Dünya təcrübəsindən məlumdur ki, müxtəlif zamanlarda yeni yaranan, müstəqillik qazanan ölkələrdə ən ümdə və önəmli vəzifələrdən biri məhz dövrün tələblərinə uyğunlaşdırılan Konstitusiyanın hazırlanıb qəbul olunmasıdır. Konstitusiya dövlətçiliyin və cəmiyyətin fəaliyyətinə hüquqi təminat yaradan və onu nizamlayan əsas qanundur. Konstitusiya həm də dövlətin siyasi, hüquqi, iqtisadi sistemlərinin əsaslarını müəyyənləşdirir. Konstitusiya vətəndaşların hüquq və azadlıqlarını təsbit edən və buna zəmanət verən əsas sənəddir. Bu ali sənəd yüksək hüquqi qüvvəyə malik olduğuna görə onun prinsipləri bütün digər qanunvericilikdən üstün hesab olunur.
Azərbaycan xalqı XX əsrin əvvəllərində müstəqilliyinə qovuşdu. Təəssüflər olsun ki, həmin dövrdə əsas dövlət atributlarına mənsub olan xalqımız olduqca mürəkkəb tarixi şəraitin diktə etdiyi çətinliklər səbəbindən öz Konstitusiyasını yaratmağa imkan tapmadı. 1917-ci ildə Rusiyada baş vermiş sosialist inqilabı nəticəsində hakimiyyətə gəlmiş qüvvələr bir çox millətlər kimi bizim də azadlığımızı əlimizdən aldı, müstəqil dövlətimizi süquta uğratdı. Keçmiş sovetlər dövründə Azərbaycan müttəfiq respublikalardan biri kimi dörd dəfə Konstitusiya qəbul etmişdi. Təəssüf ki, bu hüquqi sənədlərin heç birində xalqımıza xas olan milli dəyərlər öz əksini tapmamışdır. Tapa da bilməzdi, çünki həmin dövrlərdə qanunlar əsasən sovet ideologiyası ruhunda yazılırdı.
1991-ci ildə yaranmış tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı müstəqil dövlətçiliyini bərpa etdi. İlk illərdə dövlətin qeyri-peşəkar siyasətçilər tərəfindən idarə olunması səbəbindən cəmiyyətin başqa sahələrində olduğu kimi, qanunvericilik bazasında da boşluq yaranmışdı. Yalnız görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində olduqca vacib və zəruri islahatlar həyata keçirilməyə başlandı.
1994-cü ildə Ümummilli Liderin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı. Artıq Sovet ideologiyası tarixin arxivinə atıldığına görə qanunlarımız milli ruhda yazıldı. Hazırlıq işləri başa çatdıqdan sonra 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə Azərbaycanın Əsas Qanunu qəbul edildi. Dövlətin fəaliyyətini tənzimləyən belə bir mükəmməl Konstitusiyanın hazırlanması bir həqiqəti də sübut etdi ki, ölkəyə yalnız yüksək idarəçilik təcrübəsi olan siyasi xadimlər rəhbərlik etməlidirlər. Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində bu tarixi sənədin əsas mahiyyəti və prinsiplərini təhlil edərək demişdir: "Biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu, ilk, tamamilə sərbəst, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır".
Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiyamızda Silahlı Qüvvələr və Vətənin müdafiəsi ilə bağlı maddələr də öz əksini tapıb. Konstitusiyanın 9-cu maddəsində Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaratdığı, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğu qeyd edilir. Bu gün doğma və qalib ordumuzun sıralarında xidmət edən hərbi qulluqçular Konstitusiyamızdan irəli gələn tələbləri dərindən dərk edərək vətənimizə layiqincə xidmət etməyin məsuliyyətini öz üzərlərində hiss edirlər.
Konstitusiyanın müvafiq maddələrində Vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu, onların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi vurğulanır. Silahlı Qüvvələrin fəaliyyətini hərtərəfli tənzimləmək üçün qanunlar toplusu qəbul edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi müxtəlif illərdə bu sahədə qanunlar qəbul etdi. Müəyyən dövrlərdə qanunları təkmilləşdirmək məqsədilə hüquqi aktlara dəyişikliklər və əlavələr də olundu.
Bu baxımdan, "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanun ən mühüm qanunvericilik sənədlərindən biridir. Həmin qanunla Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsgəri vəzifənin əsaslarını, gənclərin hərbi xidmətə hazırlıq və hərbi xidmətə çağırışın qaydalarını və şərtlərini, hərbi vəzifəlilərin və hərbi çağırışçıların hərbi uçot qaydalarını, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək, həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kadrlar hazırlamaq, Silahlı Qüvvələrin daimi döyüş və səfərbərlik hazırlığını saxlamaq təsbit edilir. Qəbul olunmuş mövcud qanunla müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmətə yarayan kişi cinsindən olan hər bir vətəndaş ordu sıralarında həqiqi hərbi xidmət keçməlidir. Ürəyi vətənpərvərlik hissləri ilə döyünən gənclərimiz bu qanunlardan irəli gələn tələbləri yüksək səviyyədə yerinə yetirərək Silahlı Qüvvələrimizin sıralarında böyük həvəslə xidmət edirlər. Müntəzəm olaraq keçirilən təlim və məşqlərdə döyüş təcrübələrini artıran zabit və əsgərlərimiz hər an torpaqlarımızın müdafiəsinə hazırdırlar.
Konstitusiyamızda Silahlı Qüvvələrlə bağlı maddələrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə daim müvafiq addımlar atılır. Silahlı Qüvvələrimizin müasir texnika, silah və sursatla təchiz olunmasına, ordunun zabit kadrları ilə komplektləşməsinə, hissə və birləşmələrin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə geniş imkanlar yaradılmışdır. Hərbçilərin istifadəsində olan silah-sursat, texnikalar və başqa avadanlıqlar Silahlı Qüvvələrin əmlakı hesab olunur və hərbçilər tərəfindən etibarlı qorunur. Konstitusiyamızın 9-cu maddəsinin 1-ci bəndində bu barədə yazılmışdır: "Silahlı Qüvvələrin fəaliyyətinin təmin edilməsi və ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün istifadə edilən hərbi infrastruktur obyektləri, silah və hərbi texnikanın bütün növləri, maddi vasitələr və digər daşınar və daşınmaz əmlak Silahlı Qüvvələrin istifadəsində olan əmlakdır".
Bu gün qürur yerimiz olan Silahlı Qüvvəllərdə - Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birləşmə və bölmələrində xidmət keçən şəxsi heyətin intizamı yüksək səviyyədədir. Bütün hərbi hissə və birləşmələrdə hərbi nizamnamələrin tələblərinə yüksək səviyyədə riayət olunur. Bütün bunlar isə şəxsi heyətin əsl hərbçi kimi hazırlanmasına yeni əlverişli imkanlar açır. Müxtəlif hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün təlim mərkəzlərində gərgin işlər aparılır, lazımi maddi-texniki baza və şərait yaradılır.
Əsas Qanunumuz olan Konstitusiyanın tələblərinə uyğun olaraq Silahlı Qüvvələrimiz daim inkişafdadır. Ordumuzun daha da güclənməsi üçün zaman-zaman hərtərəfli şəraiti olan təhsil və tədris bazası yaradılmışdır. Bu gün müasir standartlara cavab verən Heydər Əliyev adına Hərbi İnstitut Silahlı Qüvvələrimiz üçün hərbi kadrlar hazırlayır. Təlim və Tədris Mərkəzində gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və zabitlərin təkmilləşdirilməsi kursları fəaliyyət göstərir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1999-cu il fevralın 20-də imzaladığı fərmana əsasən yaradılmış Silahlı Qüvvələrin Hərbi Akademiyası hazırda Milli Müdafiə Universiteti adı ilə fəaliyyətini uğurla davam etdirir.
Silahlı Qüvvələrin bütün növlərində, hərbi hissə və birləşmələrində komanda-qərargah və taktiki təlimlər, dərslər keçirilir, döyüş hazırlığı yüksək səviyyədə saxlanılır. Yüksəksəviyyəli hazırlıq özünü İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazanılan Zəfərlə bir daha sübut etdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrində keçirilmiş irimiqyaslı əməliyyat-taktiki təlimlərin birində iştirak edərkən demişdir: "Azərbaycan Ordusu gündən-günə güclənir. Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu bizə imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün bu, prioritet olmalıdır. Bu, belədir və Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir".
İftixarla demək olar ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri nəinki regionumuzda, o cümlədən dünyada ən güclü ordulardan biridir. Silahlı Qüvvələrimiz Konstitusiyamızdan irəli gələn tələbləri uğurla yerinə yetirərək həm 44 günlük Vətən müharibəsində, həm ondan sonra həyata keçirilən antiterror əməliyyatları zamanı ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Konstitusiyaya əsasən, Silahlı Qüvvələr Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, onun daxili təhlükəsizliyini təmin etmək üçün yaradılmışıdır. Deməli, Silahlı Qüvvələrimiz üzərinə düşən vəzifə borcunun öhdəsindən layiqincə gəlmişdir. Zabit və əsgərlərimiz üzərlərinə düşən vəzifələri yerinə yetirərək döyüş əməliyyatları zamanı böyük igidlik və qəhrəmanlıqlar göstərmişlər.
İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatdıqdan sonra da Silahlı Qüvvələrdə müvafiq islahatlar aparıldı, onun gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirildi. Ermənistanla şərti dövlət sərhədində yeni hərbi hissələr yaradıldı, onların maddi-texniki təchizatı yüksək səviyyədə təmin edildi. İslahatlar isə ölkəmizin ərazi bütövlüyünün təhlükəsizliyi məqsədilə keçirilmişdi. Prezident İlham Əliyev Silahlı Qüvvələrdə aparılan islahatlara toxunaraq demişdir: "Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir. Yenə də deyirəm, bu sahə elə sahədir ki, burada az danışmaq, çox iş görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır".
Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin artan beynəlxalq nüfuzu və qüdrəti, iqtisadi imkanları sayəsində dünyanın ən güclü orduları siyahısında yer alan Azərbaycan Silahlı Qüvvələri ilə xalqımız fəxr edir. Silahlı Qüvvələrimiz quruda, suda və havada döyüş tapşırıqlarını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə əsaslanıb demək olar ki, qürur duyduğumuz Silahlı Qüvvələrimiz Cənubi Qafqazın ən hazırlıqlı və müasir ordusu hesab olunur.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"