17 Avqust 2022 01:17
395
Mədəniyyət
A- A+

Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib

 

"Azərkitab" Kitab Mərkəzinin Quba filialında görkəmli yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, "Əhməd Cavad" mükafatı laureatı, şair Ramiz Qusarçaylı çıxış edərək Əmir Pəhləvanın həyat və yaradıcılığı haqqında danışıb. O, Ə.Pəhləvanın həm müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi kimi qazandığı ədəbi uğurlar barədə, eyni zamanda ədibin Qazaxıstan və Qırğızıstan respublikalarının, Şimali Kipr Türk Respublikası dövlət mükafatlarının laureatı olduğu haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Tarix elmləri doktoru, professor, şair Şahin Fazil görüşdə bildirib ki, Əmir Pəhləvanı Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında, "Baku", "Bakı", "Azərbaycan müəllimi" qəzetində işlədiyi və "İlham" qəzetinin təsisçisi və baş redaktoru olduğu dövrdən tanıyır. Yazıçı-dramaturqun 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabı keçmiş postsovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunduğu qeyd edilib.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev çıxışında Əmir Pəhləvanın "Step LTD" kinoşirkətini təsis etdiyindən, şirkətin xətti ilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", "Şəhriyar", "Sivilizasiya beşiyi - Çin", "Tahirə" və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru kimi bu filmlərdə tariximizin və taleyimizin maraqlı səhifələrini uğurla canlandırmasından geniş şəkildə bəhs edib. ADPU Quba filialının direktor müavini, fəlsəfə doktoru Aysel Şeydayeva çıxışında belə görüşlərin əhəmiyyətindən danışıb, Əmir Pəhləvana filialın tələbələri ilə də görüşünün təşkil edilməsi ilə bağlı təklif edib.
Görüşdə Xaçmazda fəaliyyət göstərən "Ulduzlar" ədəbi məclisinin sədri, şair Fərzalı Ziyanur, Qubada fəaliyyət göstərən "Gülüstan" ədəbi məclisinin sədri, yazıçı Şixəmməd Seyidməmmədov, Qusar yazarları adından şair Ceyhun Ağabəyov, həmçinin bölgədə fəaliyyət göstərən digər şair və yazıçılar çıxış edərək yazıçı-dramaturqun yaradıcılığından söz açıblar.
Tədbirin sonunda Əmir Pəhləvan görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb, yaradıcılıq planları barədə danışıb. Maraqlı görüşün təşkili üçün Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbərliyinə təşəkkürünü bildirib.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video