01 Dekabr 2021 00:54
809
SİYASƏT

Şərtləri Bakı diktə edir

 

İlham Əliyev tərəfindən Soçidə müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraq və mənafeləri qətiyyətlə təmin olundu

 

“Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik...”, - deyə Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan bəyanatda bildirilir.

Bəli, Azərbaycanın 44 günlük müharibədə düşmən üzərində hərbi, daha sonra 9 noyabr və 2021-ci il 11 yanvar bəyanatları ilə diplomatik müstəvidə qazandığı qələbələr Soçi bəyanatı ilə daha da möhkəmləndi. Çünki Soçi bəyanatında əks olunanlar Azərbaycan tərəfinin daim tərəfdaş olduğu, bəyan və diktə etdiyi müddəalardır, mahiyyət etibarilə dövlətimizin növbəti siyasi-diplomatik qələbəsinin sənədli faktıdır.

Hərb meydanında Azərbaycanın qarşısında duruş gətirə bilməyən işğalçı Ermənistan acı aqibətini anlayaraq ötən ilin noyabrında kapitulyasiya aktına imza atmışdı və elə bu ilin 11 yanvarında ölkəmizin irəli sürdüyü bütün müddəaları qəbul etmişdi.

 

Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir

 

O da vurğulanmalı vacib məqamdır ki, Azərbaycan ötən ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib, lazım olan bütün addımları atıb. Eyni zamanda Azərbaycan dəfələrlə rəsmi şəkildə iki dövlət arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib.

Lakin Ermənistan ötən bu müddət ərzində öhdəliyinə götürdüyü və qeyd-şərtsiz əməl etməli olduğu müddəaları yubatmağa, pozmağa yönəlik təxribat xarakterli əməllər törətdi. Bütün dünya bir daha Ermənistanın 44 günlük Vətən müharibəsindəki məğlubiyyəti ilə barışmaqda çətinlik çəkdiyinin və buna görə də Azərbaycana qarşı təxribatlara əl atdığının şahidi oldu. Amma bu dəfə də Azərbaycanın “dəmir yumruğ”unu dadaraq yerinə otuzduruldu və Ermənistan bir daha unutmayacağı şəkildə anladı ki, əl atdığı bütün təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınacaq.

Soçi görüşü isə Ermənistanın məğlubiyyətinin bir daha etirafının və bölgədə yaranmış yeni reallıqlarla barışmaqdan başqa çıxış yolu olmadığının nümayişi oldu. Paşinyan da Soçi görüşünün yekunu olaraq keçirilən mətbuat konfransında söylədi ki, Ermənistan xalqından mandat almış hökumət region üçün dinc inkişaf erasının başlanmasına hazırdır.

 

Regionda bütün nəqliyyat kommunikasiyaları açılacaq

 

Azərbaycan Soçi bəyanatı ilə Vətən müharibəsində qazandığı parlaq qələbəni diplomatik arenada daha da möhkəmləndirdi. Prezident İlham Əliyev Soçidə müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdıraraq söylədi ki, Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib: “Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”.

Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında Prezident İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışaraq, iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası işlərinin başlanılmasını vacib hesab etdiyini qeyd etdi.

Noyabrın 26-da Soçidə imzalanan üçtərəfli bəyanatın, həm də çox böyük iqtisadi əhəmiyyəti var. Sözügedən bəyanatda 2021-ci ilin 11 yanvar bəyanatından irəli gələn vəzifələrin icrası, yəni regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasında bütün tərəflərin qərarlı olduğu da əksini tapıb ki, bura Zəngəzur dəhlizi də daxildir. Reallıqdır ki, bu dəhlizin açılması sadəcə Azərbaycanda deyil, bütün regionda nəqliyyat-kommunikasiya və iqtisadi canlanmaya geniş imkanlar yaradacaq.

Rusiya Prezidenti Vladimir Putin də adıçəkilən bəyanatda nəqliyyat dəhlizlərinin açılması ilə bağlı danışaraq, bunun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı.

 

Soçidəki üçtərəfli görüş Azərbaycan üçün müsbət və əhəmiyyətli sonluqla nəticələndi

 

Azərbaycanın mövqeyinin qeyd-şərtsiz əks olunduğu Soçi bəyanatındakı növbəti təqdirəlayiq məsələ isə Ermənistanın daim gündəmə gətirməyə çalışdığı status, hərbi əsir və girov iddiaları ilə bağlı heç bir ifadənin yer almamasıdır. Eyni zamanda 26 noyabr bəyanatında ATƏT-in Minsk qrupunun adı çəkilmir və bu, artıq Minsk qrupunun da tarixin arxivinə gömüldüyündən xəbər verir.

Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlərin əksini tapdığı bu bəyanata əsasən tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmaq və dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə şərtləşdilər. Tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdilər və regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladılar.

Bu bəyanat Azərbaycan dövlətinin Ermənistana qarşı sərgilədiyi humanist siyasətin bariz göstəricisidir. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əslində özünü sosial-iqtisadi böhrana sürükləyən, bütün inkişaf imkanlarından, regional layihələrdən kənarda qalan Ermənistana yenə də inkişaf imkanını Azərbaycan tanıdır. Soçi bəyanatında da əksini tapdığı kimi, Ermənistana əməkdaşlıq etmək, regional inkişaf proseslərindən faydalanmaq şansı verilir. Öz növbəsində, Ermənistan bu şansı düzgün dəyərləndirərək yeni əməkdaşlıq mühitini pozacaq addımlardan çəkilməlidir. Əks təqdirdə nəticələr yenə də Ermənistan üçün çox pis olacaq.

Ümumiyyətlə, 26 noyabr Soçi bəyanatı Azərbaycan dövlətinin siyasi qətiyyətinin daha bir parlaq təntənəsi oldu. Diplomatik müstəvidə qazanılan bu qələbə ilə Azərbaycan həm də Cənubi Qafqazda əsas söz sahibi olduğunu bir daha nümayiş etdirdi.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video