08 Dekabr 2022 00:34
370
DÜNYA
A- A+

Rusiyanın hərbi arsenalı zəifləyir

 

Ukraynaya qarşı istifadə olunan İran PUA-ları şaxtaya tab gətirmir

 

Moskvanın Ukraynada keçirdiyi  "xüsusi hərbi əməliyyatı" 288 gündür davam edir. Dünən  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə ilə bağlı son vəziyyəti açıqlayıb. Bildirilir ki, dekabrın 6-dan 7-nə keçən gecə, üç həftəlik fasilədən sonra işğalçı qüvvələr "Şahed-136/131" kamikadze pilotsuz təyyarələri ilə yenidən Ukraynaya hücum ediblər.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının məlumatına görə, ümumilikdə cənub-şərq istiqamətindən göndərilən 14 ədəd uçan döyüş aparatı aşkar edilib.
Hərbi Hava Qüvvələrinin "Vostok" hava komandanlığının hava hücumundan müdafiə bölmələri 11 dronu məhv edib, şərq istiqamətində daha 3 pilotsuz uçan aparat Quru Qoşunlarının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Bundan başqa, bir "Orlan-10" tipli  PUA və düşmənin daha 2 pilotsuz təyyarəsi məhv edilib.
Eyni zamanda Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində şəxsi heyətin, silahların və hərbi texnikanın cəmləşdiyi ərazilərə 22 zərbə, habelə Rusiya zenit-raket komplekslərinin mövqelərinə 4 zərbə endirib.
UNIAN Agentliyinin məlumatına əsasən, Rusiya Ukrayna şəhərlərinə və kritik infrastruktura zərbələr endirmək üçün İranda istehsal olunmuş "Şahed-136" pilotsuz təyyarələrindən fəal şəkildə istifadə edir.
Qeyd olunub ki, noyabrın 17-dən  bəri Rusiya hərbçiləri İrana məxsus kamikadze pilotsuz təyyarələrdən istifadə etməmişdilər.
Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar üzrə Birləşmiş Qüvvələr komandanlığının mətbuat katibi Yevgeni Silkin qeyd edib ki, İranın kamikadze pilotsuz təyyarələri plastik və şaxtaya davamlı olmayan digər materiallardan hazırlanır. Buna görə də ruslar Ukraynaya qarşı  "Şahed-136" pilotsuz uçan aparatlarından istifadə etməyi dayandırmışdılar, çünki İran PUA-ları soyuğa tab gətirə bilmir.
KİV-in məlumatına görə, Moskva və Tehran Rusiyada dron istehsalı ilə bağlı razılığa gəliblər.
Ötən ay Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat Rusiya Federasiyasının Ukrayna ərazisinə  indiyədək 400-dən çox İran kamikadze pilotsuz uçan aparatını buraxdığını bildirib. Dronların əksəriyyəti məhv edilib.  
Bu yaxınlarda Cənub Təhlükəsizlik və Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirici Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk qeyd edib ki, ruslar tərəfindən İrana məxsus "Şahed-136" kamikadze pilotsuz uçan aparatlarından istifadənin azalması həm ehtiyatların bitməsinin, həm də onların sonrakı istifadəsi ilə bağlı taktikanın dəyişdirilməsindən xəbər verə bilər. 
İran istehsalı olan "Şahed-136" və digər dronların Rusiya tərəfindən istifadə olunması ilə bağlı Ukrayna rəsmiləri müxtəlif vaxtlarda İranı sərt tənqid ediblər.
 Prezident ofisinin rəhbərinin  müşaviri Mixaylo Podolyak bir müddət əvvəl  bildirib ki, "İran hələ də sivilizasiyaya necə yüksələcəyini anlamayıb. İran texnoloji cəhətdən son dərəcə geridə qalmış Rusiyaya müasir pilotsuz təyyarələr ötürməklə ukraynalıların öldürülməsinə dəstək vermək qərarına gəlib".
Xatırladaq ki, bundan sonra Kiyev İran səfirini ölkədən qovub.
Mixaylo Podolyak hesab edir ki, sanksiyalar və embarqo Tehranı cəzalandırmaq üçün yetərli olmayacaq. Onun fikrincə, İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçan aparatların tədarükünü etiraf etməsi mənasız görünür: "Dronların Rusiyaya ötürülməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni müharibədən əvvəl mindən çox pilotsuz uçan aparatı təhvil vermişdilər, yalnız rusiyalılar döyüş meydanında müharibəni praktiki olaraq uduzduqdan sonra istifadə etməyə başlamışdılar. Belə çıxır ki, kritik infrastrukturumuzu dağıtmaq əvəzinə 8 ay anbarlarda qalmışdılar?"
Ukrayna rəsmisi eyni zamanda İranın cəzalandırılmasını istəyib: "Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Zənnimcə, dronların və ballistik raketlərin istehsalına və digər hərəkətlərə görə konkret zərbələr endirmək olardı".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video