18 Avqust 2022 02:00
403
İQTİSADİYYAT
A- A+

Sabahın bol məhsulunun təməli bu gün qoyulur

 

Aqrar sektorun bütün ölkələrin, o cümlədən Azərbaycanın iqtisadiyyatında önəmli rol oynaması təsadüfi deyil. 
Ən azından o səbəbdən ki, strateji məsələ olan ərzaq təhlükəsizliyi bu sahənin inkişafından asılıdır. Eyni zamanda kənd təsərrüfatı əhalinin ən çox məşğul olduğu sahə kimi də digərlərindən fərqlənir. Bütün bunların toplusu kimi o nəticəyə gəlmək olar ki, aqrar sektorun inkişafı elə ölkənin, o cümlədən regionların inkişafıdır. 
Amma bu gün dünyada baş verən siyasi və hərbi qarşıdurmalar baxımından  aqrar sektorun əhəmiyyəti daha da artıb. Xüsusilə strateji məhsul  sayılan buğda siyasi şantaj və təhdid vasitəsinə çevrilib. O üzdən hər bir ölkə bu şantaj və təhdidlərin  fəsadlarından sığortalanmaq üçün lazımi tədbirlər görür və Azərbaycan da bu sırada istisna deyil. 
Ölkəmizdə buğda idxalından asılılığı aradan qaldırmaq üçün əsas diqqət məhsuldarlığın artırılmasına yönəlib. Bunun üçün taxıl yetişdirən fermerlər müxtəlif üsullarla məhsul istehsalını artırmağa təşviq edilir. Dövlət tərəfindən ərzaqlıq buğdanın hər tonunun 580 manata alınması taxılçılığı stimullaşdıran mühüm tədbirlərdəndir. Həmçinin buğdanın alınması, xarici bazardakı qiymətlərlə tənzimlənməsi yerli fermerlər üçün xüsusi önəm daşıyır. Yəni dövlət bu yolla yerli istehsalçıları xarici təsirlərdən qoruyur. Atılan bu addım həm də fermerlərə dövlət tərəfindən verilmiş bir zəmanətdir.
Milli Məclisin deputatı Vüqar Bayramov buğdanın alış qiymətinin 580 manata qaldırılmasının fermerlər üçün əhəmiyyətli olduğunu bildirərək demişdir: "Son qərarın buğda ehtiyatlarımızın artırılmasına müsbət təsir edəcəyi gözlənilir. Bununla yanaşı, yaxın illər üçün yeni idxal mənbələrinin tapılması da çox vacibdir. Taxıl ehtiyatlarının artırılmasında digər məqsəd çörəyin qiymətini optimal saxlamaqdan ibarətdir. Dünya bazarında taxılın qiymətindəki artımlar idxal inflyasiyası yaradır. Nazirlər Kabineti isə anti-inflyasiya tədbirləri çərçivəsində dünya bazarındakı qiymət artımlarının təsirlərini minimumlaşdırmağa çalışır. Aydındır ki, çörəyin qiymətinin optimal olması üçün ən uyğun yol idxaldan asılılığın azaldılmasıdır. Bütövlükdə subsidyalar məbləği fonunda taxılın dövlət alış qiymətinin artırılması və hər il Nazirlər Kabineti tərəfindən tənizmlənməsi yerli istehsalın gücləndirilməsinə dəstək olacaq".
Mütəxəssislər bildirirlər ki, taxıl yetişdirmək üçün hazırlıq işlərinə vaxtında başlanmalıdır. Artıq ölkədə taxıl biçini yekunlaşmaq üzrədir. Aran bölgəsində yerləşən iri taxılçılıq təsərrüfatlarında bu proses başa çatıb. Əvəzində  biçin başa çatmış sahələrdə yay şumu aparılır. Son məlumata görə (avqustun 1-dək), ölkə üzrə 526748 hektar sahədə yay şumu aparılıb. Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 58,4 faizini təşkil edir. Biçilmiş sahələrdə ən çox yay şumu Bərdədə, Sabirabadda, Yevlaxda, Hacıqabulda,  Ucarda, Neftçalada və Qobustanda aparılıb.
Mütəxəssislər deyirlər ki, mineral gübrələrin elmi əsaslarla verilməsi taxılın qida maddələrinə olan tələbatını ödəyir və buna görə də müasir dövrdə taxıllar eyni tarlada 2-3 il fasiləsiz əkilir. Belə hallarda taxıldan sonra yenə taxıl əkiləcək sahənin hazırlanmasına kövşənliyin üzlənməsindən başlanmalıdır. Bu əməliyyat, adətən, torpaqda olan nəmliyin saxlanması və alaq cücərtilərinin məhv edilməsi məqsədilə aparılır. Lakin Azərbaycanda suvarılan bölgələrdə taxılın vegetasiyasının sonunda torpaq o dərəcədə quru olur ki, burada aparılan üzləmə nəmlik toplamaq və onu saxlamaqda bir tədbir kimi özünü doğrultmur. Əksinə, quru torpaqda aparılan üzləmə onu daha da qurudur və strukturunu pozur, nəticədə əsas şumun aparılması da gecikir. Gec aparılmış şumda sahə kəltənli olur və onu səpinqabağı ən azı 4-5 dəfə ağır mala və başqa alətlərlə yenidən becərmək lazım gəlir. Ona görə də taxıldan sonra sahənin taxıl üçün hazırlanması zəmi biçilən kimi torpağı dərhal laydırlı kotanla 25-30 sm dərinlikdə şumlamaq məsləhətdir ki, bol məhsul götürmək mümkün olsun. Həmçinin dəmyə şəraitində 6-8 sm dərinlikdə üzləmə aparılması yaxşı nəticə verir.
Təcrübəli əkinçilərin sözlərinə görə, yay şumundan sonra növbəti taxıl səpininə üç-dörd ay vaxt qalır. Bu müddətdə  şumu bir neçə dəfə diskli alətlə becərməklə onu normal hala gətirmək məhsuldarlıq üçün effektlidir. Belə ki, bu müddət ərzində torpaq hamarlanır, yumşaq səpin qatı yaranır ki, buna da torpağın yarımherik üsulu ilə becərilməsi deyilir. Payızda qaldırılmış şumda isə becərməyə vaxt az qaldığından keyfiyyətli becərmə aparmaq müəyyən qədər çətin olur. Ona görə də payız şumuna nisbətən yay şumu böyük üstünlüyə malikdir. Bu qaydanın da ölkəmizdə tətbiq olunması məhsuldarlığın artırılmasına hesablanıb. 

Rüstəm KAMAL,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video