18 Sentyabr 2024 08:50
1334
Mədəniyyət
A- A+
Sahibi kimi işıqlıdır, doğmadır

Sahibi kimi işıqlıdır, doğmadır



Evlər də sahiblərinə bənzəyir. Bəzən böyük saraylarda duymadığın istiliyi sadə bir evdə hiss edirsən. Bu ev də sahibi kimi işıqlıdır, doğmadır...

Azərbaycanın dahi oğlu Üzeyir bəy Hacıbəylinin ocağıdır bura. Dünyaya gəldiyi gün ölkəsində ənənəvi Üzeyir bəy Musiqi Günü kimi təntənə ilə bayram edilən böyük bəstəkarın 63 illik ömrünün 27 ilinə şahidlik edib bu ev. Üzeyir bəy 1915-1942-ci illərdə burada yaşayıb. 1975-ci ildən bəri isə muzey kimi fəaliyyət göstərir. Yerləşdiyi küçənin adı keçmişdə Verxnyaya Priyutskaya, sonralar Ketsxoveli olub. İndi akademik Şamil Əzizbəyov küçəsi adlanır.


Xatirələr  "danışan" şəkillər


Kiçik həyəti keçib Üzeyir bəy Hacıbəylinin ev-muzeyinə daxil oluruq. Ev dəhliz, 4 otaq və şüşəbənddən ibarətdir. Dəhlizdə bizi Üzeyir bəy "qarşılayır". Üzeyir bəy Hacıbəylinin burada yerləşdirilmiş büstü heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanıb.

Muzeyə tanışlığa birinci otaqdan - iş otağından başlayırıq. Bələdçimiz Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin elmi katibi Nərgiz Qədirovadır. 

Şuşa şəhərində Hacıbəylilər ailəsinə məxsus olmuş, 1885-ci il sentyabrın 18-də dünyaya gələn Üzeyir bəyin uşaqlıq və ilk gənclik illərini keçirdiyi evin maketi qarşısında dayanırıq. Dövrünün sayılıb-seçilən ziyalılarından biri - Mirzə Əbdülhüseyn bəylə Qarabağın məşhur nəsillərindən olan Əliverdibəyovların qızı Şirinbəyim xanım beş övlad - üç oğlan və iki qız böyüdüb, tərbiyə ediblər o evdə. 1959-cu ildən isə muzey kimi fəaliyyət göstərib. 1992-ci il mayın 8-də Şuşa şəhərini təcavüzkar ermənilər işğal ediblər. Bir ay qabaq Üzeyir bəy Hacıbəylinin ev-muzeyindəki əşyaların çoxunu Şuşadan Bakıdakı ev-muzeyinə gətirmək mümkün olub. Ancaq qalan əşyaları işğalçılar qarət ediblər, evi dağıdıblar. Təsəllimiz odur ki, müzəffər Azərbaycan Ordusu Qarabağın və Şərqi Zəngəzurun digər əraziləri kimi Şuşanı da Ermənistan silahlı qüvvələrinin işğalından azad edib. 2020-ci il noyabrın 8-də düşmən əsarətindən qurtulan qala şəhərimizdə də tikinti-quruculuq, bərpa işləri həyata keçirilir. Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev-muzeyi də fəaliyyətini davam etdirəcək. Muzeyin yaxın vaxtlarada açılışı gözlənilir.

İş otağında divara vurulmuş şəkillərdən birində balaca Üzeyir bəy atası Əbdülhüseyn Hacıbəyovla birlikdədir. Şəkildə 1890-cı il göstərilir. Nərgiz Qədirova xatırladır ki, Üzeyir bəyin atası Mirzə Əbdülhüseyn Hacıbəyov Xurşidbanu Natəvanın şəxsi mirzəsi olub. O, övladlarının öz dövrlərinə görə yaxşı təhsil almalarına çalışıb. Üzeyir bəy də ilk təhsilini mədrəsədə alıb, sonra ikiillik rus-tatar məktəbində oxuyub. 1899-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olub. Seminariyanı 1904-cü ildə bitirib, bir il Hadrut kənd məktəbində, 1905-ci ildən isə Bakıda Bibiheybət, sonra Bayılda "Səadət" Xeyriyyə Cəmiyyətinin məktəbində dərs deyib. Riyaziyyat, coğrafiya, tarix, rus dili, ana dili, musiqi fənlərini tədris edib. Nərgiz Qədirova diqqətə çatdırır ki, Üzeyir bəy Hacıbəyli ərəb, fars, rus, tatar, gürcü dillərini mükəmməl bilirdi.

Həmin illərə aid şəkillərin birində Üzeyir bəyi seminariyaya qəbul ərəfəsində görürük. Digərində Üzeyir bəy seminariyada təhsil alan qarabağlı tələbələr (1900), Qori Seminariyasının tələbələri (1904),  Bibiheybət məktəbinin şagirdləri (1905-1906), "Səadət" məktəbi şagirdləri (1908), "Nicat" mədəni-maarif xeyriyyə cəmiyyətinin üzvləri arasındadır.

Şəkillər arasında Üzeyir bəyə Qori Seminariyası sinif rəhbərinin verdiyi xasiyyətnamədən bu sətirlər çərçivələnib: "Qabildir, yoldaşlarından daha açıqürəklidir, şəkil çəkməyi və kitab oxumağı sevir, könüllü olaraq tatar (türk) dilinə və əksinə məqalələr tərcümə edir. Xasiyyətcə şəndir, ayıqdır, il boyu əxlaqı 5 (əla)".

Poeziyaya və musiqiyə məhəbbət ruhunda tərbiyə almış gənc Üzeyir bəyin gözəl səsi vardı. Xalq mahnılarını, muğamları məharətlə ifa edirdi. Divardan oxuduğumuz bu sətirlər bəstəkarın özünün fikirləridir: "İlk musiqi təhsilimi uşaqlıqda Şuşada məşhur xanəndə və tarzənlər arasında almışam. Mənim səsim onlara çox xoş gəlirdi. Onlar mənə muğam və təsnifləri öyrədirdilər". 

Üzeyir bəy və ailə üzvləri çox qonaqpərvər olublar. Bu evin saysız-hesabsız qonaqlarından biri olmuş rus bəstəkarı Sergey Raxmaninovun şəkli muzeydə nümayiş etdirilir. Digər şəkil Peterburq konservatoriyasının rektoru Aleksandr Qlazunovundur. Üzeyir bəy Hacıbəyli 1913-cü ildə Peterburq Konservatoriyasına daxil olub. "Arşın mal alan" operasını konservatoriyada oxuyarkən tamamlayıb. Əsərlə tanış olan Peterburq Konservatoriyasının rektoru Qlazunovu gənc tələbənin istedadı heyrətə salıb.

Bəstəkarın iş zamanı çəkilən şəklindəki "Bekker" markalı royalı da buradadır. Bir çox ölməz əsərlərini bu otaqda, bu royalda bəstələyib. Muzeyin elmi katibi danışır: "Üzeyir bəy Qori Seminariyasında oxuyanda simli alətlərdə çalmağı öyrənib. Royalın üzərindəki bu skripka da onun ilk skripkasıdır. Bəstəkar bu musiqi alətini Tiflisin dükanlarından birindən alıb. O, Şərqdə ilk operanı - "Leyli və Məcnun" operasını yazanda həm bizim milli üçlükdən - tar, kamança və dəfdən, həm də skripka və alt kimi xarici musiqi alətlərindən istifadə edib".

Royalın üzərindəki büllur güldan isə Azərbaycan-Kanada federasiyasının prezidenti, doktor Səid Kazıminin muzeyə hədiyyəsidir. Güldanın üzərində Üzeyir bəyin əksi həkk olunub.

Otaqda bəstəkarın şəxsi kitabxanasının bir hissəsi düzülmüş iki kitab dolabı var. Kitablar Üzeyir bəyin mütaliə dairəsinin çox geniş olduğunu göstərir. Üzeyir bəyin Azərbaycan Dövlət Musiqi Akademiyasının önündəki, heykəltaraş Tokay Məmmədov tərəfindən düzəldilmiş heykəlinin maketi kitab dolabının üstündədir.

Üzeyir bəyin yazı masası pəncərə önündədir. Nərgiz Qədirova bildirir ki, sağlığında olduğu kimi nümayiş olunur. Divara vurulmuş Üzeyir bəy Hacıbəylinin yazı masasının arxasında iş zamanı çəkilmiş şəkli deyiləni təsdiq edir: "Muzey təsis olunanda Üzeyir bəyin vəfalı ömür-gün yoldaşı Məleykə xanım, onun bacısı oğlu, bu muzeyin ilk direktoru Ramazan Xəlilovun yaddaşında necə qalmışdısa, əşyalar elə də qoyulub. Biz də o nümunə üzərində davam edirik". 

Üzeyir bəyin yazı masasının üstündə bəstəkarın tamamlamağa macal tapmadığı "Azərbaycan" simfonik poemasının yarımçıq qalmış not yazılarını görürük. "Üzeyir bəy rus bəstəkarı Pyotr Çaykovskini çox sevir, onu mənəvi müəllimi adlandırır, kiçik büstünü öz yazı masasının üstündə saxlayırdı". Masanın üzərində telefon aparatı, bəstəkarın eynəyi, alma ağacından düzəldilmiş qədim ingilis tənbəki çubuğu, "Koroğlu" siqaret qutusu, qol saatı, gümüş qapaqlı 2 şüşə mürəkkəbqabı, mərmər prespopye, dirijor çubuğu, gümüş poçt bıçaqları, not, şamdanlar sanki sahibini gözləyir...

Bəstəkara 1945-ci ildə 60 illik yubileyi münasibətilə radiokomitə işçilərinin hədiyyə etdiyi radioqəbuledici də iş otağındadır. Divardan asılmış portreti, "Leyli və Məcnun", "Koroğlu" operalarından fraqmentlər toxunmuş xalça isə onun 60 illik yubileyinə Azərbaycan Elmlər Akademiyasının alimlərinin hədiyyəsidir. 

Divardan kəfkirli saat asılıb. Bir dəfə də vaxtı səhv göstərmədiyinə görə ona Üzeyir bəy "ağıllı saatım" deyərmiş. Dahi bəstəkarın 1948-ci il noyabrın 22-dən 23-nə keçən gecə, saat 2-də ürəyi dayanıb. Bu saat üçün də zaman o an bitib. Üzeyir bəyin bacısı uşaqları saatı dayandırıblar.


Üzeyir bəyin son anında qalan zaman...


Muzeyin elmi katibi Üzeyir bəy Hacıbəylinin 1943-cü ildə naturadan çəkilmiş rəsmini göstərərək məlumat verir: "Rəssam Mikayıl Abdullayevun ilk işlərindən biridir. Cəfər Cabbarlı adına Teatr Muzeyi açılanda ora Üzeyir bəyin də portretini qoymaq istəyiblər. Rəssam çox sadə, təvazökar insan olan Üzeyir bəydən xahiş edib və nəhayət, onun razılığını alıb.  Konservatoriyanın otaqlarından birində kətan üzərində kömürlə bəstəkarın portretini çəkməyə başlayıb. İşıq düşüb. Üzeyir bəy kətan üzərində özünün seluetini görüb, bəyənib. Rəssam Üzeyir bəyin iki portretini çəkib. Birini bəstəkarın özünə hədiyyə edib".

İş otağında Üzeyir bəyin "Azərbaycan" qəzetində çalışdığı illəri əks etdirən şəkil, yaxın dostu və bacanağı bəstəkar Müslüm Maqomayevin portreti, bəstəkarın xatirə muzeyinə hədiyyə edilmiş portreti var. Üzeyir bəyin bu otaqdakı büstünün müəllifi heykəltaraş Fuad Əbdürrəhmanovdur.

İş otağının interyerini bəstəkardan yadigar qalan yumşaq mebel dəsti və tavandan asılmış dörd lampalı qədim çılçıraq tamamlayır.

Muzeyin ikinci otağı - Yataq otağıdır. Burada yataq otağına məxsus ev əşyaları yerləşdirilib. Divarlarda ailə fotoşəkilləri, rəsm əsərləri asılıb. Şəkillər dahi şəxsiyyətin qayğıkeş ailə başçısı olmasından, himayədarlığından xəbər verir. Bəstəkar anasını, bacılarını, dul qalmış bacılarının uşaqlarını öz evində saxlayıb.

Yataq otağında Üzeyir bəy, Məleykə xanım, bəstəkarın ilk musiqi müəllimi olmuş dayısı Ağalar bəy Əliverdibəyov, anası Şirinbəyim xanım, bacıları Abuhəyat xanım və Sayad xanım, bacısı uşaqları, qardaşları - Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyov və ictimai-siyasi xadim, publisist, redaktor Ceyhun Hacıbəyli, onların həyat yoldaşları və övladlarının şəkilləri divarı bəzəyir.

Bəstəkarın anası Şirinbəyim xanımın rəsmini Mikayıl Abdullayev, atası Əbdulhüseyn bəyin rəsmini Oqtay Sadıqzadə, "Üzeyir bəy Hacıbəyov və Məleykə xanım Peterburqda" rəsmini Ənvər Əliyev çəkib. Üzeyir bəy Hacıbəylinin iş zamanı təsvir edilən irihəcmli rəsm əsərinin müəllfi Tahir Salahovdur. Məleykə xanımın büstünü heykəltaraş Feliks Azamatov hazırlayıb.

Bu otaqda dahi bəstəkarın öz əsərlərinə dirijorluq edərkən geyindiyi frakı nümayiş etdirilir. Otağının küncündəki kiçik dolabın üstündəki ağ çini külqabı, fil fiquru, ağ kətan dəsmal və elektrik alışqanı, içərisində kiçik çəhrayı güldan var.

Otaqda yerləşdirilmiş metal çarpayıların üstündə ipək saplarla işlənmiş fransız qobeleni asılıb. Şərq bazarından bir səhnəni əks etdirən bu zərif əl işi  Üzeyir bəyə Məleykə xanımın hədiyyəsidir.

Yataq otağında iri güzgülü paltar dolabı var. Otağın aşağı hissəsində qoyulmuş komodun üstündə Almaniyanın "EHRICH&QRAET" firmasında istehsal edilmiş lampa, təraş dəsti, bəstəkarın eynəyi, masaüstü güzgü var. Döşəməyə Hacıbəylilər ailəsinə məxsus kiçik yun xalça salınıb. Tavandan bir lampalı qədim qəndil asılıb.


Qocaman palıd ağacına bənzəyən dahi 


Memorial üslubda bəzədilməsi ilə digər otaqlardan fərqlənən üçüncü otaq Yaradıcılıq otağıdır. Burada ev sahibinin pedaqoq, alim, ictimai xadim, dramaturq, bəstəkar kimi fəaliyyəti əks etdirilir. Rəssam Vəcihə Səmədovanın 1952-ci ildə çəkdiyi "Ü.Hacıbəyov tələbələri ilə" əsərində professor Üzeyir bəy Hacıbəyli istedadlı tələbələri Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Ədilə Hüseynzadə ilə birlikdə pianoçu Elmira Nəzirovanın ifasını dinləyir.

Müxtəlif şəkillərdə Üzeyir bəyi istedadlı tələbələri ilə görürük. Üzeyir bəy  Hacıbəyli  öz tələbələrinə ata qayğısı göstərib. İstedadı olanları önə çəkib. Afaq Kərimovanın Patika üzərində çəkdiyi rəsmdə Üzeyir bəy qocaman palıd ağacına bənzədilib. 

1926-cı ilin xatirəsi olan şəkildə isə o, konservatoriyanın müəllimləri arasındadır.  Başqa bir şəkildə Elmlər Akademiyasının akademikləri ilə birlikdədir. 

Burada Üzeyir bəyin əsərlərindən ibarət stend görürük. Otaqda bəstəkarın müxtəlif əsərləri əsasında hazırlanmış tamaşalardan şəkillər nümayiş etdirilir. İpək parça üzərində əski əlifba ilə toxunmuş "Leyli və Məcnun" operasının afişası 1909-cu ildə hazırlanıb. 

Üzeyir bəy Hacıbəyli Azərbaycanda ilk musiqi məktəbləri, musiqi texnikumları təşkil edib, 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının əsasını qoyub. Radionun musiqi şöbəsinə rəhbərlik edib, xalq çalğı alətlərinin notlu orkestrinin, simfonik orkestrin, Dövlət xorunun, simli kvartetin, bir sözlə, Azərbaycan professional musiqisinin banisidir. O, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Bəstəkarlar İttifaqının sədri olub. Bu otaqdakı əşyalar Üzeyir bəyin bu misilsiz xidmətləri barədə muzeyə gələnlərə dolğun məlumat verir.

Bəstəkarın Musiqi nəzəriyyəsi kafedrasının professorluq attestatı, deputat mandatı və nişanı, Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "II Dünya müharibəsi illərində fədakar əməyə görə" medalı və həmin medalın vəsiqəsi vitrindədir. Bu eksponatların yanında onun tank qüvvələrinə maddi köməyinə görə İosif Stalindən aldığı təşəkkür teleqramı var. Eksponatlar arasında II dərəcəli Stalin mükafatı laureatı ("Arşın mal alan" filminə görə), SSRİ Xalq artisti diplomu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlük bileti də var.

Dördüncü otaq yemək otağıdır. Bu otaqda nümayiş etdirilən şəkillər, afişalar, proqramlar, bəstəkarın operettalarının dünya şöhrətini, ekran həyatını əks etdirir. Fotostendlərdən biri isə bəstəkarın dəfn mərasimini əks etdirir. Əllərində gül dəstələri, bəstəkarın şəkilləri, portretləri olan bu insan axınının sonu görünmür. Üzeyir bəyin vəfatı Azərbaycan xalqının ümummilli kədəri idi. Bu otaqda nümayiş etdirilən həmin günün yadigarı olan şəkillər hüzn doğurur.

Bu otaqda üstünə əl işi olan yun xalça və zər haşiyəli güldan qoyulmuş kamod, "SVD-9" markalı radioqəbuledici, Üzeyir bəyə "Koroğlu" operasının ilk tamaşası günündə Azərbaycan Dövlət Konservatoriyasının və musiqi məktəbinin müəllimləri tərəfindən hədiyyə olunmuş patefon və onun yanında val qoymaq üçün xüsusi qəfəsləri olan düzbucaqlı qutu var. Otağın yuxarı başında mis qazanlar, səhəng, məcməyi, parç, güyüm, kiçik çömçə və digər məişət əşyaları baxanları qədimlərə aparır. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin miniatür heykəli də bu otaqda nümayiş olunur. Bu statuetin müəllifi Fuad Əbdürrəhmanovdur.

Qiymətli eksponatlardan biri dahi bəstəkarın təsviri olan iri güldandır. Xırda muncuqlarla bəzədilmiş sənət əsərinin müəllifi bəstəkar Oqtay Zülfüqarovdur.

Muzeyin ən orijinal eksponatlarından biri Amerikanın "Leonardo" firmasında palıd ağacından istehsal edilmiş ikikameralı soyuducu (refrejerator) bəstəkara tələbəsi Qılman Salahovun hədiyyəsi idi. Soyuducunun üstündə kiçik qəhvədan var.

Üzeyir bəy süfrədə tək oturmağı yemək yeməyi sevməyib. Ağ örtüklü bu masanın arxasında yaxın dostları, qohumları, tələbələri ilə əyləşib. Masanın üstünə qab-qacaq düzülüb. Ortaya Çin sənətkarlığına aid edilən böyük sini qoyulub. Masanın ətrafında altı ədəd meşin üzlüklü taxta kürsü var.

Yemək masasının şəkli divardan asılıb. Ancaq indikindən fərqli olaraq, o zaman, yəni 1944-cü il dekabrın 31-də masa boş deyil. Hacıbəylilərin evində Yeni ili qarşılayırlar...


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baydenin Almaniyaya yeni səfər tarixi açıqlandı

11:45
14 Oktyabr

“CNNTürk”: COP29 qlobal ekoloji gündəliyin formalaşdırılması kontekstində diqqətəlayiqdir

11:32
14 Oktyabr

Çin ordusu təlimlərə başladı

11:17
14 Oktyabr

Bu artıq üçüncü dünya müharibəsi deməkdir - Siyarto

11:15
14 Oktyabr

ABŞ-də atışma: Bir ölü, 9 yaralı var

11:12
14 Oktyabr

Əlilliyi olan 489 hərbçi yüksək texnologiyalı protezlərlə təmin edilib

11:03
14 Oktyabr

Son iki gündə 12,4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

11:02
14 Oktyabr

Azərbaycan ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək

10:39
14 Oktyabr

Azərbaycan Mərkəzi Asiya ölkələri nazirlərinin görüşündə qonaq qismində təmsil olunub

10:37
14 Oktyabr

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə səfər edib

09:52
14 Oktyabr

Millətlər Liqası: IV tura 8 oyunla start verilib

09:41
14 Oktyabr

UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Slovakiyanı qəbul edəcək

09:34
14 Oktyabr

NİİM: Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

09:32
14 Oktyabr

Zurab Papaskiri: Gürcüstanda hakimiyyət dəyişsə də, Azərbaycanla münasibətlər dəyişməyəcək

22:41
13 Oktyabr

Yunanıstan əhalisinin azalması narahatlıq doğuracaq həddə çatıb

22:07
13 Oktyabr

Ankaranın paytaxt elan edilməsinin 101-ci ildönümü qeyd edilib

21:31
13 Oktyabr

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də bürünc medal qazanıb

19:05
13 Oktyabr

Türkiyənin nəqliyyat naziri: Azərbaycanla nəqliyyat dəhlizinin açılması zaman məsələsidir

18:55
13 Oktyabr

Fernandu Santuş: "Sabahkı oyunda Bədavini kapitan kimi düşünürəm"

17:08
13 Oktyabr

Malayziyada Cənub-Şərqi Asiya regionunda yaşayan Azərbaycan icması ilə görüş keçirilib

16:29
13 Oktyabr

Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq

15:39
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!