28 Yanvar 2023 15:22
239
SİYASƏT
A- A+

“The Guardian”: Azərbaycan Ermənistanı ətraf mühitə vurduğu ziyana görə məhkəməyə verir

 

Böyük Britaniyanın “The Guardian” nəşrində Azərbaycanının Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddia ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Ermənistanı 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə ətraf mühitə və biomüxtəlifliyə ciddi zərbə vurmasına görə məhkəməyə verdiyi qeyd olunub.

Bildirilib ki, münaqişə dövründə meşələrin qırılması və çirkləndirilməsi də daxil olmaqla ətraf mühitin geniş şəkildə məhv edilməsinə dair sübutları nəzərdən keçirəcək beynəlxalq tribunaldan Ermənistanın təzminat ödəməsi tələb ediləcək.

Məqalədə qeyd olunub ki, təbiət üzrə Bern Konvensiyası çərçivəsində qaldırılan bu məsələ müharibələr zamanı biomüxtəlifliyin məhv olunmasına görə presedent rolunu oynaya bilər.

Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədən sonra erməni qüvvələri təxminən 30 il boyunca, - Azərbaycan 2020-ci ilin sentyabrında əks-hücuma keçənədək Qarabağı nəzarətdə saxlayıblar. Azərbaycan tərəfi bildirir ki, ərazilər geri qaytarılarkən yaşayış yerlərinin və növlərin zədələndiyini, təbii resursların tükəndiyini və biomüxtəlifliyin məhv edildiyini aşkarlayıb.

“Bu məhkəmə işi iki dövlət arasındakı daha geniş diplomatik münaqişənin bir hissəsidir. Azərbaycan Avropa və Asiya arasında geosiyasi mənada önəmli nöqtədə yerləşən strateji məntəqədir, eyni zamanda, bitki və heyvan növləri üçün bioloji yol kəsişməsidir”, - deyə məqalədə vurğulanıb.

Həmçinin bildirilib ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal dövründə ərazilərin minalanması, mədən sənayesi biomüxtəliflik mərkəzləri sayılan, Qafqaz bəbiri, qonur ayı, boz qurd, çöl qartalı kimi nadir, nəsli kəsilməkdə olan və endemik növlərə ev sahibliyi edən meşələrin çoxunu zədələyib. Nazirliyin məlumatına görə, 7 min hektardan çox qoruq ərazisi zədələnib. Bu rezervlərdən bəziləri Bəsitçay dərəsindəki Şərq Çinarı meşəsi kimi nadir və həssas ekosistemlərin müdafiəsi məqsədilə yaradılmışdı. Müharibə zonasında bəzilərinin yaşı 2000 il olan qədim ağacların kəsildiyi bildirilir. Bu ağaclar mikroiqlimlərin tənzimlənməsi və biomüxtəlifliyin qorunması ilə yanaşı, mədəni baxımdan da vacibdir.

Yazıda qeyd olunub ki, BMT-nin Ətraf Mühit Proqramının ötənilki hesabatında Azərbaycanın işğaldan azad edilən ərazilərində kənd təsərrüfatı torpaqlarında və suidarəetmə sistemlərində ciddi zədələr aşkarlamasına dair məlumatlar yer alıb. Çardaqlıda kömür mədəni və daş karxanası işləri müvafiq ekoloji nəzarət olmadan həyata keçirilib və bu, kimyəvi çirklənmə və çöküntü risklərini artırıb.

Məqalədə, həmçinin ermənilərin basdırdığı minaların həm də ekoloji problemlərə yol açdığı vurğulanıb. Mal-qaranı və vəhşi heyvanları öldürən, yanğınlara səbəb olan mina probleminin hələ də qaldığı diqqətə çatdırılıb: “Azərbaycan Ermənistanın vəhşi flora və faunanın saxlanılması, yaşayış yerlərinin qorunması və bərpası, köçəri olanlar da daxil olmaqla spesifik növlərin qorunmasına dair Bern Konvensiyasından irəli gələn öhdəliklərini pozduğunu bildirir. Azərbaycanın arbitrajdakı nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın işğal dövründə biomüxtəlifliyi və ətraf-mühiti qorumaq yerinə məhv etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan 18 aydan çox bir müddətdə məsələni diplomatik yolla həll etməyə çalışıb. Təəssüf ki, Ermənistan tərəfi Azərbaycanın səylərinin qarşısını alıb və buna məhəl qoymayıb. Ona görə də Ermənistanın ətraf mühitə vurduğu ziyana görə məsul tutulması üçün bu prosedurlara başlamaqdan başqa Azərbaycanın seçimi qalmayıb”.

Əlavə olunub ki, həm Azərbaycan, həm də Ermənistanın arbitrləri təyin etmələri üçün üç ayı var və bu arbitrlər vurulan zərərə dair sübutları nəzərdən keçirəcək, həmçinin Ermənistanın təzminat olaraq nə qədər ödəməli olması haqqında qərar verəcəklər. Bern Konvensiyasını imzalayan Ermənistan hüquqi olaraq hökmə hörmət etməyə borcludur.

Yazıda bildirilib ki, biomüxtəlifliyə aid məhkəmə çəkişmələri ilə bağlı bu iddia Bern Konvensiyasını sınaqdan keçirən ilk məlum işdir. Londonda fəaliyyət göstərən “Clyde & Co” hüquq firmasının hüquqşünası Zaneta Sedilekova “The Guardian“a bildirib ki, Azərbaycanın iş üzrə uğur qazanması biomüxtəlifliyin qorunmasını, mühafizəsini və bərpasını gücləndirəcək və bu presedentin dövlət və qeyri-dövlət aktorları üzərində əsaslı təsiri olacaq: “Azərbaycan iş üzrə uğur qazanarsa, bu, arbitraj tribunalının ətraf mühitin məhv edilməsinə görə təzminat ödənilməsi qərarı verməsinə, xüsusi ərazi və ölkələrdə biomüxtəliflik itkisinin, ekosistemin zədələnməsinin iqtisadi qiymətləndirilməsinə dair ilk hal sayılacaq”.

Yazıda qeyd olunub ki, Azərbaycan beynəlxalq tribunaldan Ermənistanın təzminat ödəməsi ilə yanaşı, ətraf mühiti çirkləndirən və hazırda da davam edən fəaliyyətlərinə son qoymasını əmr etməsini istəyir. Dekabr ayında BMT Baş Assambleyası silahlı münaqişə və işğal zamanı ətraf mühitin mühafizəsi, o cümlədən korporativ davranış və təbii ehtiyatlardan istifadə haqqında hüquqi prinsiplərlə bağlı 27 qərar qəbul edib.

Məqalədə bildirilir ki, Azərbaycan tərəfi təzminat tələb etməklə yanaşı, tribunaldan Ermənistana ətraf mühitə ziyan vurmaqda davam edən fəaliyyətləri dayandırmağı əmr etməsini istəyir. 2021-ci ildə Azərbaycan tərəfindən Oxçuçayda aparılan analizlər suda və çöküntülərdə kadmium, qurğuşun, nikel, dəmir, molibden və sink də daxil ağır metalların yüksək konsentrasiyasının olduğunu göstərdi. Azərbaycan tərəfi bildirir ki, bəzi mühafizə olunan balıq və amfibiya növləri təhdid altındadır və problem çayın Ermənistandakı yuxarı axarının mis və molibden mədənlərindən ayrılan tullantı suları, həmçinin məişət tullantıları ilə çirkləndirilməsindən qaynaqlanır. BMT-nin Ətraf Mühit Proqramının hesabatında Oxçuçayın çirklənməsinin Ermənistanda uzun zamandır ki, narahatlığa səbəb olduğu qeyd edilib. Orada göstərilib ki, ermənilərin ətraf mühit və vətəndaş cəmiyyəti təşkilatları çayın ağır metallar və digər tullantılarla çirkləndirilməsinə dair müntəzəm olaraq həyəcan təbili çalırlar və erməni elm adamlarının apardıqları araşdırmalar da getdikcə pisləşən vəziyyəti aşkara çıxarıb.

Yazıda, həmçinin məsələ ilə bağlı rəy bildirməsi üçün Ermənistan hökuməti ilə əlaqə yaratmağın mümkün olmadığı vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video