30 Iyun 2022 01:45
494
Mədəniyyət

Sevgi həm də məsuliyyətdir

 

İyunun 30-u ölkəmizdə Sevgililər günü kimi qeyd edilir. Bu, rəsmi bayram deyil, təbii ki, onunla bağlı heç bir sənəd də imzalanmayıb. Sadəcə, neçə il bundan əvvəl cəmiyyət arasında belə bir yekdil fikrə dəstək verilib və qərara alınıb ki, bu tarixdə Sevgililər günü qeyd olunsun.

30 iyun 1989-cu il zəmanəmizin bənzərsiz məhəbbət əfsanəsinin qəhrəmanları - 1990-cı ilin 20 Yanvar faciəsində düşmən qarşısına əliyalın çıxıb şəhidlik zirvəsinə yüksələn İlham Allahverdiyevin və özünü sevgisinə qurban verən Fərizənin toyunun çalındığı tarixdir.

Bir neçə ay əvvəl - fevralın 14-də Müqəddəs Valentin gününü qeyd etmiş bəzi sevgililər bəlkə də bundan xəbərsizdilər. Elə isə onların ilk növbədə sevgi simvolu saydıqları Valentinin kim olduğunu bilmələri vacibdir.

Mənbələrin birində deyilir ki, Roma papası məhəbbət yolunda canını qurban vermiş Valentini hələ 496-cı ildə müqəddəslər sırasına daxil etmiş və hər il fevralın 14-də Sevgililər gününün keçirilməsi barədə sərəncam vermişdir.

Valentinlə bağlı rəvayətlər qədimdən mövcuddur. Xüsusilə Orta əsrlərdə Fransada və İngiltərədə onun haqqında çoxlu rəvayət yayılmışdı. Onların birində, məsələn, "Qızıl əfsanə"də deyilir ki, qədim dövrlərdə qəddar və zəhmli Roma imperatoru II Klavdiy subay, ailə qayğısından azad, tənha kişilərin döyüş meydanında hökmdar uğrunda daha cəsarətlə vuruşacağını fikirləşib. Ona görə də kişilərə evlənməyi, qızlara və qadınlara isə sevdikləri insana ərə getməyi qadağan edib. Bu dövrdə yaşayan Valentin adi bir səhra həkimi və keşiş olub. O, bir-birini sevən qızların və oğlanların halına acıyaraq hamıdan xəlvət gecələr onlara kəbin kəsib. Lakin Valentinin bu əməli tezliklə hakimiyyətə məlum olub və ona ölüm hökmü oxunub. Hələ həbsxanada yatdığı zaman Valentin nəzarətçinin gözəl qızı Yuliya ilə tanış olub. Sevgi əzablarına mübtəla olmuş keşiş ölümündən əvvəl həmin qıza məktub yazaraq öz məhəbbətini etiraf edib və sonda "sənin Valentinin" imzasını qoyub.

Valentinin ölüm hökmü 269-cu (bəzi mənbələrdə 270-ci) il fevralın 14-də yerinə yetirilib. Odur ki, məktubu tapılıb oxunanda o, artıq həyatda yox idi...

Belə rəvayətlər çoxdur və onların heç biri öz tarixi təsdiqini tapmayıb.

İlham-Fərizə sevgisi isə həqiqətdir. Tariximizin çox faciəli bir günündə özünü bəyan etmiş canlı hadisədir. Bu acı olay yalnız Azərbaycan oğluna və qızına məxsus zəngin mənəviyyatdan doğan pak duyğulardan, incə hisslərdən yoğrulmuş bir məhəbbətin təsdiqidir.

Onların hissləri hər cür səs-küydən, özünü nümayiş etdirmək istəyindən uzaq bir sevgi idi. Fərizə İlhamın bacılarının rəfiqəsi olmuşdu. Rəfiqələr bir-birinin evinə gedib-gəlmişdilər. İlham qızların bu dostluğuna kölgə salmamaq üçün qəlbində baş qaldıran hissləri gizlincə saxlamışdı. Yalnız evlənmək məqamı çatanda onun üçün qohum-qonşuda qız gözaltılamağa çalışan ana-bacısının narahatlığına son qoymuş və özünün çoxdankı istəyini də ikicə kəlmə ilə dilə gətirmişdi: "Qız elə evin içindədir, siz də onu kənarda axtarırsınız".

İlhamın elçilərinə son cavabı vermək üçün Fərizənin valideynləri qızın fikrini soruşmuşdular. Başını aşağı salıb dinməmişdi. Deməli, o da el adəti ilə, qanun-qayda ilə ailə qurmaq məsələsi ortaya atılana qədər hisslərini qəlbindəcə bəsləmişdi...

İlhamın comərdliyi də, Fərizənin vəfası da, onların bir-birinə olan bağlılığı, sevgisi də Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən, zəngin daxili dünyasından, adət-ənənəsindən qaynaqlanırdı. Fərizə bu sevgiyə öz həyatını qurban verdi və bu, təkcə onun özünün məhəbbətinin ifadəsi deyildi. Həm də onu sevənin böyük sevgisinə cavab idi.

Doğrudur, dinimizə görə, intihar etmək günahdır. Amma biz Fərizənin ölümünə başqa rakursdan yanaşırıq və yanaşmalıyıq. Fərizənin intiharı ilk növbədə torpağımıza bəd niyyətlə qədəm basan, əliyalın əhalinin üstünə zəhmli, ölümsaçan silahla yeriyən, xalqımızın azadlıq arzulu oğullarını, günahsız körpə və qocalarını qanına qəltan edən, o cümlədən onun da sevimli yarını əlindən alan qüvvələrə qarşı üsyan və etiraz idi. Bir də bu, Azərbaycan qadınının əhd-peymana sədaqəti idi.

Keçmiş iş yoldaşımız, mərhum şair Eldar Nəsib sağlığında qadın əməyi, qadınların məşğulluğu barədə söhbətin çevrəsi Azərbaycan qızlarının saflığına, vəfasına, bir sözlə, yüksək mənəviyyatına qədər genişlənəndə maraqlı bir əhvalat danışmışdı. Şair Hüseyn Arifin rus şairi Konstantin Simonovun məşhur "Gözlə məni" şeirinin tərcüməsi ətrafında gedən müzakirə və mübahisələr zamanı söylədiyi fikri xatırlamışdı. Tərcümədə qüsur olduğu barədə irada Hüseyn müəllim deyib ki, mən (yəni Azərbaycan kişisi) Azərbaycan qadınına "gözlə məni" deyə bilmərəm. Mütləq gözləyəcək. Bu halda ona "gözlə məni" demək artıq sözdür".

Bəli, Azərbaycan qadını ilə sədaqət, vəfa barədə danışmırlar. Onun öz əhd-peymanına sədaqəti aksiomdur. "Mənə sədaqətli ol" demək onu təhqir etməkdir.

Azərbaycan oğlunun da sevgiyə baxışı fərqlidir. O, sevdiyi xanımın üzündə, bir bayatıda deyildiyi kimi, hətta yad bir baxışın olmasını belə qəbul etmir:

 

Əzizim, baxtı yarım,

Baxtımın taxtı yarım,

Üzündə göz izi var,

Sənə kim baxdı, yarım?

 

Azərbaycan oğlu üçün sevdiyi qadın təkcə sevgili deyil, eyni zamanda onun dostu, həmdəmi, evinin, ömrünün yaraşığı, namus-qeyrətinin tacidarıdır. Dilimizdə "həyat yoldaşı" ifadəsi əbəs yaranmayıb axı!..

Lakin çox təəssüf ki, bir çox sevgilər həyatın sınağından çıxa bilmir. Bu gün bir-birini sevən, bayramlarda canfəşanlıq edib bir-birinə gül-çiçək, qiymətli hədiyyələr bağışlayan, dəbdəbəli nişan, toy məclisləri quran cavanların bir qisminin məhəbbətinin ömrü çox qısa olur. Elələri var ki, "Vağzalı"nın sədaları qulaqlardan çəkilməmiş ayrılırlar. İllər sonra boşananlar da var ki, çox böyük günah edərək övladlarını atalı-analı ikən yetim, boynubükük qoyurlar. Sevgi təkcə bayramlarda bir-birinə gül daşımaqdan ibarət deyil. Sevgi həm də məsuliyyətdir! Bu hissə barmaqarası baxmaq olmaz.

Bəziləri deyirlər ki, həyatda sevgi adında bir şey yoxdur. Necə yəni yoxdur? Əksinə, sevgisiz həyatın özü yox olar! Vətən, Ana, Torpaq sevgisi andımız-amalımızdır. Gülə-çiçəyə, Günəşə-Aya, açılan sabahlara sevgi, yaşayıb-yaratmaq, tikib-qurmaq eşqi... Bunlarsız yaşamaq mümkündürmü? Qaldı ki qadınla kişinin bir-birinə sevgisinə, bunsuz həyatın mənası və davamı olmaz axı! Onların sevgisi iki səsdən yaranmış bir akkorddur ki, bunsuz bütün dünya ölü sükuta qərq olardı.

Bununla yanaşı, sevgi heç də hay-küyü sevmir. Bir sevgi iki nəfər üçündür, başqalarına nümayiş etdirilmək üçün yox! Yəni bizdə sevgiyə, məhəbbətə baxış fərqlidir. O, çox qiymətli bir duyğu kimi ürəkdə bəslənir, insanı yaşadır, ucaldır. Nəbi Xəzri demişkən:

 

Bizdədir dünyanın sevinci, qəmi,

Bəs niyə susuruq görüşəndə biz?

Böyük məhəbbət də böyük çay kimi

Axar ürəklərdən səssiz-səmirsiz.

 

Deyilən fikirlərə söykək olan digər bir olay: Şamaxının istirahət mərkəzlərinin birində dincələn ahıl cütlük qollu-budaqlı ağacın altında dayanıb mehriban-mehriban söhbət edirdi. Birdən qoca əyilib otların arasından boy qaldıran çobanyastığı gülünü üzüb ağsaçlı xanımına verdi. O isə gülümsəyərək gülü qoxlayıb örpəyinin altında gizlətdi.

Qəflətən onları bir dəstə uşaq, yeniyetmə dövrəyə aldı. Demə, böyük ailənin üzvləri burada birlikdə istirahət edirmişlər. İndi nəvələr nənə ilə babanın birgə şəklini çəkmək istəyirdilər. "Fotoqraf" - nəvələrin ən böyüyü tapşırdı ki, nənə ilə baba bir-birinə sığınsın. Qocaların ikisinin də üzünə qızartı çökdü. Oğul-uşaq yanında abır-həya gözləyib sadəcə yanaşı dayandılar. Amma nənənin əlindəki çobanyastığı şəklə düşmüşdü...

Beləliklə, 30 iyun Azərbaycanda Sevgililər günüdür. (Bəlkə onu Sevənlər günü adlandırmaq daha düzgün olardı?). Hərçənd sevgi elə qiymətli hiss-duyğudur ki, təkcə bir gün deyil, böyük yazıçı Ernest Heminqueyin ifadəsi ilə desək, "həmişə səninlə olan bayram"dır.

Qoy bu bayram Müqəddəs Valentin gününə bənzəməsin. Yəni təkcə Bakının küçələrində əllərində üç-beş qızılgül, gülə-gülə, zarafatlaşa-zarafatlaşa gedən cavanların bayramı olmasın. Qoy bu, bütün sevənlərin - məhəbbətini illərin çətin sınaqlarından keçirə bilmiş ixtiyar yaşlı ataların və  ağbirçək anaların, əl-ələ verib birgə həyat quran, sevgilərini üst-üstə toplayaraq körpə balalarına bəxş edən gənc cütlüklərin, nişanlanıb toyuna hazırlaşan ağıllı-kamallı oğlanların və qızların hamısının bayramı olsun.

Həmin gün sevgilərin ən böyüyünün - Vətən sevgisinin zirvəsinə yüksələn İlhamı, onun şəhid olduğu Qanlı Yanvar gecəsindən üzübəri azadlıq, müstəqillik, torpaq uğrunda canından keçən mərd oğullarımızı, qəlbinin eşqi ilə Qarabağı mənfur yağıdan təmizləyən igidlərimizi ehtiramla yad edək! Qoy bu gün öz yarı(sı)nı arzularının çiçəkləndiyi bir vaxtda itirən, Vətən fədailərinin yadigarlarını böyüdən, "ondan gördüyüm sevgi bütün qalan ömrümə bəs edər" deyən şəhid xanımlarının da bayramı olsun.

 

 Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video