01 Dekabr 2021 01:13
2443
SİYASƏT
A- A+

UCALAN VƏ UCALDAN RƏHBƏR

 

Əgər cənab İlham Əliyev təkcə işğaldakı torpaqları qaytararaq ölkəmizin ərazi bütövlüyünü bərpa etsəydi, bu, onun  Azərbaycan tarixinin  ən şərəfli səhifəsində  əbədi olaraq özünə ən yüksək yer tutmasına  bəs edərdi!

Amma tarixinin ən qüdrətli Azərbaycanını yaradan Prezident İlham Əliyevin bu şanlı qələbəyədək etdiklərinin də sayı-hesabı yoxdur!

Azərbaycan xalqı həm də  belə bir rəhbəri olduğuna görə  şərəf və qürur duymağadaim onunla fəxr etməyə haqlıdır!

 

Cənab İlham Əliyev hansı işə qol qoyubsa, hansı müşkül məsələnin həlli ilə məşğul olubsa, həmişə onu uğurla, qələbə ilə başa çatdırıb!

Ruhdan düşmək, yarı yolda dayanmaq, geriyə çəkilmək İlham Əliyevin xarakterinə ziddir!

Nə zəhmətdən yorular, nə inadından dönər, nə də həqiqət saydığı yoldan qayıdar!

Əsl qladiator, cəngavər kimi sonadək döyüşər, məqsədinə çatmayanadək rahatlıq və dinclik tapmaz!

İşıqlı zəkası, poladtək möhkəm iradəsi, özünəməxsus fəhmi və uzaqgörənliyi, xarizması və sözübütövlüyü qələbəsini təmin edən ilahi keyfiyyətləridir!

İlham Əliyev Heydər Əliyev məktəbində əyani “təhsil alan”, daim onun yanında olaraq ondan öyrənən, özü də məktəb yaradan yeganə şəxsiyyətdir.

Ən nəhayət, Ulu Tanrı daim onunladır, ona kömək edir, arxa durur, qoruyub saxlayır!

 

ZAMANINDA  VƏ  DÜZGÜN  ATILAN  ADDIMLAR

 

Deyirlər, ən dəqiq hesablamalar riyaziyyatçılara məxsusdur!

Yəqin ki!

Riyazi hesablamalar adətən kağız üzərində, indiki zamanda isə kompüterlərdə aparılır.

Nədənsə ən dəqiq hesablamaların nəhəng siyasətçilərə məxsus olduğu qənaətindəyəm!

Çünki onlar öz hesablamalarını zəkalarında, həm də zaman üzərində, zamanı və dövrü nəzərə almaqla edirlər!

Hesablamaların dəqiqliyi isə hadisələr başa çatdıqdan sonra görünür, atılan addımların uğuru, görülən işlərin nəticəsi ilə öz təsdiqini tapır!

Riyazi hesablamaların səhvi özünü eksperimentin uğursuzluğunda, nisbətən kiçikhəcmli məsələlərdə büruzə verir.

Siyasətçinin səhvi isə zamanın gedişində təkcə geriləmə ilə deyil, həm də böyükhəcmli iqtisadi ziyanla, bəzən çoxsaylı insan tələfatı ilə sonuclana bilir!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Zəfər müharibəsini hazırlaması, hərbi əməliyyatların gedişatı, yekunu və nəticələrinin uğuru isə, şübhəsiz, XXI əsrin ən mükəmməl hərbi-siyasi gedişlərinin hesablanma nümunəsi sayıla bilər!

Bunu təkcə II Qarabağ müharibəsinin möhtəşəm yekunu deyil, həm də onun dərslərindən öyrənənlərin sayı və sanbalı da təsdiq edir!

Cənab İlham Əliyev öz hesablamalarını çox sadə, eyni zamanda hamının başa düşəcəyi şəkildə belə ifadə edir:

“Nəyi nə vaxt və necə etmək!”

Əslində, bu sadə formulun arxasında böyük intellekt, zəngin təcrübə, hadisələrin mahiyyətinə varıb onlardan düzgün nəticə çıxarma, üstəgəl, əlverişli məqamı gözləmə və vaxt seçmək məharəti də dayanır!

Bəli, zamanında atılan addımların qalibiyyətinə Ulu Tanrı özü də kömək edirdi!

Üstəlik, 44 günlük Zəfər savaşında sanki İlham Əliyevin yanında duraraq əlini onun kürəyinə qoymuşdu!

Eyni zamanda seçilən “hərbi məqam”ın “yetişdirilməsində” də Müzəffər Ali Baş Komandan ilə birlikdə idi.

 

BAXIN:

* Dünyanın başı COVID-19 adlı bir bəla ilə mübarizəyə qarışmışdı...

* Bütün dövlətlər qapılarını bağlamış, özünə qapılmış, mühüm tədbirlər, konfranslar, iclaslar, görüşlər, qərar qəbul edən təşkilatların fəaliyyəti dayandırılmış və ya onlayn formaya keçirilmişdi...

* Ermənilərin dostları və himayədarları, erməni diaspor və lobbiləri bir növ iflic vəziyyətinə düşmüşdü...

* İşğalçının əsas himayədarlarından olan Fransa sarıjiletlilərin ardıcıl etiraz aksiyaları nəticəsində başını itirərək öz hayında idi...

* Erməni lobbisinin güc sahibi olduğu ABŞ növbəti prezident seçkilərindən sonra Kapitoliyaya hücumun və bu məkanda insan tələfatı ilə bağlı tarixinin böyük qalmaqalını yaşayırdı...

* Rusiya yeni sanksiyalardan boğulurdu...

* Bütün bu qarmaqarışıqlıqdan istifadəyə çalışan Paşinyan Ermənistanı isə “yeni müharibə və yeni ərazilər” xülyası ilə dayanmadan atəşkəsi pozur, Tovuz bölgəsindən hücuma keçərək ixrac boru kəmərlərini ələ keçirmək istəyirdi...

 

İlham Əliyev hazırlığı, qətiyyəti, iradəsi və uzaqgörənliyi ilə bu mürəkkəb situasiyanı Azərbaycanın xeyrinə məharətlə çevirməyi bacardı!

Əks-hücumda yaxalanan mənfur düşmən bədnam əməllərinin bədəlini ödəməli oldu!

 

XALQ  ÖZ RƏHBƏRİNİ BELƏ TANIYIR

 

Allah-təala İlham Əliyevdən heç nəyi əsirgəməyib!

 

* Dahi şəxsiyyətin ailəsində dünyaya göz açıb.

* Dünyanın ən həlim, mehriban, fədakar anasının qucağında böyüyüb.

* Mükəmməl təhsil alıb, bir neçə dili ana dili qədər dərindən bilir.

* Böyük xarizma sahibidir.

* Dərin ağıla və zəkaya malikdir.

* Əsl Azərbaycan kişilərinə xas boy-buxunu, yaraşığı var.

* Özünə əsl Azərbaycan xanımını ömür-gün yoldaşı seçməklə eyni zamanda dost və sirdaş da qazanıb.

* Həddindən çox ciddidir, nadir hallarda gülür.

* Böyük fiziki gücə, yüksək enerjiyə, yorulmadan işləmək qabiliyyətinə malikdir.

* Qeyri-adi nitq sahibidir: istənilən mövzuda saatlarla, heç bir qeydə baxmadan zəruri və unikal misalları gətirməklə sinədəftər, dəmir məntiqə söykənən çıxışlar edə bilir.

* Müdrikdir, uzaqgörəndir, unikal yaddaş sahibidir, tərəf-müqabilini istənilən anda mat qoyan faktlar, arqumentlər səsləndirməyi bacarır.

* Hirslənəndə qəzəbini boğub gizlətməyi, qeyri-adi gedişlərlə tərəf-müqabilindən ustalıqla “qisas” almağı bacarır.

* Məqsədə çatmaq yolunda illərlə, inadla çalışmaq, qeyri-adi, dəqiqliklə hesablanmış addımlar atmaq ustasıdır.

* Böyük ürək, geniş qəlb, yüksək səxavət sahibidir.

* Dövlətin və xalqın maraqlarını daim uca tutar, bu məsələdə heç zaman, heç kəsə güzəştə getməz.

* Şəhid analarını, körpə balalarını öpüb bağrına basanda gözlərinin yaşardığını dəfələrlə görmüşük.

* Dəmir yumruğunu düşmənə silkələyərək başını əzdiyinin şahidinə çevrilmişik.

* İndiki çağında 20 kiloluq qantelləri oynatmağını heyrətlə izləmişik.

* “Nooldu, Paşinyan!” söyləyərək ürəklə gülməsindən ürəkdən zövq almışıq.

 

Budur Azərbaycan xalqının sevdiyi İlham Əliyev!

Budur Qarabağın xilaskarı İlham Əliyev!

Budur dünyanın sayılıb seçilən rəhbərlərindən biri olan Azərbaycan Prezidenti cənab İlham Əliyev!

 

İLHAM  ƏLİYEV  AZƏRBAYCANIN RADİKAL  MÜXALİFƏTİNİN SATQIN  VƏ  XƏYANƏTKAR MAHİYYƏTİNİ  DƏ  İFŞA ETDİ

 

Birinci Qarabağ müharibəsi dövründə yaşayanlar Şuşanın, Laçın və Kəlbəcərin düşmənə verilməsində, Xocalının müdafiəsiz qoyularaq soyqırımına uğradılmasında, Ağdamın süqutunda AXC-Müsavat cütlüyünün xəyanətkar əməllərini yaxşı xatırlayırlar.

Ə.Vəzirovun xain hərəkətlərindən, A.Mütəllibovun qorxaqlığından və qətiyyətsizliyindən istifadə edən cəbhəçilər piket, tətil və mitinqlər yolu ilə ölkəni idarəolunmaz vəziyyətə gətirdilər, sonra parlamentdə çevriliş törədərək zor gücünə hakimiyyəti ələ aldılar.

AXC-Müsavat cütlüyünün təyin etdiyi müdafiə naziri Rəhim Qazıyevin xəyanətkar olması məhkəmə qaydasında sübuta yetirilmişdir. Onun Şuşada özünə qarşı qurdurduğu “sui-qəsd” oyunu, əslində, şəhərin müdafiəsinin pozulmasına, bu müdafiə sahəsində mühüm işlər görən vətənpərvər və nüfuzlu insanların cismən məhv edilərək qala şəhərin asan yolla, döyüşsüz düşmənə verilməsinə xidmət edirdi.

Laçının müdafiəsiz qoyulması, hətta düşmən hücumunun qarşısını almalı olan zirehli texnika və canlı qüvvənin Bakıya gətirilərək parlament çevrilişinə cəlb edilməsi dövlətə və xalqa qarşı xəyanətin bariz nümunəsidir!

AXC-Müsavat cütlüyü nəinki Kəlbəcərin müdafiəsini təşkil etmədi, heç dinc əhalinin sağ-salamat qırğından çıxarılmasına belə yardım göstərmədi.

Sonra məcburən ev-eşiyini tərk edənlərin qəzəbindən qorxaraq onların Bakıya buraxılmasını da qadağan etdi.

Bu səriştəsizlər, xəyanətkarlar iqtidarda olduqları müddətdə kolxoz və sovxozların mal-qarasını, fabrik və zavodların anbarlarındakı məhsulları (o dövrdə özəlləşdirmə aparılmamışdı), şərab emalı müəssisələrinin çaxır və konyaklarını satıb ciblərini doldurmaqla, rüşvətxorluq və korrupsiya ilə məşğul idilər.

1993-cü ildə AXC-Müsavat cütlüyünün “fəaliyyətlərinə” ictimai baxışa çevrilən məşhur “may müşavirəsi”ndə Ə.Elçibəy, Əli Kərimli, hüquq-mühafizə orqanlarına və gömrüyə rəhbərlik edənlər öz biabırçı əməllərini konkret faktlarla özləri ifşa etməklə xalqa çatdırdılar.

Prezident İlham Əliyev də ölkəyə rəhbərliyi dövründə radikal müxalifətin satqın əməllərini dəfələrlə ifşa edib, onların antimilli hərəkətlərinin əsl qiymətini dəqiqliklə açıb göstərib: “O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər. Hakimiyyətə gəlmiş antimilli ünsürlər Azərbaycanı demək olar ki, bütün beynəlxalq tərəfdaşlardan, xarici tərəfdaşlardan təcrid etdilər və həm xarici, həm daxili siyasətdə kobud səhvlər buraxdılar və cinayətlər törətdilər”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və Ordusu erməni faşizminə qarşı müharibəyə qalxanda ölkədə fəaliyyət göstərən bütün müxalifət partiyaları birgə bəyanat imzalayaraq dövlətin yanında olduqlarını, bu mübarizəyə dəstək verdiklərini bildirdilər.

Radikal müxalifət bu sınaqlı günlərdə də xalqın maraqlarından uzaqda qaldığını, yalnız şəxsi mənafe güddüyünü göstərərək düşmənə qarşı birləşənlərin sırasına qoşulmadı.

Bununla özləri özlərini bir daha ifşa etdilər!

İlham Əliyev bütün imkan və qüvvələri səfərbərliyə alaraq Azərbaycan xalqının ən ülvi, hətta əlçatmaz görünən arzusunu şərəf və fədakarlıqla yerinə yetirdi!

Kimin kim olduğunu əyani şəkildə nümayiş etdirdi!

Eyni zamanda torpaqları özləri erməniyə verərək onu geri qaytara bilməməkdə iqtidarı günahlandırmağa cəhd edən antimilli qüvvələri, “5-ci kolon” üzvlərini əliyalın qoyaraq rəzil duruma saldı!

“Dəmir yumruğ”u ilə düşmənin belini qıran Müzəffər Ali Baş Komandan İlham Əliyev AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğalda olan torpaqları azad etdi!

 

“DƏMİR  YUMRUĞ”UN  QÜDRƏTİ

 

Otuz il Qarabağ torpaqlarını işğalda saxlayan mənfur düşmən 44 gündə yerlə-yeksan edildi!

Quduran, Azərbaycan torpaqlarının əbədi olaraq özündə qalacağını düşünən düşməni rəzil günə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u saldı!

Bu qüdrətli yumruq düşmənin başını ilan başı kimi əzdi!

Bu qüdrətli yumruq düşmənin belini çubuq kimi qırdı!

Bu qüdrətli yumruq düşməni müqəddəs torpaqlarımızdan iti qovan kimi qovdu!

Qüdrətli yumruq qüdrətli, əzəmətli şəxsiyyətlərə məxsus olur!

Məhz İlham Əliyev kimi siyasət və hərb nəhənglərinə!

Təbiidir ki, “dəmir yumruq” ifadəsi məcazi mənada işlədilir.

O da təbiidir ki, bu qüdrətli yumruğun zərbələrinin nəticələri həyatda, reallıqda əyani şəkildə görünür:

 

* düşmənin torpaqlardan qovulmasında;

* onun ordusunun məhv edilərək qorxaqlar, fərarilər və məğlublar dəstəsinə çevrilməsində;

* bu gün hamımızın qəzəblənərək və kövrələrək getdiyimiz təmizlənmiş və təhlükəsiz azad ərazilərimizdə;

* mədəniyyət paytaxtı Şuşamızda və külli Qarabağımızda!

 

Bəs “Dəmir yumruğ”u yaradan amillər, onu güclü və qüdrətli edən komponentlər hansılardır?!

Şübhəsiz, “dəmir yumruq” öz gücünü ən əvvəl sahibinin zəkasından, Vətənə qədərsiz sevgisindən, uzaqgörənliyindən, yüksək diplomatik bacarığından, misilsiz hərbi məharətindən, möhkəm və dönməz iradəsindən alır!

“Dəmir yumruğ”un bir sıra real əsasları da mövcuddur.

Onları nəzərdən keçirək:

 

1. MALİYYƏ QAYNAQLARI

 

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin reallaşdırılmasını təmin edən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafının bütün istiqamətlərini də müəyyənləşdirmişdi. Xalqın məhəbbətlə “Heydər Əliyev dövlətçilik kursu” adlandırdığı bu istiqamətlərin əzm və şərəflə davamı missiyası isə cənab İlham Əliyevin üzərinə düşürdü. O, bu çətin və mürəkkəb missiyanı uğurla davam etdirmək və Ulu Öndərimizdən yarımçıq qalmış işləri möhtəşəm sonluğa çatdırmaqdan ötrü gərgin və səmərəli fəaliyyətə başladı.

Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ilk növbədə, onun güclü iqtisadiyyatını formalaşdırmaq zəruri idi.

Buna qədər mürəkkəb və çətin şəraitdə aparılan neft danışıqlarında əzmlə iştirak edən cənab İlham Əliyev Azərbaycan xalqının milli maraqlarının təmininə xidmət göstərən müqavilələrin, ilk növbədə, “Əsrin müqaviləsi”nin və digər iyirmiyədək sazişin bağlanmasına öz dəyərli töhfəsini verdi.

Bütün maneə və əngəllərə baxmayaraq, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti də deyilən vaxtda gerçəyə çevrildi.

“Neft ölkələrə xoşbəxtlik də gətirə bilir, bədbəxtlik də! Mən çalışacağam ki, Azərbaycan nefti Azərbaycan xalqına yüksək rifah və xoşbəxt həyat gətirsin”, - deyən cənab İlham Əliyev bütün fəaliyyəti boyu bu prinsipinə sadiq qaldı.

Beləliklə, neft-qaz gəlirləri iqtisadiyyatın digər sahələri üçün lokomotiv rolunu oynadı!

Büdcəyə daxilolmalar artdıqca xalqın sosial rifahı yüksəldi, müstəqil dövlətimizin iqtisadi gücü və imkanları da artdı.

Bir milyon nəfərdən artıq qaçqın və məcburi köçkünün sosial müdafiəsi gücləndirildi.

Cənab İlham Əliyev “Bir nəfər də çadır şəhərciklərində yaşayan məcburi köçkün qalmayacaqdır” vədini dediyindən də qısa müddətdə gerçəkləşdirdi, 115 qaçqın şəhərciyi və yaşayış kompleksi tikdirərək 62 mindən artıq ailəni oraya köçürdü.

Prezident İlham Əliyev bir an da olsun belə işğaldakı torpaqların geri qaytarılması əzmindən geri durmurdu!

Çoxcəhətli və çoxşaxəli fəaliyyət göstərir, inamla, addım-addım məqsədinə doğru yaxınlaşırdı:

 

* Ölkənin enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi təmin edildi.

* Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul edildi, onlar əlavələrlə birlikdə, uğurla həyata keçirildi.

* Sahibkarlığın inkişafına əlverişli şərait yaradıldı, onlara sistemli şəkildə güzəştli kreditlər verildi, digər yardımlar göstərildi.

* Qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının inkişafına böyük diqqət yetirildi, dövlət tərəfindən mütəmadi subsidiyalar ayrıldı.

* Ölkənin neftdən asılılığının azaldılması üçün sistemli tədbirlər görüldü.

* Vətəndaş məmnunluğu yaradıldı, dövlət büdcəsinin həcmi ilbəil artdı.

* Hər il ordu quruculuğuna və onun ən müasir silahlarla təminatına kifayət qədər vəsait ayrıldı!

 

2. YENİ VƏTƏNPƏRVƏR GƏNCLƏR NƏSLİ YETİŞDİRİLDİ

 

Biz ilk dəfə yeni vətənpərvər gənclər nəslinin hayqırtısını 2020-ci ilin iyulunda gördük.

Hətta COVID-19 təhlükəsinə baxmayaraq, minlərlə gənc Bakının küçələrinə axışaraq Ermənistanın Tovuz istiqamətindən ölkəmizə dalbadal hücumlarına qarşı hiddətini bildirir, daim Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını söyləyir, onun bir əmri ilə döyüşlərə atılaraq Qarabağı işğaldan azad edəcəklərini bəyan edirdilər!

Az sonra 44 günlük Zəfər müharibəsi başlayanda həmin gənclər mənfur düşməni məğlub edərək vədlərini yerinə yetirdilər!

Qarabağı görməyən, Qarabağdan kənarda doğulan qəhrəman Azərbaycan gənci Qarabağı işğaldan qurtardı!

Bu gənclər nəslini də İlham Əliyev tərbiyələndirərək yetişdirmişdir.

Bunun üçün bir neçə istiqamətdə səmərəli iş aparmışdır.

Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan gənclər siyasəti uğurla davam etdirilmişdir.

Belə ki, YAP-ın gənclər təşkilatının, ölkədə fəaliyyət göstərən digər qurumların və QHT-lərin imkanlarından səmərəli istifadə olunmuş, möhkəm əqidəli və mənəviyyatlı, azərbaycançılıq ideologiyasına sadiq gənc nəsil tərbiyələndirilmişdir.

Milli Olimpiya Komitəsinin Prezidenti kimi cənab İlham Əliyev ölkədə idmanın inkişafına mühüm töhfələr vermiş, güclü maddi-texniki baza yaratmış, Azərbaycanı beynəlxalq səviyyəli yarışların keçirildiyi məkana çevirmişdir.

I Avropa Oyunlarının təşəbbüsçüsü və təşkilatçısı olan, IV İslam Həmrəyliyi Oyunlarını müvəffəqiyyətlə keçirən Azərbaycan artıq dünyada həm də idman dövləti kimi tanınır.

Olimpiya Oyunlarında, dünya və Avropa birinciliklərində, beynəlxalq idman yarışlarında fəal iştirak edərək yüksək yer tutan Azərbaycan gənci daim dövlət bayrağımızı ucaldaraq himnimizi səsləndirir.

İdmançı gənclərimiz Vətən müharibəsində fədakarlıqla iştirak edərək böyük zəfərin qazanılmasına öz töhfələrini verdilər.

Bu gün neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alaraq Vətənə qayıdan yüzlərlə gənc respublikanın iqtisadi, ictimai həyatında, Qarabağın dirçəldilməsi sahəsində fəallıq göstərirlər.

 

3. ORDUNUN ƏN YENİ VƏ MÜASİR SİLAHLARLA TƏCHİZATI

 

I Qarabağ müharibəsindəki məğlubiyyətimizin başlıca səbəblərindən biri də vaxtında ordu yaradılmaması və onun lazımınca silahlandırılmaması idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sahədə də ən möhtəşəm uğura imza atdı.

Ermənistan hər iki müharibədə rus silahı ilə, həm də əksər halda pulsuz silahlandırılmışdı.

Ağıllarını itirmiş ermənilər ürəkdən inanmışdılar ki, torpağı onlar alıb, onlar işğalda saxlayır və heç zaman qaytarmayacaqlar!

Yenə eyni qaydada silah əldə edərək, 90-cı illərdə qalib gəldikləri taktika və strategiyaya güvənərək Azərbaycan tərəfinə meydan oxuyurdular.

Bütün bunlardan cənab İlham Əliyev yaxşı məlumatlı idi.

Odur ki, yeni müharibəyə, bu dəfə Azərbaycanı qalib edəcək və işğalçıları torpaqlardan qısa müddətdə qovacaq zəfər müharibəsinə hazırlaşırdı.

Həm də tam məxfi şəkildə!

Eyni zamanda açıq və mütəmadi olaraq ciddi xəbərdarlıqlar etməklə:

 

* Əgər məsələ sülh yolu ilə həll olunmasa, o zaman Azərbaycan öz torpaqlarını hərbi vasitələrlə azad edəcəkdir!

* Azərbaycan heç zaman öz ərazisində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcəkdir!

 

İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi bu sahədə də həlledici oldu!

Müzəffər Ali Baş Komandanımız:

 

* XXI əsrin müharibəsinə hazırlaşdı!

* Ordusunu ən yeni silahlarla silahlandırdı!

* Qabaqcıl ölkələrlə dostluq əlaqələri quraraq ən yeni texnologiyalara əsaslanan, hələ indiyədək hərb meydanlarında geniş şəkildə tətbiq olunmamış silahlar əldə etdi!

* Dünyanın qabaqcıl hərbi məktəblərində Azərbaycan övladlarını oxutduraraq yeni taktikaya uyğun gələn, həmin silahları məharətlə işlədəcək hərbçilər yetişdirdi!

* Fasiləsiz hərbi təlimlər keçirərək əldə edilən nəzəri bilikləri peşə vərdişləri ilə tamamladıb inkişaf etdirdi!

* Hərbçilərdə mənəvi zənginliyin, vətənpərvərliyin, ruh yüksəkliyinin, habelə sonadək döyüşərək düşmənə qalib gəlməyə lazım olan digər keyfiyyətlərin tərbiyəsinə xüsusi diqqət yetirdi!

İlham Əliyevin sərkərdəliyi ilə II Qarabağ müharibəsinə başlayan Azərbaycan Ordusu bütün parametrlər üzrə ən yeni, ən müasir, ən mükəmməl taktiki üsullarla və silahlarla döyüşəcək ordu idi!

Əslində, bu ordu İlham Əliyev ordusu idi!

 

4. ÖRNƏYƏ ÇEVRİLƏN MÜKƏMMƏL TAKTİKA VƏ STRATEGİYA

 

Otuz il ərzində Ermənistan dostlarının köməyi ilə altıqat müdafiə xətti quraraq Azərbaycanın öz torpaqlarını geri almaq üçün hücuma keçəcəyi günü gözləyirdi!

Lovğalıqla “Ohanyan xətti” adlandırılan bu müdafiə sistemi atəş nöqtələrindən, səngərlərdən, tikanlı məftillərdən, mina sahələrindən, betonlaşdırılmış bunkerlərdən, müasir müşahidə və izləmə optik qurğularından, habelə müxtəlif maneələrdən ibarət idi!

(Bu gün Bakıdakı Hərbi Qənimətlər Parkında həmin müdafiə xətlərinin elementlərini və nəticəsini əyani şəkildə görmək mümkündür).

Ermənilər yeni müharibəyə “öz ağılları” ilə hazırlaşmışdılar və hücumu Qarabağın mərkəzindən, Ağdam istiqamətindən gözləyirdilər!

Sonadək də gözlədilər!

Gözləyə-gözləyə tələyə düşərək Ağdam, Laçın və Kəlbəcərdəki müdafiə mövqelərini bir güllə atmadan Azərbaycan Ordusuna təhvil verdilər!

Bu, İlham Əliyevin hərbi məharəti, onun tətbiq etdiyi yeni silahlar, yeni strategiya və taktika sayəsində mümkün oldu!

Əbəs deyil ki, bu gün başda ABŞ, NATO olmaqla, hamı bu taktika və strategiyanı öyrənir, onu tətbiq etməkdən ötrü öz ordusunda islahatlar aparır.

 

5. MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN - XİLASKAR

 

Prezident İlham Əliyevin 44 günlük zəfər savaşında möhtəşəm qələbəsi barədə çox deyilib və yazılıb!

Hələ bundan sonra da bu tarixi qələbəni vəsf edən çoxsaylı əsərlər işıq üzü görəcəkdir.

Xalqımızı qələbəyə çatdıran məqamları bir daha diqqətə çəkirik:

* Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev pilotsuz uçuş aparatlarını hücum və kəşfiyyat sahəsində geniş tətbiq edərək bu vasitələrin bütün imkanlarını tam parlaqlığı ilə düşmənə və dünyaya nümayiş etdirdi;

* AN-2 - “Kukuruznik” təyyarələrini yeni məzmunda tətbiq etdirərək düşmənin ən müasir və ən etibarlı hava hücumundan müdafiə sistemlərini aşkara çıxarmaqla zərərsizləşdirdi, yeni geniş hücuma şərait yaratdı;

* Gözlənilən hücum istiqamətlərində düşmənin böyük həcmdə canlı qüvvəsini və silahlarını saxladaraq gözlənilməyən yerlərdən sürətli və qəfil hücumlarla ağır zərbələr endirdi;

* Hərbi əməliyyatlar zamanı diplomatiya sahəsində də fəallıq göstərərək istədiyinə nail olmayınca - düşmən ordusunun Azərbaycan ərazisindən çıxarılması qrafiki təqdim edilməyincə hərbi əməliyyatları dayandırmadı;

* Dünya erməniliyinin maliyyəsi ilə informasiya müharibəsinə qoşulan KİV-ə qarşı əzmlə döyüşərək hamısına qalib gəldi, Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırdı, feyk xəbərləri ifşa etdi;

* Əvvəlcədən yerli şəraitə uyğun məkanlarda təlim keçirilərək mükəmməl şəkildə hazırlanan xüsusi təyinatlıların qüvvəsindən, şücaət və qəhrəmanlığından istifadə etməklə az qala yalın əllə Şuşanı düşməndən aldı!

* Əslində, Müzəffər Ali Baş Komandan İlham Əliyev AXC-Müsavat cütlüyünün xəyanət əməlləri nəticəsində düşmənə verilən qədim Şuşanı qeyri-adi şücaətlə geri qaytardı, Azərbaycanın mədəniyyət paytaxtına çevirdi!

* Xalqımızın xilaskar oğlu cənab İlham Əliyev düşməni məhv edib ərazilərimizi geri qaytarmaqla uzun illər ərzində erməni əlində qalan torpaqları işğaldan, eləcə də yüz minlərlə insanı “məcburi köçkün” adından qurtardı!

 

Bu gün bəzi erməni siyasətçiləri, generalları hərdən papulistcəsinə başlarından böyük danışsalar da, içlərində Azərbaycana bütün parametrlər üzrə məğlub olduqlarını yaxşı bilirlər!

Erməni əsgəri isə həm də mənəvi və psixoloji cəhətdən tar-mar edilib!

Heç vaxt Azərbaycan əsgərinin qələbə hayqırtısı və dron uçuşunun səsi onun qulaqlarından çəkilməyəcək!

Döyüş başlanan kimi daim bir gözü göydə qalacaq, başını soxmağa deşik axtaracaq.

Bunu arvad paltarı geyinib qrimlənərək Qarabağdan qaçan ermənilər də sübut edir!

Bunu İrəvanda avtobuslara mindirilərək aldadılıb Qarabağa gətirilən həmin hərbçilərin valideynlərinin yol kəsmələri, övladlarını maşınlardan düşürüb geri qaytarmaları da göstərir.

Bunu barəsində fərari kimi cinayət işi açılan erməni ordusunun əsgərlərinin qorxaqlığı da sübut edir!

Bunu indiyədək Azərbaycana məxsus ərazilərdən hələ də yığılan öldürülmüş erməni əsgərlərinin qalıqları da təsdiq edir.

Bəlkə də erməni generalları varlanmaq üçün yenidən Azərbaycanla müharibə etmək fikrinə düşər.

 Amma erməni əsgər və zabiti onu real ölüm gözlədiyi Azərbaycan ərazisinə keçərək güllə atmaq həvəsinə heç zaman düşməyəcək!

Bəli, İlham Əliyev Ermənistanı təkcə hərbi cəhətdən deyil, mənəvi-psixoloji sarıdan da darmadağın edib, onlara nəsilbənəsil unuda bilməyəcəkləri sağalmaz yara, yaddan çıxmaz zərbə vurub!

Əslində, İlham Əliyev dünya erməniliyini sarsıdıcı məğlubiyyətə uğradıb!

 

PUÇA ÇIXARILAN ERMƏNİ XÜLYALARI

 

44 günlük Zəfər savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə torpaqları murdar ləpirlilərdən təmizləmədi!

Həm də erməniləri tarixi, ideoloji, hərbi cəhətdən biabırçı məğlubiyyətə uğratdı!

 

* İlham Əliyev beş əsr ərzində itirilən Azərbaycan torpaqlarının bir hissəsini ilk dəfə olaraq geri qaytardı!

* İki əsr ərzində davam edən münaqişəni uğurla həll etdi!

* Dünya erməniliyinin “dənizdən-dənizə Ermənistan” xülyasını birdəfəlik yox etdi! Bu əfsanənin erməni tarixçiləri tərəfindən uydurulduğunu, tarixdə heç zaman belə dövlətin olmadığını isbata yetirdi!

* Dünyanın hər yerindən gələn KİV nümayəndələrinə, siyasi və dövlət xadimlərinə, diplomatlara, bloger və QHT təmsilçilərinə, din nümayəndələri və mədəniyyət xadimlərinə Qarabağda törədilən vandallığı, vəhşiliyi, barbarlığı və dağıntıları göstərərək ermənilərin “qədim, mədəni, məzlum” xalq olmaları barədə deyilənlərin yalan olduğunu açıb göstərdi.

*  “Yenilməz erməni ordusu” mifinin də puçluğunu əyani şəkildə nümayiş etdirərək həmin ordunu məhv etdi, düşmənin belini qırdı.

*  “Cəsur erməni əsgəri” anlayışına son qoydu, onların qorxaq, fərari olduqlarını, döyüşlər başlayan kimi qaçıb aradan çıxdıqlarını faktlarla sübuta yetirdi.

*  “Görkəmli erməni generalları, sərkərdələri” anlayışının gülünclüyünü, əslində, erməni generalların əsgər paylarını satdıqlarını, müharibə zamanı Koçaryan, Sarkisyan və Ohanyanın qorxaqcasına qaçıb gizləndiklərini sübutlarla ortaya qoydu;

* İşğal altında qalan 7 rayondan əlavə Şuşa şəhərini və keçmiş DQMV-yə daxil olan Hadrutu, Suqovuşan qəsəbəsini, habelə Xocavənd rayonunun 60 faizini geri qaytardı;

* ATƏT-in Minsk qrupunu tarixin arxivinə, status məsələsini isə cəhənnəmə göndərdi;

* 7 iyul 2021-ci il tarixli fərmanı ilə sovet dövrünün 7 iyul 1923-cü il tarixli Azərbaycanın tərkibində bir ovuc erməniyə muxtariyyət hüququ verilməsi barədə ədalətsiz qərarını ləğv edən tarixi fərmanı imzalamaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaratdı. Bununla da Azərbaycan xalqının öz dədə-baba torpaqlarına qayıtmaq əzmində israrlı olduğunu bir daha nümayiş etdirdi;

* Forpost dövlətin mövcudluğu üçün Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsinin, təslimçilik müqaviləsinin bütün şərtlərinə əməl etməsinin vacibliyini, “status”, “Minsk qrupu” xülyasından əl çəkməsini, əvvəlcə bir dövlət kimi yaşaya bilməsi hayına qalmasını məsləhət gördü!

 

MAHİR  DİPLOMAT

 

Müasir dünya İlham Əliyevi həm də mahir diplomat kimi tanıyır və qəbul edir!

Əslində, İlham Əliyevin ixtisası diplomatiyadır.

Dünyaca şöhrəti olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

Həm də təkcə bu məşhur təhsil ocağında oxumayıb.

Sonralar müəllim kimi çalışaraq gələcək diplomatlara dərs də deyib!

Bu gün də Rusiyanın tanınmış siyasi ekspertləri İlham Əliyevlə qürur duyduqlarını gizlətməyərək onu “MQİMO-nun müdavimi” - deyə iftixarla təqdim edirlər.

Şəkli təhsil ocağını bitirən, dünyanın tanınmış siyasətçiləri, dövlət xadimləri sırasına ucalan müdavimlərlə bir sırada, nümunəvi tələbə və diplomat kimi Şərəf lövhəsində saxlanılır.

Diplomatiya sahəsində məhsuldar və şərəfli bir yol da keçib.

İlk böyük sınağı “Əsrin müqaviləsi” neft kontraktının imzalanması prosesində iştirakı olub.

Uzun sürən və çətin keçən danışıqlar prosesində Azərbaycanın milli maraqlarının qorunmasını təmin edən əlverişli müqavilənin hazırlanmasına və imzalanmasına şəxsi töhfəsini verib.

Milli Məclisin deputatı olduğu dövrdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinə rəhbərlik edib, ölkəmizin maraqlarının müdafiəsində və təminində fəallıq göstərib, bu ali parlament qurumunda uğurlu fəaliyyətimizin prinsiplərini müəyyənləşdirib, təməlini qoyub.

AŞ PA-nın vitse-prezidenti seçilib.

İlham Əliyevin diplomatik məharəti Azərbaycanın dünyada sabit, dayanıqlı, demokratik dövlət kimi tanınmasında, özünə çoxsaylı dostlar qazanmasında, maraqlar içində marağını qoruyub saxlamasında mühüm rol oynayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, danışıqlar vasitəsilə həlli prosesində biz dövlət başçısı İlham Əliyevi daim prinsipial, qətiyyətli, heç bir təzyiq və təhdid cəhdlərindən geri çəkilməyən, təmsil etdiyi dövlətin maraqlarını qətiyyətlə müdafiə edən döyüşkən diplomat kimi görmüşük!

İlham Əliyevin məşhur “nəyi nə vaxt və necə etməli” prinsipi bu sahədəki fəaliyyətinin uğur və səmərəsini təmin edib.

İlham Əliyev daim məsələni peşəkarlıqla, elmi və faktoloji cəhətdən ustalıqla əsaslandırmağı bacarıb.

Dünya siyasi elitası Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev və N.Paşinyanın əyani qarşılaşmasını və diskussiyasını uzun müddət xatırlayacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev rəqibini təkcə tarixi faktlar qarşısında susmağa məcbur etmədi:

Onun ingilis dilində hıqqanaraq danışmasını, yalançılığını gülüş hədəfinə çevirdi, məharətlə ələ saldı.

Bütün dünyanın, ermənipərəstlərin gözü qarşısında!

Söz demək üçün yüksək tribuna, əlverişli məqamı seçmək qabiliyyətindən bacarıqla istifadə edərək “Valday” Diskussiya Klubunda, MDB dövlət başçılarının Aşqabad sammitində Ermənistanın sülh danışıqlarından qaçdığını, Azərbaycan torpaqlarını işğalda əbədi saxlamaq niyyətini, “yeni müharibə, yeni ərazilər” ritorikasını konkret fakt və misallarla ifşa edərək bu xalqın miflərlə yaşadığını, faşizmə pərəstiş etdiyini, keçmiş SSRİ məkanında belə bir siyasətin yolverilməz olduğunu, habelə bu siyasətin müharibəyə apardığını göstərdi.

Zaman və tarix İlham Əliyevin nə qədər ədalətli və uzaqgörən olduğunu sübut etdi.

İlham Əliyevin diplomatik məharəti müharibənin davam etdiyi müddətdə Azərbaycanın sıxışdırılmasına, savaşın başlıca hədəfə çatmadan dayandırılmasına, hərbi əməliyyatların gedişinə ermənipərəst qüvvələrin burun soxmasına, ölkəmizin təklənməsinə imkan vermədi!

İlham Əliyevin diplomatik məharəti sərkərdə qüdrəti ilə birləşərək tarixi zəfərimizi təmin etdi!

Məhz İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində dünyada BMT-dən sonra ikinci böyük təşkilat sayılan Qoşulmama Hərəkatına sədr seçildi, sonra da sədrlik müddəti daha bir il uzadıldı.

Türk Dövlətləri Şurasına rəhbərliyin 3 il ərzində İlham Əliyevə həvalə edilməsi onun bacarıq və məharətinə verilən yüksək dəyərdir.

İlham Əliyevin yüksək beynəlxalq nüfuzunu təsdiq edən daha bir fakt:

Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizənin əlaqələndirilməsi və gücləndirilməsi üçün BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə təşəbbüs qaldırdı. Ermənistan istisna olmaqla BMT-yə üzv dövlətlər, BMT rəhbərliyi bu təşəbbüsü dəstəklədi və Baş Assambleyanın sessiyası uğurla keçdi.

 

DÜNYANIN QƏBUL  ETDİYİ LİDER

 

SSRİ dünyadan təcrid edilmiş dövlət idi.

Özünəxas formada “dünya sosializm sistemi” yaradaraq, əslində, qapalı çərçivədə fəaliyyət göstərirdi.

Ətrafına da, həmin dövrün təbirincə desək, dəmir pərdə çəkmişdi.

SSRİ adlı super dövlətdə hər şey mərkəzdə - Moskvada hazırlanır, bütün qərar və göstərişlər Kremldən gəlirdi.

Sonra danışıqsız, müzakirəsiz yerinə yetirilirdi.

Kiçik qardaş adlanan on dörd “müttəfiq respublika”nın heç bir hüquq və səlahiyyəti yox idi.

İstənilən fikir və təşəbbüs yalnız Moskva ilə razılaşdırıldıqdan, “hə”risi alındıqdan sonra icra oluna bilərdi.

Heç bir fəaliyyət müstəqilliyindən söhbət belə gedə bilməzdi: dərhal ciddi və “rəngarəng” cəza mexanizmi işə düşərdi.

Hər bir müttəfiq respublikanın xaricə çıxışı yalnız SSRİ vasitəsilə, SSRİ Xarici İşlər Nazirliyi xətti ilə mümkün idi.

Xaricə gedənlər də yalnız Moskvanın vizasından (çoxsaylı yoxlamalardan) sonra istəyini gerçəkləşdirə bilərdi.

Belə bir vəziyyətdə hansısa azərbaycanlı ictimai-siyasi xadimin dünya səviyyəli quruma çıxışı və ona rəhbərlik etməsi mümkünsüz idi.

Cənab İlham Əliyev dünya səviyyəli bir neçə quruma seçki yolu ilə rəhbərlik edən ilk azərbaycanlı siyasi və dövlət xadimidir!

İlham Əliyev dünyada sevilən, beynəlxalq səviyyəli bütün tədbirlərə dəvət edilən, fikirlərinə ehtiyac duyulan və maraqlı çıxışları, təklif və təşəbbüsləri ilə fərqlənən dövlət başçısıdır.

İlham Əliyev dünyanın qəbul etdiyi, sözü, əməli ilə beynəlxalq hüquqa, haqqa-ədalətə daim dəstək verən, rasional fəaliyyəti ilə görünən liderdir.

Azərbaycan gərgin mübarizə şəraitində keçən seçkilərdə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçildi və iclaslarına sədrlik etdi.

İclaslara sədrliyi dövründə cənab İlham Əliyev dünyanı düşündürən, narahat edən, təhlükəsizliyə təhdidlər törədən, yoxsulluğun aradan qaldırılmasına, zəif inkişaf etmiş ölkələrə dəstək olacaq bir sıra məsələlərin müzakirəyə çıxarılmasına, diqqət mərkəzinə gətirilməsinə nail oldu, səmərəli təkliflər irəli sürdü, hətta BMT-nin özündə belə islahatların vaxtının çatdığını göstərdi!

COVID-19 pandemiyası dünyanı caynağına alaraq çoxsaylı insanların tələfatına səbəb olduğu dövrdə bu bəlaya qarşı səmərəli mübarizənin təşkili üçün rəhbərlik etdiyi qurumların onlayn videokonfransını keçirdi, Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri möhkəmləndirərək az inkişaf etmiş dövlətlərin maraqlarının da təmin olunmasını müzakirəyə çıxardı.

İlham Əliyev COVID-ə qarşı vaksinlərin ədalətsiz bölünməsinə, yoxsul ölkələrə cüzi şəkildə peyvəndləmə materiallarının ayrılmasına etiraz edən, bu vəziyyəti tənqid edərək ədalətsizlik kimi qiymətləndirən, habelə imkansız ölkələrə humanitar yardımlar olunmasının vacibliyini göstərərək Azərbaycandan kömək ayrılmasını təmin edən dövlət başçısıdır.

İlham Əliyevi dünyaya sevdirən ən mühüm cəhətləri ədalət və humanizm prinsiplərini daim uca tutması, beynəlxalq hüquq normalarına hörmətlə yanaşması, qarşılıqlı etimada və bir-birilərinin maraqlarının təmininə söykənən əməkdaşlığa daim üstünlük verməsi, dünya dövlətlərinə fayda gətirən transmilli layihələri gerçəkləşdirməsi, dediyinə əməl edərək sözünün sahibi olmasıdır.

Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini saymaqla qurtarmaq olmur!

 

* İlham Əliyev nəyə əl qoyubsa, onu qurub, yüksəldib!

* Daima mümkün olmayanı mümkün edib!

* Başladığı bütün işləri uğurla, ən yüksək səviyyədə sona çatdırıb!

* Çoxsaylı dostluq körpüləri yaradıb, sonra həmin körpüləri dövlətlərarası strateji əməkdaşlığa çevirib!

* Azərbaycanın yeni, müasir imicini formalaşdırıb və müstəqil dövlətimizi bu imicdə dünyaya tanıdıb!

* Dünyada dediyini edən, sözünün sahibi olan dövlət başçısı kimi ad qazanıb!

* Prinsipial məqamda bir addım belə qeri çəkilməyən, sonadək irəliləyərək qələbə çalan lider kimi tanınıb!

 

Sonda qeyd edək ki, 44 günlük Zəfər müharibəsi və itirilmiş torpaqların qaytarılması İlham Əliyevin dövlət rəhbəri kimi fəaliyyətinin mühüm yekunlarından biridir.

 Həm də başlıcasıdır!

 Əslində, bu möhtəşəm qələbə bütün sahələrdəki danılmaz uğurlar sayəsində baş tutmuşdur!

 

DAİM  XALQLA  BİRLİKDƏ

 

Prezident İlham Əliyev Azərbaycana rəhbərliyə başladığı ilk günlərdən daim xalqa açıq olub, mütəmadi şəkildə ən müxtəlif qrup insanlarla görüşüb, onları dinləyib, ölkə ictimaiyyətini iqtidarın gördüyü işlərlə bağlı geniş məlumatlandırıb, hər bir Azərbaycan vətəndaşının yanında olaraq köməyini göstərib.

Özünün irəli sürdüyü “Hər bir dövlət məmuru xalqın xidmətçisidir! Xalqın ən böyük xidmətçisi isə mən özüməm” tələbinə sadiq qalıb.

Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə daim yüksək reytinqə malik olmasının, rəqiblərindən dəfələrlə çox səs toplamasının başlıca səbəblərindən biri xalqla daim təmasa girməsi, onların ehtiyac, arzu və istəklərini öyrənərək gerçəkləşdirməsi, açıq, şəffaf fəaliyyət göstərməsidir.

Azərbaycan demokratik cəmiyyət quruculuğu yolu ilə inamla irəliləyir. Demokratiyanın təməl prinsiplərindən biri mətbuat, söz və fikir azadlığıdır.

Özlərini “demokrat” sayan AXC-Müsavat cütlüyü quş yuxusu qədər çəkən iqtidarları dövründə mətbuata senzura nəzarətini ləğv etməyə qorxdu.

Çünki bilirdilər ki, o qədər səhvlər və talançılıqlar ediblər ki, o barədə mətbuatda həqiqətlər yazılsa, xalq olanları hakimiyyətdən süpürüb atar.

Bu cəsarətli addımı da Ulu Öndər Heydər Əliyev 6 avqust 1998-ci ildə atdı.

Azərbaycan mətbuatını senzuranın buxovlarından azad etdi!

Ulu Öndər bu addımına və mətbuata qayğısına görə dəfələrlə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Cənab İlham Əliyev də bu ənənəni davam etdirdiyindən dönə-dönə “Jurnalistlərin dostu” seçilib.

Bir dövlət başçısı olaraq İlham Əliyev daim jurnalistlərə açıqdır, onlarla sistemli şəkildə görüşür, bütün suallarını cavablandırır, iqtidar tərəfindən görülən və nəzərdə tutulan işlər barədə konkret faktlar əsasında məlumat verir, beynəlxalq arenada baş verən hadisələrə münasibətdə müstəqil Azərbaycanın mövqeyini açıqlayır.

Cənab İlham Əliyevin qayğısı və səxavəti sayəsində Azərbaycan jurnalistlərinə dünyanın heç bir yerində təsadüf olunmayan kömək və yardımlar göstərilir.

Jurnalistlərin müraciəti əsasında Prezident İlham Əliyev yüzlərlə mətbuat işçisinə dövlət hesabına tikilərək təmir olunmuş mənzil vermiş, beləliklə, xeyli qələm əhlini kirayədə yaşamaqdan, darısqal mənzillərdə qalmaqdan xilas etmişdir.

Onun imzaladığı KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına əsasən KİV DDF və sonra MEDİA İA yaradılmış, onlarca qəzetə, sayta mütəmadi qaydada maliyyə yardımı verilməsinə başlanmış, jurnalist yaradıcılığının stimullaşdırılması üçün çoxsaylı yaradıcılıq müsabiqələri keçirilmiş, qaliblər mükafatlandırılmışdır.

Bu qayğı indi də davam etdirilir.

İlboyu Ali Baş Komandan İlham Əliyev hərbi hissələrdə olur, yeni şəhərciklərin açılışını edir, hərbçilərlə söhbətləşir, onları mükafatlandırır, birlikdə çay süfrəsi arxasında əyləşir.

Prezidentimizin ən böyük diqqət yetirdiyi və daim təmasda olduğu insanlar qrupu şəhid ailələri və müharibə əlilləridir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən bu görüşlərdə şəhid ailələri və əlillər dinlənilir, problem və ehtiyacları öyrənilir, dərhal zəruri tədbirlər görülür.

İndiyədək şəhid ailələrinə 10 min 500-dən çox mənzil və fərdi ev verilmiş, əlillərə 7.200 minik avtomobili təqdim edilmişdir.

Vətən müharibəsi dövründə və sonrakı vaxtlarda hərbi hospitallarda yaralı əsgərlərə baş çəkilmiş, ehtiyacı olanlar müalicə üçün qardaş Türkiyəyə göndərilmiş, müasir protezlərlə təmin olunmuşlar.

Kürboyu yaşayış məntəqələrində sel daşqınları, Zaqatala bölgəsində, Şamaxı və Ağsuda baş verən zəlzələ dövründə cənab İlham Əliyev Azərbaycan vətəndaşını tək və arxasız qoymamışdır.

Təbii fəlakətlərdən zərər görmüş insanlara dərhal zəruri kömək və yardımlar göstərilmiş, dövlət hesabına yeni mənzillər tikilərək və ya təmir olunaraq onlara verilmişdir.

Hələ Vətən müharibəsindən öncəki dövrdə, eləcə də savaşın gedişində erməni vandalları faşist xislətlərinə uyğun addımlar atmış, Ağdam, Bərdə, Goranboy, Tərtər rayonlarını, Gəncə və Naftalan şəhərlərini raket və mərmi atəşinə tutaraq mülki əhali arasında çoxsaylı tələfat yaratmış, evləri, ictimai binaları və digər obyektləri dağıtmışdılar.

Prezident İlham Əliyev erməni vəhşiliyinin nəticələrinin aradan qaldırılması üçün dərhal hadisə yerlərinə yollanmış, dəyən zərərin miqdarı və həcmi müəyyənləşdirilmiş, verilən sərəncam əsasında dövlət tərəfindən zəruri kömək və yardım göstərilmiş, həyat normal axarına qaytarılmışdır.

Ölkə ərazisinə tez-tez baş tutan səfərləri zamanı cənab İlham Əliyevin ictimaiyyət nümayəndələri, bütün qrup insanlarla görüşməsi, açıq dialoqa girməsi də ənənəyə çevrilmişdir.

Belə görüş - söhbətlər zamanı dövlət başçısı İlham Əliyev insanların qayğı və ehtiyaclarını öyrənir, müxtəlif məsələlərlə bağlı təklif və iradlarını dinləyir, sonra onlardan çıxış edərək müvafiq sərəncamlar imzalayır, beləliklə, ölkədə vətəndaş məmnunluğuna nail olur.

Azərbaycanın bugünkü inkişaf və yüksəlişində Prezident-xalq görüşlərinin, iqtidar-xalq birliyinin mühüm əhəmiyyəti vardır.

 

AZƏRBAYCANIN QAZANDIĞI  DOSTLAR

 

Azərbaycanın “dünya erməniliyi” adlı böyük bir düşməni var!

Bu düşmən torpaqlarımızı əlimizdən almaq, dünyanın hər yerindən erməniləri gətirib ərazilərimizdə məskunlaşdırmaq üçün dəridən-qabıqdan çıxdı.

27 illik işğal dövründə buna müəyyən dərəcədə nail də olmuşdu.

Bu düşmən bütün vasitələrdən - pulla müxtəlif ölkələrdəki siyasiləri, parlament üzvlərini ələ almaq, seçkilərdə “erməni səsi” dəstəyini vəd etməklə ayrı-ayrı dövlət başçılarının mövqelərinə təsir göstərmək, dünya KİV-ində öz adamlarını yerləşdirmək və yalanlarını təbliğ etmək üçün korrupsiyalaşmış televiziya kanalları, qəzet və informasiya agentlikləri vasitəsilə ictimai rəyə təsir göstərmək, müxtəlif beynəlxalq təşkilatların fəaliyyətini erməni maraqlarına yönləndirmək və digər üsullardan geniş istifadə edir.

Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn tələbləri əsasında nizamlanmaması da dünya erməniliyinin vəsait və əməllərinin nəticəsidir.

Cənab İlham Əliyev bu gerçəkliyi lazımınca qiymətləndirərək dünya erməniliyinin fəaliyyətini zərərsizləşdirmək və önləmək üçün vaxtında, lazımi addımlar atdı.

İlham Əliyevin müəllifi olduğu “hücum diplomatiyası”, beynəlxalq təşkilatlarda Azərbaycan təmsilçilərinin fəallaşdırılması, Azərbaycan-Türkiyə diasporunun birgə fəaliyyətinin qaydaya salınması, Azərbaycanla əməkdaşlıq quran bütün dövlətlərin ölkəmizin maraqlarını daim dəstəkləmələrinin təmini, cənab İlham Əliyevin müxtəlif vaxtlarda rəhbərlik etdiyi nüfuzlu beynəlxalq təşkilatlarda gördüyü işlər sayəsində onların daim ölkəmizin maraqlarından çıxış etməsi dünya erməniliyi üzərində möhtəşəm qələbəyə yol açdı!

Bunlar heç də Ermənistan ordusu üzərindəki qələbədən az əhəmiyyətli deyildir!

İlham Əliyevin tutduğu ikinci yol Azərbaycana həqiqi dostlar qazandırması və onların dəstəyindən məqamında istifadə etməsidir!

Artıq tarixə çevrilmiş bir fakt!

1992-ci ildə Kəlbəcərin işğalı zamanı o dövrdə Azərbaycana başçılıq edən Ə.Elçibəy S.Dəmirəldən mülki əhalinin işğal zonasından tələfatsız çıxarılması üçün 1-2 vertolyot ala bilmədi...

Əvvəla, o dövrkü Türkiyə təkbaşına qərar qəbul etməkdə çətinlik çəkirdi...

İkincisi, Ə.Elçibəy və S.Dəmirəl dostluğu da elə bir səviyyədə deyildi...

Bu gün Rəcəb Tayyib Ərdoğan Türkiyəsi öz maraqlarını daim təmin etməyə qadir qlobal dövlətə çevrilib.

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dostluğu isə çoxdan mehriban qardaşlıq səviyyəsinə yüksəlib.

Hər biri digərinə ən xoş və ürəkisidən şəkildə - əziz dostum, qardaşım, - deyərək müraciət edir!

Bu dostluğun da, iki qardaş ölkə arasındakı münasibətlərin də indiki səviyyəyə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin böyük, danılmaz xidmətləri vardır!

44 günlük Zəfər müharibəsində Türkiyə Prezidenti də, dövləti də, xalqı da birmənalı şəkildə Azərbaycanın yanında oldu, bunu dəfələrlə, dönə-dönə bəyan etdi, hər cür kömək göstərdi!

İlham Əliyevin Azərbaycana dost etdiyi digər dövlətlər də - Pakistan, İsrail, Ukrayna, İtaliya, habelə Cənub Qaz Dəhlizinin ərazisindən keçdiyi bir çox dövlətlər daim Azərbaycanın haqq işini dəstəkləyir, hər yerdə və hərtərəfli köməklərini əsirgəmirlər.

 Müharibə dövründə BMT-nin Azərbaycanın ziyanına yeni qətnamə qəbul etməsinin qarşısını alan İlham Əliyevin rəhbəri olduğu Qoşulmama Hərəkatındakı dost ölkələr olmuşdur!

İlham Əliyevin şəxsi keyfiyyətləri, dost qazanmaq və hər zaman dosta əl tutmaq xüsusiyyəti dövləti maraqlarının həyata keçirilməsində də öz rolunu oynayır!

 

KİÇİK  MÖCÜZƏLƏRDƏN YARANAN  BÖYÜK  MÖCÜZƏ

 

Prezident İlham Əliyev həm də möcüzələr ustasıdır!

Bu, gəlişigözəl söz deyil, konkret faktlara söykənən reallıqdır!

BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və onun BMT-nin üzvü olan 3 həmsədr dövlətlərinin, beynəlxalq hüququn və beynəlxalq konvensiyaların gücünün çatmadığı, həll edə bilmədiyi Qarabağ problemini 44 gün ərzində uğurla həll etdi!

Arxasında dünya erməniliyi, ayrı-ayrı ölkələrdəki ermənipərəst qüvvələrin dayandığı Ermənistanı, otuz il ərzində pulsuz silahlandırılaraq Qarabağda möhkəmlənmiş erməni ordusunu biabırçı şəkildə məğlub etdi, onlara diplomatiya sahəsində və informasiya müharibəsində də üstün gəldi!

Müharibənin aparılması, hərbi əməliyyatların bir çoxunun çəkilərək televiziya vasitəsilə nümayiş etdirilməsi, Ermənistanın kapitulyasiya aktına qol çəkərək Ağdam, Laçın və Kəlbəcər kimi istehkam rayonlarını dinməz-söyləməz geri qaytarması əsl möcüzə idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu möcüzəni dünyanın gözü qarşısında yaratdı!

Dünya bunu gördü və bildi!

Türk Dövlətləri Təşkilatı qəhrəman Azərbaycan Prezidentinin bu zəfərini özünün ən yüksək mükafatına layiq görərək, onu Türk Dünyasının Ali Ordeni ilə təltif etdi!

 

BU GÜN İLHAM ƏLİYEV AZƏRBAYCANI:

 

* Tarixinin ən qüdrətli dövrünü yaşayır;

* Cənubi Qafqazın ən güclü dövləti və söz sahibidir;

* Torpaqlarını işğaldan azad edən qalib xalqdır;

* Dünya kosmos ailəsinin üzvüdür;

* Logistika mərkəzi, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin qovuşduğu məkandır;

* Dünyada sülhməramlı əməliyyatların fəal iştirakçısıdır;

* Beynəlxalq idman yarışlarının həvəslə keçirildiyi yer, idman dövlətidir;

* Avropanın etibarlı enerji təminatçısıdır;

* Multikultural ənənələri yaşadan tolerant ölkədir;

* Daim inkişaf edən, beynəlxalq hüququn norma və prinsiplərini heç zaman pozmayan, humanitar aksiyalarda fəallıq göstərən, müstəqil, suveren dövlətdir!

 

Şanlı yubileyin mübarək, qalib Azərbaycan!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video