28 Sentyabr 2022 10:20
233
CƏMİYYƏT
A- A+

Şuşa Su Anbarının divarlarında aşkarlanan yazının Xocalı soyqırımı zamanı itkin düşmüş soydaşımıza aid olduğu ehtimal edilir  

 

Tələbəlik illərində Natiq Çobanoğlu imzası ilə şeirlər yazan, Xocalı soyqırımı zamanı itkin düşən Quliyev Natiq Vəlyəddin oğlunun Şuşa Su Anbarının divarlarında göy rəngli boya ilə adının yazılması onun sağ olması ehtimalını gündəmə gətirib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov sorğumuz əsasında Quliyev Natiq Vəlyəddin oğlunun Xocalı soyqırımı zamanı itkin düşdüyünü təsdiqləyib.

AZƏRTAC-ın Türkiyə bürosu Natiq Quliyevin işğal dövründə Şuşa ətrafında saxlanıldığı barədə məlumatlar əsasında araşdırmasını davam etdirib.

Qeyd edək ki, 2022-ci ilin fevral ayında Ankara şəhərində AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının “Dinməyən acı: Xocalı…” adlı siyasi-tarixi və sənədli kitabı nəşr olunub. Kitabın “Şahidlərin gözündə soyqırımın acıları” bölümündə müəllif itkin düşən tələbə yoldaşı Natiq Quliyev barədə də məlumat verib. Kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrasiya Yazarlar Birliyinin (AYB) təşkilatçılığı ilə Türkiyənin “BENGÜ” Yayım Evi tərəfindən nəşr olunub. AYB kitabı ikinci nəşrə hazırlayır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən Şuşanın fəth olunması bu istiqamətdə araşdırmalar üçün yeni imkan yaradıb. Müəllif növbəti mərhələdə Şuşa Su Anbarının divarında göy rəngli sənaye boyası ilə kiril əlifbasında “Q.Natiq” yazısını (Г.Натиг) tapıb. Bundan sonra AZƏRTAC-ın Qarabağ üzrə müxbiri Tahir Ağaməmmədov Şuşada olub, sözügedən su anbarının divarlarındakı daşlar üzərindəki yazıların həqiqiliyini təsdiqləyən görüntüləri lentə alıb və bu zaman ikinci eyni yazı da aşkarlanıb. Araşdırma nəticəsində müəyyən edilib ki, Şuşa Su Anbarının qapısının çərçivəsi də oxşar boya ilə rənglənib.

Beləliklə, “Г.Натиг” adının onun özü tərəfindən yazılması aşağıdakı mühakimələrlə ehtimal edilir:

- Xocalı soyqırımının törədildiyi vaxt Azərbaycanda hələ kiril əlifbası işlənildiyi üçün Natiq öz adını bu əlifba ilə yazıb;

- anbar qapısının çərçivəsi də oxşar boya ilə rənglənib;

- Şuşa Su Anbarının divarlarında oyma ilə digər yazılara rast gəlinsə də, boya ilə yazılmış yalnız bir ad müşahidə edilib. Yəqin ki, Natiq adını diqqət çəkməmək üçün solğun boya ilə yazıb.

Ermənistanın Azərbaycana qarşı əsasız ərazi iddiaları ilə başlanan münaqişə və müharibə nəticəsində 4 mindən çox azərbaycanlı itkin düşüb. Haqqında bəhs etdiyimiz Natiq Quliyev də onlardan biridir. İşğaldan azad edilən ərazilərdə aşkarlanan toplu məzarlıqlardakı cəsədlər Azərbaycanın müvafiq orqanları tərəfindən ekshumasiya olunur. Şuşa Su Anbarının divarlarında Natiq Quliyevə məxsus yazının aşkarlanmasına gəldikdə isə, istənilən halda son sözü fakt deyir.

“Dinməyən acı: Xocalı…” kitabının müəllifi 1991-ci ildə Natiqlə birlikdə Şuşada olub. Əslən Xocalıdan olan Natiq Bakıya geri dönəndən bir müddət sonra doğma şəhərinin müdafiəsi üçün yenidən Xocalıya qayıdıb. Müəllif kitabda Natiq Quliyevə aid olan hissənin sonunda yazır: “...Günlər, həftələr, aylar, illər keçdi. Natiqin anası Səlbi xanımla əlaqə qurduq. Görüşməyə və anamızın səsini eşitməyə cəsarət tapmadım. Oğlu haqqında bir sual göndərdi: Natiq sizdən ayrılanda son sözü nə oldu? Bu sualın cavabını bilirəm. Amma onu deməyə gücüm yoxdur. Bilmirəm söz acizdir, mən acizəm, yoxsa hər ikimiz!”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video