01 Dekabr 2021 00:53
252
SİYASƏT

Strateji mövqeyə malik olan bölgəmiz yeni reallıqlara uyğun inkişaf edəcək

 

...Laçın da digər işğal edilmiş ərazilərimizdən biri kimi, düşmən məkrinin, çirkin siyasətin qurbanı olmuşdu: 1992-ci il mayın 18-də işğalçıların əlinə keçmişdi...

Laçının işğalının hər ildönümlərində o yurdlarda doğulmuşların qəlbindən qara qanların necə axmasını təsəvvür etmək o qədər də çətin deyildi. Yazın gəlişi ilə dağlar yaşıl donuna bürünüb aran ellərini yaylağa haraylayanda Şuşanın arxa-dayağı, söykənəcəyi olan Laçından didərgin düşənlərin qəlbindən qara qanlar axardı.

Xalqımızın ümumi sərvəti olan dağlarımızın yağmalanması ilə dəyəri milyardlarla ölçülən təbii sərvətlərimizi daşnaklar talamışdılar. Təkcə maddi sərvətlər beşiyi deyildi Laçın. Burada minilliklərin, əsrlərin yadigarı olan maddi mədəniyyət abidələri, mənəvi sərvətlərimiz də  kifayət qədər idi.

Nəhayət, bu dərdə çarə olan Qələbə Müzəffər Ali Baş Komandanımız tərəfindən çalındı: 2020-ci il dekabrın 1-də Laçın da Ermənistanın işğalından azad edildi. Bu ilin baharında dağlara, onun qalalar məskəninə, zirvələrə bahar gəldi - Qələbə sovqatlı, bayram əhvali-ruhiyyəli. Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirildi. Laçınlıların isə üzügeri qayıdacaq köç karvanı yol üstündədir.

Öncədən qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun əsaslı şəkildə yenidən qurulması dövlət başçısının quruculuq siyasətinin  prioritetlərindən biridir. Laçın və Kəlbəcərin də yenidən qurulması hər iki rayonun yollarından başladı. Kəlbəcər-Laçın yolundakı tunelin təməlini qoyduqdan sonra Laçın rayonunun Qorçu kəndi ərazisində inşasına başlanılan hava limanının da respublikanın qərb regionunun inkişafında mühüm əhəmiyyət kəsb etməsi  danılmazdır.

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə  2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirakı zamanı qeyd edildi ki, bu, tarixi və əlamətdar hadisədir. Çünki işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlının Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Bu il avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Orada keçirilən görüşlər zamanı vurğulandı ki, Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidənqurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcək.

Müharibədən sonra ölkə rəhbərinin Laçına səfəri bir daha təsdiq etdi ki, artıq regionda yeni düzən formalaşıb. Nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar.

Həmin səfərlər onu da təsdiqlədi ki, kifayət qədər həssas olan Cənubi Qafqazda davamlı sülh və inkişafın əldə edilməsi 44 günlük savaşdan sonra qazandığımız zəfər kontekstində formalaşan reallığa uyğun kommunikasiyaların bərpası və ölkələrin qarşılıqlı ərazi bütövlüyünün tanınmasından keçəcək.

Prezident İlham Əliyev Laçına səfəri zamanı işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin  törətdiyi ekoloji cinayətlərə də diqqət çəkdi və onu törədənlərin məhkəmə qarşısında cavab verəcəklərini bəyan etdi. Digər tərəfdən, dövlət başçısı Laçın rayonunda, ümumiyyətlə, Şərqi Zəngəzur regionunda aparılan genişmiqyaslı bərpa işləri barədə də geniş məlumat verdi. Bu regionla müntəzəm əlaqənin təmin edilməsində mühüm rol oynayacaq iki tunelin təməli qoyuldu.

 Prezident Laçın rayonunda beynəlxalq hava limanının təməlini qoyarkən bildirdi ki, pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərinin bura ezam olunmasının da xüsusi önəmi var: “700 kilometr yolların çəkilişi prosesi gedir və qışa qədər işin təqribən 80 faizi görüləcək. Bu da hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənməyə imkan verəcək”.

 Eyni zamanda bu səfər zamanı Prezident bir daha bəyan etdi ki, Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar, biz bunu sonrakı mərhələyə saxlayırıq. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti strateji hədəflərə mərhələli şəkildə nail olmaq üçün aydın proqrama, müdrik siyasi uzaqgörənliyə sahibdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. İki və dörd hərəkət zolaqlı yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində ümumi uzunluğu 9450 metr olan 3 tunelin tikintisi aparılacaq: “...Bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir...”

Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.

Beləliklə, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların doğma yurdlarına qayıtmaları üçün yeni imkanlar açacaq.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video