27 Sentyabr 2022 01:56
688
SİYASƏT
A- A+

Şərəf tariximiz

 

İki il əvvəl - 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını rəşadətlə yerinə yetirdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız  möhtərəm Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə cəmi 44 gün ərzində azad olundu. 
Vətən müharibəsi Azərbaycan tarixinə Prezident İlham Əliyevin sərkərdə qətiyyətinin, mütərəqqi idarəçilik və liderlik keyfiyyətlərinin, xalqımızın milli həmrəyliyinin, ordumuzun əzmkarlığının və yüksək döyüş qabiliyyətinin nəticəsi kimi həkk olundu. İlk növbədə bu amillər xalqımızı zəfərə apardı, torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi, Ermənistanın işğal siyasətinə son qoydu. 44 günlük savaşda qazandığımız şanlı qələbə Ulu Öndər Heydər Əliyevlə başlanan, möhtərəm İlham Əliyevin rəhbərliyi ilə davam edən siyasi kursun dövlətimizin və xalqımızın milli maraqlarını qətiyyətlə təmin etməsinin ən möhtəşəm və tarixi təsdiqi oldu.
Tarix həm də sübut edir ki, dövlətlərin və xalqların öz milli hüquqları, torpaqlarının azadlığı uğrunda mübarizələri, işğalçıya qarşı aparılan savaşlar qansız, qadasız ötüşmür. Bu yolda qan da tökülür, qurbanlar da verilir. 44 günlük Vətən savaşında vəzifəsindən, rütbəsindən asılı olmayaraq döyüşən bütün hərbçilərimiz - zabitlərimiz, çavuşlarımız, əsgərlərimiz öz hünərləri ilə yeni vətənpərvərlik nünunələri yaratdılar, dastanlar yazdılar. Xalqımızın qəhrəmanlıq tarixini öz rəşadətləri ilə zənginləşdirən igidlərimiz bu savaşda öz canlarını fəda etdilər, torpaqlarımızın azadlığı uğrunda müqəddəs şəhidlik zirvəsinə yükəldilər. Bəli, dövlət, xalq həm də onda böyük olur ki, onun uğrunda canından keçənlər var. Görkəmli türk şairi Mithat Camal Kuntayın yazdığı kimi, "Torpaq əgər uğrunda ölən varsa, vətəndir".
Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq, ehtiramla anacaq. Prezident İlham Əliyevin sərəncamı ilə sentyabr ayının 27-nin respublikamızda Anım günü kimi qeyd edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Bu günlərdə Azərbaycanın bütün bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur. Hər birimiz Vətən uğrunda canından keçmiş Vətən oğullarının ruhu qarşısında baş əyirik. Bu qələbəyə, torpaqlarımızın azad edilməsinə görə biz onlara borcluyuq. Müqəddəs and yerimiz, qürur mənbəyimiz olan şəhidlərimiz həmişə minnətdarlıq duyğuları ilə yada salınacaq, xatirələrinə dərin ehtiram göstəriləcək.
Vətən savaşında qədim türk yurdu Naxçıvanın qəhrəman oğulları da öz sözlərini qətiyyətlə dedilər. İstər Azərbaycan Silahlı Qüvvələrinin tərkibində döyüşən naxçıvanlı hərbçilər, istərsə də Əlahiddə Ümumqoşun Ordunun döyüşə yollanan kontingentinin hərbi qulluqçuları 44 günlük müharibədə rəşadətlər göstərdilər. Onların hər biri hərbi əməliyyatlar zamanı şəxsi nümunələri ilə qələbənin qazanılmasına layiqli töhfələr verdi. 
Bu müqəddəs yolda onlar ölümün gözünə dik baxdılar, canlarını fəda etdilər. Yaxşı xatirimizdədir ki, Vətən müharibəsi günlərində şəhid olan hərbçilərimizi qarşılamaq üçün bütün Naxçıvan əhalisi əllərində bayraqlarımız yollara axışmışdı. Şəhidlərimizin qarşılanması zamanı təsirli və eyni zamanda qürurdoğuran mənzərə bir daha göstərmişdi ki, bu xalqı məğlub etmək olmaz...  
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 10-da xalqa müraciətində bunu xüsusi qeyd edərək deyib: "Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər".
Bu gün şəhidlərimizin ruhu rahatdır. Ona görə ki, əmanət qoyub getdikləri doğmalarının yanında qüdrətli Azərbaycan dövləti var. Onların xatirəsi bizə əziz olduğu kimi, ailələrinin sosial rifahı, mənzil-məişət şəraiti də dövlətimizin diqqətindədir. O cümlədən Naxçıvanda şəhid ailələrinin və müharibə iştirakçılarının sosial məsələlərinə yüksək qayğı ilə yanaşılır və  bütün bunlar Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi nəzarətindədir. Ali Məclis Sədrinin 2020-ci il 14 dekabr tarixli fərmanı əsasında yaradılmış "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu" tərəfindən də bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Bu müharibə ilk gündən ölkədə keçirilən gənclər siyasətinin möhtəşəm təcəssümü oldu. Ulu Öndər Heydər Əliyevin müəlllifi olduğu, cənab Prezident İlham  Əliyevin layiqincə davam etdirdyi dövlət gənclər siyasətinin nəticəsi kimi gənclərimizin vətənpərvər ruhda yetişməsi torpaqlarımızın azad edilməsində öz sözünü dedi. Bəli, bu savaşda qazanılan parlaq zəfərin təməlində dayanan əsas amillərdən biri Azərbaycan gənclərinin vətənə, torpağa bağlılığı oldu. Hələ 2020-ci ilin iyul ayında Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlardan sonra hərbi komissarlıqlara müraciət edən gənclərimiz Vətən müharibəsinin ilk günündən könüllü şəkildə silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa qalxdılar. Məhz vətənpərvər gənclərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər sevincini xalqımıza yaşatdılar. 
Vətən müharibəsi bizim qəhrəmanlıq salnaməmiz, qazandığımız qələbə isə qürur mənbəyimizdir... 
 Millətimizin başucalığı olan bu Zəfər hər zaman tariximizi şərəfləndirəcək, gələcəyimizə parlaq işıq salacaq....

Cəbi QULİYEV,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video