23 Yanvar 2022 00:57
2645
SİYASƏT
A- A+

Sülh missiyası, quruculuq zamanı

 

Tarixi qələbələr mübarizə meydanında qazanılır. Qələbəni qoruyub saxlamaq, onun nəticələrini möhkəmləndirmək isə sülh dövrünün işidir. Ona görə tarix boyu o xalqlar, dövlətlər yekunda qalib çıxırlar ki, sülhün alternativsizliyinin fərqində olsun, məramı sülhə yönəlsin. Sülhü insanın həyati məqsədi kimi qəbul etsin. Ən əsası isə, sülhə inkişaf, tərəqqi, insanın rifahının yüksəldilməsi üçün əlverişli mühit kimi baxsın.

Azərbaycan öz yüksəlişi ilə dünyanı təəccübləndirməyi bacarır. Müəllifi olduğu parlaq uğurlara diqqət cəlb edir və heyrət doğurur. Bu təcrübənin öyrənilməsinə, başqa ölkələrdə, cəmiyyətlərdə də belə unikal addımların tətbiqinə meyil yaradır. Bütün bunlar dünya inkişafının hərəkətverici qüvvələrindən birinə çevrilmək deməkdir. Bu tərəqqinin mərkəzində olmaqdır. Tarixin axarını müəyyənləşdirmək bacarığıdır.  Azərbaycan dövləti hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq uğurları sayəsində tarixin axarını dəyişir. Bu axarı bütün bəşəriyyət üçün faydalı olan, davamlı inkişafa, insanların rifahına xidmət edən daha geniş bir məcraya yönəldir.

Bu zaman yeni maraqlar formalaşır. Gələcəklə bağlı müasir strateji baxışlar müəyyənləşir. Qlobal iqtisadiyyat yeni imkanların axtarışına çıxır. Bizim ən böyük uğurumuz ondadır ki, özümüzü novatorluğa, dəyişikliklərə vaxtında hazırlaya bilmişik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində ölkəmiz dünyanın dəyişən meyillərini hazırlıqlı qarşılayır. Ona görə də indi Azərbaycan bir çox ölkədən fərqli olaraq qlobal dəyişikliklərin kənar seyrçisi deyil, bu dəyişiklikləri yaradanlardandır. İnkişaf proseslərini irəli aparanlardandır. Onu yeni-yeni mütərəqqi təcrübələrlə zənginləşdirənlərdəndir. Ortaya qoyduğu nümunələrlə başqaları üçün də model təqdim edənlərdəndir.

 

Daha müharibə istəmirik

 

44 günlük Vətən müharibəsindəki böyük qələbəmizdən sonra Azərbaycanın əsas arzusu məhz sülhə nail olmaqdır. Hər hansı iddiaları, aqressiv meyilləri kənara qoyub regionun inkişafı barədə düşünməkdir. Qələbədən sonra yaranmış yeni tarixi reallıqdan məqsədyönlü şəkildə bəhrələnməkdir. Bütün region dövlətlərinin mövcud imkanlardan gələcək inkişaf üçün faydalana bilməsidir. Bu xoş niyyəti Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında, bəyanatlarında səsləndirir. Yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı da dövlət rəhbərimiz Azərbaycanın sülh arzusunu bir daha bəyan etdi.

Ermənistanın böyük ehtimalla MDB məkanında baş verən son hadisələrə bel bağlayaraq müəyyən dəstək ümidi ilə sərhəddə törətdiyi təxribatlara münasibət bildirərkən Ali Baş Komandan xüsusi vurğuladı ki, onlar İkinci Qarabağ müharibəsindəki kimi, kimlərinsə onlara yardım edəcəyindən asılı olmayaraq, Azərbaycan istədiyinə nail olacağını, heç kimin, heç nəyin bizi dayandıra bilməyəcəyini unutmamalıdırlar: “Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”.   

 

İnsanı qorumaq dəyəri

 

Sülh ilk növbədə hər iki tərəfdən insan itkilərinin qarşısını almaqdan ötrü lazımdır. Vətənin haqq savaşında insanın canını fəda etməsi hər nə qədər şərəfli bir missiya olsa da, şəhidlərimiz qəlbimizdə əbədi yer tutsalar da, bütün ömürlər təkrarolunmazdır. Müharibədə hər bir fərdin ölümü təkcə onun yaxınlarından ötrü deyil, bütün xalq üçün böyük faciədir. İnsan dünyaya yaşamaq, yaratmaq, bəşər nəslini davam etdirmək üçün gəlir. Ona görə də tarix boyu insanları müharibələrdən, düşmənçilik əhvali-ruhiyyəsi ilə yaşayanların əsassız iddialarından qorumaq, mövcud ziddiyyətlərin sülh yolu ilə həllinə çalışmaq müdrik dövlət rəhbərlərinin ən böyük missiyası olub. Azərbaycan Prezidenti İlham Əliyev də bu missiyaya hər zaman sadiqdir. Bu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsindən əxz edilmiş yüksək dəyərdir.

Ulu Öndər sülhpərvər lider idi. Məşhur kəlamlarından birində bildirirdi ki, ağıl olan yerdə heç bir zorakılığa ehtiyac yoxdur. 1994-cü ildə cəbhə bölgəsində atəşkəsə nail olması, insanlarımızı ölüm-itimdən qoruması və ondan sonra başlanan sülh dövründə bütün resursları dövlət quruculuğu proseslərinə, Azərbaycanın inkişafına yönəltməsi Ümummilli Liderin böyük tarixi nailiyyəti idi.

Azərbaycan sülhə, danışıqlara münaqişənin həllinin əsas vasitəsi kimi baxırdı. Həll prosesinin təxminən 30 ilə yaxın müddət çəkməsi də bununla bağlı idi. Bu müddətdə ölkəmiz məsələnin müharibə etmədən, sülh yolu ilə həlli üçün mövcud olan bütün imkanları dəyərləndirirdi. Ölkəmiz danışıqlar prosesinə hər zaman sadiq qaldı. Münaqişənin nizamlanması üzrə mandat daşıyan ATƏT-in Minsk qrupuna öz vəzifəsini yerinə yetirməkdən ötrü şərait yaratdı. Münaqişənin dinc yolla həllinin tərəfdarı oldu. Bütün diplomatik çevrələrdə, beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsinin eşidilməsini istədi. İkili standartların kənara qoyulmasını, işğalçı ilə işğala məruz qalan tərəfin bərabər tutulmamasını, Ermənistanın təcavüzkar mövqeyindən çəkinməsi, işğal altında saxladığı Azərbaycan ərazilərindən çıxarılması üçün əməli addımların atılmasını tələb etdi.  

 

Gələcəklə bağlı aydın təsəvvür

 

Ölkə rəhbəri bütün bunlarla yanaşı, əgər danışıqlar alınmazsa, sülh prosesləri fayda verməzsə, münaqişənin hərbi yolla həlli variantını da heç zaman istisna saymadı. Azərbaycanda güclü ordu quruldu. Ölkəmizin hərbi potensialı gücləndirildi. Diplomatik çevrələrdə ölkəmizin mövqeləri möhkəmləndirildi. Azərbaycan özünə ilk növbədə dostlar qazandı. Ermənistanın illərlə yaratdığı yalanları, saxta mifləri ifşa edildi. Münaqişə ilə bağlı həqiqətləri beynəlxalq dairələr daha aydın dərk etməyə başladılar.

Sülh danışıqlarına sadiqlik göstərilməklə yanaşı, dövlətimiz elə imkanlar formalaşdırırdı ki, hərbi əməliyyatlar başlanarsa, böyük itkilər olmadan, daha iri faciələrə yol açmadan cəmi bir neçə gün içində torpaqlarımız düşməndən təmizlənsin. Azərbaycan yalnız sülh danışıqlarının artıq heç bir səmərəsinin qalmadığını anlayandan, eyni zamanda Ermənistanın hərbi-siyasi təxribatları dözülməz şəkil alandan sonra silaha əl atdı və 30 ilin münaqişəsini cəmi 44 gün içində həll etdi. Bununla da işğalçıların torpaqlarımızdan çıxması barədə BMT-nin 30 ilə yaxındır ki, havadan asılı qalmış qətnamələrini cəmi 44 gün müddətində icra etdi.  Nəzərə almaq lazımdır ki, bu nəticənin özü də sülh dövrünün yaratdığı imkanlar sayəsində əldə olundu.

Artıq müharibə geridə qalıb. Azərbaycan Prezidentinin həyata keçirdiyi ardıcıl iş, diplomatik fəaliyyət sayəsində dünya birliyi Vətən müharibəsinin nəticələrini qəbul edir. Haqq savaşımızdakı qələbəmizə bizim üçün qaneedici səviyyədə münasibət göstərir. Əslində, bu münasibətin formalaşmasında da Azərbaycanın sülh missiyasının böyük rolu var. Məsələlərə obyektivlik prizmasından yanaşan hər kəs ölkəmizin regiona sülh, təhlükəsizlik, davamlı inkişaf arzusunu görür. Bu arzunun reallaşdırılması üçün ortaya qoyulan fədakar zəhməti dəyərləndirir. Azərbaycan Prezidentinin gələcəyə strateji baxışında bölgənin sabahı aydın təsəvvür edilir. Əgər belə bir gələcəyi yaratmaq mümkün olarsa, Cənubi Qafqaz regionu qısa müddətdən sonra dünyanın böyük inkişaf məkanlarından birinə, sülh, inkişaf cənnətinə çevrilə bilər. Bunun üçün isə təbii ki, Azərbaycanın xoş niyyətlərlə atdığı addımların qarşılığı verilməlidir.

Sülhün əldə olunmasını, qarşılıqlı əlaqələrin bərpasını, ölkələrin ərazi bütövlüyünə hörmət prinsipləri əsasında normal qonşuluq münasibətlərinin qurulmasını ən azı Azərbaycan qədər hamı istəməlidir. Ölkəmiz bu istəklə sülh gündəliyini artıq Ermənistan tərəfinə təqdim edib. Prezident İlham Əliyev müsahibəsində bu məqama toxundu: “Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur. Bizim siyasətimiz isə tam aydındır - istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı. Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir”.

 

Torpağın bərəkəti qayıdır

 

Sülh qurucu insanların ən böyük arzusudur. Yalnız vandalizmi həyat tərzinə çevirənlər, dağıdıcılığı, insan faciələrini özünə qazanc bilənlər, xarabalıqlarda xoşbəxtlik axtaranlar müharibə arzusunda ola bilərlər. Necə ki, bunu mənfur qonşularımızın işğal dövründə yurdlarımızda törətdikləri dəhşətli vandalizm əməllərindən görürük. Bu illərdə onlar torpağın köksünə elə ağır yaralar vurublar ki, onu sağaltmağa illər gedəcək. Amma bütün çətinliklərə, böyük xərclərə rəğmən Azərbaycan bu yaraları da sağaldacaq. Azad yurdlarımız ən qısa zamanda yenidən gülüstana çevriləcək. Sülh bizə həm də bu işi uğurla həyata keçirmək, qələbəmizdən dərhal sonra bu torpaqlarda başlanmış genişmiqyaslı bərpa-quruculuq işlərini nizamında aparmaq üçün lazımdır.

44 günlük Vətən müharibəsində həyata keçirilən hərbi əməliyyatların peşəkar səviyyəsi, tətbiq edilən innovativ silahların qüdrəti ilə dünyanı heyran qoyan Azərbaycan bu gün də apardığı bərpa-quruculuq proseslərinin sürəti, miqyası ilə hər kəsi heyrətləndirir. Hətta işğaldan əvvəl heç bir hava limanının olmadığı Füzulidə indi ən müasir tələblərə cavab verən, beynəlxalq statuslu hava limanı var və başqa azad yurdlarımızda da yeni hava limanları tikilməkdədir.    

Torpaqların minalardan təmizlənməsi sürətlə aparılır və zəruri infrastruktur qurulur. Abad yollar, digər kommunikasiya xətləri çəkilir. Azərbaycan Prezidenti bildirdi ki, təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə - hərbi mövqelərimizə gedən istiqamətlərdə 700 kilometrə yaxın yol çəkilib. Əsgər və zabitlərimizin sərhəddə normal xidmət apara bilmələri üçün müasir infrastruktur qurulub. Bütün azad edilmiş torpaqlarımızda cəmi bir ildə 7 yarımstansiya inşa edilib və onlar hamısı ümumi dairəvi şəbəkəyə qoşulub. Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəklərinin çəkilməsi böyük fədakarlıq olmaqla Azərbaycanın yüksək potensialını göstərir.

Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcərlə Laçın arasında 4 kilometr uzunluğunda ikinci tunel inşa edilməkdədir. Bu infrastruktur  Göygöl-Gəncə istiqamətindən Kəlbəcərə rahatlıqla gəlməyə şərait yaradacaq. Bərdə-Ağdam avtomobil yolu inşa edilir, Naftalan Talış və Suqovuşanla birləşdirilir. Bu, həm Suqovuşanı, həm Ağdərə ərazisini turizm mərkəzinə çevirmək, eyni zamanda insanlarımızın bu ərazilərə qayıdışı planına xidmət edir. Azərbaycan “Zəfər yolu” kimi tarixə düşmüş Füzuli-Şuşa yolunu cəmi bir ilə çəkməyə nail olub. Hazırda ikinci magistral yol çəkilməkdədir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yolların tikintisi yönündə də işlər gedir. Eyni zamanda Bərdə-Ağdam, Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yollarının inşasına başlanılıb. İşğaldan azad edilmiş torpaqlarımızın mina təhlükəsi olmayan, kənd təsərrüfatı üçün artıq uyğun sayılan hissələrində əkin işləri aparılır. Azərbaycan xalqının simasında bu torpağın əbədi-əzəli sakinləri kimi ruzi-bərəkəti də özünə qayıdıb.   

 

Dəyərlərə hörmət ruhu

 

Şəhərsalma layihələri də uğurla icra olunur. Baş planları artıq hazır olan Şuşa və Ağdamda bu proses sürətli şəkildə həyata keçirilir. Vətən müharibəsində tətbiq etdiyi innovativ silahlarla XXI əsrin müharibəsini aparan Azərbaycan bərpa-quruculuq işlərində də dünyanın ən müasir texnologiyalarını tətbiq edir. Bərpa edilən yaşayış məntəqələri “Ağıllı şəhər”, “Ağıllı kənd” konseptində qurulur. Azərbaycan bununla azad yurdlarımızın işğal dövründə itirilmiş illərini də geri qaytarır. Bu torpaqlar inkişaf axarına müasir çağdan qoşulur. Zəngilanın Ağalı kəndində yaradılan ilk “Ağıllı kənd”in inşası artıq başa çatmaq üzrədir. Yaxın vaxtlardan məcburi köçkünlərimizin ilk qrupunun ata-baba torpaqlarına qayıdışı başlanacaq. Şuşada böyük yaşayış kompleksinin təməli qoyulub. İşğaldan azad edilmiş digər şəhərlərimizin baş planlarının hazırlanması istiqamətində də tədbirlər həyata  keçirilməkdədir.

Azərbaycan dövləti bu yurdların müasir inkişafı ilə yanaşı, azad ərazilərimizdəki tarixi abidələrimizi də həyata qaytarır. Bu abidələr əcdadlarımızın torpağın köksündəki nəcib izləridir. Şuşada, başqa azad şəhər və kəndlərimizdə tarixi abidələr bərpa olunur. Azərbaycan sülh amalını həm özümüzə, həm də digər xalqlara aid milli-mənəvi dəyərlərə hörmət ruhunda ifadə edir.

Sülh və quruculuq... Əgər Azərbaycan xalqının mahiyyətini, istək və arzularını yalnız iki sözlə ifadə etmək olsa, ilk ağla gələn kəlmələr, yəqin ki, bunlar olar. Bu, əsrlərdən bəri xalqımızın yerinə yetirdiyi missiyanın, özü üçün seçdiyi həyati dəyərlərin, tarixi keçmişinin, bu gününün və gələcəyə baxışının cəmi iki kəlmədə ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti ulu əcdadlarımızın ruhundan gələn bu missiyanı xalqın gücünə, dəstəyinə güvənərək uğurla davam etdirir və qəlbində saf niyyətlərə yer olan hər kəsi regionumuzun xoşbəxtliyi naminə bu missiya ətrafında bir araya gəlməyə çağırır.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video