02 Fevral 2023 01:36
591
İDMAN
A- A+

Qələbəyə gedən yol əngəl tanımır

 

"Hər gecə bayrağımızı öpüb alnıma qoyub, qalib olacağım anı, onu qələbə sevinci ilə başımın üzərinə qaldıracağımı düşünərək, babama verdiyim sözü tutmaq xəyalları qururdum..."
Bunu "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallar qazanan Lamiyə Vəliyeva deyir. Üçrəngli dövlət bayrağımızı uzaq gündoğan ölkədə zirvəyə ucaldan, tək əzizlərinin deyil, bütün azərbaycanlı idmansevərlərin arzusunu gerçəkləşdirən, xalqımıza qürur, iftixar hissləri yaşadan bu qız adını elə o zamandan tariximizə həkk edib. 
Fiziki baxımdan problemlə üzləşənlərin istər həyat, istərsə də idman mübarizəsində qalib gəlməsi çətindir. Amma həm həyat, həm də idman mübarizəsində sona kimi döyüşüb qəhrəmana çevrilənlər də az deyil. Elə Lamiyə də gözündəki görmə probleminə rəğmən çətinliklərdən usanmayıb, qarşısına qoyduğu məqsədlərə müvəffəqiyyətlə nail olub.
Lamiyə deyir ki, uşaqlıqdan televiziyada müxtəlif idman yarışlarını həvəslə izləyirmiş. Günlərin birində isə məktəbdə voleybol dərnəyinin fəaliyyətə başladığını eşidəndə çox sevinir. Evdə babasına deyir ki, onu da dərnəyə yazdırsın. Bir il voleybolla məşğul olduqdan sonra məşqçisi ailəsinə bildirir ki, Lamiyənin qaçışı olduqca yaxşıdır, yüngül atletika ilə məşğul olsa, daha yaxşı nəticələr əldə edə bilər.
Yenə də babası ilə birlikdə idman mərkəzlərindən birinə üz tutur. İlk dərs günü 60 metrə qaçışını yoxlayan məşqçi Tofiq Əliyev heyrətqarışıq sevinclə üzünü yanındakılara tutub: "Bu uşaq çempion olacaq", - deyir. 

 

İdmançımız 9 illik paralimpiya rekordunu qırır

 

Lamiyə o gündən həyatını idmana həsr edir. Amma atletikaya yeni başlayanda maddi çətinliklər ucbatından lazım olan idman geyimini və ayaqqabısını ala bilməmişdi.  Ucuz olduğu və o da yalnız bir cüt qaldığı üçün 36 ölçü əvəzinə 41 ölçülü ayaqqabı ala bilmişdi. Yaxşı bilirdi ki, peşəkar idmançı olmaq üçün yalnız fiziki yox, mental gücə sahib olub, ən əvvəl özünə qalib gəlməyi bacarmalısan və Lamiyə prinsipiallığı ilə buna da nail olur.
2009-cu ildən başlayaraq paralimpiyaçı kimi ölkədaxili və beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edən Lamiyə Vəliyeva ən böyük nailiyyətini Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında qazanıb. Və həm də 400 metr məsafəyə qaçışın final mərhələsində 55 saniyəyə finişə çatmaqla 9 illik paralimpiya rekordunu qırıb. Bununla o, özünün ikinci qızıl medalını qazanıb.
O zamana qədər müxtəlif yarışlarda iştirak etsə də, bu yarışın onun üçün tam fərqli olduğunu söyləyir gənc idmançı. "2020-ci il Paralimpiya Oyunları həyatım boyu unutmayacağım parlaq bir hadisə oldu. Oradakı ab-hava tamam fərqli idi. Bircə ona təəssüf edirdim ki, pandemiya ilə əlaqədar stadionda tamaşaçılar yox idi, ailə üzvlərim Vətəndə idilər. Ən önəmlisi isə babam bütün bunları görə bilməmişdi. Onun çempionluğumu görməsini, mənimlə qürur duymasını çox istəyərdim. Yarışa elə o fikirlə də getmişdim ki, babamın əziyyətini yerdə qoymayacam", - deyir Lamiyə. Amma təəssüf olsun ki, bu qismət olmur. Babası Şahbaz Vəliyevin ən böyük istəyi nəvəsini bu yarışda qalib görmək olsa da, ömrü vəfa etməyib. Yarışdan bir neçə ay öncə dünyasını dəyişib.

 

"O an hiss etdiklərimi sözlə ifadə etmək mümkünsüzdür"

 

Rəqabətin böyük olduğunun fərqində olan Lamiyə deyir ki, 100 metrə qaçışda 2-ci yer tutmağı ona çox böyük stimul verdi: "Bayrağımızı yüksəltmək, himnimizin sədalarını eşitməyin xoşbəxtliyini yaşamaq başqa hissdir, həyəcandır. Bu mənə də nəsib oldu. O an hiss etdiklərimi sözlə ifadə etmək mümkünsüzdür. O anı yaşamayanlara həmin məqamda ürəyinin necə döyündüyünü, gözlərinin qürurdan dolduğunu, hiss etdiklərini ifadə etmək çox çətindir. Bu səadəti gərək yaşayasan".
Hazırda gününün bir neçə saatını məşqlərdə keçirən idmançı nəticələrinin daha da yaxşılaşması üçün fiziki cəhətdən özündən üstün olanlarla məşq etməyə çalışır. Bu il ilk hədəfinin dünya çempionatının olduğunu söyləyən Lamiyə deyir ki, onu idmana gətirən, özünü tapmaqda kömək edən, həyatda  yön göstərən  babasına söz veribmiş ki, mütləq nə vaxtsa çempion olacaq.

 

İnsanın əzmi, iradəsi ilə fəth olunmayan zirvə yoxdur

 

İdmanda qələbə qazanmaq, uğurlar əldə etmək üçün əzmkarlıq, yorğunluğa məhəl qoymadan məşq etmək lazımdır. Seçdiyi sahədə uğur qazanmaq istəyən hər bir idmançı iradəli olmalı, qarşıya çıxacaq çətinlikləri aşmaq üçün özünü psixoloji və fiziki baxımdan hazırlamalıdır. Bunun üçün insana təkcə işinin ustası olmaq kifayət etmir. Daim öz üzərində işləmək, yeniliklərə açıq olmaq, zirvəyə can atmaq önəmlidir. Bütün bunlarla yanaşı, kiməsə verdiyin sözü tutmaq istəyi də səni qələbəyə aparır.
Lamiyə Vəliyeva elə bu amallarla idmanda zirvəyə ucalıb. O, özü kimi gənclərə və bütün dünyaya sübut etdi ki, məqsədin, niyyətin haradırsa, mənzilin, uğurun, nailiyyətlərin də ordadır. Bir də həyatda insanın əzmi, iradəsi ilə fəth olunmayan zirvə yoxdur və belə yüksəklikdə dayanan qəhrəmanları hər kəs görür, hər kəs duyur...

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video