01 Dekabr 2021 00:52
691
İQTİSADİYYAT
A- A+

Qarabağın yolları Azərbaycanı yeni yüksəlişə aparır

 

İşğaldan azad olunmuş ərazilərimizdə yol tikintisi sürətlə davam edir

 

2021-ci il xalqımızın tarixində həm də 30 il düşmən tərəfindən sökülmüş, dağıdılmış, talan edilmiş  doğma Qarabağımızın bərpasının vüsət aldığı il kimi qalacaq.  Bu ilin salnaməsinə həmçinin işğaldan azad edilmiş bölgələrimizə çəkilən yeni yolların  təməlinin qoyulduğu, bəzilərinin isə artıq  istifadəyə verildiyi günlər də yazılacaq. 

Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası ölkəmizin yol infrastrukturunu da müasirləşdirdi. Yollarımız şaxələnib ən ucqar kəndlərimizədək çatdı. Bir sözlə,  2004-cü ildən başlayaraq  Azərbaycanda hər il 1000 kilometr yeni yol çəkildi, yaxud köhnə yollar əsaslı surətdə yenidən quruldu. Yolların vəziyyəti  yenə də daim dövlətin diqqət mərkəzindədir. Çünki   yolların yüksək  səviyyədə olması  insanların rahatlığına   və  ölkənin  sosial-iqtisadi inkişafına xidmət edir. Təsadüfi deyil ki, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə də yeni yolların çəkilişindən başlandı.

Bunlardan biri Zəfər yoludur. Bu, qalib Azərbaycan  Ordusunun ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən yoldur. Bu yol  öz qanları ilə şanlı tarix yazan oğulların qəhrəmanlığının şahidi olduğundan  həm də rəmzi məna, mənəvi önəm  daşıyır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev   bu yolu Zəfər yolu adlandırıb. “Zəfər yolu”nun inşası dövlət başçısının daimi nəzarəti altında icra olunub və qısa vaxtda həyata keçirilib.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101,5 kilometrlik Zəfər yolu  Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.  Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar  üçün yüksəksəviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət etdiyi üçün də  müstəsna əhəmiyyətə malikdir. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu  layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq gerşəkləşdirilib. Bu yolun tikintisi Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası, Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya bir daha  göstərdi. Cari il noyabrın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinə səfər zamanı yolun açılışını etdi.

Mühüm əhəmiyyət daşıyan yollardan biri də Əhmədbəyli-Füzuli-Şuşa yoludur. Yolun texniki göstəriciləri onun uzunluğunun 81,6 kilometr olmasından, 1-ci texniki dərəcəliyindən, 4 hərəkət zolaqlılığından ibarətdir. Burada indiyədək xeyli iş görülüb. Hazırda başlanğıcından 17-ci kilometrinədək, 26-44,   51-52,   58-63,  70-71-ci kilometrlərində torpaq yatağının tikintisi, 1, 27, 34, 37 və 50-ci kilometrində körpülərin, 80-ci və 81-ci kilometrində tunellərin və alt keçidlərin tikintisi aparılır.

İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən  daha biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən keçməklə çəkilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu yol Qarabağın inkişaf planı nəzərə alınaraq 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Yolun  16-cı kilometrindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib.

Bu il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər. Dövlət başçısı tunelin təməlini qoydu.

Hazırda Toğanalı kəndində 7 kilometr yolda asfalt-beton örtük tikilib, 48 kilometr mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib. Yolun 14 klometrlik hissəsinə asfalt-beton döşənib. Murovdağ tunelində qazma işləri davam etdirilir.

Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Bu ilin avqust ayında Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyarkən demişdir: “Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun  inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar. Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək, - Laçın rayonunda aeroportun tikintisi nəzərdə tutulur, - eyni zamanda, Kəlbəcər-Göygöl-Gəncə istiqamətində gediş-gəliş daha da rahat olacaq”.

Hazırda Kəlbəcər-Laçın avtomobil yolunda torpaq yatağının tikintisi işləri 10 faiz icra olunub.

Qarabağın və Şərqi Zəngəzurun digər yollarının tikintisi də uğurla davam edir. Kəlbəcər və Laçın rayonlarının ərazisində 30 kilometrlik yol infrastrukturu qurulur. 123,8 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun ayrı-ayrı hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 17, boru və keçidlərin tikintisi 12, körpülərin inşası 10 faiz tamamlanıb. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu isə 70,4 kilometr məsafə boyu uzanacaq. Yolun Qubadlı-Laçın və Xanlıq istiqamətlərindəki bir sıra hissələrində torpaq yatağı tikilib, körpü tikintisi və topoqrafik işlər davam edir.

Tikilməkdə olan 26 kilometrlik Qubadlı-Eyvazlı, 43 kilometrlik Şükürbəyli-Cəbrayıl-Hadrut, 13 kilometrlik Füzuli-Hadrut, 45 kilometrlik Bərdə-Ağdam  avtomobil yolları da bu bölgələr arasında sıx əlaqə yaradacaq. Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu 22 kilometr qət edərək məsafə  boyu yerləşən çoxsaylı yaşayış məntəqələrini birləşdirəcək. 

Tezliklə bu yollar Qarabağa və Şərqi Zəngəzura yeni bir həyat gətirəcək. 30 il əvvəl  bu yerləri göz yaşı ilə tərk etməyə məcbur olanlar indi sevinclə öz yurd-yuvalarına dönəcəklər. İşğaldan  azad olunmuş bölgələrimizdən uzanan yollar  digər şəhər və kəndlərimizin yollarına qovuşaraq Azərbaycanın  daha  böyük inkişaf və tərəqqisinə dəstək verəcək.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video