17 Avqust 2022 01:20
634
Mədəniyyət
A- A+

Son ifasında "Əlvida Bakı" dedi

 

Onun nə musiqiyə olan sonsuz sevgisi, bağlılığı, nə də istedadı  Maqomayevlər üçün qeyri-adi deyildi. Bu ailədə hər kəsin musiqi qabiliyyəti var idi. Babası Müslüm Maqomayev bəstəkar, musiqiçi, dirijor, ictimai xadim kimi şöhrət qazanmışdı. 
Azərbaycan klassik musiqisi sahəsində tanınan, operamıza "Şah İsmayıl" və "Nərgiz" kimi iki dəyərli əsər bəxş edən bəstəkar cəmi əlli bir il ömür sürübdür. İki oğlu - Camal və Maqomed musiqini çox seviblər. Onlar musiqi məktəbində təhsil almayıblar, ancaq Camal fortepiano və royalda, kiçik qardaşı royalda peşəkar musiqiçilər kimi ifa etməyi bacarıblar. Maqomedin həm də məlahətli səsi olub. Arabir oxuyarmış. 
Maqomedin həyat yoldaşı Ayşət Axmedovna gözəl səsli, dram aktrisası kimi tanınıb.  Onlar Maykopda tanış olub, evlənib Bakıya gəliblər.

 

Şöhrətli babasının adını daşıyırdı

 

Musiqi sənətinə sevgi, pərəstiş dolu belə bir ailədə 1942-ci ilin 17 avqustunda dünyaya göz açan uşağa şöhrəti dillərdə gəzən babasının adını veriblər. Atası Maqomed istedadlı teatr rəssamı olub. Onun arzular, ümidlər, uğurlar dolu gəncliyinə müharibə qıyıb. Maqomed Maqomayev Böyük Vətən müharibəsində iştirak edib. Sovet ordusunun qələbəsinə sayılı günlər qalmış döyüşdə həlak olub.
O vaxtlar Bakıda Maqomayevlər ailəsi ilə birgə yaşayan Ayşət Axmedovna Maqomedin qara xəbəri gəldikdən sonra doğulub-böyüdüyü Maykop şəhərinə qayıdıb. Teatrda fəaliyyətini davam etdirmək üçün Maykopdan da Vışniy Voloçekə köçüb. Sonralar yenidən ailə qurub, bir oğlu, bir qızı dünyaya gəlib.
Balaca Müslüm isə anasının istəyi ilə Bakıda qalıb, əmisi Camalın himayəsində böyüyüb. Həssas uşaq idi. Doğmaları onun uşaq dünyasını kədərə, qüssəyə boyamamaq üçün atasının bir daha dönməyəcəyini illərlə ona söyləməyiblər. Bu acı həqiqəti Müslümə on yaşına çatanda deməli olublar. 
Qohumları arasında rahat yaşayırdı. Əmisi sevimli qardaşı oğluna yetimliyini hiss etdirməmək üçün əlindən gələni əsirgəmirdi. Ancaq ata-ana sevgisindən məhrum böyüyürdü. Anasının qərarının Müslümə bir xeyri olub ki, əyalətdə yox, Bakı kimi geniş imkanlara malik şəhərdə təhsil alıb, boya-başa çatıb. Kiçik yaşlarından onun fitri istedadını görməmək, hiss etməmək mümkünsüz olub. Odur ki, balaca Müslümün təhsili, gələcək sənət yolu barədə çox düşünüb-daşınmağa gərək qalmayıb. 1949-cu ildə adını Bakı Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbinə yazdırıblar.
Uşaqlıq illəri bir-birindən maraqlı, unudulmaz xatirələrlə iz sala-sala ömründən keçib gedirdi... O qayğısız, gözəl çağlarını sonralar - şöhrəti dillərdə gəzəndə tez-tez həsrətlə yada salıb. Bakıda ona çox doğma olan məhəlləsini, "Nizami" kinoteatrının yanında yerləşən uşaqlığının, yeniyetməliyinin keçdiyi evi xiffətlə xatırlayıb. Gələcəyin məşhur müğənnisinin ilk dinləyiciləri də orada, həyətlərindəki dostları olmuşdu...
O illərdə gələcəyinə ümidlə baxırdılar. Musiqi istedadı yalnız qohumlarının deyil, təhsil aldığı məktəbdə müəllimlərinin və yoldaşlarının diqqətini cəlb etmişdi. İlk dəfə on dörd yaşında Dənizçilər klubunda səhnəyə çıxıb. On beş-on altı yaşlarında artıq pərəstişkarlarının sayı az olmayıb. Bariton səsli gənc müğənni məktəblərdə, institutlarda, klublarda, hətta Bakı bulvarında oxumağa dəvət edilib. O isə hələ istedadlı, savadlı və təcrübəli müəllimlərdən dərs alır, musiqi sənətinin incəliklərini həvəslə öyrənirdi. Müslümün musiqi savadı almasında Aleksandr Akimoviç Milovanovun, konsertmeyster Tamara İsidorovna Kretinqenin rolu böyük olub.

 

Bakılı gənc dünyanı fəth edir

 

On doqquz yaşında, 1961-ci ildə o, Bakı hərbi dairəsinin mahnı və rəqs ansamblının solisti idi. İlk qastrol səfərinə də o vaxtlar çıxıb. Bir il sonra isə onu çox sevən, qayğısını çəkən Maestro Niyazinin tövsiyəsi ilə Helsinkidə keçirilən Gənclərin və Tələbələrin VIII Ümumdünya festivalına göndərilib. Bakıya beynəlxalq mükafatla dönüb. Geniş tirajlı "Oqonyok" jurnalında "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalədə iyirmi yaşlı müğənninin uğurundan bəhs olunub.
Pərəstişkarlarının sayı gündən-günə artırdı. Onların arasında cazibəsinə düşən xanımlar çox idi. Bu qeyri-adi ifalı, bariton səsli, boylu-buxunlu, qədd-qamətli, yaraşıqlı gənc müğənninin özü də gözəllərə etinasız qalmırdı. On səkkiz yaşında könlünü verdiyi Ofelya ilk məhəbbəti idi. Bir-birilərinə aşiq olan gənclər evləniblər. Ancaq yola gedə bilməyib, 1962-ci ildə ayrılıblar. Qızları Marina anası ilə qalıb. 
Bir il sonra, iyirmi bir yaşında Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərindəki çıxışları Müslümə yeni yaradıcılıq uğurları gətirib. İlk solo-konsertini həmin ilin, 1963-cü ilin noyabrında Çaykovski adına Konsert Zalında verib. "Kreml" Sarayındakı konsertindən sonra o, artıq bütün ölkədə sovet estradasının yeni ulduzu kimi təqdim edilib. 
Sanki şöhrət özü Müslüm Maqomayevin ardınca düşmüşdü. Gənc müğənni tanınmaq, məşhurlaşmaq üçün cəhd göstərib yollar axtarmırdı. Ancaq fitri istedadının dəyərini də bilirdi. Təmkinlə, yorulmadan, səbirlə oxuyub öyrənirdi. Tamaşaçıların qarşısına məsuliyyətlə çıxırdı.
1963-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti oldu. Həmin vaxtlar estrada konsertlərində də çıxış edirdi. 1960-cı illərin ortalarında şöhrəti SSRİ-nin sərhədlərini aşdı. Müslüm Maqomayevə solo konsert təkliflərinin ardı-arası kəsilmirdi. Onun oxuduğu konsert salonlarında boş yer tapmaq mümkün deyildi. Konsertləri böyük idman saraylarında keçiriləndə də salonda ayaq basmağa yer qalmırdı.
1964-1965-ci illərdə Milanın "La Skala" teatrında təcrübəyə çətinliklə də olsa gedə bildi. Səfəri Azərbaycanda geniş işıqlandırıldı, haqqında film çəkildi. 

 

Azad ruhlu, çərçivələrə sığmayan sənətkar

 

Təcrübəsini bitirdikdən sonra Moskvanın Böyük Teatrına dəvəti qəbul etmədi. Müslüm Bakıya qayıtdı.
Azad ruhlu, çərçivələrə sığmayan Müslüm Maqomayev  hər günü məcarayla dolu ömür yaşayırdı. Sovet dövrünün sərt qayda-qanunlarından hətta Milanda da rahatlıq tapmayıb özünü nəzarət altında hiss edəndə də, sonralar daha çox çətinliklə üzləşəndə də, qastrollarına qadağa qoyulanda, neçə-neçə təklifdən əl çəkməli olanda da ruhdan düşmədi. Müslüm Maqomayev bütün təzyiqləri, qadağaları, həsədləri, paxıllıqları öz ifası ilə puç edirdi...
1966-cı ildə Parisin Olimpiya Teatrına dəvət olunanda Azərbaycanın ozamankı rəhbərliyi respublikada az çıxış etdiyini bəhanə gətirib səfərinə qadağa qoydu. Yekaterina Furtsevanın köməyi ilə konsert günü Parisə yetişə bildi. Çıxışından sonra Olimpiya Teatrının direktoru Müslümə illik çalışma müqaviləsi təklif etdi. Ancaq növbəti qadağa Moskvadan gəldi.  SSRİ Mədəniyyət Nazirliyi Müslüm Maqomayevin dövlət konsertlərində çıxış etməli olduğunu səbəb göstərdi.
O illərdə haqqında danışılan  hadisələrdən biri də Rostov-Donda 40 min nəfərlik stadionda verdiyi konsertə görə 200 əvəzinə 600 rubl qonorar alması idi. Məbləğin qanuni olması və Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənməsi barədə  tədbirin adminstratorlarının dedikləri doğrulanmadı. Məlumat müğənniyə Parisdə "Olimpiya"da çıxış edərkən verildi. O zaman Fransada qalmaq imkanı vardı. Nə vətənindən ayrılmağa, nə də bununla SSRİ-də qalan qohumlarını bəlaya salmağa könlü razı oldu. Başının üstünü almış təhlükəyə rəğmən qayıtdı. Hüquq-mühafizə əməkdaşları çox çək-çevirə salsalar da, onun günahkar olduğunu təsdiq edən sübut tapmadılar. Müğənni  ödənilən məbləği rəsmi şəkildə imzalayaraq qəbul etmişdi. Ancaq SSRİ Mədəniyyət Nazirliyi ona Azərbaycandan kənarda qastrollarda çıxış etməyi qadağan etdi.
Azərbaycan Dövlət Konservatoriyasında Şövkət Məmmədovanın sinfində oxudu. 1968-ci ildə təhsilini başa vurdu.
Müslüm Maqomayevin ifasına heyran olanlar arasında Sovet İttifaqına müxtəlif vaxtlarda rəhbərlik etmiş şəxslər, yüksəkvəzifəlilər də var idi. O vaxt SSRİ-nin DTK sədri Yuri Andropov Mədəniyyət nazirinə zəng vurmuşdu. Müslümün DTK-nın yubileyində çıxış etməsini istəmişdi. Yekaterina Furtsevaya olanları xatırladanda DTK sədri: "Ona iradımız yoxdur, qoyun gəlib oxusun", - demişdi.

 

Şöhrətin zirvəsində

 

Müğənni şöhrətinin zirvəsindəydi. Tamaşaçıları oxuduğu konsert salonlarına, stadionlara sığmırdı, onu ayaq üstə dinləməyi belə özləri üçün xoşbəxtlik sayırdılar. Pərəstişkarları müğənnini uzaqdan görmək üçün yollarında dayanırdılar. Sovet İttifaqının ən möhtəşəm fəxri adlarına, dövlət mükafatlarına gənc yaşlarında layiq görülürdü. Otuz bir yaşında SSRİ Xalq artisti fəxri adını aldı.
Repertuarı zəngin idi. Yüzlərlə ariya, romans, estrada mahnıları ifa etməklə bərabər, müxtəlif janrlarda musiqi əsərləri bəstələyirdi. "Gümüşgölün əfsanəsi", "Təxribat", "İstanbul reysi" filmlərinin musiqilərini yazdı. Dostu, Xalq artisti, rejissor Eldar Quliyevin təklifi ilə şair Nizami roluna çəkildi.
1969-cu ildə Polşanın Sopot şəhərində keçirilən IX Beynəlxalq Mahnı Festivalında mükafat qazandı. Kann festivalında "Qızıl val"la mükafatlandırıldı. 1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkildi. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin olundu. Həmin orkestrlə SSRİ-nin bir çox şəhərində, eləcə də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verdi.
1974-cü ilin 23 noyabrında o, dünya opera ifaçılığının inkişafında xidmətləri olan, SSRİ Xalq artisi Tamara Sinyavskaya ilə evləndi. Müslüm Maqomayev ömrünün sonunadək onunla ayrılmadı. Səhnədə də tərəf-müqabil oldular. Müslüm rejissor Qleb Drozdovun sifarişi ilə "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanan "Yaroslavna" tamaşasına musiqi bəstələdi. Tamaşada o, knyaz İqor, Tamara Sinyavskaya Yaroslavna rollarını ifa etdi.
Sovet İttifaqının paytaxtına köçüb uzun illər orada yaşadı. Moskvada ən nüfuzlu sənətkarlardan biri oldu, məşhur bəstəkarlar onun səsi üçün mahnılar bəstələdilər.
Onu Moskvada da hər cür həsəddən, paxıllıqdan uzaq, təvazökar, gözü-könlü tox, xeyirxah, səxavətli insan kimi tanıdılar. Dünyaşöhrətli  sənətkarın uzun illər evi də olmadı, "Rossiya" mehmanxanasında qaldı...
Dünya  musiqisevərlərinin qəlbini fəth edən müğənni heç zaman Bakını unutmadı. Müslüm Maqomayev bu şəhərə sonsuz sevgisini möhtəşəm konsertlərinə şair Nəbi Xəzrinin sözlərinə bəstələdiyi məşhur "Azərbaycan" mahnısı ilə başlamaqla da ifadə etdi.
O, səhnə ilə vidalaşanda pərəstişkarları ümidlərini üzmədilər. Son ifasında da doğma şəhərini yada saldı, "Əlvida Bakı", - dedi. 
Bakı üçün çox darıxır, imkan tapan kimi həyat yoldaşıyla  gəlirdi. 2002-ci ildə Bakı Musiqi Akademiyasında Müslüm Maqomayevin 60 illiyinə həsr olunmuş tədbir keçirildi, sonda ona Bakı Musiqi Akademiyasının fəxri professoru adı verildi. 2002-ci il sentyabrın 6-da "İstiqlal" ordeni ilə təltif edildi.
Səhhətində problemlər yaranması barədə yayılan xəbərlər musiqisevərləri kədərləndirirdi. 2008-ci ilin iyununda o, Moskvadakı Bakulev xəstəxanasına aparıldı. Dünyaşöhrətli sənətkar - müğənni, bəstəkar, pianoçu, rəssam, aktyor Müslüm Maqomayev oktyabrın 25-də uzun sürən xəstəlikdən sonra vəfat etdi. Oktyabrın 28-də Moskvada 45 il əvvəl ilk solo konsertini verdiyi Çaykovski adına salonda müğənni ilə vida mərasimi keçirildi. Aleksandr Andreyev dedi: "Rusiyalıların kədərini ifadə etmək üçün söz tapmaq çətindir. Onun istedadı təkcə konsert salonlarını və stadionları doldurmurdu, milyonlarla tamaşaçı onun istedadına heyran idi. Biz onun pərəstişkarı idik. O, Azərbaycanın bizə bəxş etdiyi Bakı bülbülü, həm də Rusiyanın sərvəti idi".
Oktyabrın 29-da həmvətənləri Müslüm Maqomayevlə babasının adını daşıyan Azərbaycan Dövlət Filarmoniyasının binasında vidalaşdılar. Müslüm Maqomayev birinci Fəxri xiyabanda dəfn edildi.
Onun bütün ömrü boyu qəlbində gəzdirdiyi doğma vətəninə sevgisini vəfatından sonra da "Azərbaycan", "Sevgili canan", "Sənsiz", "Elegiya", "Zibeydə", "Üzüyümün qaşı firuzədəndir" və başqa əsərlər yaşatdı. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video