25 Iyun 2022 02:51
604
CƏMİYYƏT
A- A+

Qlobal bəla ilə qətiyyətli mübarizə

 

Qlobal bəlaya çevrilən narkomaniya hələ də həlli çarəsiz qalan problemlərdəndir. Yeni reabilitasiya mərkəzləri yaradılsa da, müxtəlif müalicə üsulları tətbiq edilsə də, dövlət strukturları, xüsusən hüquq-mühafizə orqanları qətiyyətli tədbirlər həyata keçirsə də, maarifləndirici işlər aparılsa da, təəssüf ki, bu bəla hələ də bizimlə birgədir, aramızda yaşayır...

 

Əməliyyat-axtarış və profilaktiki tədbirlər görülür

 

26 İyun Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Dünya ölkələri, beynəlxalq təşkilatlar narkotik maddə asılılığından bəşəriyyəti xilas etmək üçün daim yeni istiqamət və üsullarla fəaliyyətlərini davam etdirirlər.

Azərbaycanda da bu yöndə mübarizə aparan Daxili İşlər Nazirliyi dünya təcrübəsinə əsaslanmaqla daim fəaliyyətini təkmilləşdirir, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində işləri sistemli şəkildə davam etdirir. Bu sahədə əsas diqqət maarifləndirmə tədbirlərinin artırılmasına və sosial medianın imkanlarından istifadəyə yönəldilib.

Öncəliklə qeyd edək ki, ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan struktur Daxili İşlər Nazirliyidir. Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin vəzifəsi ölkə ərazisində narkotiklərlə bağlı cinayətkarlığın vəziyyətinin öyrənilməsi, təhlil edilməsi, bu növ cinayətlərin qarşısının alınması, əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsidir.

Bəs, görəsən, son dövrlərdə adıçəkilən idarə hansı tədbirləri həyata keçirib? DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətov bildirdi ki, ötən il daxili işlər orqanlarının qanunsuz dövriyyədən çıxardıqları narkotik vasitələrin 55 faizini (1 ton 490 kq heroin, 198 kq tiryək) güclü təsirə malik olan maddələr təşkil edib. Bu da 2020-ci ilin eyni dövrünə nisbətən 1 ton 171 kiloqram çoxdur. Ümumilikdə isə 3 ton 44 kiloqram müxtəlif növ narkotik vasitə, 318 kiloqram psixotrop maddə və 50 tondan çox kultivasiya edilmiş çətənə kolları dövriyyədən çıxarılıb.

Ümumiyyətlə isə ötən 3 il ərzində qanunsuz dövriyyədən 7 ton 213 kiloqram (20196 fakt üzrə 7156 satış, 11800 saxlama, 986 əkin, 254 digər) müxtəlif növ narkotik vasitə, 590 kiloqram psixotrop maddə və 70 tondan çox kultivasiya edilmiş çətənə kolları dövriyyədən çıxarılıb. Bununla yanaşı, 1 ton 328 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı da uğurla alınıb. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin 3 ton 216 kiloqramını marixuana, 2 ton 916 kiloqramını heroin, 586 kiloqramını tiryək, 41 kiloqramını həşiş, 455 kiloqramını isə digər narkotik vasitələr təşkil edib.

 

Beynəlxalq təcrübələrdən istifadə mühümdür

 

Narkomaniyaya qarşı mübarizədə ixtisaslaşmış beynəlxalq təşkilatlar, qurumlar hər zaman öz təcrübələrini bölüşürlər. Araşdırmalar göstərir ki, təcrübə mübadilələri nəticəsində mübarizə daha effektiv və güclü xarakter daşıyır. Yeniliklər paylaşılır, tövsiyələr verilir, eyni zamanda sual doğuran, həll edilməsi zəruri olan məsələlərin müxtəlif aspektləri müəyyənləşdirilir.

Baş Narkotiklə Mübarizə İdarəsi də bu istiqamətdə fəaliyyətini davam etdirir. İdarə müntəzəm olaraq narkomaniyaya qarşı mübarizədə geniş təcrübələrdən istifadə etmək üçün beynəlxalq əlaqələr yaradır. Transmilli mütəşəkkil cinayətkar qruplarla mübarizədə beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər ölkələrlə əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Ötən bir ildə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, POMPİDOU, GUAM və digər beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq davam etdirilib, Baş idarənin əməkdaşları müxtəlif təşkilatların, eləcə də ayrı-ayrı dövlətlərin təşəbbüsü ilə videokonfrans və əyani formatda keçirilən seminar və iclaslarda informasiya və təcrübə mübadiləsi aparıblar.

 

Bitib-tükənməyən cinayət qrupları, "zəhər" satan dəstələr

 

İstifadə və satışa gedən yolda tonlarla "zəhər" məhv edilsə də, hələ də bir çoxlarını "caynağına" keçirməkdədir. Buna görə də, qanunsuz dövriyyəyə daxil olan narkotik vasitələri zərərsizləşdirməklə yanaşı, onların, istehsalında və satışında birbaşa rol oynayan şəxslər də daim narkotikə qarşı mübarizə aparan təşkilatların, orqanların əsas hədəflərindədir.

İslam Hümbətov deyir ki, transmilli mütəşəkkil cinayətkar qrup və dəstələrlə əlaqəli ölkə vətəndaşlarının və əsnəbilərin hüquqazidd əməllərinin ifşasına yönəlmiş əməliyyat-axtarış tədbirləri zamanı ötən il 29 əcnəbi vətəndaş tutulub ki, onlardan ümumi çəkisi 63 kq olan müxtəlif növ narkotik vasitə və 10 kq psixotrop maddə götürülüb.

Bu növ cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 6391 nəfərdən ən az qismi azyaşlılardan, ən çox qismi isə 30 yaş və ondan yuxarı həddə olanlardan ibarət olub.

Baş idarə və onun regional şöbələri tərəfindən isə 2021-ci il ərzində aşkar edilmiş 585 cinayət faktı üzrə məsuliyyətə cəlb olunmuş 599 nəfərdən 1 ton 468,2 kiloqram narkotik vasitələr, 204,5 kiloqram psixotrop və 4,0 kiloqram güclü təsiredici maddələr, eləcə də, 30 tona yaxın kultivasiya edilmiş çətənə kolları aşkar edilərək götürülüb.

 

Bu ilin ilk 3 ayında 30 cinayətkar qrup zərərsizləşdirilib

 

Baş Narkotiklərlə Mübarizə İdarəsi bu il fəaliyyətini daha da gücləndirib və mühüm əməliyyatlar həyata keçirib. Qurumun reallaşdırdığı xüsusi əməliyyatlar nəticəsində bu ilin birinci rübündə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2757 cinayət faktı aşkarlanıb. Cinayət faktlarının törədilməsində daha çox faizi narkotik vasitələrin saxlanılmasında iştirak edənlər tutsa da, növbəti yerləri satış edənlər və qanunsuz narkotik bitkilərin becərilməsi ilə məşğul olan şəxslər təşkil edib. Qanunsuz dövriyyədən 1 ton 064,3 kiloqram heroin, tiryək, marixuana, həşiş və s. kimi narkotik vasitələr götürülüb.

Keçirilmiş tədbirlərin əsasında bu il 2021-ci illə müqayisədə daha çox uğurlu nəticələr əldə edilib. Belə ki, dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı ümumilikdə 64,7 kiloqram, psixotrop maddələr isə 21,6 kiloqram çox olub. Eyni zamanda 22 fakt üzrə 106 kiloqramdan çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Əvvəllər cinayət törətmiş şəxslər tərəfindən təkrar törədilmiş 576 fakt üzrə qanunsuz dövriyyədən 216,8 kq müxtəlif növ narkotik vasitələr çıxarılıb.

Narkotik xassəli bitkilərin qanunsuz əkilib-becərilməsi ilə bağlı isə 16 fakt aşkar edilib ki, həmin faktlar üzrə götürülmüş, çəkisi 110 kiloqramdan artıq olan çətənə bitkiləri prosessual qərar qəbul edilməsi üçün istintaq orqanlarına verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 73 nəfərdən ibarət 30 cinayətkar qrup zərərsizləşdirilib. Onlardan 276 kiloqram narkotik vasitə, 38,7 kiloqram psixotrop və 560 qram güclü təsir edən maddə götürülüb.

 

Psixotrop maddələrin onlayn satışı ilə bağlı 49 sosial şəbəkə profili müəyyən edilib

 

Hazırda sosial həyatımız yalnız canlı ünsiyyətdən ibarət deyil, eyni zamanda virtual əlaqələr də mövcuddur. Bura da böyük bir aləm olduğundan hər növ insanla doludur. Buna görə də, yaşama təsir edən zərərli vərdişlərin böyük bir qismi ilə sosial şəbəkələrdə də asanlıqla rastlaşa bilirik.

Xüsusilə sosial şəbəkələrdə narkotiklərin açıq satışı, müxtəlif üsullardan istifadə edərək narkotik aludəçilərinə çatdırılması və bir sıra cəlbedici paylaşımlarla təklif və təşviq edilməsi kimi hallar işin ciddiyyətini daha da artırır. Təbii ki, üzləşdiyimiz belə vəziyyətlə bağlı Baş Narkotiklərlə Mübarizə İdarəsinin də üzərinə böyük yük düşür.

Son dövrlər narkotik vasitələrin internet şəbəkəsi üzərindən və tətbiqetmə proqramları vasitəsilə satışı faktlarının artması bu sahədə əməliyyat-texniki tədbirlərin daha məqsədyönlü təşkilini zəruri edib. Təkcə 2021-ci ildə həmin hüquqazidd əməllərlə mübarizə çərçivəsində qeyri-leqal dövriyyədən ümumilikdə, bir tondan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılaraq bu cinayətlərin iştirakçısı olan əcnəbilər barədə yaşadıqları ölkələrin aidiyyəti qurumlarına sorğular ünvanlanıb. Eyni zamanda narkotik vasitələrin onlayn satışının həyata keçirilməsində istifadə olunan 50-dək sosial şəbəkə profili müəyyən edilib.

Müvafiq sahədə aparılan təhlil və araşdırmalar göstərir ki, narkotiklərin satışını təşkil edən cinayətkar qruplar bu kimi hüquqazidd əməllərini internet saytları, sosial şəbəkələr, ani mesaj ötürmə proqramları və digər texnologiyalardan istifadə edərək həyata keçirirlər. Əlaqələr qurulub, satışlar həyata keçiriləndən sonra ödəniş müxtəlif bank kartları və elektron ödəniş vasitələrindən istifadə etməklə başqa şəxslərlə təmasda olmadan edilir.

 

Sosial şəbəkələrdə mübarizə tədbirləri gücləndirilib

 

DİN-də hazırlanmış xüsusi tədbirlər planı əsasında internet informasiya resurslarında sosial videoçarxlar yayımlanır, nazirliyin feysbuk, instaqram, yutub, tiktok hesabları vasitəsilə bu işə cəmiyyətdə tanınmış şəxslər, bloqçular, jurnalistlər cəlb edilir. Həmçinin ötən il antinarkotik təbliğat mövzusunda 3 nominasiya üzrə keçirilən müsabiqələrdə qaliblər müəyyən edilərək mükafatlandırılıb. Müvafiq tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə bu il də yeni müsabiqə elan olunub.

İl boyu həyata keçirilən işlərin icmalı da sosial platformalardakı müvafiq hesablarda paylaşılır. 2021-ci ildə narkotiklərlə mübarizədə həyata keçirilmiş əməliyyat tədbirlərinə dair 451 süjet və 6 sosial videoçarx hazırlanaraq kütləvi informasiya vasitələrində və internet resurslarında yayımlanıb, DİN əməkdaşları tərəfindən televiziya və radio  kanallarına 250 müsahibə verilib. Eyni zamanda aidiyyəti qurumların əməkdaşları cəlb edilməklə 14 min nəfərdən artıq auditoriya üçün maarifləndirmə tədbirləri təşkil edilib.

DİN-in sosial şəbəkə hesablarına daxil olmuş vətəndaş müraciətlərinə də daim çevik reaksiya verilir. Ötən il ünvanlanmış 1097 müvafiq müraciət araşdırılıb və onların əksəriyyəti müsbət nəticə ilə həll edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı vətəndaşlar da aktivlik göstərirlər. Narkotiklə mübarizədə fəal mövqe tutan vətəndaşlardan daxil olan məlumatlar əsasında effektiv nəticələri olan bir çox əməliyyat tədbirləri həyata keçirilib.

Hazırda narkotiklərin neqativ təsirləri və zərərləri barədə Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış sosial reklamların əhatə dairəsinin genişləndirilməsi üçün Dövlət Reklam Agentliyi ilə sıx əməkdaşlıq edilir. Əhalinin daha çox toplaşdığı yerlərdə antinarkomaniyaya çağırış şüarları ilə reklam lövhələri yerləşdirilib.

Bu bir həqiqətdir ki, ölkəmizdə son illərdə narkomaniya ilə bağlı sədalar daha yüksəkdən və daha yaxından eşidilir. Ətrafda, qonşuluqda rastlanan, hətta ailələrin dağılmasında belə başlıca səbəb kimi göstərilən narkotik vasitələrdən istifadə bir çoxlarının yaşamına əngəl olur, aludəçiləri canlı ölüyə çevirir. Bunun üçün isə yalnız kompleks  və birgə mübarizə  tədbirləri reallaşdırılmalıdır.

Dövlətimiz, o cümlədən Daxili İşlər Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hər bir vətəndaşın dəstəyinə ehtiyac var. Bu qlobal bəlaya qarşı birgə mübarizə aparmalıyıq, cəmiyyət üçün təhlükəli olan belə bir işi təkcə hüquq-mühafizə orqanlarının üzərinə atmamalıyıq.

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video