01 Dekabr 2022 01:30
288
SİYASƏT
A- A+

Rusiyanın Vardanyan ssenarisi də çürük çıxacaq

 

Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına "dövlət naziri" kimi göndərilən Ruben Vardanyan yeni təlimatlar üçün Moskvaya yollanıb. 
Kreml qüllələrindən birində yüksək-rütbəli kuratorlarından növbəti tapşırıqlar gözləyən Vardanyan, 2006-2011-ci illərdə prezidenti olduğu Skolkovodakı Moskva İdarəetmə Məktəbində baş tutan tədbirdə iştirak etməyə də macal tapıb. Bu barədə məlumat verən "Caliber.Az" saytı bildirir ki, məktəb rəhbərliyi, Vardanyan özü və mühafizəçiləri bunun Azərbaycan tərəfində müəyyən suallar doğuracağını anlayaraq, onun seminarda iştirakının və çıxışının lentə alınmamasına çalışıblar. Buna baxmayaraq, tədbirdə nələrin müzakirə olunduğu barədə məlumat əldə edilib. Tədbirin spikeri Vardanyanı  auditoriyaya "dəmir yumruğ"un məhv etdiyi separatçı qurumun  "dövlət naziri" kimi təqdim edib. Xatırladaq ki, "Skolkovo" Fondunun Himayədarlar Şurasının sədri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdir və fond həm də federal büdcədən maliyyələşdirilir. 
Əldə edilən məlumata görə, Vardanyan məktəbdə çıxışı zamanı "Qarabağda uğur qazanmaq şansını 3 faiz" qiymətləndirdiyini etiraf edib. Kifayət qədər nikbin rəqəmdir, çünki onun reallıqda şanslarının sıfır olduğu aydındır - Bakı bu marionetkaya və onun sahiblərinə Qarabağ bölgəsində vəziyyəti qızışdırmağa və sabitliyi pozmağa imkan verməyəcək. Bundan başqa, Vardanyanın Qarabağın erməni əhalisi adından Azərbaycan rəhbərliyi ilə "baş danışıqçı" roluna girmək cəhdləri də iflasa məhkumdur.
Xatırladaq ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubellə görüşündə Prezident İlham Əliyev deyib: "Ermənistan Qarabağ ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb". 
Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından görüntü xətrinə imtina etsə də, onun Kremlin maraqlarına birbaşa xidmət etdiyi şübhəsizdir. Məhz buna görə Prezident İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Qarabağ məsələsində müzakirə ediləcək nəyinsə qalmadığını demişdi. 
Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin qəhrəmanlığı hesabına Qarabağ münaqişəsini artıq həll edib. İlham Əliyevin qələbədən sonrakı iki ildə imzaladığı sənədlərin heç birində Dağlıq Qarabağ barədə bir kəlmə də yoxdur. Əvəzində Xankəndi şəhərinin də daxil olduğu "Qarabağ iqtisadi zonası" yaradılıb. Yaxın iki ildə Azərbaycan hökuməti Ağdamdan Xankəndiyə qaz kəməri çəkməyi planlaşdırır. Vardanyanın bu planlara mane olmaq imkanı isə sıfırın altındadır. Üstəlik, o, Azərbaycan ərazisinə qanunsuz daxil olaraq, separatizmi dəstəkləyən ünsür kimi hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız üçün legitim hədəfdir. Güvəndiyi Rusiya sülhməramlılarının taleyi də məlumdur. Sülhməramlılar mandatları bitən kimi Azərbaycandan yola salınacaq.
Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, onun üçün "Qarabağ problemi" anlayışı mövcud deyil, erməni millətindən olan Azərbaycan vətəndaşları var. Qarabağ münaqişəsi artıq həll olunub, "status" cəhənnəmə gedib, Rusiya sülhməramlılarının mövcudluğu isə müvəqqətidir. 

R.HİLALOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video