18 Yanvar 2023 02:45
583
Mədəniyyət
A- A+

Şuşa daha möhtəşəm olacaq

 

"Qarabağın döyünən ürəyi", "musiqi və incəsənət beşiyi", habelə insanların "Sən tarixin özüsən, Azərbaycanın gözüsən" deyə 28 ildən çox erməni silahlılarının tapdağı altında olan Şuşanın işğaldan azad edilməsi xəbərini eşidəndə, azərbaycanlılar inanılmaz sevincli, həyəcanlı anlar yaşadılar: 2020-ci il noyabrın 8-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına müraciətində: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür!" deyəndə xəyallarında yaşatdıqları bu xoş xəbərdən istər-istəməz gözləri yaşaranlar, hönkür-hönkür ağlayanlar, hətta sevincdən ürəyi gedənlər də oldu... Həmin gün telefonlar da yalnız təbrik mesajları, təbrik xəbərləri daşıdı. İnsanlar Ali Baş Komandana və Tanrıya dua edə-edə nəzir-niyaz payladılar, qurbanlar kəsdilər, bu qələbə uğrunda şəhidlik zirvəsinə ucalanlara ehsan süfrəsi açdılar...
Bu tarixi şəhərin erməni işğalından azad olunması Azərbaycana, şanlı ordumuza daha qətiyyətli döyüş əhvali-ruhiyyəsi və döyüşlərdə həlledici üstünlük verdi. Təsadüfi deyil ki, bu zaman Fransanın "Le Monde" nəşri Şuşa uğrunda döyüşlərdə "erməni qüvvələrinin darmadağın olduğunu, yenidən döyüşə qayıdıb-qayıtmayacaqlarını bilmədiklərini və Azərbaycan qüvvələrinin tarixi şəhərə çatdığını" yazırdı. 
Xatırladaq ki, 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunan, ermənilərin həyasızcasına bütün dünyaya car çəkərək bu şəhər bizimdir dedikləri Şuşanın əsası 1751-ci ildə Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulub və şəhər hətta bir müddət Pənahabad da adlandırılıb. XIX əsrin əvvəllərində rus-fars müharibəsi nəticəsində digər xanlıqlarla yanaşı, Rusiya imperiyasına birləşdirilən Qarabağ xanlığının əsas mədəni-iqtisadi mərkəzi və paytaxtı olub. Şəhər əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Ermənicə "Şuşi" adlandırılan şəhər buranın azsaylı erməni əhalisi üçün də önəmli yerə malik olub. Ermənilər bura 1828-1830-cu illərdə rus imperiyası dövründə köçürülüblər.
Ekspertlərin fikrincə, Şuşaya nəzarət Azərbaycana həm siyasi meydanda, həm də hərbi məkanda istədiyini əldə etmək üstünlüyü verib. Nəinki azərbaycanlılar, Azərbaycanda yaşayan bütün azsaylı xalqlar, etnik qruplar, habelə dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Paşinyanın vaxtilə yallı getdiyi Cıdır düzünün, Şuşanın işğaldan azad olunmasını mənəvi qələbə kimi qəbul etdilər.
Hazırda azadlığının üçüncü ilini yaşayan Şuşada bərpa, quruculuq və tikinti işləri sürətlə aparılır. Şuşa işğaldan azad olunandan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə bu şəhərə səfər etmiş və onun bərpası ilə maraqlanmışlar. Dövlət başçısı Şuşaya səfərləri zamanı bu unikal məkanın tezliklə bərpa ediləcəyini bildirmişdir: "Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz".
İşğal zamanı dağıdılmış və məhv edilmiş müqəddəs ünvanlardan biri də Yuxarı Gövhər ağa məscidi olmuşdur. Erməni vandalları tərəfindən məscidin interyeri məhv edilmiş, minarələrinin dekoru zədələnmiş, örtükləri dağıdılmışdır. Qəbul edilmiş layihələrə əsasən, Heydər Əliyev Fondunun rəhbərliyi və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə məsciddə ötən ilin noyabr ayından bərpa işlərinə başlanılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cari il sentyabrın 27-də Şuşada olarkən məscidi ziyarət etmiş, görülən işlərlə yaxından tanış olmuşlar. 
Məsciddə birinci mərhələdə nəzərdə tutulan bərpa işləri başa çatdırılıb, ikinci mərhələdə məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilib. Məsciddə konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə həyata keçirilir. Usta və sənətkarlar bərpa işlərini 2023-cü ilin sonunadək yekunlaşdırmağı nəzərdə tuturlar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə də tanış olublar. Xatırladaq ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Malikanə kompleksi, ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlanılıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb. Eyvanların və dirəklərin taxta konstruksiyalarının çürümüş hissələri düzəldilib. Evin çöl pilləkəni yenidən qurulub, döşəmə daşlarının dağılmış hissələri tamamlanıb. Hazırda eskiz layihələri əsasında divar və tavanlarda rəsmlərin bərpası işləri görülür. Bunlar ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabı və "Güldəstə"sini də əhatə edir.
Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyası quraşdırılacaq. 2023-cü ilin sonlarında təmir-bərpa işlərinin başa çatdırılması nəzərdə tutulan bu malikanədə ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan evin ən təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təmir, bərpa və quruculuq işləri sırasında Şuşa şəhərində XIX əsrin sonlarında Qarabağ memarlıq məktəbinə xas olan üslubda inşa edilən binada görülən işlərlə də tanış olublar. İşğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmış üç yaşayış kompleksini özündə birləşdirən bu tikilidə binaların təməllərinin və divarlarının bərkidilməsi işləri aparılıb. İşğal dövründə binanın dağılmış hissəsi yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər sökülüb. Həyətdəki yarımtikilinin divarlarında bərkitmə işləri aparılıb, dəmir-beton dam quraşdırılaraq tikintisi tamamlanıb. Təmirdən sonra binadan hotel kimi istifadə ediləcəyi nəzərdə tutulub. 
Görünən odur ki, yaxın gələcəkdə Şuşanın bütün tarixi, mədəni və dini abidələri bərpa edilib öz əvvəlki görkəminə qaytarılacaq və şəhər Azərbaycanın mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsini, Vaqif Poeziya Günlərini və "Xarıbülbül" festivalını bərpa etməsini ölkənin mədəni həyatında əlamətdar hadisələrdən saya bilərik. Azərbaycanın mədəniyyət paytaxtına çevrilən bu gözəl şəhər 2021-ci il mayın 12-də "Xarıbülbül" Musiqi Festivalına yenidən evsahibliyi etdi. İyirmi doqquz ildən sonra qədim mədəniyyət beşiyi olan Şuşa yenə öz doğmalarını, qonaqlarını qarşıladı. Gözəl ənənələrin bərpası - Vaqif Poeziya Günlərinin, "Xarıbülbül" Musiqi Festivalının yenidən Şuşa şəhərində keçirilməsi və ümumiyyətlə, bir çox  beynəlxalq tədbirlərin məhz burada gerçəkləşdirilməsi bu qədim və gözəl şəhərimizin gələcəkdə daha böyük status almasına gətirəcək, Şuşa elm və mədəniyyət aləmində daha ucadan görünəcək. Tarixin bütün dönəmlərində olduğu kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nəzarəti altında irimiqyaslı bərpa, quruculuq və önəmli layihələr əsasında qurulan Şuşa yaxın gələcəkdə daha möhtəşəm olacaq. 

Rəhman SALMANLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video