23 Iyun 2022 01:23
1290
SİYASƏT
A- A+

Strateji tərəfdaşlığın yeni yüksəliş mərhələsi başlayır

 

İlham Əliyevin Özbəkistana tarixi dövlət səfəri, imzalanan mühüm sənədlər çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaratdı

 

Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlığında və çoxtərəfli münasibətlərində yeni yüksəliş mərhələsi başlayır. İlham Əliyevin dost ölkəyə dövlət səfəri, Prezident Şavkat Mirziyoyevlə aparılan danışıqlar, keçirilən görüşlər və imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi üçün real zəmin yaratdı.

Azərbaycan Prezidentinin Özbəkistana budəfəki ikigünlük dövlət səfərinin 25 il əvvəl Ümummilli Lider Heydər Əliyevin dost ölkəyə səfər tarixi ilə üst-üstə düşməsi və səfərin Daşkəndin mərkəzində Ulu Öndərin abidəsinin, onun adını daşıyan  meydanda  parkın açılışı ilə başlaması həm rəmzi məna daşıdı, həm də çox mühüm əlamətdar hadisə kimi tarixə yazıldı. Bu, Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə ehtiramın bariz təcəssümü idi.

 

İkitərəfli siyasi-diplomatik münasibətlər, imzalanan 155 sənəd

 

İki ölkə arasında diplomatik münasibətlər 27 illik tarixə malik olsa da, qarşılıqlı münasibətlərin kökü uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılıb. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın ölkəmizdə səfirlikləri fəaliyyətə başlayıb.

İlham Əliyevin dost ölkəyə budəfəki səfərinədək iki ölkə arasında 135 sənəd imzalanmışdı. Bu səfər zamanı isə mühüm sahələri əhatə edən daha 20-yə yaxın sənədin imzalanması əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi.

Bu səfər çərçivəsində İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüş keçirdikdən sonra sənədlər imzalandı və dövlət başçıları mətbuata bəyanatla çıxış etdilər. Dövlət başçıları qeyd etdilər ki, aparılan danışıqlar, imzalanan sənədlər qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən edib. Sənədlər arasındakı "Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə" ikitərəfli münasibətlərdə yeni mərhələ açmaqla yanaşı, qlobal xarakter daşıyır, ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır və mahiyyət etibarilə gələcək fəaliyyətin yol xəritəsi hesab edilir. Bəyanatda həmçinin xarici siyasətin prioritetləri də əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.

 

Əməkdaşlığın yeni inkişaf mərhələsinin yol xəritəsi

 

Tarixi səfər çərçivəsində dövlət başçıları beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi də apararaq hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində planlar cızıb, BMT və Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində dialoqun konstruktiv xarakterini, qarşılıqlı dəstəyin vacibliyini qeyd ediblər.

İlham Əliyev vurğulayıb ki, müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, həm də alınan qərarlara əsasən, bu səfər və razılaşmalar münasibətlərin gələcək inkişafı üçün əsas olacaq. Eyni zamanda investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə edilən razılaşmalar əmtəə dövriyyəsinin artırılması, daha geniş əməkdaşlıq üçün əlverişli imkanlar yaradacaq.

Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi qeyd edən İlham Əliyev dedi ki, bu sahə hər iki ölkə üçün prioritet əhəmiyyət kəsb edir. Yerləşdiyimiz region təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir.

Özbəkistan Prezidenti isə mətbuata bəyanatında maraqlı məqama toxunaraq deyib ki, bu görüşdə imzalanan sənədlər ətrafında aparılacaq işlərin nəticəsi 5 aydan sonra,  noyabrda Səmərqənddə müzakirə ediləcək. Yəni noyabrda İlham Əliyev yenidən Özbəkistana səfər edəcək və Səmərqənd şəhərində prezidentlərin görüşü baş tutacaq. Bu görüşdə iki ölkənin naziri imzalanan sənədlərə uyğun hansı işlərin həyata keçirildiyi ilə bağlı prezidentlərə hesabatlar verəcək.

Şavkat Mirziyoyev eyni zamanda vurğulayıb ki, strateji tərəfdaşlığın daha da gücləndirilməsi üçün qarşılıqlı münasibətlər genişləndirilməli, yeni platforma, yeni istiqamətlər yaradılmalıdır. İlham Əliyevin dediyi kimi, bu yol xəritəsi həyata keçirilməlidir. Əgər buna uyğun addımlar atılarsa, bu, gələcək münasibətlərin rəhni olacaq.

Prezident İlham Əliyevin söylədyi kimi, bu tarixi dövlət səfəri Azərbaycanla Özbəkistanın gələcək qarşılıqlı aktiv fəaliyyətinin əsasını qoydu.

Xatırladaq ki, səfərin ilk günü, iyunun 21-də İlham Əliyev həmkarı Şavkat Mirziyoyevlə "Kuksaroy" dövlət iqamətgahında fəxri qonaqlar xiyabanında ağac əkdi, Daşkənddə "TEXNOPARK" MMC-nin fəaliyyəti ilə tanış oldu.

Səfərin ikinci günü, iyunun 22-də isə Prezident Daşkənddən Ürgənc şəhərinə yola düşdü, Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi və "Nurullaboy" saray kompleksi ilə tanış oldu.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video