxt qalırdı. Qısa müddətdə Topçubaşov Türkiyə, Ukrayna İngiltərə, Rusiya, İtaliya Krallığı  və ABŞ nümayəndələri ilə faydalı görüşlər keçirmişdi. Dekabrın 28-də Azərbaycan hökuməti Paris Sülh Konfransına yollanacaq nümayəndə heyətinin tərkibini təsdiqləmişdi. Topçubaşov sədr, Məhəmməd Həsən Hacınski onun müavini təyin edildi. Əhməd bəy Ağayev və Əkbər ağa  Şeyxislamov heyət üzvü, Mir Yaqub Mehtiyev, Məmməd Məhərrəmov və "Azərbaycan" qəzetinin baş redaktoru Ceyhun Hacıbəyli isə məsləhətçilər qrupunda yer almışdılar. Sülh heyətinə Azərbaycan dövləti adından siyasi, iqtisadi və maliyyəyönümlü müqavilələr imzalamaq səlahiyyəti verilmişdi.

Yanvarın 6-da Əlimərdan bəy Amerika nümayəndəsi Heyklə, bir neçə gün sonra Hollandiya nümayəndəsi ilə görüşüb onlarda Azərbaycana qarşı maraq oyatsa da, ruslarla görüşü gərgin keçmişdi.

1919-cu il yanvarın 18-də Versal sarayında Paris Sülh Konfransının açılış mərasimi olur. Fəqət, Azərbaycan nümayəndə heyəti konfransa buraxılmır. Topçubaşov öz heyəti ilə ermənilərin yaratdıqları süni əngəllərin məngənəsində çarpışırkən, Ermənistan və İran nümayəndələri Azərbaycana qarşı ərazi iddialarını səsləndirirlər. Əlimərdan bəyin mütəmadi yazışmalarından sonra, nəhayət, martın 6-da Londondan cavab gəlir. Böyük Britaniya Azərbaycan nümayəndə heyətinin konfransda iştirakının əleyhinə olmadığını bildirir.

Martın 21-də Əlimərdan bəy Topçubaşovun imzası ilə konfransa müraciət göndərilir. Nəhayət, Azərbaycan nümayəndə heyəti Parisə çağırılır. Mayın 12-də Azərbaycan nümayəndə heyəti Versal Sülh Konfransında rəsmi fəaliyyətə başlayır.

Mayın 28-də günün ikinci yarısında ABŞ Prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul edir. Görüşdə Vilsona kiçik xalqların öz taleyini həll etmək haqqında altı bənddən ibarət prinsipin müəllifi kimi yanaşıldığını anladıb Azərbaycanın müstəqilliyinin tanınılması xahiş edilir. Vilsonla görüş zamanı qərara alınır ki, vəziyyəti yerində öyrənmək üçün Qafqaza xüsusi missiya ilə Amerika nümayəndələri göndərilsin.

Bu arada gənc Azərbaycan Cümhuriyyəti Denikin və Kolçak təhlükəsi ilə üzbəüz qalmışdı. Antanta dövlətlərinin başçıları bəyanatlarında Omsk hökumətini bütün Rusiya hökuməti kimi tanıyacaqlarını bildirmişdilər. Bu xəbərlərdən əndişələnən Topçubaşov mayın 31-də Sülh Konfransının sədrinə və müttəfiq dövlətlərin baş nazirlərinə etiraz bəyanatı göndərir. Bəyanatda qeyd edilirdi ki, "Azərbaycan hökuməti öz ərazisini bolşeviklərdən təmizləmək üçün yarım il mübarizə aparmış, çoxlu qurban vermiş, maddi itkilərə məruz qalmışdır. Yüz ilə yaxın tərkibində olduğu Rusiya hökuməti Azərbaycan xalqına yad bir rejim idi və bu rejim xalqın taleyində çox ağır izlər qoymuşdur.

Rusiyada hansı hökumətin tanınmasından asılı olmayaraq, yalnız öz parlament və hökumətini tanıyan Azərbaycan Rusiyanın hüdudlarına daxil olmayacaqdır".

Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə yeni yaranmış digər respublikaların nümayəndələri də bu etiraza qoşuldular. İyunun 17-də Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belarus və Ukrayna nümayəndələri adından imazalanan birgə etiraz notası ABŞ Prezidenti Vilsona təqdim olundu. Təəssüf ki, bəyanat gözlənilən effekti vermədi.

1920-ci il yanvarın 10-da Böyük Britaniyanın təşəbbüsü ilə Paris Sülh Konfransının sessiyası çağırıldı. Sessiyada Cənubi Qafqaz respublikalarının məsələsi müzakirə predmetinə çevrildi. İngiltərənin xarici işlər naziri Kerzon Azərbaycan və Gürcüstanın de-fakto tanınması təklifi ilə çıxış etdi. Beləliklə, 1920-ci il yanvarın 11-də Müttəfiqlərin Ali Şurası Kerzonun təklifi əsasında qərar qəbul etdi. Yanvarın 15-də Azərbaycan və Gürcüstan nümayəndələri Fransa Xarici İşlər Nazirliyinə dəvət olundular.  Azərbaycanın de-fakto tanınması haqqında Paris Sülh Konfransının rəsmi qərarı Əlimərdan bəy Topçubaşova təqdim edildi.

Təəssüf ki, aprelin sonunda İtaliyada San-Remo şəhərində keçirilən konfransdan qayıdan nümayəndə heyəti Fransa mətbuatından məlum acı xəbəri aldı...

Azərbaycan adına mücadilə isə davam edirdi... 1923-cü ilin fevralından sonra Əlimərdan bəy Topçubaşov vizadan və diplomatik toxunulmazlıq statusundan məhrum edildi...

1934-cü il noyabrın 5-də saat 12 radələrində xalq və dövlət yolunda fədakarcasına çarpışan bu böyük şəxsiyyət əbədiyyət yolçuluğuna rəvan oldu. Əlmərdan bəy ömrünü Azərbaycanın  müstəqilliyinə, onun dünyada müstəqil dövlət kimi tanınmasına həsr etmiş bir milli fədai idi.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video