27 May 2022 19:31
644
SİYASƏT
A- A+

Romada Müstəqillik Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Azərbaycanın İtaliyadakı səfirliyi Müstəqillik Günü və Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Romanın “The Westin Excelsior” mehmanxanasında rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbulda İtaliya tərəfdən əsas qonaq qismində ölkənin dövlət iyerarxiyasında ən yüksək ikinci vəzifə olan Senatın sədri xanım Maria Elisabetta Alberti Kasellati, habelə İtaliya Respublikası Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri Ettore Rosato, bərabər imkanlar və ailə məsələləri üzrə nazir Elena Bonetti də iştirak ediblər. Qəbula İtaliya Parlamentinin çoxsaylı senator və deputatları, komissiya sədrləri, Avropa Parlamentinin İtaliyadan olan üzvləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, Romada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, işgüzar, mədəniyyət, akademik çevrələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri qatılıblar.

İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək Müstəqillik Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb, 104 il öncə 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik və dünyəvi dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını qeyd edib. Diplomat dövlət müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın üzləşdiyi çətin problemlərdən danışıb, müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dövlət institutlarının əsasının qoyulduğunu, dövlətçiliyin və müstəqilliyin möhkəmləndiyini, Prezident İlham Əliyevin strateji xəttinin Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdiyini və ölkəmizi regionun lider dövlətinə çevirdiyini bildirib. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu və bölgədə davamlı sülhün bərqərar olması üçün perspektivlərin açıldığını deyib.

M.Əhmədzadə çıxışında Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində əlaqələrimizdə çoxölçülü strateji tərəfdaşlıq kimi yüksək səviyyənin əldə edildiyi və bu xüsusda, son illərdə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfərlərinin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliyaya, İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana rəsmi səfərlərinin əhəmiyyətindən bəhs edib.

“Bu gün münasibətlərimizdə çoxölçülü strateji tərəfdaşlıq kimi yüksək səviyyəyə nail olmuşuq. İnstitusional səviyyədə mükəmməl əlaqələr, iqtisadi səviyyədə güclü əməkdaşlıq, mədəniyyət və akademik sahələrdə əla təmaslar var. 30 il ərzində münasibətlərimizdə qurduğumuz möhkəm əsaslar tərəfdaşlığımızın möhtəşəm gələcəyindən xəbər verir”, - deyə səfir bildirib.

Diplomat əlavə edib ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, ölkələrimizi fiziki olaraq birləşdirir və mükəmməl tərəfdaşlığımızın göstəricisidir. Diplomat iki ölkə arasında möhkəm dostluğun bariz nümunəsi olaraq Vətən müharibəsindən dərhal sonra ölkəmizə və işğaldan azad olunmuş ərazilərimizə Qərb ölkələrindən ilk hökumət və parlament nümayəndə heyətlərinin məhz İtaliyadan gəldiyini xatırladıb.

Sonra İtaliya tərəfdən Deputatlar Palatasının sədr müavini Ettore Rosato çıxış edərək bildirib ki, bu gün Roma ilə Bakı arasında imtiyazlı münasibətlər var və İtaliya-Azərbaycan tərəfdaşlığı bütün sahələrdə inkişaf üçün davamlı imkanlar yaradır. O, Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, humanitar sahələrdə güclü əlaqələrdən bəhs edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasından danışıb, bu təşəbbüsü iki ölkə arasında gələcək əməkdaşlığın əsas sütunlarından biri kimi xarakterizə edib. Ərazi bütövlüyünə təhdidin nə demək olduğunu Azərbaycanın yaxşı bildiyini vurğulayan Ettore Rosato bu xüsusda 2020-ci ilin dekabrında müharibədən dərhal sonra özünün rəhbərliyi ilə Qərb ölkələrindən ilk olaraq İtaliya parlament heyətinin ölkəmizin azad edilmiş ərazilərinə etdiyi səfərin təəssüratlarını bölüşüb, bölgədə sülhün bərqərar olması istiqamətində ölkəmizin səylərindən danışıb.

“Azərbaycan bölgədə sülhün təmin olunmasında liderliyə malikdir və İtaliyanın strateji müttəfiqidir”, - deyə Deputatlar Palatasının sədr müavini bildirib.

Tədbir azərbaycanlı bəstəkar-pianoçu Kəmalə Əlizadə və italyan bəstəkar-gitaraçı Stefano Muskaritolonun ifasında “Dostluq notları” adlı konsert proqramı ilə davam edib. Konsert proqramına Azərbaycan və İtaliyanın tanınmış bəstəkarlarının, eləcə də musiqiçilərin özlərinin bəstələdiyi mahnılar daxil edilib. Musiqiçilərin “Sarı gəlin”, “Ay Laçın”, “Gözəlim sənsən”, “Şuşa üzərində uçmaq”, “Cənnətim Qarabağ” kimi mahnıları etno-caz üslubunda ifa etməsi auditoriyanın xüsusi alqışlarına səbəb olub.

Sonda möhtəşəm ifalarına görə musiqiçilərə təşəkkür edən səfir Məmməd Əhmədzadə Kəmalə Əlizadə və Stefano Muskaritolonun yaradıcılıqla yanaşı, ailə həyatını da bölüşdüyünü və bu azərbaycanlı-italyan ailəsinin iki ölkənin xalqları arasında möhkəm dostluğu təcəssüm etdirdiyini deyib və bugünkü tədbirə məhz onların dəvət edilməsinin də xüsusi rəmzi məna daşıdığını bildirib. Diplomat əlavə edib ki, konsert proqramına Qarabağ və Şuşa ilə bağlı mahnıların daxil edilməsi də xüsusi əhəmiyyət daşıyır, çünki Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunub. Konsertdə sonuncu mahnının “Cənnətim Qarabağ” olduğunu deyən diplomat Prezident İlham Əliyevin dediyi kimi, Qarabağı cənnətə və dünyanın ən gözəl bölgələrindən birinə çevirəcəyimizi, bu gün azad olunmuş ərazilərimizdə böyük bərpa və yenidənqurma işlərinin getdiyini və həmin işlərə italyan şirkətlərinin fəal cəlb olunduğunu vurğulayıb.

Tədbir rəsmi ziyafətlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video