12 Mart 2022 00:37
2426
SİYASƏT
A- A+

Regionda yeni konfiqurasiyanın müəllifləri

 

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Avrasiya bölgəsində təhlükəsizliyin təmin olunmasına yönəlib

 

Prezident İlham Əliyevin martın 10-da Türkiyəyə etdiyi işgüzar səfər ilk növbədə ondan xəbər verdi ki, iki dövlət arasındakı münasibətlər ortaq milli-mədəni dəyərlərlə yanaşı, həm də müttəfiqliyə əsaslanaraq sürətlə inkişaf edir.

Bu müttəfiqlik isə tarixi sınaqlard

an keçərək sarsılmaz qardaşlığa və dostluğa söykənir. Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsi beynəlxalq münasibətlərin nadir hadisəsidir.

 

Türkiyədən verilən mesaj

 

Azərbaycan-Türkiyə münasibətləri ötən ilin 44 günlük Vətən müharibəsi zamanı özünün tarixi sınağından layiqincə çıxaraq daha da möhkəmləndi. Xalqımızın möhtəşəm qələbəsi ilə başa çatan bu savaş  Azərbaycan və Türkiyəni bir-birinə daha da yaxınlaşdırdı, əlaqələri daha da gücləndirdi. Bu müharibədə Türkiyənin siyasi-hərbi rəhbərliyi ilk gündən birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdi.

Ötən ilin iyun ayından isə Azərbaycan-Türkiyə münasibətlərinin tarixində məzmun və keyfiyyətcə yeni mərhələnin təməli qoyuldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki dövlət arasındakı qardaşlığın və strateji tərəfdaşlığın siyasi və mənəvi təcəssümü oldu. “Biz, sözün əsl mənasında, müttəfiqik, qardaşıq və dünya miqyasında bizim əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq”, - deyə Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bildirib.

Ankarada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşündə də Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb, postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub. Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə edilib.

Bütövlükdə, Prezident İlham Əliyevin Türkiyəyə səfəri dünyaya verilən yeni mesaj oldu. Bir daha göründü ki, Azərbaycanla Türkiyə öz münasibətlərini qardaşlıq və müttəfiqlik münasibətləri əsasında daha da möhkəmləndirir. Ölkələrimiz 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlarla əlaqədar ortaq maraqlarını qətiyyətlə reallaşdırırlar.

 

Azərbaycan qlobal miqyasda daim sülhü müdafiə edib

 

Şuşa Bəyannaməsində də qeyd olunur ki, Azərbaycanla Türkiyə regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər. Həmçinin aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər.

Azərbaycan və Türkiyənin öz münasibətlərində Şuşa Bəyannaməsində qeyd olunan bu prinsipləri rəhbər tutmaları bölgədə və yaxın coğrafiyalarda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Hər iki dövlətin Ukraynada müharibənin dayandırılması ilə bağlı səyləri, bunun üçün nümayiş etdirdikləri ortaq mövqe də bunu təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə Ukraynadakı hadisələrlə də bağlı fikir mübadiləsi aparıldı, iki qardaş ölkənin müharibənin tezliklə dayandırılması istiqamətindəki səyləri yüksək qiymətləndirildi.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri qlobal miqyasda sülhün müdafiəsidir. Respublikamız daim dünyada sülhyaratma prosesində fəal iştirak edib, bu istiqamətdə səmərəli təklif və təşəbbüslər irəli sürüb, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verib. Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılması istiqamətində barışdırıcı missiya həyata keçirib. Respublikamız bir neçə il əvvəl BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə də bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirib.

Bütün bunların davamı kimi Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Hazırda region dövlətləri arasında mövcud olan çoxtərəfli əməkdaşlıq formatları buna əyani sübutdur.

Azərbaycanla Türkiyə arasında olan müttəfiqlik isə dövlətimizin bu istiqamətdə imkanlarını artırır, gücünə güc qatır. Bu baxımdan Azərbaycan-Türkiyə müttəfiqliyi iki qardaş ölkənin təhlükəsizliyini daha da gücləndirməklə yanaşı, həm də regionda sülhün təmin olunmasına yönəlib.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video