05 Iyul 2022 19:12
982
PARLAMENT
A- A+

Şuşada Milli Məclisin komitələrinin iştirakı ilə birgə dinləmə keçirilib

 

İyulun 5-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə, Əmək və sosial siyasət komitələrinin iştirakı ilə “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusunda birgə dinləmə keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dinləməni giriş sözü ilə açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclas iştirakçılarını Azərbaycanın incisi olan Şuşada salamlamaqdan qürur duyduğunu ifadə edib. O, bu qüruru bizə bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb.

İclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Əhliman Əmiraslanov Şuşanın bir sıra möhtəşəm tədbirlərə ev sahibliyi etməsindən söz açıb, şəhərdə və azad edilmiş digər ərazilərdə aparılan quruculuq və abadlıq işlərini xüsusi qeyd edib. Dinləmənin mövzusu ilə bağlı komitə sədri bildirib ki, səhiyyə sahəsində həyata keçirilən islahatlar bütövlükdə Prezident İlham Əliyevin modernləşmə və yeniləşmə siyasətinin tərkib hissəsidir. O, icbari tibbi sığortaya keçiddən sonra Azərbaycanın səhiyyə xidmətində baş verən yeniliklərdən və inkişaf proseslərindən danışıb. O, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində olan şəraitin, göstərilən xidmətlərin və icbari tibbi sığorta üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikirlərini bölüşüb, qeydlərini səsləndirib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşa şəhərində keçirilməsini Azərbaycanın dövlətçilik və qanunvericilik ənənələrinin Şuşada davam etdirilməsi baxımından önəmini vurğulayıb, bu tədbirlərin mənəvi, siyasi əhəmiyyətinə toxunub. Komitə sədri icbari tibbi sığortanın Azərbaycanda tətbiqinin hüquqi bazasına, keçdiyi yola nəzər salıb. Musa Quliyev icbari tibbi sığortanın tətbiqində əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığının təmin edilməsi barədə fikirlərini bölüşüb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqindən keçən dövr ərzində görülən işlər, qarşıya çıxan çətinliklər, əldə olunan nəticələr barədə söz açıb. O, ötən müddət ərzində göstərilən tibb xidmətlərinin əhatə dairəsi, kəmiyyəti barədə statistik göstəriciləri açıqlayıb. Z.Əliyev icbari tibbi sığorta zərfinin əhatə dairəsinin genişləndirilməsindən və agentliyin tabeliyindəki müəssisələrdə kadr potensialının artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda dayanan vəzifələrdən danışıb.

Tədbirdə komitələrin sədr müavinləri Rəşad Mahmudov və Məlahət İbrahimqızı, deputatlar İlham Məmmədov, Jalə Əliyeva, Kamilə Əliyeva, Vüqar Bayramov, Sədaqət Vəliyeva, Arzu Nağıyev, Soltan Məmmədov, Müşfiq Məmmədli, Sevinc Hüseynova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək azad Şuşada Milli Məclisin komitə iclaslarının keçirilməsinin əhəmiyyətindən, Azərbaycan şəhidlərinin qanı ilə yoğrulan Şuşa torpağının bizim üçün müqəddəsliyindən, Şuşanın Azərbaycan xalqının tarixində tutduğu yerdən danışıblar. Deputatlar icbari tibbi sığortada əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı fikirlərini bildiriblər, suallarını və təkliflərini səsləndiriblər.

Dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.

Bununla da Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin Şuşa şəhərində keçirilən birgə dinləməsi başa çatıb.

Tədbirdə deputatlardan Kəmaləddin Qafarov, Anatoliy Rafailov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video