20 Yanvar 2022 12:16
562
CƏMİYYƏT
A- A+

Səttar Möhbalıyev: 20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır

 

Azərbaycan xalqının minilliklərə söykənən qədim tarixinin mühüm səhifələrindən birini də əsarətə, işğala qarşı yorulmadan mübarizə aparması təşkil edir. Tarixi faktlar sübut edir ki, böyük dövlətlər, nəhəng imperiyalar yaratmış Azərbaycan xalqı tarixin müəyyən mərhələlərində sərt sınaqlarla üzləşərək işğala məruz qalsa da, azadlıq mübarizəsini sonadək, məqsədinə nail olana qədər davam etdirib. Bu yolda bütün təzyiqləri, maneələri şərəflə aşan xalqımızın azadlıq naminə atdığı hər bir addım bizim qəhrəmanlıq salnaməmizdir. Xalqımızın hər bir nümayəndəsi tarixin bu səhifələrini qürurla vərəqləyir.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AZƏRTAC-a açıqlamasında deyib.

S.Möhbalıyev bildirib ki, xalqımızın sovet imperiyasına qarşı mübarizəsi də tarixə qızıl hərflərlə yazılıb və gələcək nəsillərə dəyərli örnək olan şanlı azadlıq yolumuzun başlanğıcıdır. Bu yolda xalqımız çox məşəqqətlərdən keçsə də, repressiyalara, təzyiqlərə məruz qalsa da, öz ali amalından bir an da olsa əl çəkmədi, mübarizəsini ləyaqətlə davam etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda imperiyanın ədalətsiz siyasətinə etiraz edən əliyalın Azərbaycan xalqına qanlı divan tutuldu. Silahlı müdaxilə rayonlarda da baş verdi. Ümumilikdə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Törədilən hadisələr daim demokratiyanı əldə silah tutan totalitar rejimin iç üzünü bir daha göstərdi. Bu, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri idi. İmperiya Azərbaycan xalqının birliyini pozmaq, azadlıq mübarizəsini boğmaq, milli ruhunu öldürmək, müstəqilliyə gedən yolunu bağlamaq niyyətində idi. Amma xalqımız baş verən hadisədən qorxmadı, sarsılmadı, milli kimliyini, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olduğunu göstərdi. 20 Yanvar ümumxalq faciəsi olmaqla yanaşı, həm də xalqımızın müstəqillik, istiqlaliyyət və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizdə öz yerini aldı. Bu, dünya tarixində əsarətə qarşı ən şanlı mübarizə idi.

“Baş verən hadisənin səhəri günü - 1990-cı il yanvarın 21-də xalqımızın dahi oğlu, Vətənini və xalqını hədsiz dərəcədə sevən, bütün ömrünü xalqının xoşbəxt yaşamasına sərf edən, bu missiyasını özünə müqəddəs borc bilən ulu öndər Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Azərbaycanda törədilən qanlı hadisəni bütün dünyaya çatdırdı, sovet rejiminin fitnəkar siyasətini qətiyyətlə və kəskin şəkildə tənqid etdi. İmperiyanın törətdiyi qanlı qırğını cəsarətli bəyanatı ilə kəskin şəkildə pisləyən ümummilli lider Heydər Əliyev əliyalın xalqa qarşı silah işlədilməsini hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv adlandırdı. Bu, o dövr üçün nə qədər təhlükəli açıqlama olsa da, Ulu Öndər bunu heç nədən qorxmayaraq böyük fədakarlıqla etdi. Xalqı ilə həmrəyliyini, hər zaman onunla birlikdə olduğunu göstərdi”, - deyə Milli Məclisin deputatı bildirib.

AHİK sədri qeyd edib ki, şəhidlərimiz paytaxt Bakının ən uca zirvəsində uğrunda can verdiyi torpaqda son mənzilə yola salındı. Törədilən qanlı hadisənin ardınca dəfn mərasiminə yüz minlərlə insanın qatılması xalqımızın Vətənin azadlığı yolunda heç nədən qorxmadığını, mətinliyini, canından keçən şəhidlərimizin xatirəsinə müqəddəs münasibətini nümayiş etdirdi. Xalqımızın sonrakı dövrdə başqa mübariz davranışları da artıq imperiyaya göstərdi ki, Azərbaycanın müstəqillik mübarizəsinin qarşısında duruş gətirə bilməyəcək. Bu, qarşısıalınmaz mübarizədir.

20 Yanvar faciəsinin milli kimliyimizin formalaşmasında, dövlət müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğunu vurğulayan S.Möhbalıyev deyib: “Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi, dönməz xarakter aldı. Bundan sonra xalq artıq öz gələcəyini müstəqil Azərbaycanda suveren hüquqlara sahib olmaqda, sərbəst və azad yaşamaqda gördü. Xalqımız bütün çətinliklərə rəğmən, nəhayət, ən ali məqsədinə - müstəqilliyin bərpasına nail oldu. 20 Yanvar şəhidləri öz qanları ilə azadlıq yolumuza sönməz işıq saldı, mübarizlik məktəbi yaratdı, həmrəylik nümunəsini gələcək nəsillərə yadigar qoydu. Şəhidlərimiz göstərdilər ki, bütün uğurlarımızın kökündə xalqımızın sarsılmaz birliyi dayanır. Xalqımız mübariz ruhunu davam etdirərək 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan Şərqi Zəngəzuru və Qarabağı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəlik məharəti, yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində azad etdi və müzəffər xalq olduğunu bütün dünyaya bir daha göstərdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video