Oktyabrın 13-ü tarixində beynəlxalq ictimaiyyətin gözü Misirdə keçirilən və yalnız Yaxın Şərqin deyil, dünyanın gələcək taleyinin necə olacağı ilə bağlı əksər suallara cavab tapıla biləcəyi Sülh Sammitinə yönəlmişdi. Qəzza bölgəsinin gələcəyi ilə bağlı təşkil olunan və dünya siyasətində aparıcı rola malik dövlətlərin rəhbərlərinin iştirak etdiyi Şarm-əl-Şeyxdəki zirvə görüşündə ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi.
BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirərək Cənubi Qafqazda davamlı sülhə yol açan dövlətin rəhbəri olaraq Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirak etməsi heç də təsadüfi xarakter daşımırdı.
Bu, daim ədalətə söykənən, sülhü təşviq edən müdrik və humanist siyasət yürüdən Azərbaycan Prezidentinə qlobal ehtiramın göstəricisi idi. Gerçəklikdir ki, məhz dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət sayəsində bu gün dünya Cənubi Qafqazda de-fakto əldə olunan və örnək götürüləcək sülhdən danışır, ondan misallar çəkir.
Şarm-əl-Şeyxdə keçirilən Sülh Sammitində Azərbaycan liderinə olan rəğbət, dünyanın super gücə malik ölkəsi ABŞ-nin rəhbəri Donald Trampın cənab İlham Əliyevə şəxsi diqqət və səmimi dostluq münasibəti göstərməsi də buna bariz nümunələrdəndir.
Azərbaycan nümunəsi
Ötən iki onillik ərzində sürətli inkişaf yolu qət edərək milli maraqlarını qətiyyətlə təmin edən ölkəmizin rəhbəri İlham Əliyevin gerçəkləşdirdiyi müstəqil və zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasət nəticəsində Azərbaycan dünyanın hər addımını böyük maraq və diqqətlə izlədiyi nüfuzlu və sayılıb-seçilən dövlətə çevrilib. Hazırda istər qonşu, istərsə də dünyanın digər ucunda yerləşən əksər ölkələrin ikitərəfli münasibətlər qurmaqda maraqlı olduğu və regionun aparıcı dövləti olan Azərbaycanın beynəlxalq miqyaslı məsələlərin həllində oynadığı aktiv rol da ön plana çıxır. Yeni və ədalətli dünya nizamının qurulması naminə atdığı addımlarla, eyni zamanda bəşəri sülhün bərqərar olması üçün əməli işlər görməsi ilə tanınan Azərbaycanın vasitəçiliyi sayəsində aralarında ciddi ziddiyyətlər olan, hətta müharibə ərəfəsində olan bəzi ölkələr münasibətlərini normallaşdırıb. Ən ümdəsi Azərbaycan 30 ildən çox qan-qada yuvası olan Cənubi Qafqaza sülh gətirib, əməkdaşlıq mühitinin formalaşdırılması üçün yollar açıb.
Regionda uzunmüddətli barışın ilk həlledici addımı 8 avqustda - tarixi Vaşinqton sülh sammitində atıldı. Ağ Evdə Ermənistan-Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin mətninin paraflanması məhz Prezident İlham Əliyevin Cənubi Qafqazda davamlı sülh üçün göstərdiyi şəxsi səylərin nəticələridir. O da mümkün idi ki, avqustun 8-də iki ölkə arasında sülh müqaviləsi imzalansın. Ancaq Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ölkəmizə qarşı ərazi iddialarının olması buna imkan yaratmadı.
Azərbaycan liderinin sülh missiyasını, bu istiqamətdə həyata keçirdiyi qətiyyətli siyasəti təqdir edən Donald Tramp Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflananda Prezident İlham Əliyevin şəxsi məziyyətlərinə belə vurğu etmişdi: "Siz güclü və ağıllı insansınız".
Eləcə də sentyabrın 23-də Nyu Yorkda Prezident Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda Ağ Ev rəhbəri bir daha ölkəmizin lideri barədə yüksək fikirlərini, İlham Əliyevlə fəxr etdiyini söyləmişdi: "Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız".
Təbii ki, dünyanın siyasət və iqtisadiyyat nəhəngi olan ölkəyə rəhbərlik edən bir şəxsin Azərbaycan Prezidenti haqqında dediyi bu səmimi və yüksək fikirlər Donald Trampın İlham Əliyevin şəxsiyyətinə olan ehtiramının təzahürü və Onun bəşəri sülhün bərqərar olması üçün həyata keçirdiyi işlərə verilən əlahiddə dəyər kimi qiymətləndirilməlidir.
Amerika-Azərbaycan münasibətlərində yeni səhifə
"Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir".
Bu il avqustun 8-də Ağ Evdə əldə edilən tarixi nailiyyətlərlə əlaqədar Azərbaycan media nümayəndələrinə müsahibə verən Prezident İlham Əliyev səfərin yüksək nəticələri barədə məlumat verdi.
Həmin tarixdə dövlətimizin başçısının ABŞ liderinin dəvəti ilə Vaşinqtona işgüzar səfəri ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi ilə əlamətdar oldu. Sözügedən səfərdə ABŞ və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində mühüm addım atıldı.
Ölkələrimiz arasındakı ikitərəfli əlaqələr Prezident Donald Trampın ABŞ-yə hər iki rəhbərliyi dönəmində müsbət dinamika qazanıb. Həmçinin ölkə liderləri İlham Əliyev və Donald Tramp arasındakı səmimi münasibətlərə dayanaraq inkişaf edən bu əlaqələr gündən-günə daha da möhkəmlənir.
Vaşinqton səfəri zamanı Tramp Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim etməsi ilə ölkələrimiz arasındakı əlaqələrin yüksək etimaddan doğduğuna rəmzi işarə vurdu. Dövlətimizin başçısının Vaşinqtona işgüzar səfəri zamanı ABŞ Prezidentinin "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalaması iki ölkə arasında münasibətlərin dostluğa əsaslanmasını bir daha göstərdi.
Səfər çərçivəsində "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalandı.
Bütün bunlar Amerika-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişafının göstəricisidir.
Yaxın Şərqdə Azərbaycandan ilhamlanan sülh
Bütün bunlara nəzərən demək olar ki, Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində Prezident Donald Trampın Azərbaycan lideri İlham Əliyevə xüsusi rəğbət və diqqət göstərməsi təbii idi.
Göründüyü kimi, Yaxın Şərqdə sülh prosesinə töhfə verən ölkələr arasında Azərbaycanın olması vacib əhəmiyyət daşıdı. Yürütdüyü çoxvektorlu və balanslaşdırılmış siyasəti Azərbaycanı həm Qərb, həm də Şərq ölkələri üçün etibarlı və güvənilir tərəfdaşa çevirir. Digər tərəfdən də ədalətli sülhü özü bərqərar edən və dünyada multikulturalizmin, tolerantlığın unikal ünvanı kimi tanınan ölkəmizin Qəzza bölgəsinin gələcəyi ilə bağlı təşkil olunan və dünya siyasətində aparıcı rola malik dövlətlərin iştirak etdiyi Şarm-əl-Şeyxdəki taleyüklü zirvədə olması xüsusi məna kəsb etdi. Bu, həm də Prezident İlham Əliyevin qlobal liderlik qabiliyyətinin, dünyada söz sahibi olmasının növbəti təsdiqi idi.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"