10 Dekabr 2022 02:44
1483
SİYASƏT
A- A+

Tarix yaradan şəxsiyyət

 

Heydər Əliyevin ölümsüzlüyə qovuşmasından 19 il ötür. Bu tarix Azərbaycan xalqının qəlbində ən hüznlü gündür. 
Dahi Səməd Vurğun "Ölüm sevinməsin qoy!" adlı şeirində yazmışdır:  

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər... 

Təbii haldır ki, hər bir xalq özünün yetişdirdiyi tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla da dünya və regional proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bu nadir düha XX əsrin sonunda bərpa etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuş, misilsiz xidmətləri sayəsində xalqın dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. Ulu Öndər Heydər Əliyev dünya siyasətinə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və fövqəladə işlər görmüşdür. O, Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir.
Heydər Əliyev el qədrini canından əziz bilən şəxsiyyətlərdən idi. Onun sevgisi milyonların qəlbində özünə əbədi məskən salmışdır. Ulu Öndərə əbədiyaşarlığı qazandıran  ən böyük amil də elə bu idi. 
Heydər Əliyev şəxsiyyətini səciyyələndirən ən üstün keyfiyyətləri sadalamaqla qurtarmaz. Heydər Əliyev fenomeni, şəxsiyyəti müstəqillik və azadlıqdan yoğrulmuşdur. Bu gün həmin səciyyəvi xüsusiyyətlərin ayr-ayrı çalarlarından bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm. 
Heydər Əliyevin  Azərbaycan Ali Sovetində 7 mart 1991-ci il, 29 avqust 1991-ci il və 30 avqust 1991-ci il tarixlərindəki çıxışları hər biri tarix və siyasətşünaslıq elminin araşdırma  mövzusudur.  Heydər Əliyevin bütün çıxışlarında olduğu kimi, həmin çıxışlarının da əsas qayəsi  Azərbaycanın müstəqilliyinə çağırışı olmuşdur. Hər üç çıxışında Heydər Əliyev "Azərbaycan müstəqil yaşaya bilməz deyən manqurtlara Azərbaycanın müstəqil yaşaması üçün potensialının olduğunu vurğulamışdır. Həmin dövrdə eyforiyada olan müstəmləkə nökərləri dahi siyasətçinin çıxışlarına qarşı səs-küy salmaqla xalqın diqqətini öz sevimli oğlundan yayındırmağa çalışırdılar. Hətta ona Azərbaycanın müstəqil yaşaması imkanları haqqında geniş çıxış etməyə imkan verməmişdilər. Gözəl bir deyim var: tarix unudulmur.    
Müstəqilliyə doğru atılmış ən mühüm addımlardan biri də Azərbaycan Ali Sovetinin  qəbul etdiyi 30 avqust 1991-ci il tarixli Azərbaycanın Müstəqillik Bəyannaməsidir. Burada  Azərbaycan Ali Soveti iki qütbə bölünmüşdür - müstəqilliyin tərəfdarları və əleyhidarları. Müstəqillik əleyhdarlarının avanqardı hakimiyyətini qoruyub saxlamağa çalışan Ayaz Mütəllibov və onun komandası idi. Onlar M.S.Qorbaçovun yenidənqurma adlı konsepsiyasını və onun ittifaqın yeni əsaslarla yenidən formalaşdırılması ideyasını dəstəkləyirdi. 
Müstəqillik qütbünün başında dayanan isə təcrübəli siyasətçi Heydər Əliyev idi. O, kürsüdən xalqına səslənir, onu müstəqilliyə çağırır, deputatları bu yolu tutmağa sövq edirdi. Müstəqillik əleyhdarlarını isə kəskin şəkildə tənqid edirdi.  Bu çıxışlardan biri də 30 avqust 1991-ci ildə edilmişdir. Heydər Əliyev:  "Çox mühüm məsələ həll olunur. Tarixi məsələdir. Bunu tələm-tələsik həll etmək olmaz. Bu, Azərbaycan xalqı qarşısında parlament tərəfindən öz üzərinə böyük məsuliyyət götürmək deməkdir və Tofiq Köçərlinin durub hər suala cavab verməsinə səlahiyyəti yoxdur. Birinci, mən hesab edirəm ki, bu məsələ müzakirə olunmalıdır. Yenə də deyirəm, bunu belə tələm-tələsik keçirmək olmaz. Bu barədə iki-üç kəlmə demək istəyirəm. Çox qəribədir. Martın 7-dən 10-na qədər keçirilən Ali Sovetin sessiyasında bir çox deputatlar, o cümlədən mən də Azərbaycanın müstəqilliyini təklif edərkən bizim əleyhimizə cürbəcür hücumlar başlandı".
                                     

Həyat kredosu - azadlıq 

 

Heydər Əliyevin üzərinə olan hücumların məhz müstəqilliklə bağlı olması faktını o özü ifşa etmişdir. Bütün həyatı boyu müstəqil şəxsiyyət kimi yaşayan Heydər Əliyev üçün müstəqillik həyat kredosu idi. Odur ki, Ulu Öndərin bu məsələdə güzəştə getməsi mümkün deyildi. Belə də oldu. Heydər Əliyev çıxışında bu məsələnin tarixi bir məsələ olduğunu vurğulamış, siyasi konyunktura dalınca qaçıb müstəqilliklə bağlı formal sənədlər qəbul etməyin əleyhinə olduğunu bildirmişdir: "A.Mütəllibovun o qədər də dərin mənalı olmayan, əsassız çıxışından sonra hamı hay-küylə səs verdi ki, Azərbaycanın müstəqilliyi ola bilməz və biz referenduma getməliyik, yeni ittifaq müqaviləsini imzalamalıyıq (salonda səs-küy). Xahiş edirəm, Elmira xanım, şərait yaradın, sözümü deyim. Xahiş edirəm (səs-küy). Mən xahiş edirəm. Mənim deputatlıq... (səs-küy). Tələm-tələsik referendum keçirildi. Azərbaycanın ittifaq müqaviləsinə getməsi haqqında qərar qəbul olundu. Belə olan halda, indi xalqın iradəsi olmadan bu cür qərarın, ya bəyanatın qəbul olunması qanunu pozmaq deməkdir. Mən bu bəyanatın qəbul olunmasının əleyhinə deyiləm. Ancaq bu bəyanatı indi qəbul edib, xalqa müraciət etmək lazımdır. Qısa müddətdə, 3-4 gün içərisində referendum keçirmək lazımdır və referendumun nəticəsinə görə sessiya yığışıb bu qərarı qəbul etməlidir. Bağışlayın, fikrimi deyirəm. İkinci, mən mart ayında da demişdim. İkiüzlü siyasət aparmaq olmaz. Bu qərar bu gün konyunktur xarakter daşıyır, başqa yerlərdə qərar qəbul olunur. Demək, biz də qərar qəbul etməliyik. Biz artıq gecikmişik". 
      

Tarixə diktə edən siyasi lider 

 

Göründüyü kimi, Heydər Əliyevin hər çıxışından sonra mötərizədə "səs-küy" qeydləri var. Bu, tarixdir. Həmin "səs-küy" edən şəxslər müstəqilliyin  əleyhdarları idilər. Onlar Azərbaycanın müstəqil yaşaya bilməsinə inanmayan manqurtlar idi. Bu şəxslərin bəziləri  indi Heydər Əliyev haqqında kitablar yazır özlərini qatı müstəqillik tərəfdarı kimi göstərməyə çalışırlar. Dahi siyasətçi Heydər Əliyevin çıxışındakı "ikiüzlü siyasət aparmaq olmaz" sözləri bu adamlar üçün deyilmişdir.  
Heydər Əliyev böyük dövlət adamı və tarixçi kimi təkidlə tələb etmişdir ki, qəbul olunan sənəddə Azərbaycan Cümhuriyyətinin zorakılıqla devrildiyini və 28 aprelin işğal olduğu qeyd edilsin: "Bu bəyanatın mətninə mütləq əlavə olunmalıdır ki, 1920-ci il aprelin 28-də Azərbaycan işğal olunub. Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, mən tam qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub. Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək, yenə də xalqın qarşısında ikiüzlü olarıq. Mənim fikrim budur".  
Heydər Əliyev həmin dönəmlərdə Ali Sovetdəki çıxışlarında hər dəfə rəhbərlikdən vaxt istəyirdi ki, müstəqilliklə bağlı məsələləri izah etsin. Lakin ona bu imkan verilmirdi. Səbəb çox sadə idi. Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışını istəməyən kütbeyinlər bununla onu siyasət meydanından uzaqlaşdıracaqlarını düşünürdülər. Onların yanıldıqlarını tarix sübut etdi. 
 Heydər Əliyev öz həyat kredosuna həmişə sadiq qaldı. Onun siyasi fəaliyyətinə Bakıda imkan verilmədiyi üçün o, müstəqillik ideyalarını Naxçıvanda gerçəkləşdirməyə başladı.

 

Gizlədilən gerçəkliklər   

 

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarında ümumrespublika əhəmiyyətli məsələlərə münasibət bildirir və əhalini məlumatlandırırdı.  Ulu Öndər Məclisin 20 noyabr 1990-cı il tarixli iclasında Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və digər məsələlərə münasibət bildirərkən vəziyyətin acınacaqlı olmasını vurğulayaraq gerçək durumu belə anlatmışdır: "Bunun tarixi böyükdür. Burada durub deyirlər ki, nə bilim 1923-cü ildə nə olub, 24-cü ildə nə baş verib... Bu günün məsələlərini həll etmək lazımdır. DQMV düzgün olaraq yaranıb, yaxud düzgün yaranmayıb, - bu məsələlərə uysaq - bunlar, əlbəttə diqqətəlayiq məsələlərdir, - bu günün məsələləri yaddan çıxar. Əlimizdə olan vilayət əlimizdən gedib, indi hər yerdə yazırıq: Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti. Haradadır bu Azərbaycan Respublikası? DQMV-də bu ilin əvvəlində Ermənistan Respublikasının Ali Sovetinə seçkilər keçirilib və 12 nəfər deputat seçilib. Bu 12 nəfər deputatın Dağlıq Qarabağ Muxtar Vilayətindən seçilməsi indiyə qədər respublika ictimaiyyətindən gizlədilir. Eyni zamanda hamıya da olmasa, çox adama məlumdur ki, bu 12 nəfər deputat Ermənistan parlamentində fəal iştirak edir və orada bizə qarşı özlərini ən təcavüzkar aparan deputatlardır. Belə olan halda Dağlıq Qarabağa nə cür demək olar ki, bizimkidir. Xeyr, o, bizim əlimizdən gedib. Bunun tarixi isə uzundur, artıq üç ildir çəkir. Bunu deməklə vaxtınızı almaq istəmirəm... Bəs Şaumyan rayonu nə üçün əlimizdən gedib? Bəs Çaykənd kəndi nə üçün əlimizdən gedib? Nə üçün Azərbaycanın hakimiyyətinə tabe olmurlar?" 
 Heydər Əliyev həmişə gerçəkliklərin əhali ilə paylaşılmasını zəruri hesab edirdi. Bunun əksi olaraq, ozamankı respublika rəhbərliyi müti qul kimi Kremlə xidmət edir, onlardan imdad diləyirdi. Heydər Əliyev isə Kremlin bu məsələdə səmimi olmadığını və Qarabağ məsələsinin həllində ermənipərəst mövqe tutduğunu, problemin həlli ilə bağlı atdığı bütün addımların zərərli olduğunu vurğulayırdı.   
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli sessiyasındakı çıxışında Heydər Əliyev demişdir: "Volskinin rəhbərliyi ilə xüsusi idarəetmə komitəsinin yaranması. İndi gəlin həqiqəti danışaq, bunu bir Qorbaçov ortaya atmayıb ki? Bu, uzun müzakirədən sonra yaranıbdır. Məsələn, Moskvada bir-iki adam mənim buna fikrimi soruşdu, mən qəti etiraz etdim. Ancaq Azərbaycanın rəhbərləri bu idarənin yaranmasını vəziyyətdən çıxış yolu kimi bildilər, bunu çıxış edən deputatların da dediyi kimi, çox təmtəraqla qəbul etdilər, bunu böyük bir nailiyyət kimi qələmə verdilər. Anlamadılar, yaxud da anlayaraq, qəsdən buna getdilər ki, Qarabağ əldən getsin... O ləğv olundu, indi yaradılıb - Təşkilat Komitəsi. Mən dünən dedim, yenə də öz fikrimi deyirəm: Təşkilat Komitəsi orada bir fəaliyyət göstərmir. Beləliklə, Dağlıq Qarabağ əldən gedibdir. Bu məsələlərə, bu prosesə öz fikrimizi bildirsək və göstərsək ki, mərkəzin siyasi rəhbərliyi və Azərbaycanın siyasi rəhbərliyi Dağlıq Qarabağda gedən bu proseslərin qarşısını almayıblar və get-gedə Dağlıq Qarabağ, həmçinin Şaumyan, Çaykənd Azərbaycanın əlindən gedir, mənə elə gəlir ki, bu bizim üçün kifayətdir və bu məsələni mərkəzin qarşısında, Azərbaycan Ali hakimiyyət orqanının qarşısında qoya bilərik ki, onu həll etsin".

 

İdeoloji gerçəklikliyə münasibət  

 

Heydər Əliyevin Sovet  İttifaqı Kommunist Partiyasının rəhbərliyini siyasi riyakarlıqdan çəkindirməyə çalışaraq onları ittifaqı saxlamaqla bağlı illüziyalara qapılmamağa, xalqların azadlıq istəyini qəbul etməyə çağırırdı. Lakin odövrkü SSRİ rəhbərliyi M.Qorbaçov başda olmaqla öz ikiüzlü siyasətlərini davam etdirirdi. Bunun nəticəsi idi ki, 19 iyul 1991-ci il tarixdə Heydər Əliyev Kommunist Partiyası sıralarını tərk etdi.  Heydər Əliyev SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına rəsmi müraciət edərək Kommunist Partiyasına olan münasibətini belə ifadə etdi: "Sizin nəzərinizə çatdırıram ki, mən Sov. İKP-dən çıxmaq qərarına gəldim. Dərhal xəbərdarlıq edirəm ki, bu, sadəcə, "dəbə" uymaq deyil, son illər ərzində keçdiyim ağır məyusluqlar yolunun məşəqqətləri və hadisələrini yenidən qiymətləndirməyimin yekunudur. Məni bu addımı atmağa məcbur edən başlıca səbəblər aşağıdakılardır:  
Birincisi, hələ 1990-cı ilin yanvarında Mərkəzin və Azərbaycan KP-nin siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov. İKP sıralarından çıxmaq fikri yarandı. Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi. Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid bağlayırdım. Özümü ələ alıb səbirlə gözlədim. Çıxışlarıma cavab əvəzinə çox çəkmədi ki, "Pravda"dan başlayaraq partiyanın mətbu orqanlarında mənə qarşı hücumlar təşkil edildi. Mənə qarşı yönəldilmiş uydurma faktları əsaslandırılmış şəkildə həmin kütləvi informasiya vasitələrinin özündəcə təkzib etmək cəhdlərim boşa çıxdı. Yenidənqurmanın əsas nailiyyəti olan aşkarlıq özünü birtərəfli göstərirdi. Yanvar faciəsinin günahkarlarını üzə çıxarmaq və cəzalandırmaq haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, ayrı-ayrı vətəndaşların, görkəmli ziyalıların müraciətlərini Azərbaycan kommunist rəhbərliyi qətiyyətlə rədd edirdi. Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil. 
İkincisi, üç ildən artıqdır ki, mərkəzin ikiüzlü siyasəti nəticəsində, Sov.İKP-nin havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə DQMV-də yaranmış kəskin münaqişəli vəziyyət saxlanmaqdadır. Vilayət, əslində, tamamilə Azərbaycanın dövlət idarəçiliyindən çıxıbdır. Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistan və Azərbaycan arasında elan edilməmiş müharibə gedir. Hər gün iki tərəfdən də adamlar ölür. Bütün bunlar "humanist ideologiyalı" sovet dövləti üçün adi haldır. Əminəm ki, partiya rəhbərliyi istəsəydi, hələ 1987-ci ildə üzdəniraq Qarabağ problemi ətrafında milli münaqişə təzə başlananda onun qarşısını ala bilərdi, get-gedə güclənən qarşıdurmaya və həm Azərbaycan, həm də erməni xalqına ağır fəlakət və müsibətlər gətirmiş bu qırğınlara imkan verməzdi. Deməli, siyasi mərkəzə bu münaqişə lazımdır. 
Üçüncüsü, bütün cəmiyyətin demokratikləşməsi, siyasi azadlıqların və plüralizmin bəyan edildiyi bir dövrdə Azərbaycanda ərazi bütövlüyünün müdafiəsinə qalxmış geniş demokratik hərəkat və cəmiyyətin demokratikləşməsi Sov.İKP-nin rəhbərliyi altında Azərbaycan KP MK-nın səyi ilə boğulur. Bu illərdə nə qədər adam siyasi fəaliyyətinə görə repressiyalara məruz qalıb. İlyarımdır ki, Azərbaycanın 2 milyonluq paytaxtı heç bir əsas olmadan fövqəladə vəziyyət rejimində yaşayır. Məhz belə bir şəraitdə respublika Ali Sovetinə üzdəniraq demokratik seçkilər və nəticələri ittifaqın xeyrinə irəlicədən həll olunmuş referendum keçirilmişdir. Fövqəladə vəziyyət şəraitində hər hansı demokratikləşməyə və xalqın iradəsini sərbəst ifadə etməsinə ümid bağlamaq avamlıq olardı. Demokratik təşkilatlar dəfələrlə seçicilərin əksəriyyətinin referendumda iştirak etməməsi və referendumun nəticələrinin saxtalaşdırılması barədə məsələ qaldırmışlar. Ancaq Azərbaycanın kommunist rəhbərliyi bu müraciətlərə hətta baxmağa belə lüzum bilməyib. Mən mərkəz tərəfindən sırınan yeni ittifaq müqaviləsinin əleyhinə çıxmışam və çıxıram. Hər hansı bir suveren dövlətin tərkibində bir neçə suveren dövlət və eləcə də bundan irəli gələn azadlıqlar, səlahiyyətlər və funksiyalar ola bilməz. Bütün müttəfiq respublikalara əsl siyasi, iqtisadi azadlıqlara, milli dövlət dirçəlişi üçün müstəqilliyə imkan vermək lazımdır. Bu heç də respublikaların iqtisadi birliyinə və ənənəvi mədəni əlaqələrinə mane olmaz, əksinə, onların təkmilləşməsinə, ikitərəfli və çoxtərəfli istiqamətdə inkişafına təsir göstərər. Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın xalq deputatı kimi öz çıxışlarımda bu məsələləri dəfələrlə qaldırdım. Təklif etdim ki, xalq arasında tam nüfuzunu itirmiş Azərbaycan KP təkhakimiyyətlikdən imtina etsin, bütün siyasi qüvvələrin azad və bərabərhüquqlu fəaliyyətini təmin etsin, demokratik cəmiyyətin yaranmasına, aşkarlıq və plüralizmə şərait yaratsın. Ancaq bu çıxış və təkliflərimə Azərbaycanın kommunist rəhbərliyi nəinki baxır, əksinə, mənim ünvanıma təşkil olunmuş və hazırlanmış hücumlar şəklində cavab verir. Azərbaycanda mənim çıxışlarımı dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılır, təqiblərə məruz qalırlar. Bütün yuxarıda ifadə etdiklərim məni bu axırıncı addımı atmağa və Sov.İKP sıralarından çıxmaq haqqında bəyanat verməyə məcbur etdi; baxmayaraq ki, bu qərara gəlmək mənim üçün olduqca çətin olub. Mən kommunist ailəsində böyümüşəm və bütün şüurlu həyatım Kommunist Partiyası ilə bağlı olub. 1943-cü ildə 20 yaşında ikən öz taleyimi bolşeviklər partiyasına bağlamışam. Kommunist Partiyasının ideallarına varlığımla inanmışam və onun planlarının həyata keçirilməsində fəal iştirak etmişəm. İndi bütün bu inamlarım məhv olub. Yeniləşən partiya və respublikaların yeniləşən ittifaqı haqqında saysız-hesabsız bəyanatlar yenə də xalqı aldatmaqdır. Xalqa açıq və doğrusunu demək lazımdır ki, bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanan respublikaların ittifaqı süquta uğramaqdadır. Bu bəyanatdan sonra qarşıma çıxa biləcək çətinlikləri təsəvvür edir, hər cür hücumları və mənəvi zərbələri qabaqcadan görürəm. Partiyanın keçdiyi yolun ayıq təhlili məni yuxarıda bəyan etdiyim indiki mövqeyə gətirdi. Bununla belə üzərimə düşən məsuliyyətin dərəcəsini də başa düşürəm. Sov.İKP sıralarını tərk edərkən, mən bütün təmiz və namuslu kommunistlərə hörmət bəslədiyimi bildirirəm".
Heydər Əliyevin müraciətindəki son cümləyə nəzər salaq: "Sov.İKP sıralarını tərk edərkən, mən bütün təmiz və namuslu kommunistlərə hörmət bəslədiyimi bildirirəm" - yazan Ulu Öndər əqidəcə təmiz insanlara hörmət bəslədiyini vurğulayır. 
Heydər Əliyev  bu müraciəti imzalayarkən Moskva şəhərində idi. O, Sov.İKP  üçün bu addımın nə qədər böyük zərbə olduğunu və partiya rəhbərliyinin ona qarşı kəskin həyati risk yaradacaq addımlar atacağı gerçəkliyini bilirdi.  Lakin ürəyinin səsinə qulaq asdı və bu addımı atdı. 

 

Müslüm Maqomayevi partiyaya qəbul olmağa qoymadı  

 

Heydər Əliyevin Kommunist partiyasına münasibətini xarakterizə edən daha bir maraqlı hadisə dünyaşöhrətli müğənni Müslüm Maqomayevin xatirələrində yer alıb. M.Maqomayev müsahibələrindən birində demişdir: "Kommunist Partiyasına üzv qəbul olunmaq istəyirdim. Heydər Əliyevlə məsləhətləşmək üçün ona müraciət etdim. Heydər Əliyev mənə bildirdi ki, sən yaradıcı adamsan, istedadlı insansan, partiya sənin nəyinə gərəkdir. Partiyaya istedadı olmayan sənət adamları gedir ki, bu xətlə inkişaf etsin. Partiya sənin vaxtını alacaq. Və beləliklə, Heydər Əliyev məni Kommunist Partiyasına üzv qəbul olunmaqdan çəkindirdi".
Heydər Əliyevin zəngin həyatından dərs alan İlham Əliyevin siyasi xadim kimi yetişməsində bu siyasi təbəddülatların böyük rolu olmuşdur. Onun uğurlu siyasi varis kimi yetişməsi də böyük dövlət adamı Heydər Əliyevin Azərbaycan xalqına ən böyük töhfəsidir. 

Sadiq QURBANOV, 
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video