08 May 2022 02:58
1736
SİYASƏT

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

 

Görkəmli siyasi və dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri çoxəsrlik tariximizin ən parlaq səhifələridir. Heydər Əliyev hansı ictimai formasiya və siyasi quruluşda fəaliyyət göstərməsindən asılı olmayaraq, onun bütün fəaliyyətinin nüvəsini xalqımızın parlaq gələcəyinin, qüdrətli bir dövlət kimi Azərbaycanın milli müstəqilliyinin əbədiliyinin təmin edilməsi təşkil etmişdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət etmiş, bütün güc və bacarığını Azərbaycan xalqının rifahına və milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə yönəltmişdir. O, özünün həyat amalı haqqında danışarkən demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

 

Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi əsasları 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılıb

 

Ümummilli Liderin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər genişmiqyaslı inkişaf və tərəqqinin əldə olunması, milli kimliyimizin dirçəldilməsi, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması dövrü kimi xarakterizə olunur. Heydər Əliyev kimi parlaq zəkaya, dərin biliyə və misilsiz işgüzarlığa malik bir şəxsiyyətin respublikamıza rəhbər seçilməsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmuşdur.

1969-cu ilin iyul plenumuna qədər Azərbaycan keçmiş sovet respublikaları arasında geridə qalmış, aqrar əyalət hesab olunurdusa, 1970-ci illərin sonunda artıq Heydər Əliyevin yüksək təşkilatçılıq qabiliyyəti və təşəbbüskarlığı, yorulmaz fəaliyyəti sayəsində güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye regionuna çevrilmişdir. Çox qısa müddətdə respublikada çoxşaxəli iqtisadi inkişaf konsepsiyası hazırlanmış və icrasına başlanılmış, sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyata mənfi təsir göstərən meyillər aradan qaldırılmış, ənənəvi təsərrüfat sahələrinin səmərəli fəaliyyətinin bərpası ilə yanaşı, yeni istehsal sahələri yaradılmış, keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri Azərbaycanda inşa olunmuş, sənayenin ayrı-ayrı bölmələri üzrə görülən tədbirlər nəticəsində böyük inkişaf dinamikası əldə olunmuş, o cümlədən neft-kimya, maşınqayırma, energetika, metallurgiya sahələri inkişaf etməyə başlamışdır.

Azərbaycan cəmiyyətinin milli özünüdərkə dönüşü, xalqımızın tarixi yaddaşının özünə qaytarılması, milli ruhun oyanması mərhələsinin əsası da ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan xalqının gerçək tarixinin öyrənilməsi, milli ədəbiyyat nümunələrinin, adət-ənənələrinin təbliğ olunması, Azərbaycan dilinin qorunması və geniş yayılması, kadrların milliləşdirilməsi, şəhər və rayonlarda sağlam ictimai mühitin yaradılması kimi cəsarətli addımların atılması Ulu Öndərin qətiyyətinin göstəricisi olmuşdur. Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoyulması, onun mükəmməl bir konsepsiya şəklində irəli sürülməsi və icra olunması da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev təhsil, elm məsələlərinə yüksək həssaslıqla yanaşmış, ali təhsil müəssisələrində tədris və tərbiyə işinin təşkili, maddi-texniki bazanın təkmilləşdirilməsi böyük irəliləyişlərə səbəb olmuşdur. Həmin dövrdə azərbaycanlı gənclərin Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı ali elm və təhsil ocaqlarına göndərilməsi Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşdırılmasına xidmət etmiş, həmin dövrdə yaxşı təhsilə yiyələnmiş kadrlar Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə quruculuq və inkişaf proseslərində aktiv iştirak etmişlər. Azərbaycanın yüksək peşəkarlığa malik hərbi kadrlarının hazırlanması istiqamətində addımlar da həmin dövrə təsadüf edir. Ulu Öndər Heydər Əliyev böyük cəsarət və uzaqgörənliklə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail olmuş, bununla yanaşı gənc azərbaycanlı oğlanların ittifaq miqyasında tanınmış ali hərbi məktəblərə cəlb olunması işinə xüsusi diqqət yetirmişdir. Ümummilli Lider Heydər Əliyev 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə demişdir: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər".

Beləliklə, Ulu Öndərin yüksək idarəçilik və islahatları uğurla reallaşdırmaq məharəti sayəsində respublikanın potensialı əsaslı şəkildə artmış, sosial-iqtisadi tərəqqi baş vermiş, Azərbaycan keçmiş ittifaq miqyasında ilk yerlərə yüksəlmişdir. Əminliklə qeyd edə bilərik ki, əsrin sonlarında Azərbaycanın əldə etdiyi müstəqilliyin iqtisadi əsaslarını da məhz həmin  dövrdə Ulu Öndər tərəfindən yaradılmış güclü baza təşkil etmişdir.

 

Heydər Əliyev hər zaman öz xalqının yanında olmuş, doğma Vətəninin inkişafını diqqət mərkəzində saxlamışdır

 

Heydər Əliyevin böyük səriştəsi, bacarıqlı idarəçilik və təşkilatçılıq qabiliyyəti, şəxsiyyəti, qısa müddətdə əldə etdiyi nəhəng nailiyyətlər hər kəsin diqqətini çəkmiş, Ulu Öndər ittifaq rəhbərliyinə qədər yüksəlmişdir. O, 1976-cı ilin mart ayında Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Heydər Əliyev harada olmasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq, doğma Vətəninin inkişafını daim diqqət mərkəzində saxlamışdır. O, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 60-dan çox nazirlik, komitə və müxtəlif mərkəzi idarələrin fəaliyyətinə rəhbərlik edərkən də respublikamızın sosial-iqtisadi inkişafına yönələn tədbirlərin həyata keçirilməsinə böyük dəstək vermişdir.

Lakin 1987-ci ilin oktyabrında Sov. İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib M.S.Qorbaçovun yeritdiyi yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Bundan sonra xalqımız üçün problemlər, çətinliklər başlamış, respublikamıza qarşı o vaxta qədər Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün, güclü Heydər Əliyev amilinin  qarşısına sədd çəkdiyi təxribat planları, məkrli iddialar baş qaldırmışdır. Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidlər, separatçı meyillər geniş vüsət almışdır. 1990-cı ilin 20 yanvar tarixində isə Azərbaycan xalqına qarşı qanlı qırğın törədilmişdir.

Heydər Əliyev respublikamızda baş verən hadisələri daim diqqətlə izləmiş, bütün məhrumiyyətlərə və təzyiqlərə baxmayaraq, böyük lider kimi hər zaman canından çox sevdiyi xalqının yanında olmuşdur. 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən cinayətə ilk etiraz səsini ucaldan da məhz Heydər Əliyev olmuşdur. O, hadisənin ertəsi günü - yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu vəhşiliyi qətiyyətlə pisləmiş, onun törədilməsi səbəblərini, təşkilatçılarının, günahkarlarının adını açıq mətnlə bəyan etmiş, Azərbaycan xalqı ilə həmrəyliyini ifadə etmişdir. Heydər Əliyev kimi böyük bir şəxsiyyətin bəyanatı dünya ictimai rəyini xalqımıza qarşı törədilən bu qanlı qırğına yönəltmiş, beynəlxalq ictimaiyyət məlumatlandırılmışdır. Ümummilli Lider bu qanlı cinayətə etiraz kimi daha bir cəsarətli addım ataraq Kommunist Partiyasının sıralarını tərk etmişdir.

 

Ulu Öndər Naxçıvan Muxtar Respublikasını qorumağa nail olmuşdur

 

Ulu Öndər 1990-cı il iyulun 20-də Bakıya dönsə də, respublikanın ovaxtkı rəhbərliyi bu böyük liderin Bakıda yaşamasına imkan verməmiş və iyulun 22-də Heydər  Əliyev doğulduğu Naxçıvan Muxtar Respublikasına getmişdir. Əslində, onun Naxçıvana qayıdışı da taleyin hökmü, Ulu Öndərin xilaskarlıq missiyasının növbəti mərhələsi idi. Çünki o vaxt çox ağır şərtlər altında olan Naxçıvanın işğal edilməsi erməni separatçılarının və onların havadarlarının Azərbaycana qarşı məkrli planlarında ilk sıralarda dayanırdı. Məhz Heydər Əliyev Naxçıvana qarşı işğal planlarını alt-üst edərək muxtar respublikanı qorumağa nail olmuşdur.

Bu dövrdə muxtar respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görülmüş, siyasi böhran aradan qaldırılmış, iqtisadi islahatlar həyata keçirilmişdir. Hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirilmiş, keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edilmiş, eyni qərarın Azərbaycan Ali Soveti tərəfindən də qəbul olunması üçün vəsatət qaldırılmışdır. Ulu Öndər 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis olunması haqqında qərar qəbul etmişdir. 1992-ci il noyabr ayının 21-də Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması isə Azərbaycanın siyasi sisteminə yeni nəfəs, yeni demokratik ənənələr gətirmişdir.

 

Heydər Əliyev Vətənin ağır günündə müqəddəs xilaskarlıq missiyasını öz üzərinə götürdü

 

Məlumdur ki, ötən əsrin sonlarına doğru dünyada və regionda baş verən proseslər keçmiş ittifaqın süqutu və yeni milli dövlətlərin həyata vəsiqə alması ilə nəticələnmiş, Azərbaycan xalqı da əsrin əvvəllərində əlindən alınan müstəqilliyinə qovuşmuşdur. Lakin 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün heç bir praktiki addımlar atılmamış, əksinə, ölkədəki vəziyyət gündən-günə daha da gərginləşmişdir.

Müstəqilliyin ilk illərində iqtisadiyyat böhrana uğramış, vətəndaşların güzəranı kəskin pisləşmiş, siyasi sistem iflic olmuşdur. Hakimiyyətə yaxın qanunsuz silahlı dəstələr arasında mübarizə daha da kəskinləşmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdır. Digər tərəfdən, Ermənistan ölkəmizdə mövcud olan siyasi və hakimiyyət böhranından, idarəsizlik və qarmaqarışıqlıqdan istifadə edərək, Azərbaycan torpaqlarının işğalını genişləndirmiş, bir milyondan çox soydaşımız qaçqın və köçkün vəziyyətinə salınmışdır. Beləliklə, həm müəyyən dairələrin tapşırıqları ilə hərəkət edən qrupların, həm də siyasi hakimiyyəti qeyri-qanuni, antidemokratik yolla ələ keçirən AXC- Müsavat iqtidarının zamanında Azərbaycan dövləti tənəzzüllə uğramış, müstəqil Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasının ikinci ilində faktiki olaraq əsrin əvvəllərində Xalq Cümhuriyyətinin yaşadığı taleyi yaşamaq təhlükəsi ilə qarşılaşmışdır.

Əlbəttə, müstəqillik, öz taleyinin sahibi olmaq hər bir xalq üçün ən böyük sərvətdir. Hər bir xalqın ən ümdə, həyati vəzifəsi isə bu müstəqilliyi qorumaq, əbədi yaşatmaqdır. Bu zaman xalqın daxili enerjisi, milli keyfiyyətləri, yaradıcılıq gücü ilə yanaşı, onun müstəqillik amalları ətrafında sarsılmaz birliyini təmin edən, bu məqsəd naminə səfərbər etməyi bacaran, yüksək səriştəli, təşkilatçı, xarizmatik, tarixi missiya daşıya bilmək imkan və qüdrətinə malik olan liderin rolu həyati əhəmiyyətə malikdir. Heydər Əliyev də ən mürəkkəb zamanlarda və taleyüklü məqamlarda misilsiz liderlik keyfiyyətləri nümayiş etdirərək öz dövlətini və xalqını zamanın sınaqlarından uğurla çıxarmış, Azərbaycanın tərəqqisini, müstəqilliyinin dönməzliyini təmin etmişdir.

Prezident İlham Əliyev Ulu Öndərin həlledici anlarda böyük liderlik göstərərək xalqımızı xilas etməsi haqqında danışarkən demişdir: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur".

1993-cü ildə Azərbaycan dövlətçiliyi ən ağır sınaqlarla qarşı-qarşıya qalanda yenə də xilaskarlıq missiyası Heydər Əliyevin üzərinə düşmüşdür. Heydər Əliyev kimi bütün mənalı ömrünü öz xalqına həsr edən nəhəng dövlət xadimi Azərbaycan xalqının çağırışına və təkidli tələbinə, ölkəmizin üzləşdiyi ağır vəziyyətə laqeyd qala bilməzdi. O, Vətənin ağır günündə yenə də məsuliyyəti öz üzərinə götürmüş, müqəddəs xilaskarlıq missiyasını böyük məharətlə yerinə yetirmişdir. 15 İyunun Azərbaycan dövlətçilik tarixində Qurtuluş günü kimi öz yerini alması məhz bu gerçəkliklərdən irəli gəlir. Ulu Öndər Heydər Əliyev xalqını xilas etmiş, dövlətini xaos, anarxiya, böhrandan inkişaf relsləri üzərinə çıxarmışdır. O, Ali Sovetin iclasındakı çıxışında qeyd etmişdir: "Ali Sovetin sədri kimi, Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm".

Prezident İlham Əliyev 10 may 2019-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı Heydər Əliyevin xilaskarlıq missiyası haqqında söyləmişdir: "Tam qətiyyətlə deyə bilərəm ki, 1993-cü ilə qədər bizim dövlət müstəqilliyimiz şərti xarakter daşıyırdı. Atributlar var idi, ancaq ölkə müstəqil siyasət apara bilmirdi. 1993-cü il dönüş nöqtəsi oldu. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin".

 

Ali qanunverici orqanın fəaliyyətində böyük dönüş

 

1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinə Sədr seçilməsi parlamentarizm tariximizin ən mühüm səhifələrindən birini təşkil edir. Xatırlatmaq yerinə düşər ki, hələ keçmiş ittifaq dövründə respublikamıza rəhbərlik etdiyi illərdə Ulu Öndər ali qanunvericilik orqanının fəaliyyətinin effektiv təşkili məsələlərinə böyük diqqət ayırmış, onun işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş  siyasətinin reallaşmasına  yönəltmişdir. Heydər Əliyev ali  qanunvericilik orqanının imkanlarından böyük məharətlə istifadə  edərək milli oyanışın  və  gələcək  müstəqilliyin möhkəm  təməlini  yaratmış, respublikanın  iqtisadi,  mədəni və elmi inkişafı üçün hüquqi baza formalaşdırılmış, bu sahələr üzrə onlarca qanun və qərarlar qəbul edilmişdir.

Ulu Öndər 1993-cü ildə parlamentə rəhbərlik etməyə başlayandan sonra ali qanunverici orqanın fəaliyyətində böyük dönüş baş vermiş, o vaxta qədər ucuz populizm və çəkişmələrin, siyasi intriqaların məkanına çevrilmiş parlamentimiz Heydər Əliyevin yüksək idarəetmə bacarığı və səriştəli liderliyi sayəsində müstəqil dövlət quruculuğu prosesinin bayraqdarına çevrilmişdir. Ümummilli Liderin sədrliyi dövründə qanunverici orqan ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrilmiş, parlamentin ictimai nüfuzu yüksəlmiş və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilmiş, mühüm qanunlar qəbul olunmuşdur. Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdə Ulu Öndər ictimai sabitliyin bərpası, siyasi sistemin inkişafı, Azərbaycanın beynəlxalq təcridinin aradan qaldırılması istiqamətində yorulmadan fəaliyyət göstərmiş, mədəniyyətin, elmin, təhsilin inkişafına, gənc nəslin fəallığının artırılmasına böyük diqqət göstərmişdir. 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

 

Ulu Öndər ölkəmizdə sabitliyin sarsılmaz əsaslarını yaratmışdır

 

Hər bir inkişafın təməlində sabitlik amili dayanır. Azərbaycan dövlətinin müstəqilliyinin ilk illərində yaşadığımız faciəvi hadisələr sabitlik və əmin-amanlığın milli inkişaf proseslərində nə qədər böyük əhəmiyyətə malik olduğunu sübuta yetirmişdir.

Böyük lider Heydər Əliyevin fəaliyyətinin vektorunu ilk növbədə ölkəmizdə sabitliyin təmin olunması təşkil etmiş və Ulu Öndər qısa zamanda buna nail olmuşdur. Əlbəttə, bu sabitliyin mənbəyi Azərbaycan xalqı və onun öz liderinə sonsuz etimadı və dəstəyi olmuşdur. Ulu Öndər məhz bu dəstəyə arxalanaraq taleyüklü məsələləri çox böyük ustalıqla həll etmişdir. Bəzi daxili və xarici qüvvələr tərəfindən hazırlanmış 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi planlarının, terror cəhdlərinin qarşısı alınmış, silahlı yolla hakimiyyətə gəlmək iddialarına son qoyulmuş, Azərbaycan dövlətçiliyinin iflası prosesi dayandırılmışdır. Tezliklə nizami ordu quruculuğuna başlanılmış, erməni silahlı qüvvələrinin işğalı genişləndirmək planlarının qarşısı alınmış, Azərbaycan qoşunları Füzuli rayonu istiqamətində uğurlu əməliyyat keçirərək Horadiz qəsəbəsini və ətraf kəndləri işğalçılardan azad etmiş, bununla da müharibənin gedişində ciddi dönüşə nail olunmuş və 1994-cü ilin may ayında atəşkəs elan edilmişdir.

 

Heydər Əliyev iqtisadi sistemə keçidin müəllifidir

 

Ümummilli Liderin modern dövlət quruculuğu siyasətinin mühüm bir istiqamətini güclü iqtisadiyyat qurmaq təşkil etmişdir. O, güclü iqtisadiyyata malik olan dövlətin hər şeyə qadir olduğunu bəyan edərək, ölkəmizin sosial-iqtisadi, elmi-texniki potensialını hərəkətə gətirmiş, həyata keçirilən yeni islahatlarla bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan müasir iqtisadi sistemə keçidin əsasını qoymuşdur.

Müstəqilliyin ilk illərində mövcud olan və ölkə iqtisadiyyatının əsaslarını sarsıdan hiperinflyasiya Heydər Əliyevin rəhbərliyi ilə atılan məqsədyönlü addımlar nəticəsində aradan qaldırılmış, iqtisadiyyatın liberallaşdırılması tədbirləri uğurla həyata keçirilmiş, yeni şəraitə uyğun effektiv pul-maliyyə siyasəti, büdcə, vergi, gömrük islahatları reallaşdırılmış, makroiqtisadi sabitlik təmin edilmişdir.

1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin Azərbaycan xalqı, bugünkü və gələcək nəsillər qarşısında tarixi xidmətlərindən biridir. Ulu Öndərin dəmir iradəsi, qətiyyəti və dönməzliyi sayəsində əldə olunan bu tarixi nailiyyət ölkəmizə xarici sərmayələrin cəlb olunmasına, iqtisadiyyatın müxtəlif sahələrinə böyük sərmayə qoyuluşuna imkan vermiş, tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. Bu tarixi sənədin hazırlanması və imzalanması üzrə danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyevin təbirincə desək, təsəvvür etmək çətindir ki, əgər "Əsrin kontraktı" imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Ona görə də bu gün ölkəmizin müstəqil dövlət kimi inkişafından qürurla danışırıqsa, nailiyyətlərini qeyd ediriksə, Ulu Öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan "Əsrin müqaviləsi"nin əhəmiyyətini xüsusi vurğulamalıyıq.

Bu müqavilənin imzalanmasından bir qədər sonra isə Xəzərin digər karbohidrogen yataqlarının işlənilməsi ilə əlaqədar 30-dan çox saziş imzalanmış, Bakı-Novorossiysk boru kəməri bərpa olunmuş, Bakı-Supsa boru kəməri inşa edilmiş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulmuşdur. Enerji resurslarının ixracından əldə olunan gəlirlər əhalinin rifah halının yaxşılaşmasına, məcburi köçkünlərin problemlərinin həllinə, infrastruktur layihələrinin icrasına yönəldilmişdir.

Heydər Əliyev Azərbaycanın coğrafi mövqeyi və geniş nəqliyyat imkanlarından səmərəli istifadə etməklə qlobal nəqliyyat dəhlizinin yaradılması istiqamətində də ardıcıl fəaliyyət göstərmişdir.

Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1998-ci ildə Bakıda tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA Proqramı əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanmışdır. Bu, enerji sahəsindən sonra nəqliyyat şəbəkəsinin də şaxələndirilməsini təmin etmişdir.

Təbiidir ki, Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycana sərmayə qoyuluşu artdıqca, ölkənin maliyyə imkanları genişləndikcə, iqtisadiyyatın inkişafı üçün daha münbit şərait yaranmışdır. Bununla da iqtisadiyyatın müxtəlif seqmentləri, o cümlədən müasir sənaye quruculuğu istiqamətində effektiv tədbirlər həyata keçirilmiş, müstəqilliyin ilk illərində iflasa uğramış sənaye müəssisələrinin işi bərpa olunmuş, yeni müəssisələr fəaliyyətə başlamışdır. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə MDB məkanında ilk dəfə olaraq ölkəmizdə geniş torpaq islahatı aparılmış, Azərbaycan vətəndaşları heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilmişdir.

 

Ümummilli Lider Azərbaycanın beynəlxalq mövqeyi və nüfuzunu gücləndirmişdir

 

Heydər Əliyev hər zaman problemlərin həllinə kompleks yanaşmışdır. Onun rəhbərliyi ilə ölkə iqtisadiyyatının dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə paralel olaraq, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində də ardıcıl siyasət yeridilmişdir. Ulu Öndər Heydər Əliyev 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının və ölkə həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədə nitqində demişdir: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

1995-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərləri özündə əks etdirən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi milli dövlət quruculuğu istiqamətində növbəti tarixi nailiyyət olmuşdur. Ana qanunun qəbulundan sonra ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, demokratik inkişafın sürətləndirilməsi istiqamətində köklü islahatlar aparılmış, söz və mətbuat azadlığı təmin olunmuş, senzura aradan götürülmüş, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin təşkili, ölüm cəzasının ləğvi, yerli özünüidarəetmə orqanlarının yaradılması kimi çox mühüm tədbirlər uğurla reallaşdırılmışdır.

Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət istiqamətlərini müəyyənləşdirərkən ölkəmizdə, regionda və dünyada mövcud olan yeni şəraitə uyğun, milli maraqlarımızın qətiyyətlə müdafiə olunmasına xidmət edən praqmatik beynəlxalq siyasətə üstünlük vermiş, həmin dövr üçün ən düzgün qərar verərək balanslaşdırılmış xarici siyasət həyata keçirmiş, Azərbaycanın beynəlxalq əlaqələrinin yaradılması və inkişafı, ölkə həqiqətlərinin tanıdılması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı ölkəmizin ədalətli, tarixi həqiqətlərə və beynəlxalq hüquqa söykənən mövqeyinin dünya ictimaiyyətinə təqdim olunması və dəstəklənməsinə nail olunması istiqamətində yorulmadan və qətiyyətlə fəaliyyət göstərmiş, aktiv diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətini əsaslı surətdə dəyişdirmiş, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bir çox beynəlxalq sənədlərin qəbul edilməsinə nail olmuşdur. Ümummilli Liderin gərgin və yorulmaz fəaliyyəti, böyük məharətlə ölkənin əlverişli geosiyasi vəziyyətindən istifadə etməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsinə və qabaqcıl dünya dövlətləri arasında mövqeyinin möhkəmləndirilməsinə səbəb olmuş, ölkəmizin beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti təmin edilmişdir.

Bu dövrdə milli-mənəvi dəyərlərin qorunması və təbliği, Azərbaycan dilinin geniş tətbiqi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi azərbaycançılıq ideologiyasının zənginləşməsinə xidmət etmişdir. 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakıda dünya azərbaycanlılarının ilk qurultayının keçirilməsi dünya azərbaycanlılarının ana vətənlə bağlarının daha da möhkəmlənməsinə, diaspor hərəkatının genişlənməsinə əsaslı töhfələr vermişdir.

Ümummilli Liderin dövlətçilik baxımından qısa müddət hesab olunan dövrdə xalqımıza və milli dövlətçiliyimizə qazandırdığı, bəxş etdiyi nailiyyətlər yalnız Azərbaycanın müstəqilliyini, mövcudluğunu qorumaq, onun sütunlarını möhkəmləndirmək və inkişaf yollarına çıxarmaqla məhdudlaşmır. Yeni əsrin və yeni minilliyin başlanğıcında Ulu Öndərin liderliyi ilə artıq ölkəmizin qarşısında duran bir çox məsələlər uğurlu həllini tapmış, gələcəyin güclü, qüdrətli Azərbaycanının sarsılmaz bünövrəsi qoyulmuşdur.

 

Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi yolla uğurla inkişaf edir

 

2003-cü ildə ali kürsüdə fəaliyyətə başlayarkən "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir" deyərək, ölkəmizin gələcək inkişaf yolunu aydın ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində, Ulu Öndərin müəyyənləşdirdiyi yolla uğurla inkişaf edir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən ötən dövr ərzində ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik formulası uğurla davam etdirilmiş, inkişafın möhkəm təməlini təşkil edən vətəndaş həmrəyliyi və ictimai-siyasi sabitlik qorunmuş və Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən birinə çevrilmişdir.

Bu illər ərzində milli gücü ifadə edən mühüm parametrlərdən biri olan ölkənin iqtisadi qüdrətinin artırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilmişdir. Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri baş vermiş, yeni - modern iqtisadi sistemə transformasiya gerçəkləşmişdir. Makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün mühüm addımlar atılmış, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində nəhəng proqramlar həyata keçirilmiş, qeyri-neft sektorunun iqtisadiyyatda payı əsaslı şəkildə yüksəlmiş, azad sahibkarlığın inkişafına əlverişli şərait yaradılmış, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 80 faizi ötmüşdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir sənaye quruculuğu siyasətinə uyğun olaraq, yüzlərlə yeni müəssisə fəaliyyətə başlamış, istehsal sahələri və ixrac imkanları genişlənmişdir. Bank-maliyyə sistemində ciddi institusional islahatlar həyata keçirilmiş, ölkənin maliyyə və valyuta ehtiyatları artırılmışdır. Regionların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə qəbul olunan çoxsaylı dövlət proqramları uğurla icra olunmuşdur. Aqrar sektorda həyata keçirilən islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar bu sahənin ardıcıl inkişafına zəmin yaratmış, əhalinin etibarlı şəkildə ərzaq təhlükəsizliyi təmin olunmuşdur.

 

Prezident İlham Əliyevin yeni islahatlar strategiyası bir çox ölkə üçün nümunədir

 

Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirərək davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən və bütün sahələri əhatə edən modern islahatlar beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmiş və ölkəmizin beynəlxalq reytinq agentliklərinin hesabatlarında mövqeyi ciddi şəkildə yüksəlmişdir.

Dünyanın ən böyük beyin mərkəzlərindən olan İrs Fondu tərəfindən hazırlanan "İqtisadi Azadlıq İndeksi 2021" hesabatında Azərbaycan 178 ölkə arasında 38-ci, regional reytinqdə - Avropa regionu üzrə 23-cü yerə yüksəlmiş, Dünya İqtisadi Forumu tərəfindən 2019-cu ildə nəşr edilən "Qlobal Rəqabətlilik İndeksi"ndə Azərbaycan 141 ölkə arasında 58-ci mövqedə qərarlaşmış, hesabatın son nəşrinə əsasən, ölkəmiz 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yerləşmiş, o cümlədən Cənubi Qafqaz regionunda birinci olmuşdur. Azərbaycanın Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi də şübhəsiz ki, ölkəmizdə həyata keçirilən islahatların səmərəliliyini və uğurlu nəticələrlə müşayiət olunduğunu təsdiqləyən daha bir mühüm beynəlxalq qiymətdir.

Azərbaycanın uğurlu inkişaf strategiyası sosial sahədə həyata keçirilən və ölkə vətəndaşlarının mənafeyinə xidmət edən geniş sosial tədbirlərlə zəngindir. Prezident İlham Əliyevin "İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır" tapşırığına uyğun olaraq, ölkəmizin iqtisadi imkanları artdıqca vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlərin miqyası daha da genişlənmişdir. Möhtərəm Prezidentin səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verir, həyata  keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu illər ərzində əməkhaqqının, pensiyanın və digər sosial müavinət və ödəmələrin 10 dəfədən çox artması, geniş və modern infrastruktur quruculuğu həyata keçirilməsi, işsizlik və yoxsulluq səviyyəsinin aşağı endirilməsi, həssas qruplara  dövlət dəstəyinin ardıcıl olaraq artırılması Azərbaycanda reallaşdırılan sosial siyasətin mahiyyətini aydın ifadə edir.

1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunu həyata keçirərkən iqtisadi sahədə aparılan islahatların modern siyasi islahatlarla tamamlanmasına böyük diqqət yetirmiş, bu istiqamətdə ən düzgün uzlaşmanı təmin etmişdir. Prezident İlham Əliyevin yeni islahatlar strategiyası da bu mənada bir çox ölkə üçün mütərəqqi nümunə təşkil edir. Bu dövr Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, siyasi sistemin subyektləri arasında dialoq mühitinin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması istiqamətlərində, ictimai və sosial xidmətlər sahəsində inqilabi nəticələrlə müşayiət olunan çoxşaxəli islahatlar həyata keçirilmişdir.

 

Heydər Əliyev Fondu Ümummilli Liderin əbədiyaşar ideyalarının həyata keçməsinə misilsiz  dəstək verir

 

Azərbaycanda qabaqcıl institusional islahatlar sırasında Birinci vitse-prezidentlik institutunun təsis edilməsi müstəsna əhəmiyyətə malikdir. Bu təsisatın yaradılması və Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi vətəndaşlara dövlət diqqəti və qayğıkeşliyinin gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsində mühüm amil olmuşdur. Mehriban xanımın yüksək amallara söykənən fəaliyyəti ölkəmizdə idarəetmənin yeni fəlsəfəsi, vitse-prezidentlik institutunun funksionallığı baxımından yeni və uğurlu bir mərhələ yaratmış, vətəndaşların dövlətə və idarəetmə institutlarına inam və etimadının daha da artırılmasına səbəb olmuşdur.

Mehriban xanım Əliyeva bütün sahələrdə imzası olan, Azərbaycanı beynəlxalq miqyasda uğurla təmsil edən, dünyada nüfuz və hörmətə malik olan ictimai-siyasi xadim kimi uzun illərdir ki, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayır, prioritet məsələlərlə bağlı ardıcıl və çoxşaxəli fəaliyyət göstərir. Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Onun beynəlxalq humanitar fəaliyyətinin coğrafiyası çox geniş olmaqla bu istiqamətdə gördüyü misilsiz işlər ölkəmizə də böyük nüfuz və rəğbət qazandırır. Prezident İlham Əliyev Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında yüksək fikirlər söyləyərək demişdir: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır".

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi və Ulu Öndərin adını daşıyan fond Ümummilli Liderin əbədiyaşar ideyalarının həyata keçməsinə, onun əvəzsiz irsinin öyrənilməsinə, təbliğinə mühüm dəstək verir. Fond 18 illik fəaliyyəti dövründə  ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid geniş proqramlar həyata keçirmiş, xüsusi qayğıya ehtiyacı olan insanlara yüksək qayğı və kömək göstərmiş, Azərbaycan mədəniyyətinin geniş təbliği, mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm layihələr reallaşdırmış, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə böyük töhfələr vermişdir. Heydər Əliyev Fondu milli musiqimizin, xalçaçılıq sənətinin, muğam sənətinin və digər mədəniyyət incilərimizin dünyaya təqdim olunması istiqamətində də çox böyük işlər görmüşdür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə Heydər Əliyev Fondu şəhid ailələrinin sosial-məişət problemlərinin həllinə mühüm dəstək göstərir, ixtisaslı yerli və xarici mütəxəssisləri cəlb etməklə cəbhədə yaralanmış əsgərlərimizin müalicəsini və reabilitasiyasını təşkil edir.

Bəli, ötən 18 ildə Heydər Əliyev Fondu insanlar üçün ümid işığı, dövlətimizin sosial, humanitar sahədə fəaliyyətinin ən böyük dəstəkçisi olmuşdur. Mehriban xanımın rəhbərliyi ilə fond çoxşaxəli fəaliyyəti ilə nəinki Azərbaycanın, bütün regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Mehriban xanım Əliyeva fondun rəhbər tutduğu dəyərləri, qarşısında duran vəzifələri bu sözlərlə ifadə etmişdir: "İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır".

 

Azərbaycanın xarici siyasəti prinsipiallığı ilə seçilir

 

2003-cü ildən ötən dövr ərzində Azərbaycan xarici siyasətdə də Heydər Əliyev ideyalarına sadiq qalmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir, dinamik, intensiv və çevik xarakter daşıyır. Bu dövr ərzində ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun möhkəmləndirilməsi istiqamətində uğurlu siyasi kurs reallaşdırılmış, bir çox ölkələrlə bərabər, konstruktiv münasibətlər qurmağa nail olunmuşdur. Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilmişdir. BMT-dən sonra dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına da Azərbaycan sədrlik edir.

Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin mərkəzinə çevrilmiş, beynəlxalq əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşdur. Bu illər ərzində nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Cənub qaz dəhlizi" kimi enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng layihələr Avropanın enerji xəritəsini dəyişmişdir. Həmçinin qlobal əhəmiyyət daşıyan trans-nəqliyyat, kommunikasiya layihələri reallaşdırılmış, Avropanı Asiya ilə birləşdirən "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması təmin edilmiş, açıq dənizə çıxışı olmayan Azərbaycan nəqliyyat mərkəzinə çevrilmişdir. Prezident İlham Əliyevin "qara qızılın insan kapitalına çevrilməsi" tezisinə uyğun olaraq, genişmiqyaslı tədbirlər reallaşdırılmış, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə, bu sahənin inkişafına ciddi dövlət dəstəyi göstərilmişdir. Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur.

 

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin arzuladığı zirvələri fəth edir

 

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər dövlətçilik tariximizdə ən böyük qələbələrdən biri və birincisidir. Bu qələbə sayəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etmiş, ölkəmizin qarşısında dayanan əsas problemi öz gücü, qüdrəti hesabına həll etmişdir. Həm döyüş meydanında, həm də diplomatiya cəbhəsində düşmən üzərində qazandığımız zəfərlər qürur mənbəyi, tariximizin şanlı səhifəsidir.

2020-ci il noyabrın 8-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin işğaldan azad olunmasının müjdəsini verərkən böyük qürurla demişdir: "Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!"

Bəli, Ulu Öndərin müqəddəs ruhu bu gün ona görə şaddır ki, Azərbaycan onun arzuladığı zirvələri fəth edir, taleyüklü məsələləri, planları, işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirir. Azərbaycan azad Qarabağda, azad Şuşada dünya azərbaycanlılarını qarşılayır, Zəfər qurultayını keçirir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq kimi yaşayır, azad olunmuş torpaqlarımızı qurub-yaradır. Bu zəfərlərin memarı Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevdir. Ölkəmiz Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf tariximizin yeni salnaməsini yazır!

 

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video