20 Yanvar 2022 22:04
388
SİYASƏT

Tbilisidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

 

Tbilisidə Gürcüstanın Milli Parlament Kitabxanasının zalında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, dövlət və hökumət rəsmiləri, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Marneuli şəhərinin meri Kənan Ömərov, parlamentin deputatları Zaur Darğallı və Savalan Mirzəyev, azərbaycanlı və gürcü ziyalılar, iş adamları, gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsindən bəhs edən fotosərgiyə baxıblar.

Sonra 20 Yanvar və 1989-cu ilin aprelin 9-da Tbilisidə baş vermiş qanlı hadisələrin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Gürcüstandakı səfiri Faiq Quliyev tədbirdə çıxış edərək Azərbaycan xalqının müstəqillik uğurundakı mübarizəsindən bəhs edib, 20 Yanvar faciəsinə aparan hadisələri şərh edib. Bildirib ki, 20 Yanvar hadisələri xalqın müstəqillik uğurundakı mübarizəsinin dönüş nöqtəsi olub. Ona görə də xalqımız bu günü yalnız hüzn və matəm günü kimi deyil, həm də şərəf və qəhrəmanlıq günü kimi qeyd edir.

Diplomat ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə hüquqi qiymətin verilməsində əvəzolunmaz və böyük rolunu xüsusi qeyd edib.

Bildirib ki, dahi şəxsiyyət və müdrik siyasətçi Heydər Əliyev faciədən sonra ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqla həmrəylik nümayiş etdirib, sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı törətdiyi dəhşətli cinayətə kəskin etirazını bildirib və təşkilatçıları ifşa edib.

Onun sözlərinə görə, 20 Yanvar faciəsi insanlığa qarşı cinayət kimi səciyyələndirilməli, bu qanlı faciənin təşəbbüskarları və icraçıları mütləq şəkildə cəzalandırılmalıdır.

Azərbaycan və gürcü xalqlarının azadlığa gedən yolda oxşar talelər yaşadığını vurğulayan F.Quliyev deyib: “Azərbaycanın Gürcüstanla tale və qan bağlılığı var. 20 Yanvar hadisələrində şəhid olanlar arasında Gürcüstan əsilli 6 azərbaycanlının da olması bunun bariz nümunəsidir. O şəhidlərdən biri Bolnisinin Faxralı kəndində dəfn olunub.

Səfir gürcü xalqının da müstəqillik uğurundakı mübarizəsini xüsusi qeyd edib. Bildirib ki, 9 Aprel və 20 Yanvar tarixləri hər iki xalqın yaddaşına əbədi həkk olunub və şəhidlərin əzizi xatirələri qəlblərdə daima yaşayacaq.

Sonra Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya çıxış edərək Azərbaycan xalqına başsağlığı verib. Bildirib ki, Gürcüstanda 9 Aprel, Bakıda 20 Yanvar qırğınlarını törədənlər xalqlarımızın mübarizlik əzmini qıra bilməyiblər. Hər iki xalq çətin də olsa öz müstəqilliyini bərpa edib. Bu gün Azərbaycan ilə Gürcüstan strateji tərəfdaş olaraq müstəqil dövlət kimi inkişaf edir, regionda və dünyada sülhün, əmin-amanlığın bərpa olunmasında mühüm işlər görürlər.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxış edərək deyib ki, Azərbaycanın müstəqilliyi 20 Yanvar şəhidlərinin qanı bahasına əldə olunub. Otuz iki il əvvəl şəhid olanların ruhu 2020-ci ildə Azərbaycanın Zəfəri ilə rahatlıq tapdı.

“Bölgədə mücadilə hələ bitməyib, qarşımızda bölgədə barış, rifah və sabitliyi yaşatmaq durur. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın yolunun açıq olacağına əminəm", – deyə türkiyəli diplomat vurğulayıb.

Daha sonra 20 Yanvar hadisələrinin şahidi, gürcüstanlı jurnalist Bəhram Mehdi, Gürcüstanın Əməkdar artisti, 9 Aprel hadisələrinin şahidi Nana Abaşidze faciələrlə bağlı acı xatirələrini bölüşüblər.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib. Azərbaycanın Əməkdar artistləri – pianoçu Nərgiz Əliyeva və kamança ustası Fəridə Məlikova, violençelist Giorgi İmanov musiqilər ifa ediblər.

Gürcüstan Pantomima Teatrının aktyorları Vaso Kiporoidze və Tata Qvasaliya 20 Yanvar və 9 Aprel faciələrinin ağrı-acısını, iztirablarını əks etdirən səhnəciklə çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video