27 May 2022 03:28
834
İQTİSADİYYAT
A- A+

Trans-Xəzər Nəqliyyat Dəhlizinə maraq artıb

 

İndi dünya alternativ kimi bu marşrutu seçir

 

Bütün dünyada ticarətin intensivliyini təmin edən marşrutlara üstünlük verilməsi  təsadüfi deyil. Çünki yüklərin tez, təhlükəsiz və ucuz çatdırılması yük göndərən və qəbul edən tərəflərin marağında olan əsas məsələdir.

Hazırda dünya ticarətinin 80 faizi okean və dənizlər üzərindən həyata keçirilir. Yüklərin gəmi ilə uzaq məsafələrə daşınması iki mühüm cəhətə görə ticarət tərəfdaşları üçün sərfəli deyil. Belə ki, su marşrutu ilə yüklər alıcılara gec çatır, üstəlik, xərclər dəmir yolu ilə daşınmadan baha olur. Ticarət tərəfdaşları qeyd edilən iki mühüm səbəbə görə alternativ yollara üstünlük verirlər.

Su yolu ilə yüklərin daşınması həm də təhlükəlidir. Süveyş kanalında baş verən gəmi qəzası zamanı bunun şahidi olduq. Məlum oldu ki, Şərqdən Qərbə və ya əksinə olan bu mühüm beynəlxalq marşrut təhlükəsilzik baxımından etibarlı deyil. Qəza nəticəsində dünya iqtisadiyyatına milyardlarla dollar ziyan dəydi.

Çevik ticarətin aparılması isə öz növbəsində iqtisadi inkişafı stimullaşdıran başlıca şərtlərdən biridir. Belə ki, istehsalçı hazırladığı məhsulu vaxtında satmalıdır ki, əldə etdiyi vəsaitlə öz işini ahəng pozulmadan davam etdirsin. Bu üzdən istehsalçılar məhsullarının alıcılara tez çatdırılmasında maraqlıdır.

İndiki halda Çinlə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 1 trilyon dollar civarındadır. Ümumilikdə Asiya ilə Avropa arasındakı ticarətin həcmi daha çoxdur.

Rusiya-Ukrayna savaşı dünya ticarətinin normal aparılmasına da mənfi təsir göstərib. İki dövlət arasında gedən müharibə bu ölkələrdən keçən ənənəvi marşrutların fəaliyyətini iflic edib. Bu səbəbdən alternativ marşrutlara maraq artıb. Hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ən etibarlı və iqtisadi baxımdan sərfəli marşrut kimi diqqəti özünə cəlb edir.

Bu nəqliyyat dəhlizi ilə daşınan yüklərin müddətini 12 gündən 10 günə endirmək mümkündür. Bu fikri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu Ankarada keçirilən "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin ümumi yığıncağının növbəti toplantısında bildirib. Bu, hazırda marşrutun cəlbediciliyini artırmaq üçün onun keçdiyi ölkələr tərəfindən hədəf kimi qarşıya qoyulub.

Nazir həmçinin vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb. Odur ki, Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır: "Anadolunun Qərbindən başlayaraq Şərqə uzanan bu yol ticarətin fərqli qitələrə, hətta dünyaya yayılmasına imkan verir. Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi və Türkiyəni secərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Belə ki, Süveyş kanalı üzərindən gəmi 20 min kilometr yol qət edir. Orta Dəhliz öz imkanları və region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm həlqələrindən biri olacaq. Biz Orta Dəhlizi daha da gücləndirəcəyik".

Onu da deyək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır. Qazaxıstan, Xəzər dəhlizi, Azərbaycan, Gürcüstan ərasizindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, "vahid pəncərə" prinsipi tətbiq olunur.

Hazırda dünya ölkələri daşımaların daha ucuz və təhlükəsiz olan quru və dəmir yolu ilə həyata keçirilməsinə maraq göstərir. Bunun üçün mövcud və alternativ marşrutların imkanları araşdırılır.  Belə olan halda Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq. Zəngəzur dəhlizinin açılması ilə həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Belə ki, nəqliyyat dəhlizlərinin şaxələnməsi yükdaşımaların  etibarlılığını artıran mühüm faktordur.

Ermənilər və onların havadarları Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmaq istəyirlər. Bu da səbəbsiz deyil. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyənin dünyada siyasi əhəmiyyətini daha da artıracaq. Bununla yanaşı, hər iki ölkə dünyada gedən siyasi proseslərə təsir göstərmək imkanı da qazanacaq. Prezident İlham Əliyev layihəyə əngəl törətmək istəyən qüvvələrə qəti şəkildə xəbərdarlıq edərək demişdir: "İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq".

Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz  üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, onun dünyadakı siyasi çəkisini daha da artırdı. Məsələn, nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq. Belə ki, Çinin dünyaya açılma siyasətinin beynəlxalq aləmin  diqqət mərkəzində olması faktdır. Avropa İttifaqı da Çinlə iqtisadi əlaqələrə böyük əhəmiyyət verir. Çünki Çin hazırda dünyanın nəhəng ixracatçılarındandır və dünya bazarına ildə təxminən 2 trilyon 400 milyard dollar dəyərində məhsul çıxarır. Bu səbəbdən də yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüslə çıxış edir.

Bu baxımdan 2020-ci il noyabrın 10-da imzalanmış məlum sənədə Prezident İlham Əliyevin tələbi ilə ilk baxışda Dağlıq Qarabağ münaqişəsinə aid olmayan, lakin ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə sayılmalıdır. Həmin maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına imkan verir ki, bu da ilk növbədə muxtar respublikanın nəqliyyat blokadasından çıxması deməkdir.

Azərbaycandan Naxçıvana dəmir yolu əlaqəsinin bərpası həm də "Şərq-Qərb", "Şimal-Cənub" dəhlizləri ilə bağlı yeni şərait yaradır. Prezident İlham Əliyevin bu siyasi gedişi gələcəyə hesablanmış nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünki marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürücü imkanlarını daha da artıracaq. Bu, ölkəmizə geniş iqtisadi imkanlarla yanaşı, böyük siyasi dividendlər gətirəcək. Əvvəla ona görə ki, Azərbaycan-Naxçıvan marşrutu mövcud Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan qısadır və bu həm yük göndərən, həm də yük qəbul edən tərəflər üçün sərfəlidir. Dövlətlərarası ticarətdə bu faktora xüsusi önəm verirlər, çünki məsafə qısaldıqca daşınma xərcləri ucuzlaşır. Digər mühüm əhəmiyyət daşıyan fakt isə odur ki, alternativi çox olan hər bir marşrut daha etibarlı sayılır. Məsələn, hər hansı bir səbəbdən - istər siyasi, istərsə də təbii, yaxud texnogen qəzalar üzündən Bakı-Tbilisi-Qars marşrutu fəaliyyətini dayandırarsa, yüklərin Çindən Avropaya daşınması üçün Azərbaycan-Naxçıvan-Türkiyə marşrutundan istifadə etmək mümkün olacaq.

Məlumdur ki, Azərbaycan "Şərq-Qərb", "Şimal-Cənub" və "Şimal-Qərb" nəqliyyat dəhlizləri kimi regional bağlantıda mühüm mövqeyə malikdir. Ölkəmiz artıq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dünyanın bir çox ölkəsi bu reallığı qəbul edib Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa üstünlük verir. Vaxtilə Azərbaycana bu işdə siyasi əngəl törədən ölkələr indi bizimlə iqtisadi əməkdaşlığa can atırlar.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video