24 Iyun 2022 00:41
403
Mədəniyyət

Şuşanın ilk gerbi bu yerlərin tarixən Azərbaycana məxsus olduğunu təsdiqləyir

 

Böyük zəfərin qürurunu yaşayan Azərbaycan xalqı üçün bu il tarixə "Şuşa ili" kimi yazılır. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda bildirilir ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır.

Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır: "Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır".

Azərbaycanın böyük xanlıqlarından olan Qarabağ xanlığı əslində 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsindən sonra Rusiyaya qatılıb. 1822-ci ildə isə xanlıq ləğv edildikdən sonra əyalətə çevrilib. 1840-cı il inzibati-ərazi islahatı nəticəsində Qarabağ əyalətinin mərkəzi Şuşa şəhəri olmaqla Şuşa qəzası adlandırılıb və Kaspi vilayətinin tərkibinə verilib.

1846-cı ildə Kaspi vilayəti ləğv olunub. Bundan sonra Şuşa qəzası yeni yaradılan Şamaxı quberniyasının tərkibinə daxil edilib. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası təşkil ediləndə Şuşa qəzası da onun tərkibinə keçib.  1883-cü ildə Şuşa qəzasının ərazisində iki yeni qəza - Cavanşir və Cəbrayıl qəzaları yaradılıb.

Bu tarixi hadisələr baş verməzdən əvvəl çar I Pyotr tərəfindən "Şəhərlərin gerblərinin tərtibi haqqında" fərman verilib. Həmin fərmana uyğun olaraq, XIX əsrin sonunda Rusiyada 700-dən çox şəhərin hər birinin öz gerbi mövcud idi.

1785-ci ildə isə Rusiya hökuməti tərəfindən "Şəhər əsasnaməsi" qəbul edilib. Bu əsasnamənin 28-ci maddəsində qeyd olunub: "Hər bir şəhərin öz gerbi olmalı və ondan bütün şəhər işlərində istifadə edilməlidir". Qeyd etdiyimiz kimi, həmin vaxt Şuşa - Kaspi vilayəti Yelizavetpol quberniyası Şuşa qəzasının mərkəzi idi. Qəza şəhərlərinin əksəriyyəti kimi, Şuşanın da öz gerbi vardı.

Rusiya imperiyasının yeni inzibati-ərazi bölgüsünə görə, 1840-cı ildə qəza şəhəri statusunda Kaspi vilayətinin tərkibində olan Şuşanın gerbi 1843-cü il mayın 21-də imperator I Nikolay tərəfindən təsdiqlənib. Gerb qalxan şəklində hazırlanıb. Qədim Şuşanın gerbinin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Kaspi vilayətinin gerbindəki təsvirlərin eyni olub.

Gerbdə iki yerə bölünmüş qızılı fonun bir hissəsində - sağ tərəfdə ayaq üstə durmuş pələng, solda isə yerdən püskürən alov təsvir edilib. Tədqiqatçılar bu fikirdədirlər ki, Şuşanın da, Bakının da gerblərində əks edilmiş alov dilləri Azərbaycanın odlar ölkəsi olmasına işarədir.

Şuşanın gerbinin yarıdan aşağı hissəsində yaşıl çəmənlikdə yəhərli, cilovlu Qarabağ atı təsvir edilib. Araşdırıcılar bildirirlər ki, bu təsvir həmin ərazidə cins atların yetişdirildiyini, həmçinin Qarabağda atçılığın inkişafını, yəhər və yüyənin də yerli istehsal olduğunu əks etdirir. Gerb həmçinin yurdumuzun təbii sərvətlərini əks etdirmək, eləcə də rənglərin harmoniyası baxımından diqqət çəkir.

Şuşanın gerbi aydın şəkildə göstərir ki, bu ərazinin ermənilərə heç bir aidiyyəti olmayıb. Çünki gerbdə Azərbaycanın təbii sərvətləri, xalqımızın məşğuliyyəti, həyat tərzi, arzuları, duyğuları çox aydın və mükəmməl şəkildə təsvir edilib.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video