29 Sentyabr 2022 00:47
850
Səhiyyə
A- A+

Sağlam yaşamaq üçün insan özü-özünün həkimi olmalıdır

 

Bu əlamətdar gün ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə qeyd edilib. 
Təşəbbüsü Dünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar dəstəkləyiblər. Ümumdünya Ürək günü əvvəllər sentyabrın son bazar günü qeyd olunurdu. 2011-ci ildən başlayaraq sentyabrın 29-da keçirilir.

 

"Həyat üçün ürək"

 

Ümumdünya Ürək Federasiyası Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 100-dən çox ölkədə tədbirlər təşkil edir. Tədbirlərin proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir. Mütəmadi olaraq hər il keçirilən Ümumdünya Ürək günü ürəyin sağlamlığı ilə bağlı müəyyən mövzuya həsr olunur. Bu əlamətdar gün "Həyat üçün ürək" şüarı altında düzənlənir.
Dünya kardioloqları qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə, fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığını ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri hesab edirlər. Odur ki, hətta uşaq və yeniyetmə yaşında formalaşan qeyri-sağlam həyat tərzi ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxarır. Bu səbəbdən xəstəliyin profilaktikasına uşaq yaşlarından başlamaq məsləhət görülür.
Hər il milyonlarla insanı həyatdan qoparan ürək-damar xəstəlikləri hazırda dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır. Azərbaycan Tibb Univeritetinin Kliniki Farmakologiya kafedrasının dosenti, tibb elmləri doktoru Sona Qəhrəmanova bidirir ki, bütün dünyada ölüm və əlilliyə səbəb olmaya görə birinci yerdə olan ürək-damar xəstəlikləri Azərbaycanda da çox geniş yayılmış patologiyadır: "Xüsusilə də ürəyin işemik xəstəlikləri geniş yayılıb. Bu zaman qan təchizatının pozulması nəticəsində ürəyin müəyyən hissəsinin əzələsinin məhvi baş verir. Ümumiyyətlə, ürək nasos kimi işləyərək bütün orqanizmimizi qanla təchiz edir. Yeganə orqandır ki, daim işlək vəziyyətdədir və onun funksiyası pozulanda digər daxili orqanların da fəaliyyəti pozulur. Beyin, böyrək, qara ciyər və digər orqanlar sıradan çıxa bilər. Ancaq ürək dayanmamış ölüm baş vermir".
Ürək-damar xəstəliyinin yaranmasının səbəbləri müxtəlifdir. Kardioloq Sona Qəhrəmanova vurğulayır ki, genetik faktorlar və stres bu xəstəliyin yaranmasında ilk yerləri tutur: "Yaxın qohumlarda ürək-damar xəstələri varsa, irsi meyilliyin mümkünlüyü nəzərə alınmalıdır. İrsi meyillik qədər bu xəstəliyin yaranmasına güclü təsir göstərən digər faktor stresdir. Gündəlik həyatımızda təəssüf ki, stresdən uzaq olmağımız mümkün deyil".
Mütəxəssis ürək-damar xəstəliyindən əziyyət çəkənlərin sayının artmasına son illər baş verən hadisələrin böyük təsir göstərdiyini bildirir. Pandemiya və müharibənin istər-istəməz insanların psixoloji durumuna mənfi təsir göstərdiyini qeyd edir.

 

Ürək xəstəliyi çarəsiz xəstəlik deyil

 

Sona Qəhrəmanova bir vacib məqamı da nəzərə çatdırır ki, ürək-damar xətəliklərində "cavanlaşma" müşahidə olunur. Kardioloq bildirir: "Ümumiyyətlə, bütün dünyada ürək-damar xəstələri arasında kişilər çoxluq təşkil edirlər. Çünki siqaret çəkmək, spirtli içkilərin qəbulu kimi xoşagəlməz vərdişlər onlarda daha çoxdur. Kişilər üçün 40-60 yaşarası ürək-damar xətəliklərinin yaranması üçün ən təhlükəli yaş hesab edilir. Amma son illər 35 yaşında, hətta daha aşağı yaşda olan kişilərin də infarkt olması xəbərlərini eşidirik. Kişilərdən fərqli olaraq, qadınlarda bu xəstəlik bir az gec baş verir. Qadın harmonlarının öz orqanızmini müdafiəetmə xüsusiyyəti var. Ona görə də qadınlarda bu patologiyalar klimakterik dövrdən, yəni 50 yaşdan sonra inkişaf etməyə başlayır. Qadınlar yaşa dolduqdan sonra onlar da kişilərlə eyni ürək-damar xətəlikləri problemləri ilə üzləşirlər. Bu səbəbdən ürək xəstəliklərindən ölüm hallarını qadınlarda daha yuxarı yaşlarda görürük". 
Tez-tez qəfil ölüm xəbərləri yayılır. Bir çoxları barədə "yatdı, ayılmadı", - deyirlər. Əksəriyyətinin də səhhətindən heç bir şikayət etmədiyini yaxınlarından - ailə üzvlərindən, iş yoldaşlarından, dostlarından eşidirik. Mütəxəssis təsdiq edir ki, qəfil ölüm var, belə bir anlayış, hətta təsnifatda da var. Ancaq... Sona Qəhrəmanova deyir: "Qəfil ölümün də səbəbi ürəkdir. Miokard infarktdan sonra qəfil ölüm baş verə bilər. Ürək mədəciyinin fibilyasıyası, əsməsi nəticəsində ürəyin fəaliyyətinin qəfil dayanması ola bilər. Ya da, sadəcə, səyirici aritmiya deyilən bir hal var. Bu xəstələrdə massiv trombların əmələ gəlməsinə meyillik olur. O tromb hər hansı bir böyük damarı, tutaq ki, ağciyərin arteriyasını tutanda qəfil ölüm baş verir". 
Qəfil ölümlərin səbəbi ürək-damar xətəlikləri patologiyasıdır. Belə halların qarşısını almaq üçün onu yaradan səbəbləri vaxtında aşkara çıxarmaq vacibdir. Mütəxəssis məsləhət görür ki, təkcə ürək-damar xətəliklərini deyil, digər patologiyaları da vaxtında üzə çıxarmaq üçün ildə 1-2 dəfə müayinələrdən keçmək lazımdır: "Hər il 1-2 dəfə xəstəxanalara gedib heç olmasa müayinədən keçərək qan laxtalanması, xolesterinin miqdarı, qan təzyiqi, şəkərli diabet, böyrək, qaraciyər, qalxanabənzər vəzin funksiyasını öyrənmək lazımdır. Ölkəmizdə bunun üçün lazımi şərait yaradılıb. Artıq icbari tibbi sığorta bütün Azərbaycanı əhatə edir".
Kardioloq diqqətə çatdırır ki, hər bir xəstəiyin, hətta onkoloji xəstəliyin də başlanğıc mərhələdə qarşısını almaq olar: "Artıq zəncirvari reaksiya gedirsə, xəstəlik inkişaf edirsə, orqanizmdə dönməyən dəyişikliklər baş verirsə, müalicə etmək də çətin olur. Ona görə də zəncirin ilk halqalarında tədbir görmək lazımdır. Əslində, orqanizmimiz bizə xəbərdarlıq edir. Onu eşitmək lazımdır, simptom yaranan kimi tədbir görülməlidir. Doğru deyirlər ki, hər kəs özü-özünün həkimi olmalıdır. İnsan özü evdə qan təzyiqini, ürək ritminin pozulub-pozulmamasını yoxlaya bilər. Bu simptomların olması, insanı vadar etməlidir ki, xəstəxanalara gedib, daha dərin müayinələrdən keçsin. Hər kəs yeyib-içdiyinə diqqət yetirməlidir. Çox yatmaqla, çox oturmaqla ürəyi tənbəlliyə alışdırmaq olmaz. Ancaq müayinə olunmadan ağır fiziki yükün altına girmək də olmaz. Ürək əzələdir. Hər bir əzələ, eləcə də ürək məşq etməlidir ki, qüvvətlənsin. Onu tənbəlliyə alışdırmaq da, həddindən artıq yükləmək də zərərlidir. Hər gün heç olmasa, orta templə, ürəyi təngnəfəs etmədən 3-5 kilometr gəzmək faydalıdır".
Bu gün dünyanın birnömrəli problemi sayılsa da, ürək-damar xəstəlikləri, əslində, çarəsiz deyil. Kardioloq Sona Qəhrəmanova deyir: "İştirak etdiyim konfranslardan birində eşitmişdim ki, hansı ölkədə miokard infarkt olanların sayı çoxdursa, deməli, orada profilaktik tədbirlər görülmür. Ürək xəstəliyi çarəsiz xəstəlik deyil. Xəstəliyin hər mərhələsində xəstəyə kömək etmək olur. Hətta ürəyin transplantasiyası da mümkündür. Ancaq profilaktik tədbirlərdən başlasaq, bunların heç birinə ehtiyac qalmayacaq".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video