11 Avqust 2022 00:31
919
Mədəniyyət
A- A+

Ürəkləri yaşadan görkəmli alim

 

Ürəyimizin döyüntüsü varlığımızın doğma səsidir. Nə qədər ki, köksümüzün altında ürək nizamla döyünür, qəlb sözümüzə baxır, deməli, hələ yaşamağa dəyər. Amma insan orqanizminin bütün ömrümüz boyu bir saniyə də işinə ara verməyən bu ən çalışqan orqanının da bizim diqqət və qayğımıza daim ehtiyacı var. Mənfi düşüncələrlə, zərərli vərdişlərlə, hədsiz gərginliklərlə ürəyi çox yormasaq, daim sağlam saxlasaq,  uzun illər xidmətimizdə durar, bizi yaşamağa, həyatdan zövq almağa ruhlandırar". 
Görkəmli kardioloq-alim, Azərbaycan Tibb Universitetinin Kiliniki farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Adil Baxşəliyevin müayinə və müalicə etdiyi pasiyentlərinə də, həmsöhbət olduğu bütün insanlara da əsas tövsiyəsi məhz budur. Çünki ömrünün böyük bir hissəsini kardiologiya sahəsinə həsr etmiş peşəkar həkim ürəyin insanın həyat və sağlamlığında nə qədər böyük rol oynadığını gözəl bilir.

 

Ürəyi qorumaq, ona qarşı rəhmli olmaq lazımdır

 

Hər dəfə onunla görüşəndə ilk sözü bu olur: 
- Ürəyin sözünə baxırmı? Gərək ona vaxtlı-vaxtında qulluq edəsən ki, o da səni yarı yolda qoymasın. Bundan ötrü fiziki aktivliyi artırmalıyıq. Düzgün və zamanında qidalanma, yuxu, istirahət, iş şəraiti də çox önəmlidir. Ürək gecə-gündüz dayanmır. Biz əsəbiləşirik - ürək reaksiya verir. Sevinirik - ürək şiddətlə döyünür. Bütün bunlara dözən ürəkdir.
- Xəstələriniz yenə də çoxdur - deyə soruşduq. 
- Çoxdur... Nə qədər acınacaqlı olsa da, ürək xəstəlikləri ilbəil cavanlaşır. İnsanlarda stres, narahatlıq, həyəcan hissləri çoxalıb. Bunlara paralel olaraq kardioloqlara müraciət edənlərin sayı da artıb. Yəni onların işi, qayğıları, problemləri günbəgün üst-üstə gəlir. Çətindir, amma çox çalışırıq ki, onları müalicə edək. Nəticə də var. Bu gün bütün dünyada ölümlərin əsas səbəblərindən biri ürək-damar xəstəlikləridir. Amma xəstələrimi gümrah görəndə sevinirəm. Ürəyə ürəklə yanaşmaq, ona qarşı rəhmli olmaq lazımdır.
Müasir dünyamızda ürək-damar xəstəliklərinin əhatə dairəsinin genişlənməsi, bu xəstəliyin gəncləşməsi ürəyin sağlamlığı problemini xüsusilə aktuallaşdırır. Texnologiyaların inkişafı, dünyanın mobilləşməsi ilə bağlı olaraq həyatımızın sürəti, dinamizmi yüksəlib, bu isə stresi artırır, qanda toksiki maddələrin, həyəcan hormonlarının çoxalmasına səbəb olur. Nəticədə ürək-damar xəstəlikləri çoxalır. 

 

Tale seçimi

 

Tibbin sahələri çoxdur. Kardiologiya ən çətin, ağır və məsuliyyətli bir sahədir. Xalq arasında bu sahənin mütəxəssislərinə "ürək həkimi" deyirlər. Belə çətin sənətin yükünü ömürlük çiyinlərinə götürənlərin ilk növbədə özləri ürəkli olmalıdırlar. Çünki ürəyin ağrısını duymaq üçün ən həssas, ən incə duyğulu qəlb gərəkdir. Onu sağaltmağa isə dərin bilik, səriştə lazımdır. Hər ürək xəstəsinə fərdi münasibət isə öz yerində.
Artıq bir neçə onillikdir ki, xəstələr əsl ürək həkiminə xas olan yüksək keyfiyyətləri professor Adil Baxşəliyevdə tapırlar. Səbəbi isə odur ki, A.Baxşəliyev onların ürəyinin dərdini də bilir, dərdinin çarəsini də!
Görkəmli alimə öz sənətində böyük uğurlar qazandıran əsas amillər onun insan sağlamlığına münasibətdə yüksək məsuliyyət hissi, eyni zamanda böyük ürək sahibi olmasıdır. Xarakterindəki yorulmazlıq, məqsədyönlülük, qətrə-qətrə topladığı zəngin bilik və təcrübə, yeni ömür bəxş etdiyi minlərlə pasiyentin, onların doğmalarının sevgisini qazanması, ən əsası isə seçdiyi sənətinə sədaqəti professoru indiki zirvəyə yüksəldib. 
Tibb elmi, həkimlik fəaliyyəti onun üçün sənətdən də çox taledir. Bu taleyi Adil Baxşəliyev özü seçib. 1952-ci ildə dövrünün görkəmli ziyalısı və ictimai xadimi, 19 il Azərbaycanın maliyyə naziri kimi yüksək vəzifəni şərəflə daşımış Baxşəli Baxşəliyevin ailəsində dünyaya gəldiyindən, bəlkə çoxları düşünürdü ki, oğul övladı da gələcəkdə atasının yolunu davam etdirəcək. İqtisadiyyat elminin sirlərinə yiyələnərək bu sahədə çalışmağa başlayacaq. Amma hələ orta məktəb illərindən onda həkimlik sənətinə böyük sevgi vardı. Həkimlər onun üçün insanların ümid, pənah yeri idilər. Ona görə də qət etmişdi ki, gələcəkdə həkim olacaq. Baxşəli müəllimin ailəsində Adillə birgə altı övlad böyüyürdü. Əsl Azərbaycan ziyalısına xas aydınlığa, müdrikliyə, eyni zamanda cəsarətə, mərdanəliyə, səmimiyyətə malik Baxşəli Baxşəliyev övladlarına halallıq, haqq-ədalət, milli köklərə bağlılıq dəyərlərini ötürürdü. Onların maarif işığında böyümələri üçün hər şəraiti yaratmağa çalışırdı. Bu ailədə böyüyən övladların hamısı elmə, təhsilə həvəsi, səxavət, humanistlik, fədakarlıq, torpağa, xalqa sevgi dərslərini ilk növbədə valideynlərindən almışdılar. Məhz evdəki tərbiyə və intizam mühitinin təsiri ilə Baxşəli müəllimin övladlarının beşi orta məktəbi qızıl medalla bitirdi, onlardan dördü həm də ali məktəbi fərqlənmə diplomu ilə başa vurdu. 
Adil Baxşəliyev bu övladlardan biri idi. 1969-cu ildə o, Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun tələbəsi oldu. 1975-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirdi, 1976-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Birinci terapiya kafedrasında böyük laborant kimi işə başladı. Növbəti iki ildə həmin institutda mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi vəzifəsində işlədi. O illərdə gənc həkimin üzünə daha bir uğur qapısı açıldı. Ölkəmiz üçün xüsusilə nadir ixtisaslar üzrə peşəkar kadrların hazırlanması məqsədilə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa dəstəyi ilə keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə azərbaycanlı gənclərin göndərilməsinə başlanmışdı. Adil Baxşəliyev də aspirantura təhsili almaq üçün Moskvaya göndərildi. O, 1978-ci ilə qədər bu şəhərdə Ümumittifaq Elmi-Kardioloji Mərkəzdə "daxili xəstəliklər" ixtisası üzrə məqsədli aspiranturada təhsil aldı. 1981-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək Bakıya qayıtdı. Fəaliyyətini yenə də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Birinci terapiya kafedrasında həkim-assistent kimi davam etdirməyə başladı. 

 

Vətənə xidmət duyğusu

 

Üç ildən sonra isə onun karyerasında dəyişiklik baş verdi. Gənc alim Adil Baxşəliyev Elmi-Tədqiqat Kardiologiya İnstitutuna dəvət aldı. 1984-1985-ci illərdə bu institutda arterial hipertoniya şöbəsinin müdiri vəzifəsində işlədi. O, xəstələrin müayinə və müalicəsi ilə məşğul olur, eyni zamanda elmi tədqiqatlarını davam etdirirdi. Moskvada keçən aspirantura illərində burada gördüyü elmi mühit, böyük məktəb, dünya-şöhrətli alimlərlə əməkdaşlıq, xarici təcrübənin, zəngin resursların əlçatanlığı onu özünə çəkirdi. Doktorantura təhsilini, doktorluq dissertasiyası üzərində tədqiqatlarını da burada aparmağı qət etdi. Bu arzusunun ardınca yenidən Moskvaya getdi. 1985-ci ildə N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunda "kardiologiya" ixtisası üzrə doktoranturaya qəbul olundu. Beş il burada doktorantura təhsili aldı. 1990-cı ildə doktorluq dissertasiyasını da uğurla müdafiə etdi. 38 yaşlı perspektivli kardioloqun Moskvanın nüfuzlu elmi mərkəzlərində qalıb işləməsini istəyən alimlər çox idi. Onlar Adil Baxşəliyevə alimlik və həkimlik fəaliyyətini Moskvada davam etdirməyi təklif edirdilər. Amma o, fərqində idi ki, dövlət müstəqilliyini bərpa etməkdə olan Azərbaycanda indi ona daha çox ehtiyac var. Moskvadakı elmi mərkəzlərdən gələn təkliflər hər nə qədər cəlbedici olsa da, Adil Baxşəliyev Vətənə qayıtmağı üstün tutdu. Onda Azərbaycan ağır sınaqlar dövrünü yaşayırdı. Cəmiyyət ciddi sosial-iqtisadi təlatümlərlə üzləşmişdi. Tibb sahəsində xeyli problemlər vardı. Vəziyyətin necə olacağı aydın deyildi. Bununla belə, Adil Baxşəliyev kimi alimlər bilirdilər ki, problemlərin həlli üçün peşəkar mütəxəssislərin, məsuliyyətli ziyalıların köməyinə çox böyük ehtiyac var. Məhz bu hissin diktəsi ilə çətinliklər onu qorxutmadı, ölkəyə xidmət duyğusundan çəkindirmədi. Yüksək elmi potensiala malik tanınmış kardioloqalim 1990-1991-ci illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinin Birinci daxili xəstəliklər kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçdi və həmin vəzifəyə təyin olundu. 1992-ci ildə isə kliniki farmakologiya kafedrasının müdiri seçildi. 

 

Onun üçün öyrənməyin yaşı yoxdur

 

1998-ci ildə A.Baxşəliyevə daha yüksək vəzifədə etimad göstərildi. O, C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olundu. Görkəmli alim, ATU-nun Kliniki farmakologiya kafedrası ilə yanaşı, bu instituta da rəhbərlik etməyə başladı. 21 il institutun rəhbəri oldu. 
Elm ocağının qazandığı nailiyyətlərdə professor Adil Baxşəliyevin əməyi danılmazdır. Məhz onun gərgin zəhməti sayəsində Elmi-Tədqiqat Kardiologiya İnstitutu respublikanın aparıcı elm və tibb müəssisələrindən biri kimi tanındı. 12 il respublikanın baş kardioloqu vəzifəsini daşıdı.
Hazırda professor Adil Baxşəliyev Azərbaycan Tibb Universitetinin kafedra müdiri kimi gənc həkimlərin və tibb alimlərinin yetişməsinə öz töhfələrini verir. Onun üçün öyrənməyin yaşı yoxdur, Adil Baxşəliyev hələ Moskvada aspirant ikən öyrəndiyi ingilis dilini son illərdə daha da mükəmməlləşdirib və beş ildir ki, Azərbaycan Tibb Universitetində ingilis dilində mühazirələr oxuyur. Onun müxtəlif dillərdə oxuduğu mühazirələr maraqlı və yaddaqalan olur. Adil Baxşəliyev tələbə auditoriyası qarşısında müvafiq elmi məlumatları, sadəcə, səsləndirməklə, təqdim etməklə məhdudlaşdırmır. O, hər bir mühazirəsini yaradıcı və canlı şəkildə qurur. Tələbələrinin diqqətini son illərin aktual elmi informasiyaları ilə zəngin olan mühazirələrinə cəlb etməyi bacarır, onların düşüncələrini istiqamətləndirə bilir, tədris edilən fənnə sevgi oyadır. Onun mühazirələrini maraqlı edən bir amil də öz ixtisası çərçivəsində qapanıb qalmaması, geniş elmi diapazona malik olmasıdır. 

 

Tibb maarifçisi

 

Adil müəllimin bəlağətli nitqi, fikirlərinin strukturu, məntiqi ardıcıllığı, konkretliyi, mürəkkəb xəstəlikləri sadə və dərk edilən bir tərzdə anlatmaq məharəti onun yüksək natiqlik qabiliyyəti ilə yanaşı, peşəkarlığı ilə də bağlıdır. Adil Baxşəliyev pasiyentləri ilə də bu şəkildə davranır. Onları müayinə və müalicə etməklə yanaşı, həm də sadə dildə, hər kəsin başa düşəcəyi şəkildə müxtəlif xəstəliklərlə bağlı maarifləndirir. Xüsusilə ürək-damar xəstəliklərinin səbəblərini, onlardan qorunma yollarını aydın şəkildə canlandırır. Beləliklə, cəmiyyətdə tibbi maariflənmənin inkişafına xidmət göstərir. Böyük alim ədəbiyyatı, xüsusilə poeziyanı, musiqini çox sevir. Hətta ara-sıra şeirlər yazmağı, mahnılar bəstələməyi də var. Bütün bunlar ona insanların halını anlamaqda, onların daxili aləmlərini duymaqda çox böyük kömək göstərir. Bəzən onun maraqlı sözləri, nüfuzedici fikirləri belə xəstələrə dərmandan da gözəl təsir edir. Bütün bunlar 47 illik həkimlik, alimlik və müəllimlik fəaliyyətinin qazandırdığı təcrübədir. Adil Baxşəliyev 32 ildir professordur. Azərbaycanda kardiologiya üzrə ilk aspirant və doktorant olması da onun ömürlüyünün qürur dolu məqamlarındandır.
O, 1993-1998-ci illərdə respublika Farmakologiya Komitəsinə sədrlik edib. ATU-da fəaliyyət göstərən terapiya ixtisası üzrə problem komissiyasının sədri, uzun illər Səhiyyə Nazirliyinin Dördüncü Baş İdarəsinin məsləhətçisi olub. 

 

Elmi məktəbi olan alim

 

Professor Adil Baxşəliyev pedaqoji fəaliyyəti ilə elmi fəaliyyətini hər zaman uğurla bir araya gətirməyi bacarıb və onun həm səriştəli tədqiqatçı, həm praktik həkim, həm də nəzəriyyəçi alim kimi ortaya qoyduğu nəticələr parlaq şəkildə bir-birini tamamlayıb. O, 450-dək elmi əsərin, o cümlədən 4 dərsliyin, 15 metodik tövsiyənin və dərs vəsaitinin, 2 ixtiranın müəllifidir. Alimin qələmə aldığı "Ürək qan-damar sistemi xəstəlikləri" dərsliyində bu sahədə indiyədək əldə olunmuş nəzəriyyə və təcrübə əsasında kardioloji xəstəliklər və onun ayrı-ayrı sindromları haqqında əhatəli məlumatlar ümumiləşdirilib. Müəllif on üç fəsildən ibarət fundamental dərsliyində xəstəliklərin anlayışı, etiologiya və patogenizi, təsnifatı və klinikası, diaqnostikası, eləcə də rasional müalicəsi ilə bağlı müfəssəl izahlar verib. Bu baxımdan Adil Baxşəliyevin dərsliyi tibb elminin tədris edildiyi bütün ali məktəblərdə ürək qan-damar xəstəliklərini öyrənməkdən ötrü sanballı fundamental mənbədir. 
"Antiaritmik vasitələr, ürək qlükozidləri" (1993), "Hipotenziv dərman maddələri" (1995, digər müəlliflərlə birlikdə), "Klinik farmakologiya" (Dərslik. 2004 və yeni nəşr, 2009), "Mədə-bağırsaq sistemi xəstəliklərinin farmakoterapiyası" (2006), "Kardiologiya" monoqrafiyası və eyniadlı dərsliyi, "Ürək-damar xəstəliklərinin diaqnozu və müalicəsi", "Praktiki kardiologiya", "Psixotrop dərmanların kliniki farmakologiyası" və digər əsərlər professor Adil Baxşəliyevin gərgin alim və pedaqoq zəhmətinin layiqli bəhrələridir. Bu yaxınlarda isə görkəmli tədqiqatçının ingilis dilində "Clinical pharmacology" dərsliyi işıq üzü görüb. 
O, öz elmi məktəbi olan alimdir, indiyə qədər 8 elmlər doktoru, 70-ə yaxın tibb üzrə fəlsəfə doktoru yetişdirib.
Kifayət qədər tələbkar elmi rəhbər və elm təşkilatçısıdır. Tibb elmi üçün yüksəkixtisaslı kadr hazırlığı məsələsində heç bir güzəşti sevmir. Yetirmələrinə son dərəcə tələbkar olduğu qədər də hörmət və qayğı ilə yanaşır. Buna görə də alimin rəhbərliyi altında müdafiə olunmuş dissertasiyalar elmi-nəzəri səviyyəsi və praktiki əhəmiyyəti ilə həmişə seçilir. Yetişdirdiyi alimlərdən başqa, o, neçə-neçə doktorluq dissertasiyasının elmi məsləhətçisi də olub. 

 

Ömrün 70-ci zirvəsi

 

Professor Adil Baxşəliyev Azərbaycanın sərhədlərindən kənarda da elmimizi layiqincə təmsil edir. Dünyanın bir çox nüfuzlu elmi mərkəzlərində ona böyük rəğbət bəsləyir, əsərlərindən, irəli sürdüyü elmi müddəalarından faydalanır, bacarıqlı elm təşkilatçısı kimi təcrübəsindən, yüksək potensialından bəhrələnirlər. Görkəmli Azərbaycan alimi Almaniyanın, Rusiyanın, Yaponiyanın, Kanadanın, Çexiyanın və bir çox başqa ölkələrin kardioloji cəmiyyətlərinin rəyasət heyətinin, Rusiyada nəşr olunan "Terapevt" və "Kardioloq" jurnallarının redaksiya heyətinin üzvüdür. Barselonada, Amsterdamda, Stokholmda, Moskvada, Antalyada, MDB ölkələrinin bir çox şəhərlərində keçirilən elmi konfranslarda, konqreslərdə, beynəlxalq simpoziumlarda maraqlı məruzələrlə çıxışlar edib. Həmin məruzələr nüfuzlu elmi jurnallarda çapdan çıxıb. Adil Baxşəliyevin 200-dən çox elmi əsəri ABŞ-da, Finlandiyada, İspaniyada, Çexiyada, Hollandiyada, İsveçdə, ayrı-ayrı MDB ölkələrində, Türkiyədə işıq üzü görüb. 
Elə insanlar var ki, yaşlarının üzərinə yaş gəldikcə qərar tutduqları zirvədə daha da ucalırlar. Professor Adil Baxşəliyev də belələrindəndir. Görkəmli alim ömrünün 70-ci zirvəsini fəth edir. Bu zirvədən baxanda şərəflə, ləyaqətlə yaşanmış zəngin və mənalı bir həyat tarixi görünür. Qazanılmış elmi-pedaqoji nailiyyətlər də, başqalarına örnək olan həyat da, xilas edilmiş minlərlə insan ömrü də bu tarixin parlaq səhifələridir. Bu zirvədə qəlbi dünyaya və insanlara sevgi ilə dolu böyük bir ürək döyünür. Arzu edək ki, hələ uzun illər sonra da bu ürək döyünsün və başqa ürəklərin də döyüntüsünü qorusun. Ömrün yeni zirvələrinə doğru, doktor!

 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video