05 Dekabr 2021 00:49
1007
Mədəniyyət
A- A+

Tanınmış alim, dəyərli insan

 

Texnika elmləri doktoru, professor Rafiq İsrafil oğlu Mehdiyev təkcə Azərbaycanda və MDB məkanında deyil, beynəlxalq səviyyədə təbəqələşdirilmiş yanıcı qarışıqla işləyən farkomer-məşəllə alışdırmalı avtomobil mühərriklərinin yaradılması sahəsində tanınmış alim, Azərbaycan mühərrikçilər elmi məktəbinin əsasını qoyanlardan biridir.

1936-cı ilin dekabrında Cəbrayıl rayonunda doğulan R.Mehdiyev 1958-ci ildə ozamankı Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsini bitirib, 1964-cü ildə namizədlik, 1981-ci ildə indiki Sankt-Peterburq Texniki Universitetində doktorluq dissertasiyasını müdafiə edib.

300-dən çox elmi əsərin, 15-ə yaxın ixtiranın müəllifi olan alimin son ixtiralarından biri maye qazla işləyən dizel mühərrikidir və bu ixtira Türkiyədə böyük uğur qazanıb. Bir sıra ixtiraları bəzi Qərb dövlətlərində, o cümlədən İngiltərə, İtaliya, Almaniya, eləcə də Rusiya və Yaponiyada patentləşdirilib. Yetişdirdiyi 20-dən artıq alimin arasında Almaniya, Hindistan, İraq, Suriya və Ukrayna vətəndaşları da var.

1967-ci ildə Daxiliyanma mühərrikləri və avtotraktor kafedrasının dosenti, 1983-cü ildən professoru olub və həmin kafedraya uzun müddət rəhbərlik edib. Sonra isə AzTU-nun nəzdində fəaliyyət göstərən “Motor yanacaqları və ətraf mühit” ETİ-nin elmi rəhbəri kimi çalışıb.

Görkəmli ziyalı, ictimai xadim, professor Rafiq Mehdiyevlə məni uzun illərdir sıx dostluq telləri bağlayır. Rafiq müəllimin çox maraqlı və zəngin elmi yaradıcılıq yolu olmuşdur. Mənalı həyatını doğma Azərbaycanımızın elm və təhsilinin inkişafına sərf etmiş professor respublika iqtisadiyyatının ən mühüm sahəsi olan nəqliyyat kompleksinin idarəetmə problemlərinə dair bir çox elmi əsərlərin, o cümlədən monoqrafiyaların, kitabların müəllifidir.

Rafiq müəllim ən çətin dövrlərdə Azərbaycan Texniki Universitetinin rektoru olmuşdur. Ümumiyyətlə, R.Mehdiyev işlədiyi bütün vəzifələrə məsuliyyətlə yanaşmışdır və bu gün də belədir. Onun insanlara çox sadə, səmimi münasibəti var. Elə insanların da ona məhəbbəti, cəmiyyətdəki nüfuzu məhz bu münasibətin nəticəsidir. Təsadüfi deyil ki, o, vətənində, elmi ictimaiyyət arasında həm də etibarlı dost və şəxsiyyət kimi tanınır. Rafiq müəllim bu hörməti elmi və praktik fəaliyyəti, savadına görə qazanmışdır. Seçdiyi elmə və ixtisasına sədaqəti onu əldə etdiyi yüksək nəticələrə gətirmişdir. O, öz zəkası ilə istər elm sahəsində, istərsə də bir təşkilatçı, rəhbər kimi həmişə seçilmişdir. Tədqiqatlarını nəzərdən keçirdikcə professorun elmi maraq və fəaliyyət dairəsinin nə dərəcə geniş olduğu dərhal gözə çarpır.

Rafiq müəllim ictimai həyatda da fəal iştirak edir. O, milli və beynəlxalq elmi-praktik konfranslarda, Azərbaycanın hüdudlarından kənarda keçirilən simpoziumlarda tanınmış alim və mütəxəssis kimi mühazirələrlə çıxış edir.

Rafiq Mehdiyev respublikada yüksəkixtisaslı və elmi-pedaqoji kadrların attestasiyası sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanı - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) rəyasət heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir. Təbii ki, elmin gələcəyini düşünən alim yüksəkixtisaslı kadrların hazırlanmasından da kənarda qala bilməzdi. Bu səbəbdən Azərbaycan müstəqillik əldə etdikdən sonra yaradılan Ali Attestasiya Komissiyası rəyasət heyətinin ilk üzvlərindən biri prinsipiallığı, obyektivliyi, yüksək elmi ilə fərqlənən Rafiq müəllim oldu. O, gənc alimlərin yetişməsində müstəsna fəallıq göstərdi. AAK-nın sədri Azad Mirzəcanzadə kimi, Rafiq müəllim də gənc tədqiqatçılara xüsusi qayğıkeşlik, tələbkarlıqla yanaşır, onlara meydana çıxan çətinliklərin həllində kömək edir, dissertasiyalarının vaxtında müdafiəyə təqdim olunmasına çalışırdı.

Rafiq Mehdiyev saf əqidəli vətən övladıdır. Onun vətəndaş mövqeyi, vətənpərvərliyi, gənc nəslin təlim-tərbiyəsində rolu, yetişdirdiyi alimlərə diqqət və qayğıkeşliyi elmə, milli-mənəvi dəyərlərimizə, vətən torpağına bağlılıqdan qaynaqlanır.

Professorun tədqiqatlarında müasir dövrdə ətraf mühitin həddindən artıq çirklənməsi ilə bağlı meydana çıxan problemlər, dünya enerji istehsalında 90 faizdən çox payı olan neftdən istehsal edilən karbohidrogen tərkibli yanacaqların mövcud yanma metodunun qüsurları araşdırılır. Rafiq müəllim 2020-ci ildə mühərrikçi alim kimi elmi-tədqiqat layihəsi hazırlayaraq hökumətə təqdim etmişdir. Bu layihələrdən biri “Azərmaş” ASC-nin istehsalı olan Khazar (Xəzər) avtomobilinin Peugeot tipli mühərrikinin “MR-Proses” yanma mexanizmini tətbiq etməklə modernizə edib işlənmiş qazların yüksək ekoloji təmizliyi və az yanacaq sərfi ilə dünya səviyyəsində seçiləcək bir avtomobilin ərsəyə gətirilməsinə həsr olunmuşdur. LPG yanacağı ilə işləyən TÜMASAN traktor mühərrikindən fərqli olaraq bu layihədə özəl cüt sorma klapanları, silindr başlığı və sorma kollektoru olan mühərrikin layihələndirilməsi nəzərdə tutulmuşdur.

Mühərrikçi alimin təqdim etdiyi elmi tədqiqat layihələrinin Energetika və İqtisadiyyat nazirliklərində müzakirəsi koronavirus pandemiyasına görə müvəqqəti təxirə salınmışdır. Lakin Rafiq müəllim ümid edir ki, bu bəşəri bəla səngiyəndən sonra bütün dünyanı maraqlandıran və Azərbaycan patenti ilə qorunan yeni mühərrikin layihələndirilməsi və istehsalı ilə əlaqədar çalışmalara başlamaq mümkün olacaqdır. Onun öz sözləri ilə desək, bununla həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda qabaqcıl avtomobil sənayesini inkişaf etdirmək arzusu reallaşacaqdır.

Uzun illər qardaş Türkiyədə - İstanbul Texniki Universitetində çalışmış, elmə öz mühüm töhfələrini vermiş Rafiq müəllim hazırda doğma vətənində - Azərbaycandadır. Heç şübhəsiz ki, hamımızın arzusunda olduğumuz doğma torpaqlarımızın - Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi 85 yaşlı Rafiq müəllimi də çox sevindirir. O, özünü ata ocağı - doğma Cəbrayılın düşmən tapdağından azad olunmasının sevincini yaşadığı üçün xoşbəxt hesab edir.

Bəli, yaxşılığa, xeyrə xidmət edən insanların əməyi heç vaxt hədər getmir. Müasirləşən və gündən-günə qloballaşan dünyamız isə məhz professor Rafiq Mehdiyev kimi belə insanların çiyinləri üzərində dayanır.

 

Ziyad SƏMƏDZADƏ,

akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video