09 Dekabr 2021 00:33
674
İQTİSADİYYAT
A- A+

Sosial dayaq

 

Şəhid ailələri və qazilərə dövlət dəstəyinin məzmunu və miqyası genişlənir

 

Məlumdur ki, Vətən müharibəsində qazandığımız qələbədən dərhal sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə şəhid ailələri, qazilər və erməni terrorundan zərər çəkən şəxslərlə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrasına başlanıldı. Bu sahədə humanizm və sosial ədalət prinsipi başlıca meyar kimi qəbul edildi.

İndi haqqı çatan hər bir Azərbaycan vətəndaşı bu imkandan yararlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu günədək 35 min şəxs sosial dəstək paketindən istifadə edib və onlara 41 min müxtəlif növ xidmət göstərilib. Son bir ildə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən 7716 nəfərinə 15344 sosial ödəniş, yəni Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət təyin edilib. İndiyədək 2300-ə yaxın Vətən müharibəsi qazisinə əlillik və müvafiq sosial ödənişlər verilib. Hazırda qazilərin əlilliyinin qiymətləndirilməsi prosesi davam edir.

Prezident İlham Əliyev tərəfindən 2020-ci il dekabrın 30-da imzalanan fərman həssas kateqoriyadan olan insanların sosial müdafiəsində xüsusi rol oynadı. Belə ki, həmin fərmanla Prezidentin şəhid ailələri üçün təyin etdiyi aylıq təqaüd 300 manatdan 500 manata, müharibə, 1990-cı il Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata, Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb.

Bununla yanaşı, Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə Prezidentin 2000 manat məbləğində aylıq təqaüdü təsis olunub.

Həssas kateqoriyadan olan vətəndaşlara bir sıra sosial təminatlar da verilir. Belə ki, bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təmin edilməsi istiqamətində geniş dövlət proqramı icra edilir. Bu il 2018-ci ilə nisbətən 5 dəfə çox olmaqla 3 minədək mənzil və fərdi evin verilməsi təmin olunur və onlardan artıq 2500-dək mənzil bu kateqoriyadan olanlara, Vətən müharibəsi zamanı şəhid olanların ailələrinə, habelə digər həssas qruplara verilib. Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin mənzillə təminatı işləri də aparılır. Ümumən ötən dövrdə 11 700-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. 2021-ci ilin ötən dövründə daha 164, ümumilikdə isə indiyədək 7400-ə yaxın müharibə əlili nazirlik tərəfindən avtomobillə təmin olunub.

Qeyd olunan kateqoriyalara aid şəxslərin məşğulluq məsələlərinin həlli istiqamətində də işlər aparılır. Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərin (8 mindən çox şəxsin) məşğulluq məsələlərinin həllinə dəstək göstərilib. O cümlədən 5500-dən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib, 2500-dən çox şəxs işlə təmin edilib.

Bu il iyunun 10-dan “Məşğulluq marafonu” da başladılıb. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək verməkdir. İşəgötürənlər bu marafonda fəal iştirak edirlər. 600-ə yaxın işəgötürən tərəfindən 3765 vakansiya təqdim edilib. Həmin vakansiyalar üzrə artıq 1245 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 3 min ailə üzrə 10 minədək şəxsə sosial-psixoloji dəstək göstərilib. Müasir tələblərə uyğun qurulan reabilitasiya müəssisələrində son bir ildə 1600 qaziyə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib. Müasir reabilitasiya infrastrukturu Vətən müharibəsi qazilərimizin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatı üçün mühüm potensial, baza rolunu oynayır. 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra  istifadəyə verilib. Bir qədər əvvəl, bu ilin 3 dekabrında - Beynəlxalq Əlillər Günündə isə ölkəmizdə daha bir uşaq reabilitasiya müəssisəsi - Qəbələ Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin müasirləşdirilməsi imkanlarının artırılması imkan verəcək ki, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 3 dəfə artırılaraq 30 minə çatdırılsın.

Dövlət başçısının xüsusi qayğıkeşliyi nəticəsində ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanıb. Artıq 164 hərbçimiz 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib. Onlardan 149-u aşağı ətraflarını itirmiş qazilərdir. Onlara təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivliyi və funksionallığı ilə seçilir. İstifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir. Digər 15 nəfər isə yuxarı ətraflarını itirmiş qazilərdir, onlar  “ÖSSUR Touch Bionics” protezləri ilə təmin olunub. Bu protezlər də yuxarı ətrafları amputasiya olunmuş şəxslərə xüsusi proqram təminatı vasitəsilə sosial həyata daha tez və rahat inteqrasiya imkanı yaradır. Müasir 4-cü nəsil elektron protezlə təmin edilmiş qazilərimiz artıq sərbəst hərəkət edir, hətta futbol oynayırlar.

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə 10 min 100 müharibə əlili 10,8 minədək reabilitasiya vasitəsilə təmin edilib. O cümlədən əksər qismi qazilərdən ibarət 960-dək əlilliyi olan şəxsə mühərrikli  təkərli oturacaq verilib.

Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələrinə, müharibədə yaralanmış qazilərə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilməsinə imkan verib. Bakı şəhəri və Abşeron rayonundakı DOST mərkəzlərində fəaliyyətə başlayan 21 qurum (6 mərkəzi, 14 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlərin vahid məkandan təqdim edildiyi mərkəzlərdə bu günədək 4,4 min şəxsə xidmət göstərilib. Yaxın vaxtlarda ölkəmizin digər regionlarında da vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq.

Prezident İlham Əliyevin 27 oktyabr 2021-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi də yaradılır. Bir çox mərkəzi və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışı olacaq. “Zəfər” altsistemi qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı verəcək.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video