19 Aprel 2022 00:45
2767
SİYASƏT
A- A+

Şuşada Zəfər qurultayı

 

İlham Əliyev dünya azərbaycanlılarını qələbə rəmzində toplayacaq

 

Vətən müharibəsinin ən böyük hadisəsi Şuşanın işğaldan azad edilməsi oldu. Məhz Şuşanın azad edilməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri əsasında Ermənistanın baş naziri kapitulyasiya bəyanatına imza atmalı oldu. Şuşanın azad edildiyi gün isə Prezident İlham Əliyevin sərəncamı ilə tariximizə Zəfər günü kimi həkk olundu.

 

İlham ƏLİYEV: "Şuşa hər birimizi özünə çəkir"

 

İndi Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun layihələri əsasında Şuşada genişmiqyaslı abadlıq və quruculuq işləri gedir. Xalqımızın möhtəşəm tarixi olan Şuşa düşmənə boyun əyməyən əzəmətli mədəniyyət abidəsidir. Ermənistan 28 ildən artıq davam edən işğal dövründə Şuşanı erməniləşdirə, Şuşanın tarixini, mədəniyyətini özününküləşdirə bilmədi. Ona görə işğal dövründə Şuşanı sadəcə dağıtmaqla məşğul olublar.

Azərbaycan əsgəri qəhrəmanlığı, şücaəti ilə Şuşanı azad etdi. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib. İndi şəhərin yaraları sağalır, ənənələri bərpa olunur. Artıq Şuşa şöhrətini bərpa edir.

 Şuşa həm də hər bir azərbaycanlını özünə çəkir. Bu hələ işğaldan əvvəl də belə olub. Qarabağın mirvarisi mədəniyyətimizin beşiyi olmaqla yanaşı, hər kəsin üz tutduğu ünvanlardan biri olub. Ötən il dekabrın 24-də - doğum günündə Şuşaya səfər edən Prezident İlham Əliyev bu barədə deyib: "Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada - Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm".

İndi Şuşa bizi özünə ona görə çox çəkir ki, artıq həm də hər bir azərbaycanlının qürurunun ünvanıdır. Hələlik şəhərdə bərpa işləri gedir. Lakin dövlətimiz vətəndaşlarımızın 28 illik həsrətdən sonra Şuşanı görə bilmələri üçün də imkanlar yaradır. Təşkil edilən müntəzəm avtobus reyslərinə müraicət edənlərin sayının çoxluğu da Şuşa sevgisinin təcəssümüdür.

 

65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi Şuşaya gələcək

 

Qeyd etdiyimiz kimi Şuşa mədəni ənənələrini bərpa edir. Artıq ötən il şəhərdə "Xarıbülbül" Musiqi Festivalı, “Vaqif Poeziya Günləri” keçirilib. Azərbaycan Milli Məclisinin "Şuşa ilinə" töhfəsi olaraq Şuşada  parlamentin komitə iclaslarının keçirilməsinə başlanılıb.

Bu günlərdə isə Şuşa daha bir tədbirə evsahibliyi edəcək. Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycanın mədəniyyət paytaxtında keçiriləcək. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultay iştirakçıları əvvəlcə Bakıda Fəxri xiyabanı, I və II Şəhidlər xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.

Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin təntənəsi oldu. Həmin günlərdə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.  Diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişdilər.  Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın bu istiqamətdə göstərdikləri fəaliyyət barədə deyib: "Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri qələbəmizə layiqli töhfə olmuşdur".

Xatırladaq ki, Dünya Azərbaycanlılarının ilk qurultayı  2001-ci il noyabrın 9-10-da, ikinci qurultay 2006-cı il martın 16-da, üçüncü qurultay 2011-ci il iyulun 5-6-da, dördüncü qurultay 2016-cı il iyunun 3-4-də keçirilib. Bu baxımdan beşinci  qurultay son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

Beləliklə, dünya azərbaycanlıları bu dəfə Şuşada toplaşırlar. Ona görə bu tədbirin böyük rəmzi mənası var. Çünki Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, düşünülmüş və qətiyyətli siyasəti sayəsində torpaqlarımızın işğaldan azad olunması bu reallığı mümkün etdi.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video