09 Dekabr 2022 01:32
523
DÜNYA
A- A+

Rusiyanın imperiya iştahı

 

İndi də I Pyotrun arzularını gerçəkləşdirmək iddiasına düşüblər 

 

Bu ilin fevral ayında Ukraynada "xüsusi hərbi əməliyyat"ın keçirilməsi əmrini verən Rusiya Prezidenti Vladimir Putin ilk olaraq iyunda Moskvanın əsl məqsədindən - əraziləri "geri almaq"dan danışaraq builki hadisələri ölkədə 350 illik yubileyi qeyd olunan I Pyotrun dövrü ilə müqayisə etmişdi: "Aydındır ki, bizim özümüzü bir növ müdafiə etməli, bunun üçün mübarizə aparmalıyıq. Hazırda biz 
I Pyotrun 350 illiyinə həsr olunmuş sərgidəyik. Demək olar ki, heç nə dəyişməyib. I Pyotr 21 il Şimal müharibəsi apardı. Deyirlər, o, İsveçlə müharibə aparırdı, nəyisə qoparmaq istəyirdi... O, heç nəyi qoparmırdı! O, qaytarırdı! Sankt-Peterburqun - yeni paytaxtın əsasını qoyanda Avropa ölkələrindən heç biri bu ərazini Rusiya kimi tanımırdı, hamı onu İsveç kimi tanıyırdı. Orada isə lap qədimdən fin-uqor xalqları ilə yanaşı, slavyanlar da yaşayırdılar  və ərazi Rusiya dövlətinin nəzarəti altında idi. Qərb istiqamətində də eynidir. Bu, Narvaya - onun ilk yürüşlərinə aiddir. Niyə oraya getdi? Qaytarırdı və gücləndirirdi. O, bu işlərlə məşğul idi. İndi belə görünür ki, bizim də payımıza qaytarmaq və  gücləndirmək düşüb".
Fevralın 24-də işğalın başlandığını elan edərkən Rusiya Prezidenti  bunu "nasistlər" və "militaristlər"lə mübarizə adlandırıb və "bizim planlarımıza Ukrayna ərazilərinin işğalı daxil deyil" demişdi. Onun mətbuat katibi Dmitri Peskov isə bildirmişdi ki, Moskva  Vladimir Zelenskini Ukraynanın prezidenti hesab edir.
Lakin eyni zamanda Ukraynanın işğal olunmuş ərazilərində baş verən hadisələr düşünməyə əsas verirdi ki, Zelenski hakimiyyətdə qaldığı müddətdə hücüm dayanmayacaq.
İkinci Dünya müharibəsindən əvvəl və daha çox I Pyotrun dövründə qonşu ərazilərin zorla ələ keçirilməsi, ümumiyyətlə, münaqişələrin həlli üçün məqbul vasitə hesab olunurdu. 
Rusiyanın İsveçlə Şimal müharibəsindən sonra aldığı torpaqlar həqiqətən də bir vaxtlar Veliki Novqorodun nəzarətində olub. Lakin orada fin-uqor tayfaları da yaşayırdı və bunu hətta Putin də etiraf edir. Demək, onlar Finlandiyaya verilməlidir? Bəs Rusiyanın XIX əsrin əvvəllərində I Aleksandrın dövründə Rusiya-İsveç müharibəsi nəticəsində aldığı Finlandiya necə olmalıdı?
Hansı ərazinin kimə məxsus olması ilə bağlı mübahisələr çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Bəşəriyyət tarixində məhz ərazi iddialarından doğan ən dəhşətli müharibə sayılan İkinci Dünya müharibəsindən sonra adətən belə mübahisələr aparılmır. Dövlətlər yerləşdikləri ərazilərə sahibdirlər. Sərhədlərin yenidən cızılması isə, məsələn, Sovet İttifaqının dağılması ilə müşayiət olunan ümumi konsensusla mümkündür.
I Pyotrun 350 illik yubileyindən istifadə edən Rusiya lideri özünün sərkərdə obrazını yaradır. Bu faktı "Agentlik. Xəbərlər" nəşri də qeyd edib. Bir müddət əvvəl Putin "I Pyotr. İmperiyanın doğulması" multimedia sərgisini ziyarət edib. Bu səfər hec də təsadüfi deyil, çünki Rusiyanın yüksəkvəzifəli rəsmiləri son vaxtlar öz bəyanatlarında dəfələrlə birbaşa və ya dolayısı ilə Pyotrun siyasətini Putinin hərəkətləri ilə müqayisə ediblər.
I Pyotrun dövrünü və Ukrayna ilə müharibəni hələ aprel ayında Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "I Pyotr və onun dövrü" adlı sərginin açılışında müqayisə edib: "Ən möhtəşəm hərbi qələbələrdən birini I Pyotr Poltava döyüşündə qazandı. Düşünürəm ki, o, şanlı kazakların nəslinin son üç onillikdə bu torpaqları hansı vəziyyətə gətirdiyindən agah olsaydı, tabutunda çevrilərdi". 
I Pyotrun "dənizdən dənizə" imperiya ambisiyalarının gercəkləşdirilməsi istəyinə daha bir sübut kimi isə Rusiya Prezidentinin dekabrın 7-də Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvləri ilə görüşündəki çıxışı zamanı səsləndirdiyi fikirləri misal gətirmək olar: "Xüsusi hərbi əməliyyatın nəticələrinin uzun müddət davam etməsinə gəlincə, əlbəttə ki, bu, uzun bir proses ola bilər. Amma siz qeyd etdiniz ki, yeni ərazilər əldə olunub. Bu, Rusiya üçün əhəmiyyətli nəticədir... Nə gizlədim, Azov dənizi də Rusiyanın daxili dənizinə çevrildi. Hələ  I Pyotr Azov dənizinə çıxmaq üçün mübarizə aparırdı".
Qərb siyasətçiləri Rusiya-Ukrayna müharibəsini şərh edərkən tez-tez deyirlər ki, rəsmi Moskva sərhədləri güc yolu ilə dəyişmək istəyir. 

Rizvan HİLALOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video