14 Iyun 2022 01:02
379
İDMAN

Şuşalı Qran-pri

 

"Formula-1" Azərbaycan kuboku da mədəniyyət paytaxtımızın 270-ci ildönümünə həsr olundu

 

Keçilməz sıldırımlar qoynunda bina olmuş qartal əzəmətli bir qala var…

O qalada qürurla dalğalanan üçrəngli, ay-ulduzlu müqəddəs bayraq bütün Qarabağa, Azərbaycana, dünyaya azadlıq sədası yayır, qurtuluş sorağı bəxş edir…

Azərbaycan xalqının qəhrəmanlıq, qürur zirvəsi kimi şah ucalıqda dayanan bu ulu yurd Yer üzünün hər yanından görünən şanlı qələbə ünvanıdır…

Zəfərin, mədəniyyətin, sülhün, barışığın əbədi bərqərar olduğu cənnətməkandır…

Bura Vətəndir…

Bura Şuşadır…

 

“Qarabağ Azərbaycandır!” həqiqətinin möhür ünvanı

 

Ruhumuzun dirçəliş ünvanı olan bu əfsanəvi Azərbaycan şəhəri 8 noyabr 2020-ci ildə şücaətlə azadlığına qovuşdurulandan sonra tarixi şan-şöhrətini bərpa etməyə başlayıb. Zəfərdən qısa zaman sonra işğaldan azad edilən bütün torpaqlarımızda olduğu kimi, Qarabağın ürəyi Şuşada da genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. Şuşanın tarixi əzəmətinin, mədəni ruhunun özünə qaytarılması istiqamətində nəhəng layihələrin icrasına başlanılıb.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada illərdən sonra "Xarıbülbül" Musiqi Festivalı baş tutub, Vaqifin bərpa olunan əzəmətli mavzoleyinin qarşısında "Vaqif Poeziya Günləri" keçirilib. Şuşada gerçəkləşən daha bir əlamətdar hadisə, ötən il, müstəqil Azərbaycan dövlətinin 15 İyun - Qurtuluş Günündə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması və bununla da Azərbaycan - Türkiyə əlaqələrinin ən yüksək zirvəyə çatdırılması olub. Bu ili isə başdan-başa "Şuşa ili",  Zəfər qalamızın şanlı tarixinin bayramı kimi qeyd edirik.

İndi mədəniyyət paytaxtımız hər kəs tərəfindən musiqi festivallarının, şeir bayramlarının keçirildiyi, əlamətdar beynəlxalq tədbirlərin baş tutduğu, tarixi bəyannamələrin imzalandığı mühüm şəhər kimi anılır.

Ən əsası, bütün dünya Şuşanı Azərbaycanın qələbə rəmzi sayır, “Qarabağ Azərbaycandır!” həqiqətinin möhür ünvanı kimi tanıyır.

 

Rəsmi mükafat Yuxarı Gövhər ağa məscidinin minarələrinin elementlərini əks etdirir

 

Elə bu il Bakıda keçirilən növbəti "Formula-1" Azərbaycan Qran-prisi kubokunun qədim şəhərimiz Şuşanın 270-ci ildönümünə həsr olunması da buna daha bir möhtəşəm nümunə oldu. Zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovuşması və "Şuşa ili" münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır. Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur.

 

Bunun böyük rəmzi mənası var

 

1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan qədim şəhərimizin 270 illik yubileyini coşqu ilə qeyd etdiyimiz bu ərəfədə dünyaca məşhur bir yarışın - "Formula-1" Azərbaycan Qran-prisinin rəsmi mükafatının da məhz Şuşaya həsr edilməsinin böyük rəmzi mənası var.

"Şuşa ili"nə əlamətdar töhfə olan bu addım həm də bir daha onu sübut edir ki, artıq beynəlxalq aləm də "Qarabağ Azərbaycandır!", "Şuşa Azərbaycanın qədim şəhəridir" reallığını qəbul edir. Bu tarixi həqiqəti bütün platformalarda istər siyasi, mədəni, istərsə də idman və digər sferalarda bariz şəkildə etiraf edir.

Bu baxımdan Bakıda baş tutan möhtəşəm "Formula-1" Azərbaycan Qran-prisi də 44 günlük şanlı Vətən müharibəsində qazandığımız parlaq Zəfərin dünyada tərənnüm və təbliğ olunduğu daha bir beynəlxalq kürsü oldu. Beynəlxalq yarışın rəsmi mükafatının Yuxarı Gövhər ağa məscidinin timsalında mədəniyyət paytaxtımız Şuşanı simvolizə etməsi də bir daha onu göstərdi ki, bu qəhrəman şəhər həm də Azərbaycanın Zəfər rəmzidir və qaliblərə də məhz bu cür qələbə ərməğanı yaraşır.

Bir sözlə, Azərbaycan Qran-prisinin qalibinin qazandığı kubokla yaxından tanış olan hər kəs eyni zamanda Vətən müharibəmizin qürurlu Şuşa zəfəri haqqında da məlumat almaq imkanı qazanır. "Qarabağ Azərbaycandır!" reallığı ilə bir daha əyani tanış olur...

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video